Məhkəmə qərarları › İş №1(004)-61/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-61/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-61/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs:xx.xx.1987-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri ərazisində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2021-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən “Azon” servis avtotəmir sexində avtomobil təmiri ustası işləyən Zərərçəkmiş şəxs məxsus əşyaların saxlandığı otağın plastik qapısının qıfılını sındıraraq, saxlanc yerinə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 2300 manat dəyərində “Autel” markalı avtomobillərin diaqnostika cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2300 (iki min üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşqul olur. O, avtomobil ustasıdır, Zaqatala şəhərində yaşasa da, Bakı şəhərinə gələrək müxtəlif avtomobil təmiri servislərində işləmişdir. 17 yanvar 2021-ci il tarixdə özünə iş axtarmaq üçün Yasamal rayonu, Xiyabani küçəsi 137 saylı ünvanda yerləşən Azon servis avto təmir sexində motorist işləyən keçmiş iş yoldaşı Əlinin yanına getmişdir ki, tanışı Əli ona iş tapmaqda köməklik etsin. Əlinin işlədiyi Azon servis avto təmir sexində Əlidən başqa Rüstəm adlı şəxs və digər avtomobil ustaları işləyirmiş. Həmin vaxt Rüstəm adlı şəxs elektrik işləyirmiş. Rüstəm onun yanında özünə məxsus olan “Autel" markalı avtomobillərin diaqnostika cihazı ilə bir neçə avtomobili diaqnostika etmişdir. Onun maddi imkanı zəif olduğundan o, Rüstəm adlı şəxsə məxsus olan “Autel" markalı avtomobillərin diaqnostika cihazını oğurlamaq qərarına gəlmişdir. O, Rütəmin həmin diaqnostika kompüterini harada saxladığını görmüşdür. 18 yanvar 2021-ci il tarixdə təxminən saat 23 radələrində Yasamal rayonu, Xiyabani küçəsi 137 saylı ünvanda yerləşən Azon servis avto təmir sexinə gəlib sexə yaxınlaşmış, sexin darvazası açıq vəziyyətdə olduğundan o, sexin içərisinə baxaraq mühafizəçinin başının qarışıq vəziyyətdə olmasından istifadə edərək Rüstəmin işlədiyi sexə yaxınlaşıb “Autel” markalı avtomobillərin diaqnostika kompüterini sexin içərisində olan otağın qapısında olan qıfılı əli ilə dartaraq sındırmış və içərəyə daxil olaraq orada olan “Autel" markalı avtomobillərin diaqnostika kompüterini çantasının işərisindən oğurlayıb oradan qaçıb getmişdir. 20 yanvar 2021-ci il tarixdə yaşadığı Zaqatala şəhərinə getmiş, oğurladığı “Autel” markalı avtomobillərin diaqnostika cihazını yaşadığı evə qoymuşdur ki, imkan olan kimi müştəri tapıb satsın. Lakin o, həmin cihazı satmaq üçün müştəri tapa bilməmiş və buna görə də yaşadığı evdə saxlamışdır. O, 19 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən tutularkən oğurladığı Zərərçəkmiş şəxs məxsus “Autel” markalı avtomobillərin diaqnostika cihazını qardaşı Tərlan Buğluyev polis əməkdaşlarına təhvil vermişdir. Əvvəllər başqa cinayət törətməmiş, oğurluq cinayətini tək törətmiş, onun oğurluq etməsindən başqa heç bir şəxsin məlumatı olmamışdır. O, polis tərəfindən axtarıldığını bilməmiş və fikirləşmişdir ki, lazım olsa onu polis idarəsinə dəvət edəcəklər, Lakin onu heç kəs polis idarəsinə dəvət etməmiş, onunla bir ünvanda yaşayan ailə üzvləri avtomobil ustası işlədiyinə görə oğurladığı cihazı yaşadığı evə apararkən bildirmişdir ki, həmin cihaz onun özünə məxsusdur. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, evli olmasını, 2 azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 01 il olar ki, ünvan 4 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexində elektrik kimi işləyir, “Azon” avto servisin bir neçə avtomobillərin təmir sexi yerləşir və həmin sexlərdən birini o, aylıq 270 manat icarə haqqı ödəməklə işlədir. Onun gündəlik iş rejimim hər gün saat 09:00-dan 18:00 kimidir. Saat 18:00-dan sonra hər bir işçi servisdən çıxarılır və içəri buraxılmır. Yalnız müdirin razılığı ilə işçi qalaraq işin davam etdirə bilər. İşçilər servisi tərk etdikdən sonra servisdə mühafizəçi qalır. Mühafizəçinin iş rejimi hər gün saat 18:00-dan səhər saat 09:00 kimidir. Avto servisin ümumi dəmir darvazası bağlanır, lakin sexlərin dəmir jalüzləri açıq vəziyyətdə saxlanılır. Jalüzlər açıq vəziyyətdə qaldığından onun işlədiyi sexdə ona məxsus olan əşyaları, sexin içərisində olan otaqda qoyur və otağın qapısını qıfılla bağlayır. 18 yanvar 2021-ci il tarixdə əlində işi çox olduğundan o, iş yerini saat 20:00-da tərk edərək yaşadığı evə getmişdir. 19 yanvar 2021-ci il tarixdə təmir üçün avtomobil gətirdiyindən iş yerinə saat 10:30da gəlmişdir. O, işlədiyim sexə daxil olarkən otağın qapısının üzərində olan qıfılın sınıq vəziyyətdə yerdə olduğunu görmüş, dərhal otağa daxil olmuş və otaqda olan 2300 manat dəyərində “Autel” markalı avtomobillərin diaqnostika kompüterinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə məlumat vermiş və Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək ərizə yazmışdır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsində Təqsirləndirilən şəxs şüblənmiş, 18 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs avtotəmir sexinin yanında sexdə rəngsaz işləyən Orxan adlı şəxs görmüş, o, Təqsirləndirilən şəxs işlədiyi sexdə motorist işləyən Əli adlı şəxsin yanında görmüş, həmin vaxt Təqsirləndirilən şəxs işə düzəlmək üçün müraciət etmiş, lakin sexin müdiri onu işə götürməmiş. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə razı deyil, özünə məxsus olan “Autel” markalı avtomobillərin diaqnostoka cihazını 2300 manata almışdır, buna görə də baş vermiş oğurluq cinayəti nəticəsində ona 2300 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexində avtomobillərin mühərrik ustası işləyir. Zərərçəkmiş şəxs onunla birlikdə ünvan 4 ünvanında yerləşən "Azon" avto servis avtomobillərin təmiri sexində elektrik ustası işləyir, onlar eyni sexdə işləyirlər, lakin özlərinə məxsus olan avadanlıqları hər usta üçün ayrılmış otağa yığılır və işin sonunda hərə öz otağını qıfıllayır. O, ata adını bilmədiyi Təqsirləndirilən şəxs təxminən 08 il olar ki, tanıyır, Faiq də avtomobillərin mühərrik ustası işləyir, onlar ünvanını xatırlamadığı avtotəmir sexində birlikdə işləmişlər. O, təxminən Faiqi 04 il olar ki, görməmişdir. 15 yanvar 2021 -ci il tarixdə Faiq onunla əlaqə saxlayaraq işsiz olduğunu, onun üçün iş tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. O, Faiqə Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən “Azon" avto servis avtomobillərin təmiri sexində işlədiyini demişdir. 17 yanvar 2021 -ci il tarixdə təxminən saat 10 radələrində Faiq onun iş yerinə gəlmiş, 01 gün onun yanımda işlədikdən sonra rayona gedəcəyini və 10-15 günə qayıdacağını bildirmişdir. 19 yanvar 2021-ci il tarixdə təxminən saat 10 radələrində iş yerinə gəlmiş və öz işi ilə məşğul olmuşdur. Təxminən 15-20 dəqiqə sonra saat Rüstəm ona yaxınlaşaraq avadanlıqlarını yığıdığı otağın qapısının qıfılının sınıq vəziyyətdə yerdə olduğunu və özünə məxsus olan "Autel" markalı avtomobillərin diaqnostika kompüterinin yerində olmadığını və oğurlandığını bildirmişdir. O, Rüstəmə bu barədə məlumatsız olduğunu. Rüstəmə məxsus həmin diaqnostika kompüterini kimin oğurlamasından xəbərsiz olduğunu qeyd etmişdir. Həmin vaxt onlarla birlikdə işləyən rəngsaz Şahid2 bir gün əvvəl axşam təxminən saat 23 radələrində onun yanında işləyən Faiq adlı şəxsi servisin yanında gördüyünü bildirmişdir. O, Rüstəm və Orxana Faiqin onun yanında 17 yanvar 2021-ci il tarixdə olduğunu və həmin gün 18 yanvar 2021-ci il tarixdə Zaqatala şəhərinə gedəcəyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər cinayət törədib-törətməməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən "Azon" avto servis avtomobillərin təmiri sexində rəngsaz ustası işləyir. Zərərçəkmiş şəxs onunla birlikdə Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən "Azon" avto servis avtomobillərin təmiri sexində elektrik ustası işləyir. Onlar eyni sexdə işləyirlər, lakin özlərinə məxsus olan avadanlıqları hər usta üçün ayrılmış otağa yığırlar və işin sonunda hərə öz otağını qıfıllayır. 17 yanvar 2021-ci il tarixdə iş yoldaşı avtomobillərin mühərrik ustası işləyən Şahid1 yanma Faiq adlı şəxs gəlmişdir. Faiq də avtomobillərin mühərrik ustası işləmişdir, o, həmin şəxsi 01 gün Əlinin yanında görmüşdür. Daha sonra isə 18 yanvar 2021-ci 1 tarixdə təxminən saat 23 radələrində o, işlədiyi Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexdən özünə məxsus olan avtomobillə işdən çıxıb gedərkən sexin yaxınlığında Faiqi görmüşdür. 19 yanvar 2021-ci il tarixdə təxminən saat 10 radələrində o, iş yerinə gəlmiş və öz işi ilə məşğul olmuşdur. Təxminən 15-20 dəqiqə sonra Rüstəm Əliyə yaxınlaşaraq avadanlıqlarını yığdığı otağın qapısının qıfılının sınıq vəziyyətdə yerdə olduğunu və özünə məxsus olan “Autel” markalı avtomobillərin diaqnostika kompüterinin yerində olmadığını və oğurlandığını bildirmişdir. Əli ona bu barədə məlumatsız olduğunu, onun həmin diaqnostika kompüterini kimin oğurlamasından xəbərsiz olduğunu qeyd etmişdir. Həmin vaxt o, bir gün əvvəl axşam təxminən saat 23 radələrində Əlinin yanında işləyən Faiq adlı şəxsi servisin yanında gördüyünü bildirmişdir. Əli Rüstəmə və ona Faiqin onun yanında 17 yanvar 2021-ci il tarixdə olduğunu və həmin gün 18 yanvar 2021-ci il tarixdə Zaqatala şəhərinə gedəcəyini ona bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qeyd edilən cinayəti Təqsirləndirilən şəxs törədib- törətməməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexində mühafizəçi işləyir. “Azon” avto servisin bir neçə avtomobillərin təmir sexi yerləşir və həmin sexlərin hər birini fərqli qiymətə icarəyə verilir. Həmin sexə Şahid4 rəhbərlik edir. Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin dekabr ayından tanıyır. Rüstəm “Azon” avto servisdə avtomobil elektriki kimi 2021-ci ilin mart ayının ortalarına kimi işləmişdir. Sexdə gündəlik iş rejimi hər gün saat 09:00-dan 19:00 kimidir. Saat 19:00-dan sonra hər bir işçi servisdən çıxarılır və içəri buraxılmır. Yalnız müdirin razılığı ilə işçi qalaraq işin davam etdirə bilər. İşçilər servisi tərk etdikdən sonra servisdə yalnız səhər saat 09:00 kimi qalır. O, xəstə olanda və ya vacib işi olduqda həmin gün onu oğlu Şahid5 əvəz edir. İşçilər servisi tərk etdikən sonra sexin ümumi giriş qapısı qıfıllanır. Zərərçəkmiş şəxs diaqnostika aparatının oğurlanması hadisə 20 yanvar 2021-ci il tarixdə baş vermişdir. Həmin vaxt Rüstəm özünə məxsus olan “Autel” markalı avtomobillərin diaqnostika kompüterinin oğurlandığını bildirmiş və bununla bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Rüstəmə məxsus olan “Autel” markalı avtomobillərin diaqnostika kompüterinin kimin tərəfindən oğurlanmasını bilməmiş, həmçinin o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 Fərrux oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexini icarə əsasında idarə edir. “Azon” avto servisin bir neçə avtomobillərin təmir sexi yerləşir və həmin sexlərin hər birini fərqli qiymətə icarəyə götürən ustalara aylıq ödənişlə vermişdir. Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin dekabr ayından tanıyır, Zərərçəkmiş şəxs onun rəhbərlik etdiyi “Azon" avto servisdə avtomobil elektriki kimi 2021-ci ilin mart ayının ortalarına kimi işləmiş, aylıq olaraq Rüstəmlə 270 manat qarşılığında razılaşmışdır. Rüstəm yallnız ilk işlədiyi aylıq icarə haqqını ödəsə də, fevral ayından avtomobillərin diaqnostika kompüteri oğurlandıqdan sonra sexdən çıxana kimi icarə haqqını ödəyə biləməmişdir. Sexdə gündəlik iş rejimi hər gün saat 09:00-dan 19:00 kimidir. Saat 19:00-dan sonra hər bir işçi servisdən çıxarılır və içəri buraxılmır. Yalnız müdirin razılığı ilə işçi qalaraq işin davam etdirə bilər. İşçilər servisi tərk etdikdən sonra servisdə mühafizəçi qalır. Sexin ümumi giriş qapısı qıfıllanır. Zərərçəkmiş şəxs diaqnostika aparatının oğurlanması 20 yanvar 2021-ci il tarixdə baş vermişdir. Rüstəm “Autel" markalı avtomobillərin diaqnostika kompüterinin oğurlandığını bildirmiş və bununla bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Rüstəmə məxsus “Autel" markalı avtomobillərin diaqnostika kompüterinin kimin tərəfindən oğurlanmasını o, bilməmiş, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, həmin ad və soyadda olan şəxs onun yanında işləməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu, Xiyabani küçəsi 137 ünvanında yerləşən “Azon” avto servis avtomobillərin təmiri sexində atası Şahid3 ilə birlikdə mühafizəçi işləyir. “Azon" avto servisin bir neçə avtomobillərin təmir sexi yerləşir və həmin sexlərin hər birini fərqli qiymətə icarəyə verilir. Həmin sexə Şahid4 rəhbərlik edir. Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin dekabr ayından tanıyır, Rüstəm “Azon" avto servisdə avtomobil elektriki kimi 2021-ci ilin mart ayının ortalarına qədər işləmişdir. Sexdə gündəlik iş rejimi hər gün saat 09:00-dan 19:00 kimidir. Saat 19:00-dan sonra hər bir işçi servisdən çıxarılır və içəri buraxılmır. Yalnız müdirin razılığı ilə işçi qalaraq işin davam etdirə bilər. İşçilər servisi tərk etdikdən sonra servisdə yalnız səhər saat 09:00 kimi mühafizəçi qalır. Atası xəstə olanda və ya vacib işi olduqda həmin gün atasını o, əvəz edir. İşçilər servisi tərk etdikdən sonra sexin ümumi giriş qapısı qıfıllanır. Zərərçəkmiş şəxs diaqnostika aparatının oğurlanması 20 yanvar 2021-ci il tarixdə baş vermişdir. Rüstəm özünə məxsus “Autel" markalı avtomobillərin diaqnostika kompüterinin oğurlandığını bildirmiş və bununla bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Rüstəmin “Autel" markalı avtomobillərin diaqnostika kompüterinin kimin tərəfindən oğurlanmasını bilməmiş, Təqsirləndirilən şəxs adlı şəxsi də tanımır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır və Faiqlə onun normal münasibəti var, lakin onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. 21 iyun 2021-ci il tarixdə saat 17 radələrində o, işdə olan zaman Yasamal rayon polis idarəsindən ona zəng vurularaq bildirilmişdir ki, qardaşı Təqsirləndirilən şəxs tutulub. Bundan sonra o, dərhal Yasamal RPİ-nə gəlmiş və orada ona məlum olmuşdur ki, Faiq avtoservisdən avtomobillərin diaqnostika aparatını oğurladığına görə tutulmuşdur. Həmin vaxt o, Faiqlə görüşmüş və Faiq ona demişdir ki, oğurladığı aparatı Zaqatala rayonunda yerləşən evlərində saxlayır. Həmin vaxt ona bildirilmişdir ki, Faiqin oğurladığı aparatı gətirib polisə təhvil vermək lazımdır. Həmin gün o, Zaqatala rayonuna getmiş və Faiqin oğurladığı diqnostika aparatını Zaqatala rayonunda yerləşən yaşadıqları evdən götürüb 21 iyun 2021-ci il tarixdə gətirib polis əməkdaşlarına təqdim etmişdir. Lakin o, həmin günədək Faiqin oğurluqla məşğul olması barədə bilməmiş, o, elə bilirmiş ki, Faiq avtomobillərin təmiri ilə məşğul olur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 iyul 2021-ci il tarixli 9/4305 saylı rəydən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də, avtomobil ehtiyyat hissələrinin və avadanlıqlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən “Autel" markalı avtomobillərin diaqnostoka cihazının təzə vəziyyətdə, 18 yanvar 2021-ci il tarix üçün, onun istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və nəzərə alaraq onun amortizasiya aşınmasını nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 1380,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs Şahmanlı oğlunun 01.03.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Nikah haqqında Şəhadətnamə və Doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, onun 09.04.2017-ci il təvəllüdlü X2 və 08.02.2019-cu il təvəllüdlü X7 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 02 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs 19.06.2021-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun müavininin 21.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə həbsdən azad edilib və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin müstəntiqin 05.08.2021-ci il tarixli qərarı ilə qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, tutulub Yasamal RPİ İŞ-yə təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs 05.12.2021-ci il tarixdə tutulmuş, istintaq hərəkətləri həyata keçirildikdən sonra 05.12.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 03 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, 15.02.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 27 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd “Autel” markalı avtomobillərin diaqnostika cihazının saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 27 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 10 ay 06 gün (iki il on ay altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 75 manat (yetmiş beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Autel” markalı avtomobillərin diaqnostika cihazının zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar