Məhkəmə qərarları › İş №1(004)-62/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, himayəsində azyaşlı uşaqları olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, işsiz, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 05 iyul 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ailə üzvləri ilə məskunlaşdığı ünvan 3 ünvanında yerləşən Azərbaycan Mühəndis və İnşaat Universitetinin yataqxanasının 1 nömrəli otağının pəncərəsinin üzərində bərkidilmiş taxtasını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 15000 manat nəğd pul, 01 ədəd 20,0 manat dəyərində “JVC” markalı “Pİ01” modelli ”VHS” tipli videomaqnitofonu, 01 ədəd 150 manat dəyərində “Asus” markalı noutbuk kompüterini, 01 ədəd 350 manat dəyərində “Lada” markalı velosipedi, 01 ədəd 100 manat dəyərində “Omron" markalı təzyiq ölçən tibb aparatı, 01 ədəd 45 manat dəyərində “Bosch” markalı mikseri və 01 ədəd 50 manat dəyərində balıq tutan tilovu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 15.715 (on beş min yeddi yüz on beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında 05 iyul 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs ailə üzvləri ilə məskunlaşdığı ünvan 3 ünvanında yerləşən Azərbaycan Mühəndis və İnşaat Universitetinin yataqxanasının 1 nömrəli otağının pəncərəsinin üzərində bərkidilmiş taxtasını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 15000 manat nəğd pul, 01 ədəd 20,0 manat dəyərində “JVC” markalı “P101” modelli “VHS” tipli videomaqnitofonu, 01 ədəd 150 manat dəyərində “Asus” markalı noutbuk kompüterini, 01 ədəd 350 manat dəyərində “Lada" markalı velosipedi, 01 ədəd 100 manat dəyərində “Omron” markalı təzyiq ölçən tibb aparatı, 01 ədəd 45 manat dəyərində "Bosch" markalı mikseri və 01 ədəd 50 manat dəyərində balıq tutan tilovu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 15.715 (on beş min yeddi yüz on beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ilkin ifadə hədə-qorxu, işgəncə və təzyiq altında alınmışdır ona görə də ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə imtina edir. Hazırda isə bildirir ki, oğurluq hadisəsi baş verən zaman ümumiyyətlə hadisənin baş verdiyi yataqxananın ərazisində olmamışdır, həmin gün İlhamı görməmişdir və ümumiyyətlə onun tərəfindən heç bir oğurluq hadisəsi törədilməmişdir. Qonşuluqda yaşayan Filyarın evindən oğurluq edildiyini bu barədə Filyarın öz qonşularına bu barədə deyərkən eşitdiyini, 05 iyul 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində işdə olduğunu, ATV televiziyası tərəfdə yerləşən “Olimpus” şirkətində tikintidə fəhlə kimi işlədiyini bildirmişdir. Onun tərəfindən ittiham aktında qeyd edilən cinayətin törədilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Belə olan halda o, heç bir oğurluq etməmişdir və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə həbs edilmişdir. 2017-ci ildə azadlığa buraxıldıqdan sonra narkotik vasitədən istifadə etmişdir. 05 iyul 2020-ci il tarixdə o, həmişəki kimi zibillikdə dəmir yığmaqla məşğul olmuşdur. Yaşadıqları yer köhnə tipli Yasamal rayonu V.Əliyev küçəsi 2/28 Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasıdır. Zərərçəkmiş şəxs onun qonşusudur. Filyarın evi həmin yataqxananın birinci mərtəbəsində yerləşməklə qapısı taxtadan və pəncərəsi isə karton kağızla örtülü idi. Hadisə günü pəncərənin açıq olduğunu görmüş, evin boş olduğunu düşünmüş, müəyyən qədər pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, təxminən saat 15 radələrində evə yaxınlaşaraq bir daha evdə heç kimin olmadığını görmüş, evin taxtadan bərkidilmiş pəncərəsini sındırıb içəri daxi olmuş, evdən bir ədəd markasını xatırlamadığı velosiped, 01 ədəd markasını xatırlamadığı noutbuk, 01 ədəd JVC markalı videomaqnitafon və 01 ədəd balıq tutan oğurlamış, daha sonra evə göz gəzdirmiş, lakin evdə pul tapa bilməmiş, təxminən 10 dəqiqə evdə olduqdan sonra oradan çıxdığını bildirmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdə 15000 manat pul olmamışdır, olubsa da o, götürməmişdir. Həmin evdən 01 ədəd “Omron” markalı təzyiq ölçən tibb aparatını, 01 ədəd "Bosch“ markalı mikseri, 01 ədəd qoşa lülə ov tüfəngini oğurlamamışdır. Oğurladığı əmlaklar velosiped, noutbuk, videomaqnitafon və balıqtutan olmuşdur. Digər sadalanan əşyaları oğurlamamışdır. Oğurladığı noutbuk evin girəcəyində toz içində qalmış köhnə noutbuk idi. Onu qardaşı oğlu Şahid3 verərək yalandan həyat yoldaşına məxsus olduğunu bildirmiş, nasaz olduğundan 80 manata tanışlarından birinə satmağını xahiş etmiş, Mehman da noutbuku ondan götürmüş, Təxminən 1 saat sonra Mehman onunla görüşərək noutbuk nasaz olduğundan heç kimin almaq istəmədiyini bildirmiş, o, noutbuku Mehmandan götürərək özündə saxlamış, 06 iyul 2020-ci il tarixdə, təxminən saat 12 radələrində həmin noutbuku Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə üzdən tanıdığı şəxsə verərək əvəzində 01 büküm narkotik vasitə olan heroin almış və istifadə etmişdir. Velosipedi götürüb evin yaxınlığındakı ağaca söykəmişdir, digər oğurladığı əşyaları aparıb evə qoyandan sonra velosipedi götürməyə qayıdanda yerində olmadığını görmüşdür. Velosipedi kimin götürdüyünü görməmişdir. Videomaqnitafonu özündə saxlamışdır və sonradan tutulanda polis əməkdaşlarına təqdim etmişdir. Müstəntiq onun adından yalan izahat yazdığını, ona da imza etdirdiyini, nəyə imza etdiyini də bilmədiyini, ona barəsində inzibati iş açılacağına əmin etdiklərini, o səbəbdən bütün deyilən sənədləri oxumadan imzaladığını, Naiblə məhəllə qonşusu kimi çox vaxt səhər vaxtı salamlaşıdıqlarını, hadisə günü isə Naibin onun yanında olmadığını, cinayəti tək törətdiyini, Naibin bu oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsinin olmadığını qeyd etmişdir. Hazırda ziyandan heç bir ödəniş etməyə imkanı yoxdur. Törətdiyi əməlindən səmimi peşimandır. Əməlinin səmimi etiraf etməsini, yaşlı olduğunu nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bacısı Şahid2 və qardaşı Şahid1la birlikdə yaşayır. 05 iyul 2020-ci il tarixdə, saat 13:10-da onlar yaşadıqları evdən çıxaraq qonaq getmişdirlər. Həmin gün saat 22 radələrinə qədər ev boş olmuşdur. Təxminən saat 22 radələrində onlar evə qayıdarkən evin pəncərəsinin sınıq vəziyyətdə olduğunu görmüşdürlər. Dərhal evə baxmışdırlar ki, otaqdan 15.000 manat pul, 01 ədəd dəyəri 150 manat ‘'JVC” markalı video maqnitafon, 01 ədəd 150 manat dəyərində ‘'Asus” markalı noutbuk kompyuteri, 01 ədəd 350 manat dəyərində “Lada” markalı velosiped, 01 ədəd 100 manat dəyərində “Omron” markalı təzyiq ölçən tibb aparatı, 01 ədəd 45 manat dəyərində “Bosch” markalı mikser, 01 ədəd 50 manat dəyərində balıq tutan tilov, 01 ədəd 300 manat dəyərində, lakin yararsız olan qoşa lülə ov tüfəngin oğurlandığını aşkar etmişdilər. Evdən oğurlanmış qoşa lüləli ov tüfənginə dair onda heç bir sənəd yoxdur, həmin tüfəngin markası, çapı və nömrəsi barədə heç nə bilmir. Həmin tüfəng 13.10.2017-ci il tarixdə vəfat etmiş atası X4 məxsus olub, sonuncudan ona yadigar qalmışdır. 15.000 manat pul onun vəfat etmiş ərinin qan puludur. Əri Fab boyada işləyən zaman bədbəxt hadisə nəticəsində vəfat etmişdi. Oğlu 18 yaşına çatanadək hər ay 250 manat pul ödənilməlidi. Özü də əmək haqqından əlavə etməklə pul toplayırdı. Həmin 15.000 manat pulu ona görə yığmışdır ki, gələcəkdə ev alıb köçsünlər. Çünki artıq şəraitsizlikdən yataqxanada qalmaq mümkün deyildir. Evin qapısı taxtadan olsa da möhkəm qapı idi. İlhamın onu təkbaşına qırmağa gücü çatmazdı. Üstəlik, pəncərə də açıq olmamışdır. Həmin gün qonşuların dediyinə görə İlhamla Naib bir yerdə olmuşdurlar. Evin qapısını Naib quraşdırmışdı, qapının necə sökülə biləcəyinidə o bilirdi. Evdən oğurluq edənlərin İlham və ya Naib olduğunu istintaqa o deməmişdir. O, sadəcə oğurluq barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, oğurluğu edənlər onlardı.Ona ümumilikdə 16.145 manat dəyərində ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslər barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bacıları Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 05 iyul 2020-ci il tarixdə, saat 13:10-da yaşadıqları evdən çıxaraq qonaq getmişdirlər. Həmin gün saat 22 radələrinə qədər ev boş qalmışdır. Təxminən saat 22 radələrində evə qayıdarkən evin pəncərəsinin sınıq vəziyyətdə olduğunu görmüşdürlər. Onlar dərhal evə baxmış, otaqdan 15000 manat pul, 01 ədəd dəyəri 150 manat "JVC” markalı video maqnitafon, 01 ədəd 150 manat dəyərində “Asus” markalı noutbuk kompyuteri, 01 ədəd 350 manat dəyərində "Lada” markalı velosiped, 01 ədəd 100 manat dəyərində “Omron” markalı təzyiq ölçən tibb aparatı, 01 ədəd 45 manat dəyərində “Bosch” markalı mikser, 01 ədəd 50 manat dəyərində balıq tutan tilov, 01 ədəd 300 manat dəyərində lakin yararsız olan qoşa lülə ov tüfəngin oğurlandığını aşkar etmişdirlər. Həmin vaxt o, DİN-in 102 xidmətinə zəng edib bununla bağlı məlumat verərkən onlar həmin vaxt ancaq 15000 manat pulun, velosipedin və videomaqnitofonun oğurlandığını aşkar etmişlər, digər əşyaların oğurlandığını isə sonradan bilmişdirlər. Oğurlanmış bütün pul və əmlak bacısı Zərərçəkmiş şəxs məxsus idi. 15.000 manat pulun harda saxlanıldığını o bilmirdi. İlham oğurluğu tək törətməmişdir. Çünki o, hadisənin ertəsi günü məhəllədə olanda pulu kim oğurlayıbsa onu söyəcək ifadəsi işlədəndə Naib kinayə ilə “yox bir 50.000 pul” ifadəsini işlətmişdir. Naiblə İlham həmişə bir yerdə olurdular. İlham təkbaşına oğurluğu törədə bilməzdi. Çünki evin nə qapısı, nə də pəncərəsi açıq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 qızı da eyni xususuatlar üzrə ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əmisi İlham onlarla eyni evdə yaşasa da, onun evinin giriş qapısı ayrıdır. 05 iyul 2020-ci il tarixdə, təxminən saat 22 radələrində əmisi İlham ona əlində noutbukla yaxınlaşmışdır. Həmin notbukun həyat yoldaşına məxsus olduğunu və 80 manat qarşılığında satmaq istədiyini bildirmişdir. Ondan notbuku satmaqda ona köməklik göstərməyini xahiş etmişdir və oğlu əsgərlikdə olduğundan satıb onun yanına getmək istədiyini bildirmişdir. O, da İlhama həmin noutbuku bir neçə tanışına göstərə biləcəyini demişdir. O, Yasamal rayonunda yaşayan bir neçə tanışına notbuku göstərmişdir və 80 manata satıldığını bildirmişdir. Həmin şəxslər notbuka baxaraq yararsız vəziyyətdə olduğunu və almaq istəmədiklərini bildirmişdirlər. O, da həmin gün saat 23 radələrində notbuku aparıb əmisinə qaytarmışdır və nasaz vəziyyətdə olduğundan heç kimin almaq istəmədiyini bildirmişdir. Həmin notebukun oğurluq olmasını bilməmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları onu polis bölməsinə dəvət edərkən onun oğurluq noutbuku satmaq istədiyini bildirmişdirlər. O, həmin vaxt başa düşmüşdür ki, əmisi İlhamın satmaq üçün ona verdiyi notbuk oğurluqdur. Onun eşitdiyinə görə əmisi oğurluğu tək törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o həmin gün saat 13:00-dan saat 16:30-dək evdə olmamışdır. Sonrada evinə baldızı qonaq gəlmiş və evin içində olmuşdurlar. Hadisə barədə sonradan eşitmişdir. Hadisənin şahidi olmamışdır. Oğurluq faktı ilə bağlı hadisəni birbaşa görmədiyiniə görə heç nə deyə bilmir. Belə ki, o Filyarla qonşu deyildir. Onların evlərinin arasında hasar vardır. Filyar onun işlədiyi yerə polis əməkdaşı ilə gəlib ondan xahiş etmişdir ki, o gəlib məhkəmədə şahid qismində ifadə versin və oğurluq hadisəsini görməsini yalandan təsdiq etsin, guya ki təqsirləndirilən şəxslər tum çırtlaya-çırtlaya o tərəfə gedəndə onun evindən oğurluq edən şəxsləri gördüyünü etiraf etsin. O isə Filyara həmin vaxt oğlunu masaja apardığından evdə olmadığını və hadisənin kimin tərəfindən törədilməsini görmədiyini, hadisə barəsində sonradan başqa şəxslərdən xəbər tutduğunu demişdir. İş materiallarına əlavə edilmiş 08 iyul 2020-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokol və qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 1 ədəd “JVC” markalı videomaqnitofon təqdim edərək həmin videomaqnitofonu ünvan 4 ünvanından oğurladığını bildirmişdir. Həmin əşya Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Kamil Rahmanov tərəfindən götürülərək Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin əşyanı tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (i/v 12-14). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 711 nömrəli AKT-dan məlum olur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinədən keçirilərkən onun sidiyində MOP, OPİ (+) pozitiv aşkar olundu (i/v 19). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 710 nömrəli AKT-dan məlum olur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinədən keçirilərkən onun sidiyində MOP, OPİ (+) pozitiv aşkar olundu (i/v 20). İş materiallarına əlavə edilmiş 08 iyul 2020-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 08 iyul 2020-ci il tarixində saat 16:30-da tutulmuşdur (i/v 31). İş materiallarına əlavə edilmiş 08 iyul 2020-ci il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 08 iyul 2020-ci il tarixində saat 18:00-da tutulmuşdur (i/v 50). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 445/2020 nömrəli 10.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 125-126). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 444/2020 nömrəli 10.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 127-128). İş materiallarına əlavə edilmiş 20 iyul 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” prptokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş ünvan 4 ünvanına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri ilə birlikdə cinayət işinə əlavə edilmişdir (i/v 157-160). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 adına DİN-in BƏSİİ-də alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır ( i/v 168). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına DİN-in BƏSİİ-də alınmış tələbnaməsindən və Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 26 noyabr 2009-cu il tarixli hökmündən görünür ki, o həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarına əsasən o, həmin cəzanın 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir ( i/v 169-171, 175-185). İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11.08.2020-ci il tarixli, 9/2560 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “JVC” markalı “P101” modelli “VHS” tipli videomaqnitofonun orta bazar qiyməti təxminən 20,0 manat müəyyən edilir (i/v 187-188). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 569/2020 nömrəli 05.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 2 ay, yəni 08.12.2020-ci il tarixinədək uzadılmışdır (i/v 224-225). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 570/2020 nömrəli 05.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 2 ay, yəni 08.12.2020-ci il tarixinədək uzadılmışdır (i/v 226-227). İş materiallarına əlavə edilmiş 13.11.2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməklə ifadəsini bütünlüklə təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq protokol tərtib edilməklə fotoşəkil çəkilmişdir (i/v 251-252). İş materiallarına əlavə edilmiş 13 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 1 ədəd “JVC” markalı “Pİ 01” modelli “VHS” tipli videomaqnitofon iş üzrə maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir ( i/v 253-260). İş materiallarına əlavə edilmiş AZ İİ seriyalı 229595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12.04.2008-ci il tarixində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X1r. İş materiallarına əlavə edilmiş AZ İİİ seriyalı 070571 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.03.2012-ci il tarixində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X1r. İş materiallarına əlavə edilmiş Bakı İstintaq təcridxanası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 08.07.2020-ci il tarixdə Yasamal .rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Məhkəmə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı iş materiallarını araşdıraraq, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, onları sübutların məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə göstərilən cinayət əməllərinin törədilməsinə aidiyyəti müəyyən olunmadığına və həmin cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə istintaq orqanı tərəfindən ona qarşı elan olunmuş ittiham üzrə təqsirsiz bilinməli və ona bəraət verilməlidir. Bu qənaətə gələrkən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham yalnız iş üzrə digər Təqsirləndirilən şəxs1 ilkin ifadəsinə və zərərçəkmiş şəxsin ifadəsində və mülahizələrə əsaslanmış, şəxsin təqsirliliyinə dair digər konkret və mötəbər sübutlar ümumiyyətlə toplanmamış, onun tərəfindən cinayətin törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 oğlu ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, onunla ifadələrin yerində yoxlanılması istintaq hərəkəti aparılmamış, iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı Təqsirləndirilən şəxs1 onların birlikdə oğurluq etmələri barədə dediklərini qəti inkar etmişdir. Məhkəmə araşdırılması zamanı da Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, məhkəmədə dindirilmiş zərərçəkən şəxs, şahidlər Təqsirləndirilən şəxs2 oğurluq etməsi faktını təsdiq etməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Əlixanov X2 Naib Rahib oğlunun onunla birlikdə oğurluq cinayətinin törədilməsi barədə ibtidai istintaq zamanı dediklərindən qəti imtina etmiş, Təqsirləndirilən şəxs2 onunla heç bir oğurluqda iştirak etmədiyini, ibtidai istintaq zamanı ona göstərilən təzyiqlər nəticəsində Təqsirləndirilən şəxs2 adını çəkdiyini bildirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 onunla birgə oğurluq cinayətinin törədilməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi (məhkəmə istintaqı zamanı imtina etdiyi) ifadəsi Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə hər-hansı oğurluq faktının etirafı və ya təsdiqi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin d yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsindətəqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasınısübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsini rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verildiyinə görə, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə işdə olan və məhkəmədə tədqiq edilmiş sübutları araşdırıb, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsiri ona elan olunmuş ittiham üzrə tam sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı oğurluq etməsi faktını etiraf edərək özünü qismən təqsirli bilmiş, həmin əməlini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini demiş, ittihamda göstərilən oğurluq faktını boynuna almışdır. Məhkəmədə isə Əlixanov X2 Naib Rahib oğlunun onunla heç bir oğurluqda iştirak etmədiyini bildirmiş, özünün isə yalnız bir ədəd markasını xatırlamadığı velosiped, 01 ədəd markasını xatırlamadığı noutbuk, 01 ədəd JVC markalı videomaqnitafon və 01 ədəd balıq tutan oğurladığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda Yasamal rayonu V.Əliyev küçəsi 2/28 Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasının birinci mərtəbəsində olan evdə törədilmiş oğurluq faktı əksini tapmışdır. İbtidai istintaq zamanı, o cümlədən ifadələrin yerində yoxlanılması zamanı ittihamda göstərilən oğurluq faktını boynuna almış, evdə 15000 manat pulun olmadığını, həmin evdən 01 ədəd “Omron” markalı təzyiq ölçən tibb aparatını, 01 ədəd “Bosch” markalı mikseri 01 ədəd qoşa lülə ov tüfəngini oğurlamadığını bildirmişdir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə bağlı etdiyi etirafı ona göstərilmiş təzyiqlərlə izah etmişdir. Məhkəmə istintaqında isə o, könüllü olaraq, oğurluğu tək etdiyini etiraf etmişdir. Məhkəmə yuxarıda göstərilən faktlara məcmu halında hüquqi qiymət verərək, belə hesab edir ki, həmin faktlar təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə Yasamal rayonu V.Əliyev küçəsi 2/28 Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasının birinci mərtəbəsində edilmiş oğurluqla bağlı məhkəmədə etdiyi ilkin etirafı tamamilə təsdiq edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə istintaqında həmçinin 01 ədəd “Omron” markalı təzyiq ölçən tibb aparatını, 01 ədəd "Bosch“ markalı mikseri, 01 ədəd qoşa lülə ov tüfəngini və 15.000 manat pulu oğurlamaması ilə bağlı verdiyi ifadəsini isə məhkəmə özünü müdafiə xarakterli çıxış hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması protokolları, baxış və götürmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə təqsiri tamamilə sübuta yetirilir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 Yasamal rayonu V.Əliyev küçəsi 2/28 Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yataqxanasının birinci mərtəbəsində olan evdə oğurluq cinayətini yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama gəldikdə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsidə qabaqcadan əlbir olması faktı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadənin bir hissəsini, Təqsirləndirilən şəxs2lə birlikdə törətdiyini inkar edərək, həmin ifadəni polis idarəsində ona göstərilən təzyiq və təsir nəticəsində dediyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsindən başqa onun Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsində nəzərdə tutulmuş ittihamı təsdiq edəcək hər hansı sübut göstərilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 hazırkı əməlin törədilməsində iştirak etməsini müəyyən (təsdiq) edən sübutlar məhkəməyə təqdim edilməmişdir və məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən də müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməlləri qismən etiraf etməsini, səmimi peşmançılıq keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu ilə bağlı məsələni araşdıraraq, müəyyən etmişdir ki, cinayət işində olan Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 26 noyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarına əsasən o, həmin cəzanın 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla da, həmin tarixə Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə ödənilmişdir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 iyul 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 oğlundan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Yasamal Rayon Polis İdarəsində saxlanılan 1 ədəd “JVC" markalı “Р10Г’ modelli “VHS” tipli videomaqnitofon Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7, X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, iş materiallarında olan 16.11.2020-ci il tarixli hesabatdan aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. İş materiallarında olan 16.11.2020-ci il tarixli hesabatdan aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 1(004)-62/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər ilə təmin edilmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 80 (səksən) iş saatına bərabər hesab edilərək, göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 Mikayəl qızının vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X7 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddələr üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Cinayət işi ilə bağlı keçirilmiş məhkəmə ekspertizasına görə Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfindən azad olunsun. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 08 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal Rayon Polis İdarəsində saxlanılan 1 ədəd “JVC" markalı “Р10Г’ modelli “VHS” tipli videomaqnitofon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, Müdafiəçi1 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar