Məhkəmə qərarları › İş №1(004)-628/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-628/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-628/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “22 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, məhkumluğu olmayan, "xxxx" MMC-də baş mühəndis, yaşayış yerindən müsbət xarakterizə olunan, Ağdam rayonu, Güllücə ərazi dariəsi, Suma kəndində qeydiyyatda olan, "xxxx" MTK-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-də (VÖEN: **********) xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə görə baş mühəndis vəzifəsində işlədiyi dövrdə, vəzifə təlimatına əsasən əməyin mühafizəsi üzrə bölməyə təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək, təhlükəsiz əmək şəraitinin yaradılmasında iştirak etmək, əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına, işçilərin öyrədilməsinə nəzarət etmək, bölmələrin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının bölməsinə nəzarət həyata keçirmək, əməyin təhlükəsizlik standartlarının hazırlanması, tətbiqi üzrə işlərə başçılıq etmək öhdəliyini öz üzərinə götürüb etməli, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını bilməli olduğu, həmin işlərə rəhbərlik etdiyi və sair işləri həyata keçirməli olduğu halda bunları etməyərək "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, X/M 01-0226/25 nömrəli xidməti müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının təmin edilməsindən ötrü qazıntı işlərinə "xxxx" MMC tərəfindən əmək müqaviləsi olmadan fəhlə kimi cəlb olunmuş, perforatorla elektrik xəttinin çəkilməsi işlərini görən Zərərçəkmiş şəxs həmin ərazidən keçən 6 kV-luq kabel xəttinin olması barədə məlumatlandırmayaraq, "xxxx" ASC-nin Yasamal RETSİ-nin İstismar Şöbəsi tərəfindən təlimatlandırılsa da, müvafiq kabel xəttində elektrik enerjisinin dayandırılması barədə müvafiq təşkilatlara məlumat verilməsini təmin etməyərək, Elektrik təhlükəsizliyi. Ümumi tələblər”. 12.1019-79 DST-lə (Dövlət Standartı) nın 3.4.1-ci bəndinin tələbini pozmaqla, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşmaqla təmir işlərini həmin təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmədən Zərərçəkmiş şəxs işini davam etdirdiyi üçün asfalt örtüyü əlindəki perforatorla qazarkən ərazidən keçən 6 kV-luq elektrik cərəyanı altında olan kabel xəttinə toxunmuş, əmək mühafizəsi qaydaları pozulmaqla elektrik cərəyanının onu vurması nəticəsində başın tüklü hissəsinin, sifətin, hər iki qulaq seyvanlarının, boyunun, hər iki yuxarı və aşağı ətrafların dairəvi, gövdənin ön səthinin İİ-İİİ dərəcəli termiki alov yanığı-42%. YTYY diaqnozu olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlər almış, bununla da onun tərəfindən qeyd olunmuş texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də baş mühəndis işləmişdir. Müəssisə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti planlaşdırma mərkəzinin verdiyi 3-35-2/2-2391/2024 nömrəli sənədlə müəyyən edilmiş yolda, müvafiq qurumlarla razılaşdırılmış istiqamət üzrə 01 mart 2025-ci il tarixli X/M 01/0226/25 nömrəli “Azelko MMC” ilə işlədiyi "xxxx" MMC ilə arasında bağlanılmış Xidmət müqaviləsi əsasında Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində elektrik veriliş xəttinin çəkilişi üçün qazıntı işləri aparmaqdadır. xx.xx.2025-ci il tarixində, işə yeni cəlb edilmiş 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qazıntı işlərini icra edərkən ərazidən keçən 6kV-luq kabel xəttinə bilmədən toxunmuş və xəsarət almışdır. Xəsarət alan şəxs hadisədan dərhal sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu tərəfdə “körpünün altında” fəhlə axtaran zaman tanış olmuş və sonuncunu əmək müqaviləsi olmadan işə cəlb etmişdir. Sonuncu elektrik mütəxəssisi kimi işə dəvət olunmuş və vəzifəsi torpaq örtüyü (asfaltı) qazdıqdan sonra həmin ərazidən elektrik naqili çəkmək olmuşdur. Həmin ərazidə işlər görməmişdən əvvəl Yasamal RETSİnin İstismar Şöbəsi tərəfindən ərazidən 6 kV-luq elektrik xəttinin keçməsi barədə məlumatlandırılmışdır. Lakin bu barədə Zərərçəkmiş şəxs heç bir məlumat verməmiş, həmin xəttin qazıntı zamanı şəbəkədən ayrılması üçün tədbir görməmişdir. Həmçinin himayəsində iki azyaşlı övladı vardır, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də işləmiş, boş olduğu vaxtlarda isə fəhlə kimi müxtəlif işlər görmüşdür. xx.xx.2025-ci il tarixdə səhər saatlarında iş görmək məqsədi ilə “çermet” körpüsünün altında yerləşən el arasında “fəhlə bazarı” adlanan əraziyə getmiş, orada Azər adlı şəxs ona yaxınlaşmış və Yasamal rayonu, Alatava qəsəbəsi, “Şəhid Bulağı” adlanan ərazidə perforatorla iş görülməsini və bunun əvəzinə 30-40 manat pul verəcəyini təklif etmişdir. Həmin işə əsasən ticarət mərkəzinə yarım stansiyadan elektrik cərəyanı çəkilməli olmuş, onlar razılaşmış və xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının təmin edilməsindən ötrü qazıntı işlərinə perforatorla asfalt örtüyünü qazarkən ərazidən keçən 6kV-luq kabel xəttinə toxunmuş, orada 6 kV-luq kabel xəttinin olması barədə ona heç kim məlumat verməmişdir. Həmin zaman elektrik cərəyanının vurması nəticəsində başın tük hissəsinin, sifətin, hər iki qulaq seyvanlarının, boyunun, hər iki yuxarı və aşağı ətrafların dairəvi, gövdənin ön səthinin İİ-İİİ dərəcəli termiki alov yanığı-42%. YTYY diaqnozu olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. İşləyərkən başında hər hansısa dəbilqə, qoruyucu papaq və yaxud digər hər hansı qoruyucu vasitələr olmamışdır. Bu xəsarətləri aldıqdan sonra xəstəxanaya aparılmış və orada ilkin müayinə və müalicə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yasamal RETSİ-nin İstismar Şöbəsinin aparıcı mühəndisi işləmişdir. Ərazi bölgüsünə əsasən Yeni Yasamal massivi, 2-ci Alatava massivi bu ərazilər nəzarətindədir. Vəzifə təlimatı ərazinin davamlılığını, fasiləsiz elektrik enerjisi ilə təmin eləmək, lazım olan halda yaranmış qəzaların tez aradan qaldırılmasına şərait yaratmaqdan və s. ibarətdir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Yasamal rayonu, 2-ci Alatava və Müzəffər Həsənov küçəsində yaşayan qonşulardan biri ona zəng edərək, orada bir nəfərin qısaqapanma nəticəsində xəsarət aldığını demiş və o, dərhal həmin əraziyə getmişdir. Çatdıqda artıq heç kəs olmamış, ərazidə olan insanlardan aldığı məlumata görə Mübariz adlı şəxs xəsarət almış, xəstəxanaya aparılmışdır. "xxxx" MMC və "xxxx" MMC arasındakı bağlanılmış xx.xx.2025-ci il tarixli, X/M 01-0226/25 nömrəli xidməti müqaviləyə əsasən, Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının təmin edilməsindən ötrü qazıntı işlərinə "xxxx" MMC tərəfindən həyata keçirilməsi barədə məlumatı olmuşdur. Təxminən iyun ayının əvvəllərində Yasamal RETSİ-nin rəisi Şahid6 onu yanına çağıraraq Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının aparılması barədə məlumat vermiş və həmin əraziyə getməsini tapşırmışdır. Həmin əraziyə çatdıqda "xxxx" MMC-nin mühəndisi olaraq özünü təqdim edən Azər adlı şəxslə tanış olmuşdur. Tanışlıq zamanı Azərə həmin ərazidə yüksək gərginlik kabel xəttinin keçdiyini, bəzi yerlərdə yolla kəsişdiyini, mühafizə zonasına girməməsini tövsiyə etmişdir. Bundan başqa, yüksək gərginlikli kabel xəttinin keçdiyi yolu Azərə izah etmiş, lakin iş görülən vaxtı hər hansı gərginliyin dayandırılması barəsində müraciət və göstəriş olmadığından gərginliyi dayandırmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin iyun ayının əvvəllərində işlədiyi mağazanın qarşısında yol-qazıntıelektrik işləri aparılmış, xx.xx.2025-ci il tarixdə saat 16-17 radələrində birdən-birə mağazanın qarşısında səs-küy eşitmiş, çölə çıxdıqda bir nəfər fəhlə geyimində olan şəxsin qışqırdığını, üzünü tutduğunu, qışqıra-qışqıra “yandım” dediyini görmüşdür. Dərhal orada olan insanlarla həmin şəxsə kömək etməyə çalışmış, bir müddət sonra TTY gəlmiş və sonuncunu xəstəxanaya aparmışdır. Orada danışıq zamanı həmin adamın adının Mübariz olduğunu öyrənmiş, hadisə zamanı sonuncunun başında təhlükəsizlik dəbilqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda "xxxx" MMC-də fəhlə işləyir. İşə tanışı Təqsirləndirilən şəxs vasitəsilə düzəlmiş, Təqsirləndirilən şəxs həmin MMC-də baş mühəndis işləmişdir. 2025-ci ilin aprel aylarından "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən, Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində 35/6KV 88 saylı yarımstansiya ilə tikilməkdə olan ticarət mərkəzi arası xarici elektrik təchizatının təmin edilməsindən ötrü qazıntı işlərinə həmin cəmiyyət tərəfindən fəhlə kimi cəlb olunmuşdur. İş saatları axşamlar olmuş, axşam təxminən saat 18:00-da işə başlayaraq, səhər saatlarına qədər işləmişdir. Orada işi qazılan torpaqları daşımaq, zibilləri yığmaq və ustalara kömək etməkdən ibarət olmuşdur. Hər gün işə başlamamışdan əvvəl işçilər baş mühəndis Təqsirləndirilən şəxs zəng edərək işə başlayıb-başlamamaq barədə təlimat almışlar. xx.xx.2025-ci il tarixə səhər saat 05 radələrində evə getmiş, xx.xx.2025-ci il tarixdə yenə eyni qaydada olduğu kimi yuxudan durduqdan sonra Təqsirləndirilən şəxs zəng etmiş, iş olub-olmaması barədə soruşduqda, o, işə gəlməməyi, həmin gün saat 16-17 radələrində ərazidə işləyən Zərərçəkmiş şəxs elektrik cərəyanının vurduğunu demişdir. Lakin o, Zərərçəkmiş şəxs görməmiş və şəxsən tanımamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı ərazidən kabellərin keçdiyi barədə məlumat verilmişdir. Həmçinin bildirmişdirlər ki, həmin ərazi yeraltı kabellə doludur, ona görə də ehtiyatlarını qorusunlar. Eyni zamanda nümayəndə təyin edilmiş, həmin nümayəndə gün ərzində qazıntı aparılacaq yerə gedərək kabellərin keçmə yerini göstərmiş və hər hansı sual yarandıqda onlara köməklik göstərmişdir. Suallara cavab olaraq bildirmişdir ki, qazıntı aparılması ilə bağlı icazə müvafiq icra hakimiyyətindən alınmış və həmin sənəd onlara təqdim olunmuşdur. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq "xxxx" MMC-də işçi kimi qeydiyyatda olsa da, qeyd olunan şirkətdə işləmir və işsizdir. Zərərçəkmiş şəxs yaxın qohumudur. Mübariz elektrik işləri üzrə mütəxəssisdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək Yasamal rayonu ərazisində elektrik işi olduğunu və günə 35 manat pul veriləcəyini, işə Azər adlı şəxs tərəfindən cəlb olunduğunu demişdir. O, işsiz olduğundan saat 16 radələrində Mübarizin işlədiyi Yasamal rayonu, Alatava qəsəbəsinə getmiş, çatdıqda Zərərçəkmiş şəxs ondan su istəmişdir. Yaxınlıqdakı marketə su almaq üçün getmiş və qayıtdıqda birdən-birə Mübarizin “perferatorla” iş gördüyi yerdə partlayış olduğunu görmüşdür. Mübarizin qazıntı işlərini icra edərkən ərazidən keçən kabel xəttinə bilmədən toxunaraq xəsarət aldığını başa düşmüş, Mübariz qışqırıb ağlamağa başlamış və ətrafdakı insanların köməyi ilə Nərimanov rayon Tibb Mərkəzinin yanıq şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində baş vermişdir. Yerin təxminən 2 metrdən az qazıldığı müşahidə edilmişdir. Yerdən təxminən 15-20 kq torpaq çıxarılmışdır. Altdan borular keçən bu qazıntının ümumi uzunluğu 1.5-2 metr uzunluğundadır. Adı keçən hadisəni izləmək həmin küçədəki kameralar vasitəsi ilə mümkün olmuşdur. Qazıntının sağ künc istiqamətində “Maşın aksesuarları” mağazasına rast gəlinmişdir, habelə market görülmüşdür. Sol küncündə isə “qapı-pəncərə sexi”nə bənzər yer görülmüşdür. Müxtəlif markalı maşınlar qeydə alınmışdır (i.v. 6-14). 01 mart 2025-ci il tarixli, X/M 01-0226/25 nömrəli xidmət müqaviləsindən görünür ki, “Azelko MMC” ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında, "xxxx" MMC Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursaəd küçəsində elektrik veriliş xəttinin çəkilişi üçün qazıntı işləri aparılmalıdır (i.v. 21-23). Baş mühəndis vəzifə təlimatından görünür ki, əməyin mühafizəsi üzrə bölməyə təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək, təhlükəsiz əmək şəraitinin yaradılmasında iştirak etmək, əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına, işçilərin öyrədilməsinə nəzarət etmək, bölmələrin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının bölməsinə nəzarət həyata keçirmək, əməyin təhlükəsizlik standartlarının hazırlanması, tətbiqi üzrə işlərə başçılıq etmək öhdəliyini öz üzərinə götürüb etməli, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını bilmək Təqsirləndirilən şəxs vəzifələri olmuşdur (i.v. 33-35). “Baxış keçirilməsi haqqında” 27 iyun 2025-ci il protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X7, Azərbaycan Respublikası CPM-nin 236-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində 1990-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qazıntı işləri görərkən elektrik naqilinin vurması nəticəsində xəsarət alması ilə bağlı təqdim olunan video görüntüyə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, saat 16:47 radəsində qeyd edilmiş video toplam 3:47 saniyədir. (Hadisənin baş verdiyi saniyə 0:43). Videoda 4 nəfər kişi cinsli usta yol təmiri ilə məşğul olarkən əynində qırmızı gödəkçə və qara rəngli şalvar olan usta qəfildən elektrik cərəyanı toqquşmasına məruz qalmış, ağlayaraq özünü yol kənarına atmışdır. Həmin şəxsə ətrafdakı insanların köməyi ilə ilkin tibbi yardım göstərimiş, həmin zaman ərazidə çoxlu sayda avtomobillər və avtobus olmuşdur. Lakin təcili tibbi yardım maşını görülməmişdir (i.v. 41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2025-ci il tarixli, 193 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən sonra xx.xx.2025-ci il tarixdə “X9” publik hüquqi şəxsinə müraciət etmiş və ona “Yanıq xəstəliyi. Başın tüklü hissəsinin, sifətin, hər iki qulaq seyvanlarının, boyunun, hər iki yuxarı və aşağı ətrafların dairəvi, gövdənin ön səthinin İİ-İİİ dərəcəli termiki alov yanığı - 42%. YTYY” diaqnozu qoyulmuşdur. Qeyd olunan termiki yanıqlar yüksək hərarətin (alovun) yerli təsirindən əmələ gəlmişdilər, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə elektrik naqilinin qısaqapanması nəticəsində baş vermiş alovun təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumillikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (i.v. 81-84). “Baxış keçirilməsi haqqında” 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində baş vermişdir. Baxış zamanı qazıntı işlərinin aparıldığı sahədə işlərin yekunlaşdığı və qazılmış hissənin üzərinin örtüldüyü müəyyən olunmuşdur. Heç bir maddi sübut götürülməmişdir (i.v. 87-89). "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-13097/2025 nömrəli məktubdan görünür ki, 88 saylı Yarımstansiyada açılma baş verdiyini və 744/TM 3700, 6 kV-luq kabel xəttinin zədələnməsi barədə məlumat verilmiş, əməkdaşları aparıcı mühəndis Şahid1 tərəfindən əraziyə baxış keçirilərkən qazıntı şirkəti tərəfindən kabel xəttinin zədələndiyi aşkar olunmuşdur. Həmin xəttin Yasamal RETSİ-nin balansında olduğundan kabel xətti təmir olunmuş, əhali və qeyri-əhali sektorunun elektrik enerjisinin verilişində fasilələrinin yaranmaması üçün elektrik verilişi dayandırılmamış və qazıntı aparan təşkilata həmin ərazidə kabel xəttinin olmasına dair məlumat verilmişdir (i.v. 92). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli, 10/4880 saylı rəydən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, Elektrik təhlükəsizliyi. Ümumi tələblər”. 12.1.019-79 DST-nə (Dövlət standartı)nın 3.4.1-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi ərazisində "xxxx" MMC tərəfindən qazıntı işlərinə başlanılmazdan əvvəl qazıntının aparılacaq traektoriyada 6 kV-luq yeraltı elektrik kabelinin keçməsi barədə məlumatın olmasına baxmayaraq, həmin elektrik xəttində elektrik enerjisi verilişinin dayandırılması təmin edilmədən qazıntı işlərinin aparılmasına yol verildiyinə görə, Elektrik təhlükəsizliyi. Ümumi tələblər”. 12.1.019-79 DST-nə (Dövlət standartının) 3.4.1-ci bəndinin tələbi həmin işlərin görülməsində təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələbləri pozulması halı müəyyən edilmir (i.v. 98-101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş 06 oktyabr 2025-ci il tarixli, 3-28-29/2-9462/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adi göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş xx.xx.2025-ci il tarixli, 1/4964 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib (i.v. 147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2025-ci il tarixli, 25/193 saylı əlavə rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza zamanı aşağıdakı xəsarətlər aşkar edildi: başın sol gicgah-alm, sol yanaq və boyun nahiyələrinin, hər iki qulaq seyvanlarının, gövdənin ön səthinin və hər iki yuxarı ətrafları, ümumi bədən səthinin 35-40% əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaralarından sonrakı piqmentasiya, çapıq toxumaları. Qeyd edilən xəsarətlər yüksək hərarətin (alovun) yerli təsirindən müayinədən 3-6 ay əvvəl əmələ gəlmişdilər; qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yanğın nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (i.v. 148-151). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 daxil olmuş xx.xx.2025-ci il tarixli, 4014 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (i.v. 152). Azərbaycan Respublikası Baş Prokurorluğununun “EPİS” informasiya sistemindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə qeydiyyat məlumatı yoxdur (i.v. 153). Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladları vardır (i.v. 183-184). "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən indiyədək "xxxx" MMC-də “Baş mühəndis” vəzifəsində işləyir. İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir. İşinin çox sevir. Bir sıra səmərəli təkliflərin müəllifidir. Vəzifəsini vicdanla və keyfiyyətlə yerine yetirir. Təqsirləndirilən şəxs cəmiyyətin ictimai həyatında fəal iştirak edir, yoldaşları arasında hörmət qazanmışdır. Xoşrəftar, təvazökar, siyasi cəhətdən savadlıdır (i.v. 185). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 186). Şəfəq MTK-dan alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (i.v. 189). “Sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona xx.xx.2025-ci il tarixdə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və başqa yerə getməmək haqqında qətimkan tədbirinin əsaslı hesab edilməklə qüvvəsində saxlanılması, iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs qismində verdiyi etiraf ifadəsi ilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, protokollar, təyin edilmiş ekspertiza rəyləri və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməllərində istintaq zamanı toplanmış materiallarda Azərbaycan Respublikası CMnin 222.2, 222.3, 314.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin rədd edilməsi və ona həmin maddələrlə ittiham verilməməsi, Şahid1 əməllərində Cinayət Məcəlləsinin hər hansı maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin rədd edilməsi, xx.xx.2025-ci il tarixli tərtib olunmuş təqrirlə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Əmək məcəlləsində nəzərdə utulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə araşdırma aparılması üçün inzibati materialın ayrılmasının nəzərə alınması, qərar barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır (i.v. 190-199). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, 1(004)-628/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tamamilə ödənilmiş, onun barəsində hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 162.1-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli (CPM-175), həmçinin ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “22 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “22 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “22 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar