Məhkəmə qərarları › İş №1(004)-62/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2-ci Alatava küçəsi, ev 2A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı Nəriman adlı şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq 23 iyul 2022-ci il tarixdə saat 00:45 dəqiqədə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 196 saylı binanın 8-ci mərtəbəsinin dəhlizində divara söykənilmiş vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd 800 manat dəyərində “Focus” markalı və 1 ədəd 300 manat dəyərində “Vista” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il bundan əvvəl Nəriman adlı şəxs ilə tanış olmuş, onların arasında dostluq münasibəti yaranmışdır, Nərimanın telefon nömrəsinin axırı 55-55 olmuşdur. Nəriman ilə o, tez-tez görüşüb gəzirmiş. Həmin vaxtı özünün istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur, həmin nömrələrdən Nərimanın telefon nömrəsinə zənglər edirdi. Nəriman gilin evində bir neçə dəfə olmuşdur, Masazırda qalırdı. 22 iyul 2022-ci il tarixdə günorta saatlarında o, Nərimanla Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Günəş” petrolun yaxınlığında görüşmüşlər və orada yerləşən kafelərin birində oturub çay içmişlər. Bir neçə saat sonra onlar oradan çıxıb gəzmişlər. Bir neçə gün əvvəl Nəriman ona demişdir ki, Şərifzadə küçəsində yerləşən binaların birində iki ədəd velosiped var, onları satıb pul əldə edə bilərlər. O da razılaşmışdır. Beləliklə, 23 iyul 2022-ci il tarixdə saat 00:34-də radələrində onlar həmin velosipedləri götürmək üçün həmin binaya daxil olmuşlar, lift ilə 8-ci mərtəbəyə qalxmışlar və mərtəbənin dəhlizində mənzillərin qapıları qarşısında divara söykənmiş vəziyyətdə olan iki ədəd velosiped aşkar etmişlər. Bundan sonra saat 00:45-də onlar həmin velosipedləri götürmüşlər, lift ilə aşağı endirərək binanı tərk etmişlər. Sonra isə onlar həmin velosipedləri satmaq üçün “Şamaxinka” deyilən əraziyə getmişlər. Onlar əvvəlcə orada dayanan taksi sürücülərinə yaxınlaşıb velosipedləri təklif etmişlər, lakin almaq istəyən olmamışdır. Həmin zaman orada yolun kənarında yerləşən dönər satılan yerdə işləyən dönərçi ondan velosipedi hansı qiymətə satdığını soruşmuş, o sonuncuya velosipedi 100 manata satdığını demiş, lakin həmin şəxs özündə cəmi 60 manat olduğunu bildirmişdir. Buna görə də o, həmin velosipedi həmin şəxsə 60 manata satmışdır. Həmin vaxt Nəriman bir qədər kənarda bir nəfər taksi sürücüsü ilə söhbət edirmiş və onun bildiyinə görə, götürdüyü velosipedi həmin şəxsə satmışdır. Bundan sonra onlar Nərimanla heç bir söhbət etmədən əl ilə sağollaşmışlar və oradan ayrı-ayrı istiqamətlərə getmişlər. Əldə etdiyi pulu isə o, özünə xərcləmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisəni törətdikləri zaman mərtəbənin dəhlizində heç kəs olmamış, onların hərəkətlərini kənardan heç kim görməmişdir. Onun tanışı Nəriman adlı şəxs təxminən 22 yaşındadır, onun bildiyinə görə sonuncu Masazır Xırdalan tərəflərdə qalır, dediyi kimi telefon nömrəsinin də axırı 55-55-lə qurtarır, evlərində də olmuşdur. Həmçinin qohumları da Nərimanın evini tanıyır, bir neçə dəfə qohumları, əmisi, dayısı Nərimanın qaldığı evə getmiş, lakin xalası çıxıb bildirib ki, nəriman bilmir harada qalır. Müstəntiqə, polislərə Nərimanın harada qalmasını bildirmişdir. Qohumları da Nəriman gilə getmişlər ki, vurulmuş ziyanın Nərimana aid hissəsini o ödəsin, lakin dediyi kimi Nərimanın xalası onun qohumlarını qovalamışdır. Polislər və müstəntiq isə Nərimanın tapılmasında maraqlı deyillər, Nərimanın işini bir qırağa atıblar. Buna görə də məcbur olub Nərimanın əvəzinə də zərərçəkmişlərə dəyən zərəri onun qohumları, əmisi, dayısı ödəmişdir. Nərimanın da tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir. Qohumları Nərimanın evini və əlaqələrini, polislərə göstərə bilərlər. Ondan velosipedi almış dönərçini o, əvvəl tanımamış, ilk dəfədir görmüş, həmin şəxsə velosipedin özünə məxsus olduğunu demişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun yaşadığı mənzil binanın 8-ci mərtəbəsində yerləşir və həmin mərtəbənin dəhlizində, yaşadığı mənzilin qapısı qarşısında o özünə məxsus və oğlu üçün aldığı iki ədəd velosiped saxlayırmış. Özünə məxsus “Focus” markalı velosipedi o, təxminən 1 il 06 ay bundan əvvəl 1400 manata almışdır, oğlunun sürdüyü velosipedi isə təxminən 07 ay bundan əvvəl 400 manata əldə etmişdir. 23 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində o, evinə qayıdan zaman həmin velosipedləri saxlanıldığı yerdə və divara söykənilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin tarixdə saat 09 radələrində o, mənzildən çıxıb işə gedərkən görmüşdür ki, velosipedlər yerində yoxdur. Bu zaman o velosipedlərin oğurlandığını başa düşmüş və DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər, ondan ərizə və izahat alınmışdır. Bundan sonra o, binanın müşahidə kameralarına baxmış və görmüşdür ki, mənzilə gəldikdən təxminən 30-40 dəqiqə sonra iki nəfər tanımadığı şəxslər gəlib velosipedləri binanın dəhlizindən götürüb aparmışlar. Oğurlanmış 1 ədəd “Focus” markalı velosipedin hazırkı dəyəri 800 manat, “Vista” markalı velosipedin isə dəyəri 300 manat təşkil edir. Bununla da ona 1100 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Baloglan İsmailov ifadəsində göstərmişdir ki, o 5-ci sinifdən orta təhsilini Gəncə şəhərində yerləşən 22 saylı məktəbdə almış, həmin vaxtdan Azərbaycanda yaşayır. Təxminən bir neçə ay bundan əvvəl o, Bakı şəhərinə gəlmiş, həmin vaxtdan burada kirayədə qalır. 22 iyun 2022-ci il tarixdə səhər saatlarında Vətən müharibəsi qazisi olan dostu Əli ondan xahiş etmişdir ki, bədənində ağrılar olduğuna görə sonuncunu işlədiyi “Şef dönər” adlanan dönərxanada dönərçi kimi əvəz etsin. O razılaşmış, dostunu orada iki gün əvəz etmişdir. 23 iyul 2022-ci il tarixdə saat 01 radələrində onun işlədiyi dönərxananın qarşısında dayanan taksi sürücülərinə bir nəfər cavan oğlan yaxınlaşmış, velosiped satdığını bildirmişdir. Lakin velosipedi həmin şəxsdən heç kim almırmış. Ona isə həmin vaxt velosiped lazım olduğundan, həmin şəxsdən velosipedi neçəyə satdığını soruşmuşdur. Həmin şəxs isə 100 manata satdığını demişdir. Həmin vaxt o, 60 manat pulunun olduğunu demiş, bununla da həmin şəxs razılaşmış və ona həmin qiymətə velosipedi satmışdır. Növbəti gün səhər o, həmin velosipedlə evə yol getdiyi zaman bir nəfər onun tanımadığı şəxs avtomobili ilə ona tərəf yaxınlaşmış və onu səsləmiş, bildirmişdir ki, velosipedə baxmaq istəyir. O saxlamış və həmin şəxs avtomobildən düşərək yaxınlaşmış, velosipedə baxaraq bildirmişdir ki, həmin velosiped sonuncuya məxsusdur və keçən gecə oğurlanmışdır. Həmin şəxs ondan velosipedi haradan əldə etdiyini soruşmuş, o isə bildirmişdir ki, elə keçən gecə bir nəfər tanımadığı şəxsdən almışdır. Sonra onlar işlədiyi dönərxanaya getmişdir və orada o, həmin şəxsə velosipedi aldığı vaxt qeydə alınmış videogörüntüləri göstərmişdir. Bundan sonra onlar birlikdə 29-cu polis şöbəsinə getmişlər, orada o velosipedi təqdim etmiş və izahat vermişdir. Bundan əlavə Şahid göstərmişdir ki, həmin velosipedi alarkən onun cinayət yolu ilə əldə olunduğunu bilməmiş, velosipedi ona satmış şəxs ona velosipedin özünə məxsus olduğunu demiş, o da sonuncuya inanmışdır. O həmin velosipedin qiymətini bilməmiş, elə bilirmiş ki, həmin şəxs velosipedi real qiymətə satır. Bu səbəbdən onun şübhəsi yox idi. Velosiped üçün verdiyi pulu İlkinin qohumları ona qaytarmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona dəyən ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd “Focus” markalı velosipedin saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, maddi sübut kimi tanınmış aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 ay 27 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 02 ay 06 gün (iki il iki ay altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Focus” markalı velosipedin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar