Məhkəmə qərarları › İş №1(004)-615/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-615/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-615/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəb müəllim işləyən, Kəlbəcər rayonu Çıraq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, Yasamal Rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı Sadiq Səlimli ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iştirakı ilə icazə verilmiş 3 saatlıq ünsiyyət müddəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 10 radələrindən başlayaraq Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Bakı Mall” ticarət mərkəzində ünsiyyətdə olarkən ünsiyyət müddəti başa çatmamış, sonuncu işi olduğu üçün evə qaytmalı olmasını bildirdikdə aralarında mübahisə yarandığına görə ünsiyyətdə olma vaxtı tamamlanmamış saat 12:40-da taksi sifariş edərək azyaşlı övladı Sadiq Səlimli və Zərərçəkmiş şəxs yaşadıqları ünvan 2 ünvana gətirib yola saldıqdan sonra Zərərçəkmiş şəxs həmin ünvanda gözləmiş, həmin gün saat 13:29-da həmin ünvanın yaxınlığında Zərərçəkmiş şəxs yaşadığı evdən həyətə çıxdığını görüb ona yaxınlaşaraq məişət münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs əllə vuraraq sol təpə nahiyyəsinin hematoması, boğaz sol çənə şaxəsi proyeksiyasının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından bir azyaşlı Sadiq adlı oğul övladları vardır. Onlar boşandıqdan sonra məhkəmə qərarı ilə ona övladı ilə görüşmək üçün saat 16:00-dan 18:00-a qədər olmaqla üç saat müddət təyin edilmiş, lakin onlar öz aralarında 10:00-dan 12:30-a qədər olan müddət ərzində görüşəcəkləri barədə razılaşmışlar. 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında Yeganə oğlunu Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinə gətirmişdir. Onlar bir müddət vaxt keçirdikdən sonra Yeganə ona evə getməli olduqlarını bildirmiş, o isə etiraz edərək bildirmişdir ki, onun oğlu ilə cəmi üç saat görüş vaxtı vardır. Lakin Yeganə onun dediklərinə məhəl qoymayaraq oğlunu aparmaq istədəyini bildirmiş, o da oğlu və Yeganəni onların yaşadığı ünvan 3 ünvana çatdıqdan sonra Yeganə Sadiqi evə aparmış, həmin vaxt o, icra məmuruna Yeganənin onun övladı ilə görüş vaxtına riarət etmədini sübut etmək məqsədilə onları arxadan kameraya çəkməyə başlamışdır. Daha sonra Yeganə oğlunu evə yola salmış, o isə Yeganə ilə söhbət etmək məqsədilə onu aşağıda gözləmişdir. Bir qədər sonra Yeganə aşağı düşmüş, həmin vaxt o, Yeganəni kameyara çəkməyə davam etmişdir. Yeganə bunu görüb ona əl hərəkətləri etməyə başlamış, o isə Yeganəni əli ilə itələmişdir. Bundan sonra Yeganə onun əlindən telefonunu almağa çalışdığı üçün o, Yeganəni çənə nahiyəsindən itələmişdir, lakin bıçaqla onun üzərinə hücum çəkməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından 4 yaşlı Sadiq adlı oğul övladları vardır. Onlar boşandıqdan sonra Yasamal rayon Məhkəməsinin qərarı ilə Elnura övladını həftədə bir dəfə onun iştirakı ilə 03 saat görüşməsinə icarə verilmişdir. 24 dekabr 2024-cü il tarixində səhər saat 10:00 radələrində o, oğlunu Elnurla görüşdürmək məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinə aparmışdır. Onlar birlikdə vaxt keçirdikdən sonra saat 12:30 radələrində oğlu yatmalı olduğu Elnur onları taksi ilə evə aparmışdır. Taksidə olduqları müddətdə Elnur onu nalayiq ifadələrlə təhqir etmişdir. Onlar çatdıqdan sonra o, övladı ilə birgə evə qalxmış və daha sonra Elnurdan polisə şikayət etmək üçün evdən çıxaraq yaxınlıqdakı avtobus dayanacağına tərəf getmişdir. Elnuru həmin dayanacaqda gördüyündən yenidən evə tərəf qayıtmışdır. Bu zaman Elnur yaxınlıqdakı köşkdən bıçaq alaraq onun arxası ilə gəlmiş və yaşadığı Yasamal rayonu Moskva prospekti ev 75 ünvanının yanında olarkən onu təhqir edərək üzərinə hücum çəkmişdir. Elnur onun baş və çənə nahiyəsinə yumruq zərbələri endirmiş, daha sonra isə boğazından tutaraq sıxmağa başlamışdır. Bu zaman ətrafda olan şəxslər onları ayrımışdırlar. Təqsirləndirilən şəxs ilə barışmaq niyyətində deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun keçmiş kürəkənidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə ailə qurub bir müddət sonra ayrılmış, onların birgə nikahlarından 4 yaşlı oğlan övladları dünyaya gəlmişdir. Onlar arasında olan nikah pozulduqdan sonra Yasamal rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs övladı ilə həftədə bir dəfə Zərərçəkmiş şəxs iştirakı ilə görüşmək hüququ verilmişdir. Qızı Yeganə boşandıqdan sonra azyaşlı övladı ilər birlikdə Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 75 ünvanda yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs deməsinə görə, 24 dekabr 2023-cü il tarixində səhər saat 10:00-da Yeganə oğlunu Təqsirləndirilən şəxsla görüşdürmək məqsədilə Yasamal rayonu ərazisində yerləşən «Bakı Mall» ticarət mərkəzinə aparmış və orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə oğlu ilə görüşərək birlikdə vaxt keçirmişdirlər. Bundan sonra Elnur onları evə gətirib yola salmış və bundan sonra elə həmin gün onlar arasında mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs onun Yeganəni döymüşdür. O, Yeganə ilə Elnur arasında baş vermiş münaqişə zamanı onların yanında olmamış və hadisəyə şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 A ünvanında yerləşən köşkin sahibidir və orada satıcı işləyir. O, iş üzrə heç bir hadisənin şahidi olmamış, ümumiyyətlə, iş üzrə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımır. Həmin köşkdə biçaq satılmır, bıçağabənzər daraqlar satılır və iş üzrə sözgedən şəxslər arasından onun mağazasından bıçaq alan heç kəs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 25 dekabr 2023-cü il tarixli 1473 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol təpə nahiyəsinin hemotoması və sol çənə şaxəsi proyeksiyasının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuramaya aiddir. (i.v. 11-12) 18 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X3 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ev 75 ünvanı yaxınlığında Zərərçəkmiş şəxs arasında müqaqibə baş verdiyini, həmin vaxt Yeganə boğazından yapışdıqda özü də onun boğazından tutduğunu, Zərərçəkmiş şəxs ona əl qol atdıqda onun baş nihiyəsindən əlinin içi ilə itələyərək oradan uzaqlaşdığını təsdiq etmiş, lakin Zərərçəkmiş şəxs ifadəsində onun üstünə bıçaq çıxarıb hədələməsi həmçinin Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 A ünvanda binanın arxa tərəfində yerləşən dayanacağın yaxınlığında Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşması, orada olan “Kiosk”-da işləyən satıcıdan bıçaq alaraq Zərərçəkmiş şəxs üsütünə hücum edərək bıçaqla vurmaqla hədələməsi barədə sonuncunun göstərdiklərini təkzib etmişdir. (i.v. 58-60) “Baxış keçirilməsi haqqında” 19 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanın yaxınlığında yerləşir. (i.v. 61-65) “Diskə baxış keçirilməsi bhaqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, DVD-R formatlı diskin yaddaşına «VİD-20231225-WA0246 2023.12.24 at 11:4…MP4 Video» adlanan video parçasında 01 dəqiqə 20 saniyə ərzində qeydə alınmış videogörüntü qeydə alınmışdır. Ekranda monitorun üzərində tarix 2023.12.24, vaxt saat 13:29:22 olması, çoxmənzilli yaşayış binasının qarşısında yolun kənarında müxtəlif markalı minik avtomobilləri park edərək dayanmaları, evin qarşısında küçədə kimsənin olmaması, saat 13:29:24-də yaşayış binasının girişindən əllərində mobil telefon qarşıda qırmızı palto və göy rəngli cins şalvar geyinmiş qadının, arxası ilə qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş kişinin, həmçinin onlardan sağ tərəfdə eyni ilə həmin binanın girişindən çıxan 3-cü şəxsin-qara rəngli partar geyinmiş qadının çıxaraq gəlməsi, qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş kişi ilə qırmışı rəngli palto geyinmiş qadının mübahisə edə-edə hərəkət etmələri, saat 13:29:33-da qeyd olunan kişinin qırmışı rəngli palto və göy rəngli cins şalvar geyinmiş qadının başının arxa tərəfindən sol əli ilə vurması və paltarından tutub saxlaması, daha sonra hər ikisi əllərində olan telefonu bir birlərinin üstünə tutması, saat 13:29:38-də 3-cü şəxsin-qara rəngli partar geyinmiş qadının qeyd olunan kişiyə və qadına baxmadan və əhəmiyyət vermədən telefonu qulağına tutaraq oradan uzaqlaşıb getməsi, yəni video görüntüdən itməsi, saat 13:29:41-dən saat 13:29:45dək yaşayış binasının girişinə tərəf 2 nəfər kişi cinsli şəxsin münaqişə edən kişi və qadının arxa tərəfindən onlara baxmadan və əhəmiyyət vermədən binanın girişinə daxil olmaları və görüntüdən itmələri, qeyd olunan kişi və qırmızı rəngli palto və göy rəngli cins şalvar geyinmiş qadının bir-birindən aralanması və əllərində olan mobil telefonları bir birinin üstünə tutması, daha sonra bir-birləri ilə əlbəyaxa olmaları, əlləri ilə bir-birlərini vurmaları, saat 13:30:08-də yaşayış binasının girişindən 2 nəfər kişi şəxsin münaqişə edən kişi və qadının arxa tərəfindən onlara baxmadan və əhəmiyyət vermədən çıxıb getmələri, saat 13:30:34-də yaşayış binasının girişindən 1 nəfər kişi şəxsin münaqişə edən kişi və qadının arxa tərəfindən onlara baxmadan və əhəmiyyət vermədən çıxıb getməsi, saat 13:30:37-də qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş qeyd olunan kişinin qırmızı rəngli palto və göy rəngli cins şalvar geyinmiş qadından uzaqlaşıb getməsi, saat 13:30:41-də video görüntüdən itməsi, yəni video görüntüdən itməsi müşahidə olunur. (i.v. 70-71) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-184/2023 saylı qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-a qədər ananın iştirakı ilə ünsiyyətdə olmasına icazə verilmişdir. (i.v. 107-108) “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi əyani olaraq hadisə yerində yoxlanmış və Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 109-110) “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “DVD-R” formatlı diskin yaddaşında xx.xx.2023-cü il tarixdə saat 13:29 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 75 ünvanda baş vermiş hadisəni özündə əks etdirən məlumatlar olduğundan və obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 111-119) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 avqust 2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 70) “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 103-104) AA3574552 nömrəli şəxsiyyət vəsiqəsindən və elektron məhkəməs sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. (i.v. 109) Məhkəmə, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar