Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-63/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1971-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, 5-ci Mədən küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,175 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 06 avqust 2021-ci il tarixdə saat 13:00-da ünvan 3 ünvanda yerləşən ləğv olunmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati binasının yanında Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən on ildir ki, narkotik vasitə aludəçisi olmaqla müxtəlif üsullarla narkotik vasitələr qəbul edir. Sonuncu dəfə 22 may 2013-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökm əsasında Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 11 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ilin sentyabr ayında isə cəzasının sonu ilə azad edilmişdir. 06 avqust 2021-ci il tarixdə səhər saatlarında bədənində kəskin ağrılar başladığından narkotik vasitə heroin qəbul etmək qərarına gəlmişdir. Odur ki, həmin tarixdə səhər saatlarında əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində içərisində “heroin” olan bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü alıb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq həmin ərazidə müəyyən şəxsi işlərini gördükdən sonra saat təxminən 12 radələrində piyada olaraq Tbilisi prospekti istiqamətinə yollanmışdır. Həmin tarixdə saat 13 radələrində isə o, ləğv olunmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati binasının yanında hərəkətdə olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə əldə etməyilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən üzərimdə narkotik vasitə daşıdığını etiraf edib onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində heroin olan bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də şəxsi əşyalarından yəni qəpik pullar, limon duzu, alışqan və siqaretdən başqa heç bir qanunsuz predmet aşkar olunmamışdır. Həmin əşyalar isə limon duzu istisna olmaqla özünə qaytarılmışdır. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində heroin olan bir ədəd qızılı rəngli siqaret kağızı bükümü isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, həmin şəxsi təxminən bir aydır ki, narkotik satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. O, sadəcə şəxsi istifadəsi üçün müştəri kimi 20 manat müqabilində bir büküm heroin almışdır. Həmçinin bildirmişdir ki, həmin şəxs təxminən 20-25 yaşlarında olan, orta bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxsdir. Bundan başqa onun xarici əlamətləri barədə heç bir məlumat xatırlamır. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2014-cü ildən, hazırda tutduğu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində 2020-ci il tarixdən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə cinayətkarlığa qarşı mübarizə aparmaq, cinayət törətmiş şəxslərin müəyyən edilərək tutulmasını təmin etmək, əməliyyat-axtarış tədbirləri həyata keçirmək və sair daxildir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması bağlı şöbəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin rəis müavininin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 06 avqust 2021-ci il tarixdə saat təxminən 13 radələrində Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 4 ünvanda yerləşən ləğv edilmiş Nəqliyyat Nazirliyinin inzibati binasının yaxınlığında yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın qarşısında hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elnur Məmmədov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddələrin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman “Prima” markalı siqaret, qəpik pullar və limon duzuna bənzər kütlə aşkar edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddə zərfə qoyularaq möhürlənmiş və ekspertiza aparılması üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatı əldə etməmişlər və bu barədə sonradan keçirilən əməliyyat tədbirləri nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07.08.2021-ci il tarixli, 6/3345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Amblator X1 08.12.2021-ci il tarixli, 4950 nömrəli rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 22.05.2013-cü il tarixli hökmü ilə AR CM-nin 234.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 12.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 08.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06.08.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 06 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 223,90 manat (iki yüz iyirmi üç manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,125 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı CD-R formatlı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-63/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-63/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver