Məhkəmə qərarları › İş №1(004)-615/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-615/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-615/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 20 may 2025-ci il tarixdə, saat 02 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən insanların sıx toplaşdığı “R Lounge” adlı restoranda Zərərçəkmiş şəxs onunla söhbət edən zaman kobudluğunu cüzi səbəb kimi bəhanə gətirib sonuncuya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs restoranda yerləşən mətbəxin 200 manat dəyərində plastik materialdan olan qapısını bağlayıb arxasında gizlənməsini bilərəkdən mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu sınmış, deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən və üzərində sonradan düzəlişlər edilməyən mətbəx bıçağı ilə qəsdən həmin qapıya müxtəlif sayda bıçaq zərbələri endirməklə qapını zədələyərək, həmin qapının arxasında dayanan Zərərçəkmiş şəxs sağ said nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsili bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən iki ilə yaxındır ki, tanıyır həmin şəxs Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 10 ünvanda yerləşən "R Lounge" adlı restoranı icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində həmin restorana gəlmişdir. Orada onun dostları onu gözləyirdi. İçəriyə daxil olmuş və dostları oturan stola tərəf gedərkən ayağı ilişərək kafenin qadın işçisinə dəymişdir. Sonradan adını Sunay olduğunu bildiyi qadın onu təhqir etməyə başlamışdır. O, Əmrahı çağıraraq həmin qadının onu söyməsini ona bildirmiş və o qadını tənbeh etməsini Əmraha bildirmişdir. Bu zaman gözləmədiyi halda Əmrah yumruqla onun üz nahiyyyəsindən vurmuşdur. Daha sonra Əmrah restoranın mətbəxinə tərəf qaçmış, onun dalınca mətbəxə daxil olmuşdur. Əmrah dəmir olan ət döyən aləti mətbəx stolunun üzərindən götürərək onun üstünə atmış və həmin alət sağ ayağının dizdən aşağı topuqdan yuxarı nahiyəyə dəyərək xəsarət yetirmişdir. Daha sonra həmin mətbəx stolunun üstündə olan dəmir qazan altlığını ona tərəf atmışdır. Zərbə onun sol bud nahiyyəsinin ön tərəfinə dəymiş və həmin nahiyyələrdən kəsik xəsarətləri almışdır. O, üzərinə əşyaları atdıqdan sonra mətbəxdə olan anbar otağına girərək, həmin otağın plastik qapısını bağlamışdır. Həmin anbarın plastik qapısı içəri doğru açılıdığından o qapının dəstəyini açıb içəri girmək istədikdə qapının kilidnən bağlı olduğunu görmüşdür. O, hirsindən mətbəxdə olan mətbəx bıçağını götürərək bir neçə dəfə qapıya zərbələr vurmuşdur. Həmin mətbəxdə olan bıçağı orada ataraq restorandan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, o, Əmrahı 2 ilə yaxındır tanıyır, arlarında 2 dəfə münaqişə olmuşdur. O, Əmrahı bir dəfə sillə ilə vurmuş, bir dəfə isə söhbət əsnasında acılamışdır. Həmin münaqişə olarkən Əmrah qeyd edilən kafenin sahibi deyildir. Kafeni icarəyə götürməmişdir. Baş vermiş hadisədən 2-3 ay qabaq həmin "R-lounge" adlı obyektin əvvəlki icarədarı Taleh adlı şəxsin yanına gələrkən Əmrah ilə Taleh nərd oynayırdılar. Taleh onunla görüşsədə Əmrah ona tərəf baxmamışdır və salam verməmişdir. Bu səbəbdən o, Əmraha iradını bildirmiş və acılamışdır. Əmrah ona kobud cavab qaytardığı üçün mən ona bir dəfə sillə vurmuşdur. Hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 02 radələrində ünvan 4 ünvanında baş vermişdir. O, yalnız əsəbindən həmin bıçağı götürərək qapıya bıçaq zərbələri endirmişdir. Həmin bıçaq boz rəngli tutacaqlı təxminən 20-25 sm böyüklüyündə olan mətbəx bıçağı olmuşdur. O, həmin şəxsə həyati bir xəsarət yetirmək məqsədilə zərbə endirməmişdir. Sadəcə o, qapıya zərbələr endirmişdir. Əmrahın qapının arxasında dayandığını və xəsarət aldığını bilməmişdir. Onların arasında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda hansısa müşahidə kamerasının olub olmadığını görməmiş və fikir verməmişdir. Lakin qeyd edə bilərəm ki, obyektin dəhlizində ətrafda olan şəxslər hadisəni görərək gəlib bizi aralaşdırmışdır. Əmrah mətbəxə qaçdıqdan sonra mətbəxdə bizdən yəni mən və Əmrahdan başqa heç kəs olmamışdır. Hadisə vaxtı o, Əmrahı nə söymüş nədə vurmamışdır. İlk olaraq Əmrah onu vurmuşdur. Hesab edir ki, aralarında əvvəllər baş vermiş münaqişələrə görə o intiqam almaq məqsədilə onu vurmuşdur. Onun Əmrahı vurması üçün heç bir səbəb yaratmamışdır. İfadəsinin sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2025-ci ilin may ayının əvvəlindən etibarən ünvan 5 ünvanda yeləşən “R Lounge” adlı restoranı icarə əsasında işlədirdi. xx.xx.2025-ci il tarixdə həmin restorana əvvəllər qiyabi tanıdığı Ruslan adlı şəxs dostları ilə birlikdə gəlmişdirlər. Ruslanın dostlarından bir nəfər hədsiz dərəcədə spirtli içki qəbul etmişdir və özünü idarə edə bilmirdi. Ruslanın dostunun adını bilmirdi. Ruslan həmin obyektdə olan müştərilərə atmacalar atmağa başlamışdır. O, Ruslanı qırağa çəkərək öz iradını ona bildirmiş və restoranın 2-ci mərtəbəsinə qalxmışdır. Daha sonra 1-ci mərtəbədə səs küy olmasını eşitdiyi üçün aşağı düşmüşdür. Ruslandan nə baş verdiyini soruşduqda ona “o qızı nalayiq ifadələrlə burdan çıxartmağı” demiş və o həmin Sıınay adlı şəxsə yaxınlaşaraq restorandan çıxartmağı istəyərkən, Ruslan həmin Sıınay adlı qızın başından vurmuşdur. O, Ruslanı sakitləşdirmək istədikdə ona yumraqla başının sol tərəfindən vurduqda onları orada olan digər şəxslər aralamışdırlar. Yenidən Ruslan ona yaxınlaşmaq istədikdə o, əli ilə Ruslanı itələmişdir. Onları restoranda olan digər şəxslər onları aralamışdırlar. Daha sonra Ruslan onu söhbət etmək üçün çölə dəvət etmişdir. O, isə gələcəyini demiş, lakin çölə çıxmamış və mətbəxə daxil olmuşdur. Mətəxdə balaca anbar otağı vardır. O, həmin anbar otağına girmişdir ki, Ruslan çıxıb getdikdən sonra restoranın zal hissəsinə qayıtsın. Daha sonra Ruslan mətbəxə daxil olmuşdur. Ruslan nalayiq ifadələr işlədərək anbar otağının qapısı tərəfə yaxınlaşmışdır. O, Ruslanın həmin otağa daxil olmaması üçün qapının baş hissəsindən əli ilə tutmuşdur. Ruslan bir neçə dəfə qapıya təpiklə zərbələr endirmişdir. Qapını aça bilmədiyi üçün mətbəxdə olan bıçaqlardan birini götürərək, 3-4 dəfə qapıya bıçaqla vurmuşdur. O, qapının arxasında olduğu üçün həmin bıçaq zərbələrindən biri onun sağ qoluna dəymişdir. O, həmin an bıçağın ona dəyməsini hiss etməmişdir. Daha sonra Ruslan oradan uzaqlaşmış və polis əməkdaşları restorana gəlmişdilər. Əlavə olaraq bildirmişdir ki. o, Təqsirləndirilən şəxs təxminən 3-4 ay olar ki tanıyırdı. Aralarında heç bir düşmənçilik və ədavətləri olmayıb. Ruslan restoranda olan Sunay adlı müştəriyə söz atması ilə başlamışdır. İfadəsinin sonunda bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər tamamilə öndənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə təxminən saat 01 radələrində Yasamal rayonu Ə.Salamzadə küçəsində yerləşən "R Lounge” adlanan restoranda qəlyan çəkmək üçün gəlmişdir. Restoranda olan zaman 3 nəfər şəxsin restoranın zal hissəsinə daxil olduqlarını görmüşdür. Hər 3 şəxsin içkili olduğu hiss olunurdu. Onlardan 1 nəfər adının sonradan Ruslan olduğunu bildiyi şəxs keçəl baş, dolu bədən quruluşlu üzü saqallı olan şəxsin obyektin icarədari Əmrah adlı şəxsə yaxınlaşdığını görmüşdür. O, həmin şəxsin adını sonradan Əmrah olduğunu bilmişdir. Əvvəllər onu Emin kimi tanıyırdı. O, düşünmüşdür ki, həmin şəxslər Əmrahla tanışdırlar. Daha sonra həmin Ruslan adlı şəxs restoranda olan 1 nəfər qadın müştəriyə söz atmışdır. Buna görədə Əmrah Ruslana yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. O isə zalda stolda əyləşmişdir. Bir neçə dəqiqə sonra Ruslan ilə Əmrah arasında mübahisə düşdüyünü şahidi oldu. Zalda əyləşən müştərilər və o masalardan qalxaraq mübahisəni aralamağa çalışdı. Lakin Ruslan adlı şəxs içkili olduğuna görə sakitləşmədi və Əmrahın üzərinə hücum çəkirdi hətta Ruslan Əmrahı vurmuşdur. Daha sonra onu obyektin 2- ci mərtəbəsində olan kabinetə qaldırmışdırlar. Təxminən 15- 20 dəqiqə sonra münaqişənin sakitləşdiyini görüb kabinetdən çıxmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onu polis şöbəsinə dəvət etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Ə.Salamzadə küçəsində yerləşən “R Lounge” restoranında ofisiant işləyirdi. 20 may 2025-ci il tarixdə saat 02 radələrində işdə olan zaman 3 nəfər şəxsin restorana içkili vəziyyətdə restorana daxil olmasını müşahidə etmişdir. Birinin adını onradan Ruslan olduğunu öyrənmişdir. Restoranın zal hissəsində icarə əsasında işlədən Emin ilə Ruslanın mübahisə etdiyini görmüşdür. O, Eminin əsl adının Əmrah olduğunu sonradan öyrənmişdir. Restoranda əyləşən digər müştərilər, onların mübahisələrini aralamağa başlamışdırlar. Lakin Ruslan içkili olduğu üçün daha da şiddətlənərək Əmrahın üzərinə hücum çəkərək Əmrahı vurmuşdur. Daha sonra Əmrah restoranın mətbəxinə keçmişdir. Ruslan Əmrahın dalınca qaçaraq mətbəxə daxil olmuşdur. O, həmin mətbəxdə olmasamda sonradan Ruslanın Əmrahı bıçaqla vurmasını bilmişdir. Daha sonra Ruslan uca səslə nalayiq ifadələr işlədə-işlədə restoranı tərk edərək çıxmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun adı Fatimədir, lakin ətrafda hamı onu Sunay kimi tanıyırdı. 20 may 2025-ci il tarixdə təxminən saat 01 radələrində Yasamal rayonu Ə.Salamzadə küçəsində yerləşən “R Lounge” adlanan restorana tək getmişdir. Restoranın girişində əyləşən zaman əvvəllər tanıdığı Ruslan adlı şəxs dostları ilə birlikdə restorana daxil olmuşdur. Hər 3 şəxsin içkili olduğu hiss olunurdu. Ruslan ona yaxınlaşaraq nalayiq ifadələr işlətməyə başlamışdır. O, da Ruslanın nalayiq ifadələrinə görə ona qarşılıq vermişdir. Buna görə Ruslan onu itələmişdir. Daha sonra Ruslanın yanında olan adını bilmədiyi dostu onu vurmaq istəmişdir. Daha sonra Emin kimi tanıdığı lakin adı Əmrah olan həmin restoranı icarə əsasında işlədən şəxs onlara tərəf gəlmişdir. Onların arasında olan münaqişəni sakitləşdirməyə çalışaraq, Əmrah Ruslanın dostunu ondan aralamaq istədiyi üçün Ruslan Əmrahın üstünə cumaraq yumruqla vurduğunu görmüşdür. Bu zaman o, restorandan çıxmış və oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, növbəti gün Ruslan ona zəng edərək ondan üzr istədiyi üçün o Ruslandan şikayət etməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, yalnız Ruslanın Əmrahı bir dəfə yumruqla vurduğunu şahidi olmuşdur. Daha sonra həmin restorandan çıxaraq uzaqlaşdığı üçün orada nə baş verdiyindən xəbəri olmamışdır. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində Yasamal rayonu Ə.Salamzadə küçəsində yerləşən “R Lounge” adlanan restoranamən dostlarının yanına getmişdir. O, restoranın girişində Ruslan ilə görüşmüşdür. Onlar restoranın içərisinə daxil olmuşdurlar. Təxminən 15-20 dəqiqə sonra Ruslan giriş tərəfdə adını Sunay kimi bildiyi 20-22 yaş aralığında qız ilə mübahisə etdiklərini görmüşdür. Mübahisə edən zaman həmin icarə əsasında həmin restoranı işlədən adını Emin kimi tanıdığı əsil adı isə Əmrah olan şəxs onlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışdır. Daha sonra Əmrah Ruslanı itələmişdir. Bundan sonra Ruslan və Əmrah arasında mübahisə başlanmışdır. O, onlara yaxınlaşaraq aralamağa və sakitləşdirməyə çalışmışdır. Lakin Ruslan və Əmrahı sakitləşdirə bilməmişdir. Daha sonra Əmrah restoranın mətbəxinə tərəf qaçmışdır. Ruslan Əmrahın arxası ilə qaçaraq mətbəxə daxil olmuşdur. O, artıq mətbəxə tərəf getməmişdir. Daha sonra mətbəxdə nə baş verdiyini görməmişdir. Əlavə olaraq bidirmişdir ki, o, mətbəxdə olan hadisənin şahidi olmamışdır. Fərid adlı şəxsin anket məlumatlarını bilmir. Fərid həmin hadisəndən sonra ölkə hüdudlarından xaricə köçmüşdür. Lakin Ruslanın dediyi şəxsin kim olduğunu xatırlamır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə aparılır. Baxış keçirilən və xuliqanlıq hadisənin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 10 ünvanında yerləşən “R Lounge” restoranın içərisidir. Həmin restorandan 01 ədəd bıçaq götürülmüşdür. (İ/V. 5-11). “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 6 ünvanı əyani olaraq göstərib bildirmişdir ki, hadisə baş verdiyi yer məhz həmin ünvandır. (İ/V. 223-228). “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 15:30-dan) saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilmişdir. (İ/V. 44). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 71-72). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 103-105). “DVD-R üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə 01 (bir) ədəd “DVD-R" formatlı diskdə əks edilmiş görüntülər 20 may 2025-ci il tarixdə qeydə alınır. DVD-R diskdə 4 ədəd video fayl var. 1-ci videogörüntünün 31-ci saniyəsində Təqsirləndirilən şəxs restoranın zalında bir qrup şəxslərin toplaşdığı müşahidə edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla salamlaşmağı və əlini onun çiyninə qoymağı müşahidə olunmuşdur. 2-ci videoda restoranın dəhlizində münaqişə olması müşahidə olunmuşdur. Ruslanın ətrafda olan insanlar tərəfindən dəhlizdə uzaqlaşdırmağa çalışırmışdırlar. Video faylın 34-cü saniyəsində Təqsirləndirilən şəxs onlardan aralaşıb gəldiyi istiqamətə qaçmağı müşahidə olunmuşdur. 3 və 4-cü videolarda dəhlizdə şəxslərin gəzintisi müşahidə olunmuşdur. (İ/V. 60). Məhkəmə istintaqı zamanı qeyd edilən videogörüntülərin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Məhkəmə-tibbi ekspertizasının 26 may 2025-ci il tarixli 414 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol bud və sağ baldır nahiylərinin sıyrıqları küt əşyanının (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdəvə şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (İ/V. 187-189). Məhkəmə-tibbi ekspertizasının 16 avqust 2025-ci il tarixli 21/395 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ said nahiyəsinin kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (İ/V. 190-193). Məhkəmə ekspertiza mərkəzinin 20 avqust 2025-ci il tarixli 3/891 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu sınmışdır, deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan düzəlişlər edilməmişdir. (İ/V. 194-196). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və xx.xx.2022-ci il tarixli Xətai Rayon Məhkəmsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (İ/V. 156-162). “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha həmin şəxsin cinayət əməlini ifşa etmişdir. (İ/V. 80-85). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Boz rəngli tutacağı olan 280 mm uzunluqda olan bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, eləcə də İş üzrə 01 (bir) ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və “DVD- R” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 229-236). İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notariaq qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə öndənilmiş və ona qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. (İ/V. 238). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 033129 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası Rzayev Mahmud Məmməd oğlu 1-ci Qarabağ Müharibəsi veteranıdır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödənilməsini, onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də atasının 1-ci Qarabağ Müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmü ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD-R” formatlı cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi «Prospekt» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-615/2025 saylı, 24 oktyabr 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 24 oktyabr 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Prospekt» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD-R” formatlı cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Prospekt» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar