Məhkəmə qərarları › İş №1(004)-624/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-624/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-624/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Mütəxəssis – psixoloq X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Razim qızının iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyatda olan və ünvan 2 müvəqqəti yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə 06 mart 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 ünvanında yerləşən İncəsənət Gimnaziyasının qarşısındakı yeraltı keçiddə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 anası X3 məxsus üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi olan, dəyəri 300 manat təşkil edən “Samsung Galaxy A34 5G” markalı, **********36137 və **********36136 İMEİ kodlu, “№SM-A346E/DSN” modelli Hindistan istehsalı olan mobil telefonu onun əlindən alaraq açıq yolla talayıb, zərərçəkmiş şəxs X3 320 manat maddi ziyan, digər Zərərçəkmiş şəxs1 mənəvi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus olan mobil telefonu onun əlindən götürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə bildirmişdir ki, o, zərərçəkmiş şəxslərdən oğlu adından üzr istəyir. O da azyaşlıdır, məqsədi sadəcə telefonu götürmək olub, başqa məqsədi olmayıb, əgər başqa məqsədi olsaydı edərdi. Övladı meningit xəstəliyindən əziyyət çəkir, onun ağlına bir anlıq bu cür düşüncələr gəlir. Övladı 6 yaşından etibarən xəstəxana şəraitində müalicələr alıb. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə günü uşaq məktəbdən çıxmışdı. O da işdən çıxanda həmişə qızı onunla telefonda danışa-danışa yanına gəlirdi. Hadisə günü də onlar telefonla danışırdılar və uşaq onun yanına gəlirdi, saat 17:47 idi, saatı bilir, çünki həmin vaxt maşında baxıb, uşaq qışqırmağa başlayıb, daha sonra səs kəsilib və onların əlaqələri itib. O, yenidən zəng vurduqda isə heç kim telefon zəngini açmayıb. İncəsənət gimnaziyasının yanına qaçıb, görüb ki, qızı ağlayır. Bir qadın qızına yaxınlaşaraq salfet verib və onu təsəlli etməyə çalışıb. Onun qızı 20 nömrəli məktəbdə oxuyur və oradan gəlir yanına, o, onu Ələsgər Ələkbərov küçəsindən götürür. Yanına yaxınlaşanda deyib ki, telefonunu götürüblər. Görüb ki, uşağın halı yaxşı deyil, həm də özü də həyəcan keçirdiyi üçün evə gediblər. Evdə də görüb ki, uşaq özündə deyil, danışa bilmir. Düşünüb ki, həmin yerdə kamera olar, lakin heç bir kamera işləmirdi, deyiblər ki, kameraları açmaq üçün 102 xidmətinə zəng etmək lazımdır, polis əməkdaşları gəliblər, qızı onlara hadisənin necə olduğunu başa salıb. Şəkillər göstəriblər, lakin heç biri həmin adam deyildi və ona deyiblər ki, polis bölməsinə yaxınlaşmaq lazımdır. Yolda videozəng vasitəsilə polis əməkdaşından zəng gəlib və telefonu göstərərək həmin telefon olub-olmadığını soruşub. Qızı öz telefonu olduğunu təsdiqləyib. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 (anası və mütəxəssis-psixoloqun iştirakı ilə) ifadəsində göstərmişdir ki, onun 9 yaşı var, Bakı şəhəri, Yasamal rayonunda 20 nömrəli məktəbdə oxuyur. Hadisə günü məktəbdən çıxmışdır. Anası ilə görüşmək üçün İncəsənət Gimnaziyasının qarşısındakı keçidə daxil olub. Hadisə günü də onlar telefonla danışırdılar və o, onun yanına gedirdi. Həmin vaxt bir oğlan ona yaxınlaşaraq telefonu əlindən alaraq qaçıb, bu zaman o qışqırıb. Ağlaya-ağlaya keçiddən çölə çıxıb və bir qadın ona yaxınlaşaraq onu təsəlli etməyə çalışıb. Daha sonra anası gəlib və o, hadisəni ona danışıb. Daha sonra isə hadisəni polis əməkdaşlarına da danışıb. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 ünvanında yerləşən İncəsənət Gimnaziyasının qarşısındakı keçiddir. “Əşyanın götürülməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefona baxış keçirilərkən telefonun “Samsung Galaxy A34 5G” markalı olduğu və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. 15 mart 2025-ci il tarixli arayışdan görünür ki, “Samsung Galaxy A34 5G” markalı, “№SM-A346E/DSN” modelli Hindistan istehsalı olan mobil telefonun işlənməsi və aşınması nəzərə alınmaqla, 2025-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 300 (üç yüz) manat təşkil edir. 17 mart 2025-ci il tarixli qəbzdən görünür ki, X5 azyaşlı qızı Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A34 5G” markalı mobil telefonu təhvil almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 1001 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 74 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F71.0) müəyyən edilir. Bunu işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (anasının deməsinə görə doğuş travması ilə doğulması, qıcolma tutmalarından əziyyət çəkməsi, həmçinin kiçik yaşlarından həkimlərə aparılması, ona əlillik təyin edilməsi, lakin əlillik müddətinin başa çatması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 24 yanvar 2020-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək «Vərəm meninqoensefalitinin qalıq əlamətləri. Uşağın ətrafa reaksiya adekvat deyil. Kontakta çətin girir. Bələdliyi bütün istiqamətlərdə pozulub. İİ, ay, gün məhvumlaını bilmir. Məktəbə getməyib. Tez-tez aqressivləşir, evdəki uşaqları da döyür. Hissəvi atrofiya-Görməsi VİS OD-0,03k/etmir, VİS OS=0,4k/etmir. Sadə epilepsiya» diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunan ciddi davranış pozuntuları ilə (İQ-38), Qeyri-üzvi mənşəli enurez, MSS vərəminin uzaq nəticələn diaqnozu ilə stasionar müalicədə olması, xx.xx.2023-cü il tarixindən «Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu. Keçirilmiş vərəm meningitinin qalıq əlamətlərinin nəticəsi F 72.1 diaqnozu ilə ambulator qeydiyyatda olması, X1 26 aprel 2024-cü il tarixində uzman doktor Əli Dadaşov tərəfindən aparılmış baş beyin maqnetik rezonans tomoqrafiyasında «Göz almaların morfologiyası və forması adidir. Optik sinirlənn trayektoriyasında və strukturunda pozulma izlənilmir. Retrobulbar sahədə qeyri-adi siqnalı olan strukturlar müşahidə edilmir. Sağ maksillar sinus və sfenoid sinusunun sağ yanında daha çox olmaqla, bütün paranazal sinuslarda selikli qişa qalınlaşıması» qeyd edilməsi) və halhazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində ərzində özünü bir qədər narahat aparması, şöbədaxili rejimə tabe olmaqda çətinlik çəkməsi, şöbəyə daxil olduğu ilk günlərdən narahat olması, ümumi və şəxsi gigiyena kifayət qədər qaydalarına riayət etməməsi, səliqəsinə az diqqət yetirməsi, ekspert komissiyasının yığıncağında apanlan müayinə gedişində söz təması yaratmaqda bir qədər çətinlik olması, söhbətə bir qədər ləng qoşulması, suallara gah mahiyyətinə uyğun, gah da uyğun olmayan şəkildə cavab verməsi, nitqinin azsözlü olması, öz şəxsiyyətinə bələdliyi formal səviyyədə saxlanılsa da, zamana və məkana görə bələdliyinin tam olmaması, təfəkkürünün konkret və az məhsuldar olması, mülahizə və mühakimələrində səthilik və primitivliyin müşahidə edilməsi, suallar mürəkkəbləşdikcə anlamaqda çətinlik çəkməsi, mücərrəd anlayışlan açmağı bacarmaması, abstraktlaşdırma və ümumiləşdirmə ayırma funksiyalannın inkişaf etmədiyinin müəyyən olunması, yaddaşının zəif və mexaniki tipli olması, diqqətinin tez yayınması, pedaqoji baxımsızlığının, tərbiyəcə naqisliyinin, iradəcə zəifliyinin özünü büruzə verməsi, intellektual imkanları aşağı səviyyədə olması, bilik və təsəvvür ehtiyatının kasad olması, hesablama əməllərinin yerinə yetirə bilməməsi, atalar sözləri və metaforik ifadələrin məcazi mənasını açıqlaya bilməməsi, praktik vərdişlərinin məhdud olması, proqnozlaşdırma qabiliyyətinin nisbətən zəif olması, maraq dairəsinin adi təlabatlan ödəməklə məhdudlaşması, göndərildiyi ekspertizanın nəticəsinin necə olacağına az maraq göstərməsi, özünün gələcək aqibətinə bir qədər laqeydliklə yanaşması, yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işındəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Orta dərəcəli əqli gerilik” formasında psixi patologiyadan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Sabır oğlu qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyinı dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən orta dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.2-ci maddələrinin təsiri altına düşmür. Ş.S Məmmədovun hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Lakin Təqsirləndirilən şəxs orta dərəcəli əqli gerilikdən əziyyət çəkməsi nəzərə alınaraq onun psixika və davranışında arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbır kimi daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsə məxsus olan 01 ədəd “Samsung Galaxy A34 5G” markalı, **********36137 və **********36136 İMEİ kodlu, “№SM-A346E/DSN” modelli Hindistan istehsalı olan mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Məryam Şükürovaya geri qaytarılmışdır. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, iş üzrə əldə olunmuş məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik” formasında psixi patologiyadan əziyyət çəksə də, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı vəziyyətdə olmuşdur. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci maddəsinin (anlaqsızlıq) təsiri altına düşmür. Eyni zamanda ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək imkanından məhrum olmuşdur. Bu hal onun anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi qiymətləndirilməsinə əsas verir və bu səbəbdən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti tibbi xarakterli məcburi tədbirlərin tətbiqini tələb etmir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.2-ci maddələrinin tətbiqi üçün əsaslar mövcud deyildir. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, cinayəti etiraf etməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, zərərin nisbətən az olmasını, əmlakın zərərçəkmişə tam şəkildə qaytarılmasını, təqsirləndirilənin yaşının azlığını, psixi inkişaf xüsusiyyətlərini, habelə onun cəmiyyət üçün yüksək təhlükə törətməməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, onun islah olunması azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü tətbiq edilməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Bu əsaslarla məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Təyin edilmiş cəza həm törədilmiş cinayət əməlinə mütənasibdir, həm də təqsirləndirilənin yenidən cinayət törətməsinin qarşısının alınmasına və onun tərbiyə olunmasına xidmət edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 1 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış zərərçəkmiş şəxsə məxsus olan 01 ədəd “Samsung Galaxy A34 5G” markalı, **********36137 və **********36136 İMEİ kodlu, “№SM-A346E/DSN” modelli Hindistan istehsalı olan mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 gün müddət (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 286 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar