Məhkəmə qərarları › İş №1(004)-613/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-613/2025

26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-613/2025 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Şəmkir rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, Rusiya Federasiyasında qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-ci il tarixədək Azərbaycan Respublikası, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamasına icazə verilmiş, hal hazırda barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən etibarnamə əsasında "Caspian Agroholdin” MMC-ni təmsil etdiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, sonuncu ilə 31236 ABŞ dolları müqabilində İ konteyner günəbaxan yağının Rusiya Federasiyasının Novorossiysk şəhərindən Seneqal Respublikasının Dakar şəhərinə daşınmasını vəd edərək 2025-ci ilin mart ayının ilk həftəsi ərzində ünvan 2 ünvanında yerləşən “Çaykənd” kafesində Zərərçəkmiş şəxs ilə görüşərək əvvəlcə 10000 ABŞ dolları və 17320 ABŞ dolları, ümumilikdə 27320 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 46444 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, X2 şəhərinə yağ idxal etməli idi. Zərərçəkmiş şəxs ona müəyyən məbləğdə pul verib və o, həmin pulun müəyyən hissəsini Rusiyaya göndərib ki, borcu ödənilsin və mal göndərilsin. Lakin Rusiyaya göndərdiyi pul aidiyyəti şəxslərə çatmayıb və o, pulun müəyyən məbləğini özü üçün götürmüşdür. Zərərçəkmiş şəxs 10000 və 17320 dollar pul almışdır. Pul alanda yağın Afrikanın Dakar şəhərinə göndərilməyəcəyini əvvəlcədən bilmirdi. Pul həmin şəxslərə çatmadı deyə yağ göndərilmədi. O da Zərərçəkmiş şəxs pulunu qaytarmaq üçün ondan müəyyən vaxt istəyib. Hal-hazırda onun pulunu qaytarmışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını və uşaqlarının olmasını, ziyanın ödənilməsini nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Arzuya pul ödəmişdir. Rusiyadan yağ yükləməli idi. 1-2 ay onları aldadıb, onlara sənədlər verirmiş, 1-2 aydan sonra biliblər ki, onları aldadırmış, verdiyi sənədlər saxta imiş. O, ona 28000 ABŞ dolları ödəmişdir, lakin sənədlərdə 27300 ABŞ dolları yazılıb. Ona dəyən ziyan ödənilmişdir, hər hansı şikayət və ya tələbi yoxdur. Bununla bağlı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vüqarla lap əvvəllərdən qohumluqları var. Bir gün Vüqar ona zəng edib ki, Afrikaya göndərməyə günəbaxan yağı istəyirlər. Arzu da deyib ki, onun şirkəti var, əkinçiliklə və günəbaxan yağının hazırlanması ilə məşğul olduğunu deyib. Arzu ilə Vüqarı bir-biri ilə tanış edib. Vüqar ona ilk dəfə 10000 dollar pul verib, onda onu Arzuya verib ki, yağı göndərsin. Daha sonra 17320 dollar pulu Vüqar ona verib, onu da Arzuya verib. Arzu onlara sənədlər verib və deyib ki, yük artıq yola salınır. Arzu onlara yükün yola salınması ilə bağlı sənədlər göndərirdi, video da göndərmişdi ki, yük yola salınır. Onlar sistemdə yükün gediş istiqamətini yoxladanda görüblər ki, yük İsrailə gedir, Seneqala yox. Beləliklə onlar biliblər ki, göndərilən sənədlər saxtadır və video da başqa konteynerin videosudur. Sənədlərin saxta olduğunu biləndə Arzudan pulu qaytarmasını tələb ediblər, lakin Arzu deyib ki, pulu qaytara bilməz, çünki pul Rusiyada şirkətin hesabındadır. Onlara deyib ki, pulu köçürmək üçün bir şirkət hesabı desin. Ona şirkət hesabı veriblər. Pulu köçürdüyünü deyib və onlara sənəd göndərib. Lakin onlar araşdıranda məlum olub ki, həmin hesaba pul köçürülməyib. Arzu onlara saxta sənəd göndərib. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Arzu ilə evlidir, iki övladları var, birlikdə yaşayırlar. Arzunun Vüqara nə söz verdiyi barədə heç bir məlumatı yoxdur. MMC-ni yaratdıqdan sonra Arzuya etibarnamə verib və qalan məsələlər barədə heç bir məlumatı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan 03 may 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokola əsasən təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 4(004)-359/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2025ci il tarixli, 4(004)-667/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 03 sentyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şikayət və tələbi yoxdur, barışmışdırlar. Vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək törətdiyi əməli tam etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin şikayəti və tələbin olmamasını və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli X4 Arzunun barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məccəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məccəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X3 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar