Məhkəmə qərarları › İş №1(004)-630/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-630/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-630/2025 30.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 18-ci mkr., ev 29, mənzil 93-də qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar təşkil edən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,101 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib,üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 23:35 dəqiqədə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsi 75 ünvanında saxlanılmış və tutulduğu yerdə üzərinə RPİ-nin NMB-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,101 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün, müxtəlif vaxtlarda həmin maddələrdən istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri qəbul etməyi ona heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir, ‘vvəllər bir dəfə Nəsimi rayon məhkəməsi tərəfindən CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş,lakin elekton qolbaq ona tətbiq edilməmişdir. 03 avqust 2025-ci il tarixdə axşam saat 18 radələrində Kubinka adlanan ərazidən üzdən tanıdığı,lakin adını və şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pul müqabilində 1 ədəd bükümdə patımetamfetamin almış və ənyindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki,sonra istifadə etsin.Həmin günü axşam 23:35 radələrində Yasamal rayonu B.Məcidov küçəsi 75A ünvanında yerləşən tikintisi yarımçıq qalmış binanın yaxınlığında olarkən bu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Yasamal RPİ-nin NMB-nin əməkdaşları kimi təqdim edərək onun narkotik vasiətlərin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında şübhəli olduğunu bildirirək saxlamışlar və küçədə üzərini yoxlayacaqlarını bildirmişlər. Polis əməkdaşları üzərini video çəkliş vasitəsi ilə yoxlayacaqlarını bildirərək ona paltarında hər hansı bir qanunla qadağan olan əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da könüllü olaraq geyindiyi göy rəngli cins şalvarının sağ yan cibindən içərisində patı-metamfetamin olan bükümü çıxararaq təqdim etmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi maddənin nə olduğunu və haradan,hansı məqsədlə əldə etdiyini soruşduqda O, üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki maddənin metamfetamin olduğunu,həmin maddəni istifadə etmək məqsədilə axşam saatlarında Kubinka adlanan ərazidən 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir.Bundan sonra üzərindən aşkar olunmuş metamfetamin zərfə qoyularaq qablaşdırılmış, imzalarla təsdiq olunmuşdur.Bundan sonra onu polis əməkdaşları Yasamal RPİ-ə gətirmişlər.Burada xanım polis əməkdaşının iştirakı ilə üzəri bir daha yoxlanılmış,üzərindən qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Daha sonra polis idarəsinin inzibati binasında video çəkliş vasitəsi ilə saxlanılarkən polis əməkdaşları tərəfindən üzərinə yoxlanış aparılarkən çəkilmiş video çəkilişin aparıldığı diskə baxış keçirilmiş,daha sonra təqdim etdiyi və qablaşdırılmış narkotik vasitə psixotrop maddə olan zərf təhqiqatçı tərəfindən yenidən qablaşdırılmış və həmin maddə çəkisinin,tərkibinin müəyyən olunmasından ötrü ekspertizaya göndəriləcəyi barədə mənə ona verilmişdir. Daha sonra Polis İdarəsində olan zaman barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri «Mərkəz» vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, vəkillərin siyahısı ilə tanış olduqdan sonra maddi vəziyyətinin öz hesabına vəkil tutmağa imkan vermədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət eiişdirm. Bundan sonra isə vəkil Müdafiəçi1 iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, etdiyi bu əməldən çox peşmandır,polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir fiziki zor tətbiq edilməmiş, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2025-ci il tarixdə xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan,daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə O, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin günü saat 23:35-də ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs saxlanlıdığı yerdə video çəkilişdən istifadə etməklə ona üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif etmişlər.Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bu maddənin nə olduğu soruşduqda sonuncu həmin maddənin psixotrop maddə «metamfetamin» olduğunu,bu maddəni Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir.Əks cinsin nümayəndəsi olduğuna görə Təqsirləndirilən şəxs üzrinə baxış keçirilmədi və biz ona bizimlə birlikdə Yasamal RPİ-ə getməyi təklif etdik və O, bizimlə razılaşaraq RPİ-ə gəlmişdir.RPİ-nin TŞ-nin təhqiqatçısı Əli Məmmədovun xidməti otağında onların iştirakıyla,eləcə də Yasamal RPİ-nin YYÇPİTBnin inspektoru polis polkovnik-leytenantı Fərqanə Şərifova tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş,baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyri qanuni əşya predmet aşkar edilməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə oxşar maddənin qablaşdırıldığı zərf iştirakçılara bir daha təqdim edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair keçirilmiş tədbirin video görüntüsünü özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir.Bu barədə protokol tərtib edilmiş,protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.70-74); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 04 avqust 2025-ci il tarixli 6/2647 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 1,101 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Metamfetaminin təmiz çəkisi – 1,101 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,051 qram) (i.v.41-45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2026-cı il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir (i.v.79-89, 92- 93); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,051 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə maddi sübut növü kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (i.v.108-118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6361 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F 19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.106-107); Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş görüntülər 04 avqust 2025-ci il tarixdə qeydə alınır. Görüntü 08 dəqiqə 12 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçi Ə.Məmmədov özünü təqdim etdikdən sonra, Yasamal RPİ NMb-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1,polis leytenantı Şahid2 və Yasamal RPİ-nin YYÇPİTB-nin inspektoru polis polkovnik-leytenantı X2 və 08.091990-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan,daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs qızının iştirakları ilə təqdim olunan əşyaya baxışın keçirilməsi və götürülməsi prosessual istintaq hərəkətini həyata keçiriəcəyini bildirmiş,video çəkilişin davamında əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 03 avqust 2025-ci il tarixdə saat 23:35-də ünvan 2 ünvanda saxlanıldığını,könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni təqdim etdiyini,əks cinsin nümayəndəsi olduğuna görə üzərinə baxış keçirə bilmədiklərini xatırlatmış,daha sonra təhqiqatçı Ə.Məmmədovun sualına cavab olaraq Təqsirləndirilən şəxs otaqdakı polis əməkdaşlrı tərəfindən saxlanıldığını,2 ilə yaxındır ki,narkotik vasitələrdən istifadə etdiyini.əvvəllər məhkum olunduğunu,könüllü olaraq təqdim etdiyi 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminin Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra xanım polis əməkdaşı Fərqanə Şərifova tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Ə.Məmmədov əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına aid olan və RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən təqdim edilmiş video görüntü məlumatlarının əks olunduğu 01 ədəd diskə baxış keçirdikdən sonra çəkiliş başa çatmışdır. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.12-ci bəndində qadınlar; 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olan qadın olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.12-ci və 1.16-cı bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.12 və 1.16-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,051 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 1.12 və 1.16-cı bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,051 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 495 (dörd yüz doxsan beş) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar