Məhkəmə qərarları › İş №1(004)-620/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-620/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-620/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2nın iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 159B ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, naməlum mənbədən və tarixdə satış məqsədi olmadan bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,151 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib boz rəngli oyuncaq ayıcığın arxa tərəfində saxlamaqla daşımış, 25 iyul 2024-cü il tarixdə saat 20:10 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbrirlər nəticəsində yaşadığı ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal Rayon Polis İdarəsinin 27ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində saxladığı qara rəngli kağız materialdan olan torbanın içərisindəki boz rəngli oyuncaq ayıcığın arxa tərəfində olan yapışqanlı hissəni açaraq, içərisindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,151 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o Vətən müharibəsində iştirak etdiyi üçün “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Bir müddətdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə etməyə başlamışdır. Tutulmamışdan təxminən bir ay əvvəl Hökməli qəsəbəsində olan toyda iştirak etdiyi zaman bir şəxs ona istifadə etmək üçün psixotrop maddə olan metamfetamin vermişdir. 25 iyul 2024-cü il tarixdə həmin psixotrop maddəni özünə məxsus balaca oyuncaq ayının arxa tərəfində qoyub evdən çıxmışdır. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 159B ünvanda yerləşən evinin qarşısında piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs onu çağırmışlar. Həmin polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada olan zaman polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əlində olan oyuncaq ayının arxa tərəfindən bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin metamfetamini Abşeron rayonu, Hökməli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə 27-ci PŞ-nə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Şahid2 və Şahid3 ilə birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Azad onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində psixotrop maddə metamfetamin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİnin 27-ci PŞ-nin inzibati binasina getməli olduğunu bildirib və onu avtomobillə ora gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Azad əlində saxladığı qara rəngli kağız materialdan olan torbanın içərisindəki boz rəngli oyuncaq ayıcığın arxa tərəfində olan yapışqanlı hissəni açaraq, içərisindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,151 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Azad həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini iki ay öncə Abşeron rayonu, Hökməli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sətdar oğlu və Sadıqov X3 Vüsal Nazim oğlu ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onunla birgə nigahından bir övladı vardır. Ailə münasibətlərinin ilkin dövründə münasibətləri çox yaxşı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğundan ailədaxili problemlər yaşamış və münasibətləri pisləşmişdir. Bundan sonra onlar boşanmışlar. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli kağız materialdan olan torbanın içərisindəki boz rəngli oyuncaq ayıcığın arxa tərəfində olan yapışqanlı hissəni açaraq, içərisindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. (i.v. 24-26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” eskpertizasının 26 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 168” dairəvi möhür əksi və “...Şübhəli şəxs- Təqsirləndirilən şəxs –imza, dörd-imza, Təhqiqatçı:Şamil Əlizadə-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,151 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 33-36) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,151 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 0,101 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. (i.v. 70) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülər 25 iyul 2024-cü il tarixdə qeydə alınmışdır. Həmin videogörüntüdən aydın görünür ki, Təqsirləndirilən şəxs əlindəki qara rəngli kağız materialdan olan torbanın içərisindəki boz rəngli oyuncaq ayıcığın arxa tərəfində olan yapışqanlı hissəni açaraq, içərisindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,151 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olduğunu və istifadə etmək məqsədilə 2 ay öncə Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin kütlə və təqdim etdiyi 01 ədəd “Poco” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 nəticələrinə dair 30 iyul 2024-cü il tarixli 5188 A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 149- 150) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks-etdirən bir ədəd DVD diski cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 173-181) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.151 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materillarında olan: xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da tutulmuşdur. (i.v. 14) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rüfət Mustafazadənin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 60- 61) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmşdir və təqsirləndirilən şəxs Yasamal RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. (i.v. 62) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış şəxsdir. (i.v. 76) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 84) İ-8136 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il, 24 iyun tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (i.v. 97) İ-68742 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il, 21 aprel tarixli 250ş nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (i.v. 98) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rüfət Mustafazadənin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 101-102) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il təvəllüdlü X6 adında azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, azyaşlı uşağının olmasını, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi” iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 30 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün olmaqla cəmi 04 (dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.101 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 30 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün olmaqla cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.101 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar