Məhkəmə qərarları › İş №1(004)-622/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-622/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-622/2023 27.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: Zərərçəkmiş şəxs, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2, Konstitusiya ilə ona verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək, ”ARB” media qrup şirkətinə aid televiziya kanalında ”Səni axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızına onun haqqında qəsdən şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatlar verərək onun xəbərsiz itkin düşməyi və valideynləri tərəfindən axtarıldığı barədə televiziya vasitəsi ilə bu xoşa gəlməz məlumatları yaymış və bununla da hazır ki, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməlləri törətmişdir. Belə ki, o, barəsində şikayət verilmiş şəxs ilə ailəli olub, 2019-cu ildə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur və hazırda birlikdə yaşamırlar, habelə aralarında hər hansı bir formada münasibələr yoxdur. O, hazırda digər qadınla 2-ci ailə həyatı qurmuş və elə bundan əsəbləşən keçmiş həyat yoldaşı X2, onu biabır edib alçaltmaq və bununla da qisas almaq məqsədi ilə barəsində guya xəbərsiz itkin düşməyi və valideyinləri tərəfindən axtarılmağı haqqında qərəzli “ARB” kanalında məlumat yaymışdır. Haqqında qəsdən şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli yayılan məlumatlar barəsində ona, 2023-cü ilin noyabr ayında televizorda yayımlanan ’’Səni axtarınam” proqramında aparıcı Xoşqədəm Hidayətqızının “AXTARİLİR” Zərərçəkmiş şəxs” (elanı əks etdirən fotoşəkillər əlavə edilir) elanını görən yaxın qohumları, habelə onu tanıyanlar zəng edərək, bunun nə məsələ olduğunu bildirdikdən sonra məlumatı olmuşdur. Bundan sonra müvafiq telefon nömrəsini tapıb Xoşqədəm Hidayətqızına zəng vurmuş, telefona cavab verən sonuncunun köməkçisi bildirmişdir ki, bu məlumatı, yəni onun xəbərsiz itkin düşdüyünü və valideyinləri tərəfindən axtarıldığını onlara keçmiş həyat yoldaşı X2 demişdir. Beləliklə guya onun xəbərsiz itkin düşməyi və tapılmağı üçün televizorda elan verilməsini qərəzli olaraq məkirli, habelə qisasçılıq niyyətini həyata keçirmək məqsədi ilə keçmiş həyat yoldaşı X2 ’’Səni axtarınam” proqramının aparıcı Xoşqədəm Hidayətqızından xahiş etmişdir. Hazırda “AXTARİLİR” Zərərçəkmiş şəxs elanı yayımlanan veriliş “YouTube”-da mövcuddur, habelə izlənilməkdədir və o, hər gün qərəzli böhtana görə təqir olunduğunu hiss edir. Bununla da yuxarıda şərh edilən xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına səbəblərinə aid faktlarla müəyyən olunur ki, “Barəsində şikayət verilmiş şəxs, keçmiş həyat yoldaşı X2, hazırda digər qadınla 2-ci ailə həyatı qurduğundan əsəbiləşərək, onu biabr edib alçaltmaq və bununla da qisas almaq məqsədi ilə barəsində guya xəbərsiz itkin düşməyi və valideyinləri tərəfindən axtarılmağı haqqında qərəzli “ARB” kanalına məlumat yayaraq, hazırki xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməlləri törətmişdir. Bununla da yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən, barəsində şikayət verilmiş şəxs, xx.xx.1987-ci ildə Şabran rayonu (keçmiş Dəvəçi rayonu) Çuxrazəmi kəndində anadan olmuş, faktiki Şabran rayonu Çuxrazəmi kəndində yaşayan, X2 barəsində, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, AR CM-nin 147 və 148 maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun çıxış etdərək, şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X1 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək X1 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdir ki, X2 onu biabr edib alçaltmaq və bununla da qisas almaq məqsədi ilə barəsində guya xəbərsiz itkin düşməyi və valideyinləri tərəfindən axtarılmağı haqqında qərəzli “ARB” kanalına məlumatlar yaymışdır. Elektron Məhkəmə Sistemindəki çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1ususi ittiham qaydasında şikayətdə qeyd edilən hazırkı halda xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı "xxxx" kanalının Azərbaycan Respublikasında hüquqi ünvanı ünvan 2l Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalıdır. Odur ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar