Məhkəmə qərarları › İş №1(004)-637/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-637/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-637/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumuğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə 11 avqust 2025-ci il tarixdə, saat 11:04-də Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 86 ünvanında yerləşən yaşayış binanın qarşısı ilə piyada hərəkətdə olduğu zaman, Zərərçəkmiş şəxs yaşadığı həmin yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 128 nömrəli mənzilin eyvanından sonuncunun azyaşlı nəvəsinin əlindən binanın arxa hissəsində olan həyətə düşən Zərərçəkmiş şəxs məxsus bir ədəd 350 manat dəyərində «Oppo A58» markalı mobil telefonu və həmin mobil telefohun qoruyucu üzlüyünün arxa hissəsində olan 420 manat pulu yerdən toplayarkən eyvana çıxan Zərərçəkmiş şəxs həmin mobil telefonun və pulların özünə məxsus olmasını uca səslə bildirməsinə baxmayaraq bir ədəd 350 manat dəyərində «Oppo A58» markalı mobil telefonu və 420 manat pulu açıq yolla talayıb ələ keçirərək, cinayət əməlini başa çatdırıb hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 770 manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 avqust 2025-ci il tarixdə, saat 12:00 radələrində 19 nömrəli poliklinikaya getmək məqsədilə ünvan 3 ünvanında yerləşən yaşayış binasından çıxaraq binaların arası ilə piyada hərəkət etməyə başlamışdır. Yolda gedən zaman yerdə səpələnmiş vəziyyətdə ümumilikdə 340 manat məbləğində olan pul əskinazları və telefon görmüşdür. O, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra yerdə olan pulları toplamağa başlamışdır. Yerə düşən telefon sınıq olduğundan o, telefonu götürmədən səkinin üzərinə qoyaraq oradan uzaqlaşmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o heç kəsin pulunu oğurlamamış, həmin pulları yerdən tapmışdır. Həmçinin pulları götürən zaman onu görən və ya səsləyən heç kəs olmamışdır. Əgər kimsə onu səsləsə, o, həmin pulları qaytarardı. Bundan başqa onun ayağı xəstə olduğu üçün o qaça bilmir. Onun kiminsə pulunu götürüb qaçmaq niyyəti olmamışdır. Ona polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 avqust 2025-ci il tarixdə, təxminən saat 11:00 radələrində ünvan 4 ünvanında yerləşən mənzildə olduğu zaman azyaşlı qız nəvələri ona məxsus "Oppo A58" markalı mobil telefon ile oynayan zaman öz aralarında dalaşdıqları üçün nəvələrindən biri telefonunu pəncərədən həyətə tullamışdır. Həmin vaxt telefonunun arxasına qoyduğu kağız pul əskinazları da telefonla birlikdə yerə düşmüşdür. Daha sonra kiçik nəvəsi ona telefonunun pəncərədən yerə düşdüyünü xəbər vermiş, o isə dərhal pəncərəyə yaxınlaşaraq eyvandan həyətə boylanmışdır. Bu zaman o, tanımadığı bir nəfər kişinin mobil telefonu və telefonun qoruyucu üzlüyünün içərisində saxladığı 3 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 460 manat pulu yerdən topladığını görmüşdür. O, dərhal eyvandan həmin şəxsə səsləyərək mobil telefonun və pulların özünə məxsus olduğunu deyib onlara toxunmamasını bildirmiş, həmin şəxs isə başını qaldırıb yuxarı baxsa da, ona məhəl qoymadan dərhal pullarını və mobil telefonunu götürüb qaçaraq oradan uzaqlaşmışdır. O, mənzildən çıxıb həyətə endikdə isə artıq həmin şəxs pulları və mobil telefonunu götürüb hadisə yerindən qaçmışdır. Hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat verildikdən sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Onun yerə düşən pulları 460 manat olsa da, o, oğurlanan pulların məbləğini 420 manat olaraq, mobil telefonun dəyərini isə 350 manat qiymətləndirmiş və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 86 saylı binanın qarşısıdır. (i.v. 9-12) “Diskə baxış keçirilməsi haqqında” 03 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskin içərisində iki ədəd video görüntü vardır. Həmin video görüntülərdə xx.xx.2025-ci il tarixdə, saat 11:04-də əynində ağ rəngli köynək (köynəyin sol qolu qara zolaqlı) olan, saçının rəngli ağ olan, orta yaşlı, hündür boylu bir nəfər şəxsin binanın arxası ilə piyada hərəkət edən zaman anidən geri dönməsi, 5-6 metr qaçaraq yerdən dəfələrlə əşya və ya predmet toplaması, başını yuxarı qaldırıb kiminləsə söhbət etmesi, sol əli ilə yolu işarə etməsi müşahidə edilir. (i.v. 15) “İfadənin yerində yoxlanılması haqqında” 08 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. ifadənin yerində yoxlanılması haqqında protokol tərtib olunaraq və 02 ədəd foto şəkil çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 100- 102) “Sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 117-123) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, 11 avqust 2025-ci il tarixdə, saat 11:04 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının arxası ilə piyada hərəkət edən zaman yerdə iki ədəd 100 manatlıq əskinaz, 01 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinazları görmüş və onları götürmək üçün aşağı əyilən zaman bir ədəd markası və modelini bilmədiyi, sınmış və istifadəyə yararsız vəziyyətdə olan mobil telefon görmüş, həmin mobil telefonu və pulları yerdən toplayaraq oradan uzaqlaşmış, bir qədər getdikdən sonra isə həmin mobil telefonun sınmış və istifadəyə yararsız vəziyyətdə olduğuna əmin olduğu üçün yol kənarına, səkinin üzərinə ataraq yaşadığı ünvana getmiş, yerdən topladığı pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, 28-ci Polis Şöbəsində olarkən cinayət işi üzrə Zərərçəkmiş şəxs gördükdə polis Əməkdaşlarına həmin qadının hadisə vaxtı eyvanda ona nə isə deyən şəxs olmasını demişdir. Həmçinin təqsirləndirilən şəxs Karimov Mehman Cəbrayıl oğlu xx.xx.2025-ci il tarixli ifadəsində göstərmişdir ki, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, 11 avqust 2025-ci il tarixdə, təxminən saat 11:04 radələrində o, ünvan 3 ünvanında yerləşən yaşayış binasının arxası ilə piyada hərəkət edən zaman yerdə 420 manat pulun görmüş və onları götürmək üçün aşağı əyilən zaman bir ədəd markası və modelini bilmədiyi, sınmış və istifadəyə yararsız vəziyyətdə olan mobil telefon görüb həmin mobil telefonu və pulları yerdən toplamış, həmin vaxtı o, yaşayış binasının səkkizinci mərtəbəsində bir nəfər qadının eyvandan ona nə isə deməsini eşitmiş, lakin heçnə başa düşməyib oradan uzaqlaşmış, o, bir qədər yol getdikdən sonra həmin mobil telefonun sınmış və istifadəyə yararsız vəziyyətdə olduğuna əmin olduğu üçün hazırda xatırlamadığı ərzidə yol kənarına, səkinin üzərinə atarq yaşadığı ünvana getmiş, yerdən topladığı 420 manat pulu isə daha sonra şəxsi ehtiyaclarına xərcləmiş, sonradan polis əməkdaşları tərəfindən saxlanılmış, 28-ci Polis Şöbəsində olarkən cinayət işi üzrə Zərərçəkmiş şəxs gördükdə polis əməkdaşlarına həmin qadının hadisə vaxtı eyvanda ona nə isə deyən şəxs olmasını demişdir. İstintaq zamanı 420 manat maddi ziyan Zərərçəkmiş şəxs ödəmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ilkin izahatında həmin pulun məbləğini səhvən 230 manat olaraq qeyd etmiş, o, 420 manat pul götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. (i.v. 104-106) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu çağırmasının eşitməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsi və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 04 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə tutulmuşdur. (i.v. 44) “Qətimkan tədbirinin seçilməsi barədə” 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay azadlığın məhdudlaşrılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Yasamal rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.5 və 7 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib və üzərindən məhkumluğu götürülüb. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilib. xx.xx.2023-cü ildə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılıb.Hərbi Dəniz Qüvvələr Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tqəsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 82-84) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 27 noyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 63.3-ci maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 03 dekabr 2025-ci il tarixdən hesablanmalı, 04 sentyabr 2025-ci il tarixdən 06 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı (CM 69.3), onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 03 dekabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 sentyabr 2025-ci il tarixdən 06 sentyabr 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 dədə DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar