Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-616/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14:40 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Yasamal rayonu, Zərgərpalan küçəsində gedərkən onu polis əməkdaşları tutublar. Onlar onu tanıyırdılar. Ona deyiblər ki, bu maddəni götürsün video çəkib onu buraxacaqlar. O, razılaşmayıb və buna görə polis əməkdaşları onu təhqir ediblər, vurublar. Onu bir həyətə aparıblar. Orada zərflər olan stola su içmək adıyla yaxınlaşıb və stolun üstündə yerləşən qayçıyla özünə xəsarət yetirib. Onu təcili şəkildə “Semaşko” xəstəxanasına aparıblar. Onlar özünə xəsarət yetirdiyi üçün küçədə çəkiliş edə bilməyiblər. Onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə aparıblar və orada onu aldadıblar, buna görə də videoçəkilişə razılaşıb. Videoçəkiliş olub, ancaq onu buraxmayıblar. Barəsində “həbs” qətimkan tədbiri seçilib. Yekunda barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında, 19 iyul 2025-ci il tarixdə, günorta saatlarında Yasamal rayonu, Zərgərpalan küçəsi ünvanında Nəcməddin və onunla yanaşı bir neçə şəxsə yaxınlaşaraq onları saxlayıblar. Şəxsə qarşı hər hansı qanunsuz hərəkət olmayıb. Şəxsə qarşı hər hansı qanunsuz hərəkət olmayıb. Əməliyyatda Anar, Zaur, Orxan, Samir və özü olmuşdur. Nəcməddin özünə xəsarət yetirib. Nəcməddin özünə çöldə olarkən qayçı ilə xəsarət yetirib. Şəxs özünə xəsarət yetirdiyi zaman videoçəkiliş var idi. Şəxsi sonra xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18-19 iyul tarixlərindən birində ünvan 3 ünvanında Nəcməddini və onunla yanaşı 7-8 nəfəri saxlamışdırlar. Səhv xatırlamırsa üzərində metamfetamin aşkar olunmuşdur. Şəxs qayçı ilə özünə xəsarət yetirdikdən sonra onu təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparıblar. Şəxsə qarşı hər hansı təzyiq olmayıb. O, Yasamal RPİnin NMB-nin rəisi Anar, Zaur, Ceyhun və Samir olub əməliyyatda. Videoçəkiliş onun tərəfindən həyata keçirilib. Videoçəkilişdə onun özünə xəsarət yetirməsi əks olunub. Onun özünə xəsarət yetirməsi üzərində narkotik maddə aşkar olunduqdan sonra olmuşdu. Şəxs özünə xəsarət yetirdikdən sonra videoçəkiliş dayandırılmamışdır. Saxlanılmış şəxslərin üzərinə baxışla bağlı ümumi videoçəkilişdə şəxsin özünə xəsarət yetirməsi əks olunub. Şəxs özünə xəsarət yetirdikdən sonra qayçını onun əlindən aldı. Videoçəkiliş dayandırmadı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 iyul tarixində günorta saatlarında Yasamal rayonu, Zərgərpalan küçəsi ünvanında 7 nəfəri narkotik maddə istifadəçisi kimi saxlamışdırlar. Videoçəkiliş zamanı şəxsin üzərindən psixotrop maddə aşkarlanmışdır. Videoçəkiliş zamanı Nəcməddin özünə xəsarət yetirib. Şəxsə qarşı heç bir qanunsuz hərəkət olmayıb. Şəxsə qarşı heç bir qanunsuz hərəkət olmayıb. Özünə xəsarət yetirdikdən sonra ona təcili tibbi yardım çağırdılar və onunla birlikdə polis əməkdaşları da xəstəxanaya getdi, lakin kimin getdiyini xatırlamır. Xeyr, şəxslə birlikdə xəstəxanaya getməmiş, hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxsi heç kim vurmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat tədbirində şəxsən özü iştirak etmişdir, çəkiliş aparmışdır. Məlumat daxil olub ki, bir qrup şəxs Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında narkotik vasitələrdən istifadə edir. Həmin dalanda 9 nəfər idilər. Onlara yaxınlaşaraq özlərini təqdim ediblər və videoçəkilişlə üzərlərinə baxış keçirilən zaman narkotik vasitə aşkarlanmışdır. Şəxs bildirib ki, öz şəxsi istifadəsi üçün əldə edib. Videoçəkiliş zamanı orada olan qayçı ilə özünə xəsarət yetirib. Buna baxmayaraq çəkiliş davam etdirilib və əməliyyat tədbirini həyata keçiriblər. Şəxsə ilkin tibbi yardım göstərildi və təcili tibbi yardım çağırıldı. O, təqsirləndirilən şəxsə silah çəkməmiş, hər şey videogörüntülərdə öz əksini tapıb. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Həmçinin təqsirləndirilən şəxsin özünə qayçı ilə xəsarət yetirməsi nəticəsində aldığı xəsarətlər videogörüntülərdə aydın şəkildə öz əksini tapmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2507 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 42” dairəvi möhür əksi olan, “Şübhəli Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2025-ci il tarixli 5398 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarda Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət hadisəsi müəyyən olunmadığından iş üzrə cinayət işinin başlanması hissəvi rədd edilmişdir. Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Həmçinin iş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 22 iyul 2025-ci il tarixdə təxminən saat 17:30 radələrində DİN-nin Qaradağ RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, hazırkı iş üzrə Yasamal RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi Yasamal RPİ-nin İŞ-nin icraatında olan Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 11:40 radələrində Tibb-sanitar hissəsində müayinədən keçirilən zaman qarnın ön divarında qərtməkli yara xəsarəti aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirib ki, həmin xəsarəti həbs olunan zaman almışdır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-196/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək olan dövrdə həbsdə olduğu 4 ay 28 gün cəzadan çıxılaraq, qəti olaraq 1 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 19 iyul 2025-ci il tarixdə, yəni xx.xx.2025-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-196/2025 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 3 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət (əvvəlki hökm üzrə) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 10 ay 2 gün (bir il on ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,833 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Qanunçuluq” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-616/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-616/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver