Məhkəmə qərarları › İş №1(004)-62/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1990-cı il təvəllüdlü, Şamaxı rayonu, Kürdəmic kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Əhmədli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmiş (qaçırmış), habelə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 06 iyul 2023-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2101 minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək icazəsi və hüququ olmadığı halda avtomobilə daxil olub onu işlək vəziyyətə gətirib talama məqsədi olmadan qanunsuz olaraq qaçırmış, həmin gün saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 iyul 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək içəri qanunsuz daxil olaraq yataq otağında çarpayının üzərində olan sonuncuya məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 599 manat dəyərində “Samsung A23” markalı, həmçinin həmin otaqda dolabın üzərində olan 60 manat dəyərində “Samsung A3” markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 669 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 iyul 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Zərərçəkmiş şəxs3 kirayə yaşadığı fərdi yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edərək içəri qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə qonaq otağında çarpayının yanında Zərərçəkmiş şəxs2 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində “Samsung A12” markalı, yataq otağındakı dolabın üzərində olan içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 600 manat dəyərində “Redmi Note 12” markalı mobil telefonları, həmçinin həmin tarixdə və saatda həmin ünvanda yataq otağındakı dolabın üzərində olan Zərərçəkmiş şəxs3 məxsus içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində “Samsung A33” markalı mobil telefonu gizli olaraq talayaraq cinayət əməlini başa çatdırıb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə 1525 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, “Ayna Sultanova” adlı parkın yaxınlığında adını xatırlamadığı kafedə spirtli içki qəbul etmişdir. Həmin kafedən xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində çıxmış, sonra yaxınlığında olan mağazaların birindən“Go" adlı spirtli içki alıb “Ayna Sultanova” adlı parkda əyləşib, həmin spirtli içkini də qəbul eləmişdir. Biraz həmin parkda əyləşdikdən sonra piyada yaşadığı Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi istiqamətində getməyə başlamışdır. Yaşadığı evin olduğu küçənin yaxınlığında olan küçədən keçərkən təxminən saat 03 radələrində yaşayış evlərinin qarşısında avtomobillərin dayanmasını görmüş və həmin avtomobillərin içərisində “VAZ 21011” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin qapısını yoxladıqda qapısının açıq olmasım görmüşdür. Avtomobilin salonuna baxdıqda avtomobili işlək vəziyyətə gətirmək üçün açarın üzərində olmadığını görmüşdür. Bu zaman həmin avtomobilin yanında olan avtomobillərə növbə ilə baxaraq qapılarının açıq olubolmamasını yoxlamış, həmin zaman orada olan ağ rəngli “QAZ 21024” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasını görüb salona baxmış və avtomobilin açarının da üzərində olmasını görmüşdür. Həmin açarı götürüb “VAZ 21011” markalı avtomobilə yaxınlaşmış, salonda əyləşib “QAZ 21024” markalı avtomobilin açarı ilə “VAZ 21011”markalı avtomobili işlək vəziyyətə gətirməyə çalışmış, lakin həmin zaman avtomobilin üzərində akkumulyatorun olmadığını bilmişdir. Avtomobildən yerə enib avtomobilin motorxana hissəsinin qapağını qaldırıb baxmış və akkumlyatorun olmadığına əmin olmuşdur. Bundan sonra açarını götürmüş olduğu “QAZ 21024” markalı avtomobilə yaxınlaşıb, həmin avtomobilin motorxanasının qapağını açmış, akkumulyator olmasını gördükdən sonra onu götürmüş, sonra gətirib “VAZ 21011”markalı avtomobilin akkumulyatorun yerinə qoymuşdur. Daha sonra “VAZ 21011”markalı avtomobilə əyləşmiş, “QAZ 21024” markalı avtomobilin açarı ilə həmin avtomobili işlək vəziyyətə salmışdır. Bundan sonra avtomobili idarə edib Şamaxı rayonu Əhmədli kəndinə getmişdir. Həmin kənddə yerləşən qəbiristanlıqda mərhum atası Zöhrab Səmədovun qəbirini ziyarət etdikdən sonra anası X6 yaşadığı evə getmişdir. Təxminən 1 saat orada qaldıqdan sonra həmin avtomobillə Bakı şəhərinə geri qayıtmışdır. Saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu Alatava-2 qəsəbəsinə gəlmiş, orada olan zibilliyin yaxınlığında avtomobili saxlamış və avtomobildə yatmışdır. Saat 16 radələrində oyanmış və avtomobili hərəkətə gətirib Yasamal rayonu Alatava-2 qəsəbəsi ərazisində yerləşən “Qismət” şadlıq sarayının qarşısından keçən yol ilə hərəkətdə olarkən polis əməkdaşları ona saxla işarəsi vermişlər, o, avtomobili saxlamış və avtomobilin axtarışda olmasını bildirərək onu aidiyyəti üzrə polis bölməsinə təhvil vermişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili idarə etmək istəmiş, talamaq və məhv etmək məqsədi olmamışdır. O, “Qaz 2104” markalı avtomobili əvvəllər idarə etmədiyindən həmin vaxt “Qaz 2104” markalı avtomobili idarə etməmişdir. “Qaz 2104” markalı avtomobilin enerji batareyasını oğurlamaq məqsədi olmamış, “Vaz 21011” markalı avtomobilin motorxanasında enerji batareyası olmadığından həmin avtomobili işlək vəziyyətə gətirmək üçün götürmüşdür. Anası görəndə ondan həmin avtomobilin kimə məxsus olmasını soruşmuş, o, da anasında Bakı şəhərində metaləritmə zavodunda işlədiyini, həmin avtomobilin zavodun müdirinin olmasını, müdirdən icazə alaraq gəldiyini bildirmiş, anası da həmin avtomobili qanunsuz idarə edib gəldiyini bilməmişdir. Həmin avtomobilə və üzərində ola enerji batareyasına heç bir ziyan vurmamış, yol-nəqliyyat hadisəsi də törətməmişdir. Bundan başqa 27 iyul 2023-cü il tarixdə saat 01:00 radələrində oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsinə gəlib həmin küçədə gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Bu zaman həyət evlərindən birinin işıqlarının yanmadığını görüb evin dəmirdən hazırlanmış qapısına yaxınlaşmış və yaxınlıqda heç kimin olmamasından istifadə edərək qapını əlləri ilə itələyib açmış və içəri daxil olmuşdur. Bundan sonra evin otağının birini axtarsa da, pul yaxud da qiymətli əşyalar tapa bilmədiyinə görə evin digər otağına daxil olmuşdur. Həmin vaxt evdə yatan şəxslərin olduğunu görmüş və onların yuxuda olmalarından istifadə edərək evdən tapdığı 2 ədəd mobil telefonları götürüb evdən çıxaraq oradan uzaqlaşmışdır. Yolla gedərkən oğurladığı mobil telefonların “Samsung A23" və "Samsung A3" markalı mobil telefonlar olduğunu bilmiş və mobil telefonun birinin üzərindəki mobil nömrələri çıxarıb yolun kənarına, hazırda xatırlamadığı yerə atmışdır. Digər mobil telefonun üzərində mobil nömrə olmamışdır. Bundan sonra piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Həmin günü saat 01-30 radələrində yaxınlıqdakı evlərdən birinin işıqlarının yanmadığını, evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb pəncərədən evə daxil olmuşdur. Ev iki otaqdan ibarət və kiçik dəhlizi olmuşdur. Evin qonaq otağındakı çarpayının yanına baxdıqda çarpayıda bir nəfər şəxsin yatdığını, çarpayının yanında isə bir ədəd mobil telefon olduğunu görüb həmin mobil telefonu götürmüş və evin digər otağına keçmişdir. Orada da iki nəfərin yatdığını, otaqda olan dolabın üzərində iki ədəd mobil telefonların olduğunu görüb həmin telefonları da götürmüş və evdən çıxıb həmin yerdən uzaqlaşmışdır. Yolla gedərkən mobil telefonların üzərində olan mobil nömrələri çıxarıb hazırda xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan sonra küçədə gəzişərək havanın işıqlanmasını gözləmişdir. Hava işıqlandıqdan sonra 20 Yanvar metrosu yaxınlığında mobil telefonların satışı mağazasında iki ədəd mobil telefonu həmin mağazada işləyən şəxsə, bir ədədini isə bir qədər kənarda olan başqa mağazaya satmışdır. Oğurluq yolu ilə əldə etdiyi digər iki ədəd mobil telefonu isə təxminən 40-45 yaşlı, orta boylu, orta bədən quruluşlu tanımadığı kişi cinsindən olan şəxsə cəmi 60 manata satmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisələrini törədən zaman yanında heç kim olmamış, müşayiət etməmiş, onu heç kim görməmiş və bu haqda öncədən heç kimə məlumat verməmiş, nə də kimdənsə kömək istəməmişdir. Özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X8 hazırda Laçın rayonunda aparılan abadlaşdırma işlərində işləyir. Rəşadla evliliklərindən iki övladları dünyaya gəlmişdir. X1 12 yaşı, qızı X7 7 yaşı var. Kirayə yaşadıqları evin giriş qapısı ayrıdır, yəni giriş qapısı tək bir ev üçün nəzərdə tutulmuşdur, ev iki otaqdan, bir qonaq, bir yataq otağından ibarətdir. 26 iyul 2023-cü il tarixdə yuxarıda qeyd etdiyi kirayə yaşadığı evdə oğlu Şəhriyarla birlikdə olmuşlar. Qızı isə qaynanasının yaşadığı evə qonaq getmişdir. Həmin günü saat 23:00 radələrində o, evin yataq otağında çarpayıda uzanmış, oğlu Şəhriyar isə mobil telefonla oynayırmış. Yatan zaman 2023-cü ilin yanvar ayında "Baku Elektronik" mağazasından kredit yolu ilə 599 manata aldığı, üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan özünə məxsus "Samsung A23" markalı mobil telefonunu yatdığı çarpayının üzərindəki döşəyinin sağ tərəfinə qoymuşdur. Həmin vaxt oğlu da istifadəsində olan, nömrəsiz, təxminən bir neçə il bundan əvvəl işlənmiş vəziyyətdə aldıqları, hazırkı bazar qiyməti təxminən 50-60 manat dəyərində olan "Samsung A3" markalı mobil telefonu yataq otağındakı kiçik dolabın üzərinə qoymuşdur. 27 iyul 2023-cü il tarixdə saat 01:00 radələrində evdən səs gəldiyini eşidib yuxudan oyanmışdır. Həmin vaxt baxdıqda, özünə məxsus mobil telefonunun döşəyin üzərində olmadığını görmüş və ayağa qalxıb evin qapısına tərəf yaxınlaşdıqda evin dəmirdən hazırlanmış giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin işıqlarını yandırmış və baxdıqda görmüşdür ki, naməlum şəxs onun telefonu ilə yanaşı oğlunun istifadə etdiyi Samsung A3 markalı mobil telefonu da oğurlamışdır. Həmçinin, evin qonaq otağındakı dolabın siyirməsi açıq vəziyyətdədir, otaqdan asdığı qadın əl çantasının ağzı açılmış, masanın üzərindəki pul kisəsinin içərisindəki bank kartları masanın üzərinə tökülmüşdür. Lakin pul kisəsində pul, evdə qiymətli digər əşya olmadığından naməlum şəxs iki ədəd mobil telefondan başqa heç nə oğurlamamışdır. Daha sonra yaxınlıqdakı ev sahibləri gələrək hadisə barədə DİN-in "102" Xidmətinə məlumat vermiş və az sonra polis əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirmişlər. Ona məxsus oğurlanmış mobil telefonlarının qiymətlərinin məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətə olması ilə razı deyil. Belə ki, ona məxsus üzərində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı nömrələr olan 599 manat dəyərində «Samsung A23» markalı mobil telefon və 60 manat dəyərində «Samsung A3» markalı mobil telefonların oğurlanmasına görə ona ümumilikdə 669 manat maddi ziyan dəymişdir. Hal hazırda da şikayətçidir, çünki ona dəymiş maddi ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Vaz 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin iyun ayında X3 2500 manata almışdır. Həmin vaxt da Fərman Abbasov həmin avtomobili etibarnamə ilə onun mülkiyyətinə vermişdir. Həmin avtomobili o, əmisi Şahid4 2000 manata satmış, lakin əmisinə həmin avtomobili mülkiyyətinə keçirməsi üçün etibarnamə verməyi ilə bağlı əmisinin işləri çox olduğundan notairat kontoruna gedə bilməmişlər. Əmisi Şahid4la o, yaxınlıqda yerləşən binalarda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 08:20 radələrində yaşadığı binadan həyətə enən zaman əmisi Şahid4 həyətdə görmüş, əmisinə yaxınlaşdıqda avtomobili axşam yaşadığı binanın qarşısında saxlamasını, hal-hazırda isə olmamasını və qaçırılmasını ona demişdir. Onun da həmin vaxt həmin avtomobilin qaçırılması barədə məlumatı olmuşdur.Sonradan ona polisdən zəng elədilər və dedilər ki, maşını gəlib polisdən götürə bilərsiniz. Avtomobil nasaz vəziyyətə salınmışdır və ona görə də onun ustaya 350 manat xərci çıxmışdır. Hazırda həmin pulu o təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında arvadı Zərərçəkmiş şəxs3 Rahid qızı ilə birlikdə kirayə yaşayır. 24 iyul 2023-cü il tarixdə qaynı Şahid1 kirayə yaşadıqları evə qonaq gəlmişdir. Kirayə yaşadıqları ev həyət evidir, küçədən birbaşa evə giriş qapısından daxil olursan. Kirayə qaldığı ev iki otaqdan və girişdəki kiçik dəhlizdən ibarətdir, evin bir yataq və bir qonaq otağı var. 27 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində arvadı Zərərçəkmiş şəxs3 ilə birlikdə yatmaq məqsədi ilə evin yataq otağına keçmişlər. Qaynı Şahid1 onlardan əvvəl evin qonaq otağındakı çarpayıda yatmışdır. Yatmazdan əvvəl özünə məxsus, təxminən bir ay bundan əvvəl Biləsuvar rayonundan kredit yolu ilə 600 manata aldığı, üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Note 12" markalı mobil telefonunu yataq otağındakı dolabın üzərinə qoymuşdur. Həmçinin, arvadı Zərərçəkmiş şəxs3 məxsus təxminən 1 il bundan əvvəl 700 manata aldığı üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung A33" markalı mobil telefon da həmin dolabın üzərində olmuşdur. Qaynı Şahid1 yatan zaman təxminən bir neçə il bundan əvvəl aldığı, üzərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində "Samsung A12" markalı mobil telefonu qonaq otağında yatdığı çarpayının yanına qoymuşdur. 27 iyul 2023-cü il tarixdə saat 01:27 radələrində evdən səs gəldiyini eşidib yuxudan oyanmış, ayağa qalxıb evin qonaq otağına baxdıqda qaynı Rəvanın yatmış olduğunu görmüşdür. Həmin vaxt evin giriş qapısına nəzər saldıqda qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin işıqlarını yandırıb baxdıqda yataq otağında olan iki ədəd və qaynına məxsus bir ədəd mobil telefonların yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Evdən, başqa heç bir qiymətli əşya və sair oğurlanmamışdır. Bundan sonra baş vermiş hadisə barədə qonşuluqdakı ev sahibinə bildirmiş və həmin şəxs DİN-in 102 Zəng Xidmətinə məlumat vermişdir. Az sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər və baxış keçirmişlər. Ona məxsus 600 manata aldığı üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Note 12" markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. Mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni 10 manata almış, yəni "Redmi Note 12" markalı mobil telefonun oğurlanması hadisəsi nəticəsində ona cəmi 610 manat ziyan dəymişdir. Bundan başqa, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung A12" markalı mobil telefonu o, müvəqqəti istifadə etməsi üçün qaynı Şahid1 vermişdir. Yəni, həmin mobil telefon da ona məxsusdur. "Samsung A12" markalı mobil telefonun oğurlanması hadisəsi nəticəsində ona cəmi 205 manat ziyan dəymişdir. Yəni, yaşadıqları evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 815 manat ziyan dəymişdir. Oğurlanmış mobil telefonların üzərində mobil telefon aksesuarları olmamışdır. Ona məxsus oğurlanmış mobil telefonlarının qiymətlərinin məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət olması ilə razı deyil. Ona görə də xahiş etmişdir ki, ona dəymiş maddi ziyanın məbləği ifadəsində göstərdiyi qiymətlə əsas götürülsün. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında 4 aydır əri Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayə yaşayır. 24 iyul 2023-cü il tarixdə qardaşı Şahid1 kirayə yaşadıqları evə qonaq gəlmişdir. Kirayə yaşadıqları ev həyət evidir, küçədən birbaşa evə giriş qapısından daxil olursan. Kirayə qaldığı ev iki otaqdan və girişdəki kiçik dəhlizdən ibarətdir, evin bir yataq və bir qonaq otağı var. 27 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində o, əri Zərərçəkmiş şəxs2 ilə birlikdə yatmaq üçün evin yataq otağına keçmişdir. Qardaşı Şahid1 onlardan əvvəl evin qonaq otağındakı çarpayıda yatmışdır. Yatmazdan əvvəl özünə məxsus, təxminən 1 il bundan əvvəl 700 manata aldığı üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung A33" markalı mobil telefonu yataq otağındakı dolabın üzərinə qoymuşdur. Həmin vaxt əri Zərərçəkmiş şəxs2 məxsus, təxminən bir ay bundan əvvəl Biləsuvar rayonundan kredit yolu ilə 600 manata aldığı, üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Note 12" markalı mobil telefon da həmin dolabın üzərində olmuşdur. Qardaşı Şahid1 yatan zaman təxminən bir neçə il bundan əvvəl aldığı, üzərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində "Samsung A12" markalı mobil telefonu qonaq otağında yatdığı çarpayının yanına qoymuşdur. 27 iyul 2023-cü il tarixdə saat 01:27 radələrində evdən səs gəldiyini eşidib yuxudan oyandıqda əri Zərərçəkmiş şəxs2 eşitmişdir ki, ona məxsus "Samsung A33" markalı, İmrana məxsus "Redmi Note 12" markalı və "Samsung A12" markalı mobil telefonlar naməlum şəxs tərəfindən oğurlanmışdır. Yaşadıqları evdən başqa heç bir qiymətli əşya və sair oğurlanmamışdır. Bundan sonra əri İmran baş vermiş hadisə barədə qonşuluqdakı ev sahibinə bildirmiş və həmin şəxs DİN-in 102 Zəng Xidmətinə məlumat vermişdir. Az sonra polis əməkdaşları yaşadıqları ünvana gəlib baxış keçirmişlər. Ona məxsus oğurlanmış "Samsung A33" markalı mobil telefonun dəyəri 700 manat, həmin mobil telefonun üzərindən olan ***-***-**-** saylı mobil nömrənin dəyəri 10 manatdır. Yəni, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 710 manat ziyan dəymişdir. Oğurlanmış mobil telefonun üzərində mobil telefon aksessuarları olmamışdır. Ona məxsus oğurlanmış mobil telefonun qiymətinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətə olması ilə razı deyil. Ona görə də xahiş etmişdir ki, ona dəymiş maddi ziyanın məbləği ifadəsində göstərdiyi qiymətlə əsas götürülsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən mobil telefonların təmiri və alqı-satqısı mağazasını icarə şərtləri əsasında işlədir. 27 iyul 2023-cü il tarixdə o, qeyd olunan mağazada işdə olduğu zaman əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs mağazaya daxil olub ona yaxınlaşaraq özünə məxsus olduğunu qeyd etdiyi 2017-ci il buraxılışlı «Samsung A3» markalı mobil telefonu satmaq istədiyini bildirmişdr. O, həmin telefona baxış keçirdikdən sonra 30 manat pulun müqabilində ala biləcəyini demişdir. Zaur onunla razılaşmışdır. O, Zaurun şəxsiyyət vəsiqəsi əsasında satdığı mobil telefonu 30 manata almış və Zaur mağazanı tərk edib çıxıb getmişdir. O, qeyd olunan mobil telefonu aldığı gündən təxminən 1 həftə sonra təxminən 60 manat pulun müqabilində tanımadığı şəxsə satmışdır. Bir daha bildirir ki, o, qeyd olunan mobil telefonu Zaurdan alarkən oğurluq olmasını bilməmişdir. Belə ki, Zaur həmin mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Vaz 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı oğlu Zərərçəkmiş şəxs4 2023-cü ilin iyun ayının sonlarında 2000 manata almış, lakin həmin avtomobili öz mülkiyyətinə keçirməmişdir. Həmçinin qardaşı oğlunun həmin avtomobili mülkiyyətinə keçirməsi üçün etibarnamə verməyi ilə bağlı işləri çox olduğundan notariat kontoruna gedə bilməmişlər. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin avtomobili yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, K.Rəhimov 53 A saylı binanın qarşısında saxlamışdır. Həmin vaxtdan xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrinə kimi yaşadığı binanın həyətində olmuş, sonra yaşadığı mənzilə getmişdir. O, yaşadığı mənzilə getdiyi zaman həmin avtomobil saxladığı yerdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı mənzildən həyətə enəndə binanın qarşısında həmin avtomobilin olmadığını görmüşdür. Bu zaman həmin avtomobilin başqa şəxs və ya şəxslər tərəfindən qaçdırılmasını bilmiş, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil köhnə olduğundan qapıları bağlanmır, bu səbəbdən də avtomobili saxladıqdan sonra motorxanada olan avtomobilin enerji batareyasını götürüb yaşadığı evə qoymuşdur. Açar avtomobilin işə salınması hissəsində olmamış, açarı da özü ilə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Yasamal rayonunda inzibati ərazidə DİN-in X13 Alayının 6-cı Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 ilə birlikdə xidmət aparan zaman Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda «Vaz 2101» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs (lər) tərəfindən qaçırılması barədə növbətçi hissədən məlumat əldə etmiş, həmin gün Bakı şəhəri, Yasamal rayonu, Alatava-2 qəsəbəsində yerləşən «Qismət» şadlıq sarayının yaxınlığında «Vaz 2101» markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili aşkar edib, sürücüsünə özlərini təqdim edərək qeyd olunan avtomobilin qaçırılmasında şübhəli bilindiyini izah edərək Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla xidməti avtomobillə 29cu Polis Şöbəsinə yollanmışdır. Polis Şöbəsində həmin şəxsin 08 avqust 1990-cı il təvəllüdlü, Şamaxı rayonu, Kürdəmic kəndində anadan olmuş, Şamaxı rayonu, Əhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 dediklərini təsdiq edərək, analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qzı onun bacısıdır. Zərərçəkmiş şəxs2 bacısı Ləmanın həyat yoldaşıdır. 24 iyul 2023-cü il tarixdə o, Ləman və İmranın birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 46C ünvanına qonaq getmişdir. Həmin vaxt yeznəsi Zərərçəkmiş şəxs2 özünə məxsus «Samsung A12» markalı mobil telefonu müvəqqəti olaraq istifadə etməyi üçün ona vermişdir. 26 iyul 2023-cü il tarixdə axşam saatlarında o, qonaq otağında, Ləman və İmran isə evin yataq otağında yatmışlar. 26 iyul 2023-cü il tarixdə, təxminən saat 01:27-də o, oyandıqda ona məlum olmuşdur ki, İmran evdən səs gəldiyini eşidib yuxudan oyanmış, evə baxdıqdan sonra evin giriş qapısının açıq olduğunu görmüş, daha sonra evdə olan mobil telefonların, yəni İmrana məxsus, müvəqqəti onun istifadə verdiyi «Samsung A12» markalı, İmrana məxsus və öz istifadəsində olan «Redmi Note 12» markalı mobil telefonun, həmçinin Ləmana məxsus «Samsung A33» markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Lakin evdən telefonlardan başqa heç bir əşya, sənəd və ya pul oğurlanmamışdır. Belə ki, naməlum şəxs evin pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq mobil telefonları oğurlayaraq evin qapısından çıxaraq evi tərk etmişdir. Belə ki, evin giriş qapısı açıq vəziyyətdə qalmışdır. Bir daha bildirmişdir ki, «Samsung A12» markalı mobil telefon yeznəsi İmrana məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təxminən 10 aydır ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən «Gold Telecom» adlı mobil telefonların alqı-satqısı mağazasında satıcı işləyir. 27 iyul 2023-cü il tarixdə o, həmin mağazada işdə olduğu zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünə və bacısına məxsus olduğunu söylədiyi «Samsung A23» və «Samsung A33» markalı mobil telefonları satmaq istədiyini bildirmişdir. Həmin vaxtı Zaur qeyd olunan mobil telefonların kodlarını açaraq ona təqdim etmişdir. O, həmin mobil telefonlara baxdıqda «Samsung A23» markalı mobil telefonu 50 manat, «Samsung A33» markalı mobil telefonu isə 180 manat pulun müqabilində Zaurdan almışdır. O, telefonları Zaurdan alan zaman sonuncunun şəxsiyyət vəsiqəsini götürüb surətini çıxartmış və həmin mobil telefonların özünə məxsus olmasını təsdiq etməsinə dair əlyazma yazdırmışdır. Səhəri gün, yəni 28 iyul 2023-cü il tarixdə o, «Samsung A23» markalı mobil telefonu 120 manat pulun müqabilində tanımadığı şəxsə satmışdır. Bundan iki sonra digər telefonu, yəni «Samsung A33» markalı mobil telefonu 240 manat pulun müqabilində tanımadığı şəxsə satmışdır. Bir daha bildirmişdir ki, o, qeyd olunan mobil telefonları Zaurdan alarkən telefonların oğurluq olmasını bilməmişdir. Belə ki, Zaur həmin mobil telefonlardan birinin özünə, digərinin isə bacısına məxsus olmasını demişdir. Həmçinin Zaur həmin telefonların kodlarını bilirmiş, hətta həmin telefonlardan birində «vhatsapp» vasitəsilə danışırmış. Zaur avtomobilinin cəriməsi olduğu üçün satdığını ona bildirmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Zaur həmin vaxtı mağazaya tək gəlmiş və yanında heç kim olmamışdır. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan 07 iyul 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan 09 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan 04 avqust 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edlmiş, 27 may 2022-ci il tarixdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 2-ci cild 87-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6361/2023 saylı rəyindən görünür ki, 2023-cü ilin iyul ayına 01 ədəd Samsung A23 markalı mobil telefon – 200 manat, 01 ədəd samsung A3 markalı mobil telefon – 80 manat, 01 ədəd Samsung A12 markalı mobil telefon – 150 manat, 01 ədəd Redmi Note12 markalı mobil telefon – 270 manat, 01 ədəd Samsung A33 markalı mobil telefon – 250 manat olaraq göstərilmişdir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 101-117-ci vərəqələrində olan 10 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, iş üzrə “Vaz 2101 minik” markalı, **-BR-*** dövlət qeydiyya nişanlı avtomobil maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edlməsinə, 27 may 2022-ci il tarixdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 15 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq 2 il keçmədən, yenidən 06 iyul 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti 5 a törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, həmçinin sonuncunun 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 avqust 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının mm mCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Vaz 2101 minik” markalı, **-BR-*** dövlət qeydiyya nişanlı avtomobilin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2101 minik” markalı, **-BR-*** dövlət qeydiyya nişanlı avtomobilin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X4, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on ) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar