Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-638/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Qanunçuluq” vəkil bürosunun vəkili X8 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Yasamal dağüstü qəbristanlığın»da ölmüş şəxslərin meyitlərinin basdırılması üçün etik, sanitariya və ekoloji tələblərə uyğun olaraq ayrılan torpaq sahəsində fəhlə kimi qəbirləri qazarkən meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq, tamah niyyəti ilə X1 1963-cü ildə ölmüş dayısı Anatoli Dudrova məxsus meyitin kəllə sümüyünün ağız nahiyəsində olan 05 ədəd 5,05 qram çəkidə cəmi 700 manat dəyərində və 04 ədəd 3,85 qram çəkidə cəmi 520 manat dəyərində qızıl dişləri gizli yolla talayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X2 ümumilikdə 1220 manat maddi ziyan vurmaqla qəbir və meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 18 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Yasamal dağüstü qəbristanlığın»da ölmüş şəxslərin meyitlərinin basdırılması üçün etik, sanitariya və ekoloji tələblərə uyğun olaraq ayrılan torpaq sahəsində fəhlə kimi qəbirləri qazarkən meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq, tamah niyyəti ilə X5 1975-ci ildə ölmüş bibisi Aleksandra Osipovaya məxsus meyitin kəllə sümüyünün ağız nahiyəsində olan 01 ədəd 1 qram çəkidə 150 manat dəyərində qızıl dişi gizli olaraq talayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X7 150 manat maddi ziyan vurmaqla qəbir və meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, kimsə rəhmətə gedəndə qəbir yerini müəyyənləşdirmək üçün bələdiyyəyə müraciət edirlər. Bələdiyyənin nümayəndəsi həmin qəbir yerinə baxdıqdan sonra onları qəbir qazmaq üçün çağırıblar. Köhnə qəbirlərdən birini qazarkən qızıl dişləri çənəsindən görüb götürüb və satıb, 700 manat pul alıb. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ümumi dəyən 1220 manat ziyanı ödəmişdir. İkinci epizodda isə köhnə qəbri qazarkən qızıl diş tapmışdır və onu da satıb 120 manat pul alıb. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 dəyən ziyanı ödəmişdir. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı ödədiyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 Zülfi oğlu ifadəsində göstərmişdir ki, bu hadisədən cinayət işi ilə bağlı Nəsimi RPİ-yə çağırılanda xəbəri olub. Elvin qəbirstanlıqda təmir, təmizlik kimi günəmuzd işlərlə məşğul olan fəhlə idi. Həmin ərəfədə bir rus qadın oğlu ilə birlikdə gələrək bir qohumunun, deyəsən, yoldaşının rəhmətə getdiyi barədə sənədləri təqdim edərək onun köhnə qəbir yerində dəfn edilməsi barədə göstəriş vermişdir. Qanun onlara icazə verir ki, əgər şəxsin ölümündən 25-30 il keçibsə, onun yaxın qohumları qəbir açılaraq onun qəbrinə dəfn edilə bilər. Elvin qəbri qazanda qızıl tapıb və onu Moskva univermağında satıb, daha sonra o polis tərəfindən həbs edilib. Əvvəllər belə bir işlə məşğul olub-olmaması ona məlum olmayıb. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Moskva univermağında dükan işlədir. Özü toyda olduğu üçün dükanda yerinə başqa bir tanışı Rasifi qoymuşdur. Elvin adlı şəxs dükana gələrək diş qızılını satıb. Sonra ona polis idarəsindən zəng gəlib və oğurluq diş qızılı aldığı deyilib, həmin diş qızıllarını da gətirərək polis idarəsinə gəlməyi tapşırılıb, aparıb qızılları polis idarəsinə təhvil verib. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Elvini tanımır, ondan bir dəfə diş qızılı almışdır. Tarix yadında deyil, lakin iş yerində olan kitabçada qeyd etmişdir. Təxminən 800 manata almışdır, bitişik 4-5 diş idi, 875 əyyar qızıl idi. Nağd pulla almışdır. Diş qızılını haradan aldığı barədə soruşmayıb. Düşünüb ki, yəqin qohumunun diş qızılı olar. Oğurluq olduğunu bilmirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamamışdır, heçnəyi görməmişdir. Polis İdarəsində də Elvinlə necə tanış olmuşdur onu deyib. Həmin gün atası vəfat etmişdi və onlar da qəbirstanlıqda qəbir üçün yer danışıblar, yer təyin olunandan sonra oradan gediblər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bu hadisə barədə təxmini eşitmişdir. Elvinlə aralarında dayıoğli-bibioğlu kimi qohumluq var. Elvin qəbirstanlıqda fəhləliklə məşğul olur, qəbir qazır. Onun qəbrlərdən qızıl dişləri oğurladığını bilmirdi, o tutulandan sonra bu hadisədən xəbər tutub. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əslən rus olsa da, Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan dilində təhsil almış və latın qrafikası ilə sərbəst yazıb-oxumağı bacarır. İfadəsinin Azərbaycan dilinin latın qrafikası ilə yazılmasına etiraz etmir. Uzun müddətdir ki, tək yaşayır. Yaxın qohumlarını xeyli müddətdir ki, itirmişdir. Belə ki, dayısı Anatoli Dudrov onun 5 yaşı olan zaman 1963-cü ildə vəfat etmişdir. Həmin dayısı Anatolinin ondan başqa yaşayan yaxın qohumu yoxdur. Onda olan məlumata görə dayısı Anatoli Yasamal rayon qəbiristanlığında dəfn olunmuşdur. O, hər il gedib dayısının məzarını ziyarət etmişdir. 04 aprel 2025-cı il tarixdə onunla qonşuluqda Yulia adlı qız vəfat etmişdir. Həmin şəxs onunla qonşuluqda yaşadığından onların ailəsi ilə yaxın münasibəti vardır. Ona görə də, Yuliyanı basdırmaq üçün yer olmadığından o, təklif etmişdir ki, dayısının köhnə qəbiri vardır. Yuliyanın anası onunla yaxın rəfiqə olduğundan o, icazə vermişdir ki, dayısının Yasamal rayon qəbiristanlığında olan məzarının üzərinə qızı Yuliyanı basdıra bilər. Onlar xx.xx.2025-ci il tarixdə Yuliyanın anası olan Nadiya ilə birlikdə Yasamal rayon qəbirtanlığına gedərək oranın rəhbərliyinə dayısının məzarında yeni cəsəd basdırmağı xahiş etmişlər. Onlardan müvafiq sənədləri tələb etdikdən sonra və dayısının məzarının köhnə olduğunu bildikdən sonra buna razılıq vermişlər. Lakin onun razılığına əsasən dayısının qəbiri sümüklər görünənədək qazılmalı, həmin sümüklərə toxunmadan onun üzərində Yuliya dəfn olunmalı imiş. O, qəbiristanlığın işçilərinə dayısının məzarını göstərdikdən sonra oranı tərk etmişdir. Lakin dayısının məzarından hər hansı əşyanın götürülməsini onlara icazə verməmişdir. Hal-hazırda isə ona məlum olmuşdur ki, qəbiri qazan Təqsirləndirilən şəxs adlı şəxs onun dayısı Anatoli Dudrovun cəsədində olan kəllə sümüyündən qızıl dişləri çıxarıb satmışdır. O, qəbiri qazan fəhləyə köhnə cəsədə toxunmaq və onun sümüklərini tərpətmək barədə razılıq verməmiş, həmin fəhlə ona qəbiri köhnə cəsəd görsənənədək qazacağını, sonra isə yeni cəsədi onun üstünə basdıracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əslən rus olsa da, Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan dilində təhsil almışdır və latın qrafikası ilə sərbəst yazıb-oxumağı bacarır. İfadəsinin Azərbaycan dilinin latın qrafikası ilə yazılmasına etiraz etmir. Ailə üzvləri oğlu Şahid1 və yaxın zamanda rəhmətə gedən həyat yoldaşı Gennadi İzmayılovdan ibarətdir. Yoldaşı xx.xx.2025-ci il tarixdə onkoloji problemi olduğu üçün rəhmətə getmişdir. Onlar həmin gün Yasamal rayon qəbistanlığına gedərək həyat yoldaşını basdırmaq üçün yer istəmişlər. Ümumiyyətlə onların qohumlarının orada qəbir daşları olmuşdur. Həmin qəbiristanlıqda onlara məxsus ərazi vardır. Qəbirstanlıqdan onlara məxsus olan ərazidə qəbir basdırmaq üçün yer olmadığını demişlər. Onun bibisi olan Osipova Aleksandraya məxsus qəbir də orada yerləşir. Həmin şəxs 1975-ci ildə rəhmətə getmişdir. Bildiyinə görə həmin şəxsın məzarında kəllə sümüyündə bir ədəd qızıl diş olmuşdur. Onlar razılaşmışlar ki, qəbiristanlıqda yer olmadığından həmin bibisinin qəbiri qazılsın və onun üzərinə ərinin cəsədi basdırılsın. Bunun müqabilində qəbiristanlıqda işləyən fəhləyə 350 manat pul vermişlər. Razılaşmaya görə həmin fəhlə köhnə qəbiri qazmalı, cəsədin sümüklərinə toxunmadan yeni cəsədi orada basdırmalı imiş. Həmin fəhlə də onunla razılaşmışdır. Bundan bir neçə saat sonra onlar ərinin cəsədin gətirib həmin qazılmış qəbirdə basdırmışlar. Hal-hazırda isə ona məlum olmuşdur ki, qəbiri qazan Təqsirləndirilən şəxs adlı şəxs onun bibisi Osipova Aleksandranın cəsədində olan kəllə sümüyündən 01 ədəd qızıl dişləri çıxarıb satmışdır. Qəbiri qazan fəhləyə köhnə cəsədə toxunmaq və onun sümüklərini tərpətmək barədə razılıq verməmiş, həmin fəhlə ona qəbiri köhnə cəsəd görsənənədək qazacağını və sonra isə yeni cəsədi onun üstünə basdıracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu «Memar Əcəmi» metrostansiyası yaxınlığında yerləşən «Moskva» Univermağında səyyar qaydada qızılın alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Univermağa gələn müştəriləri müvafiq olaraq lazım olan obyektlərə yönləndirib həmin obyektlərdən müvafiq olaraq qazanc kimi pul əldə etmişdir. Şahid4 tanımış, sonuncu ilə aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. Əbil Univermaqda icarə əsasında işlətdiyi obyektdə qızılın alqı-satqısı ilə məşğul olmuşdur. 20 aprel 2025-ci il tarixdə saat 18 radələrində Şahid4 onda xahiş etmişdir ki, işləri ilə bağlı təcili çıxmalıdır, mümkündürsə onun əvəzinə obyektdə 1-2 saat durum və sonradan obyekti bağlasın. Əvvəllər də bir neçə dəfə Əbilin işlətdiyi obyektdə qaldığı üçün onunla razılaşmış və Əbil çıxıb getmişdir. Həmin gün saat 19 radələrində o, obyektdə olan zaman bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs obyektə gəlib qızıl diş satdığını demişdir. O, həmin qızıl dişi götürüb elektron tərəzi vasitəsilə ölçdükdə 1 qram çəkidə olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs həmin qızıl dişə görə 150 manat verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da razılaşmışdır. Orada o, Təqsirləndirilən şəxs qızıl dişi haradan əldə etməsini soruşmamış, düşünmüşdür ki, yəqin özünə və ya ailə üzvlərinə məxsus olar. Təqsirləndirilən şəxs qızıl dişi 150 manata ala biləcəyini dedikdə, sonuncu razılaşmış və o, bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrələrini obyektdə olan qeydiyyat kitabına yazmış və həmin kitabda xüsusi qrafada Təqsirləndirilən şəxs imza etdirib sonuncunun mobil telefon nömrəsini yazmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs 150 manat pul vermiş və qızıl dişi almışdır. Təqsirləndirilən şəxs da çıxıb getmişdir. Həmin vaxt o, Əbilə bu barədə məlumat verməmiş, çünki qızıl dişi piştaxtaya qoymuş, həmçinin qeydiyyat kitabında müvafiq qeyd apardığı üçün növbəti gün Əbilə bu barədə məlumat verməyi qərara almışdır. Sonradan isə o, obyekti bağlayıb çıxıb getmişdir. Növbəti gün, yəni 21 aprel 2025-ci il tarixdə Əbil ona zəng vurduqda 20 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsdən aldığı qızıl dişin oğurluq olmasını öyrənmiş və Əbilin deməsi əsasında polis bölməsinə gəlib orada izahat vermişdir. O, Təqsirləndirilən şəxs qızıl dişi haradan əldə etməsini soruşmamış, düşünmüşdür ki, yəqin ailə üzvlərinə məxsus olar. Həmçinin Təqsirləndirilən şəxs qızıl dişi alan zaman bununla bağlı müvafiq qeydiyyatını aparmışdır. Onun Təqsirləndirilən şəxs Univermaqda başqa kiməsə qızıl diş satmasından məlumatı olmamışdır. O, aldığı dişin oğurluq olmasını bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 5,05 qram çəkidə qızıl dişləri 700 manata Şahid6 satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 3,85 qram çəkidə qızıl dişləri 520 manata Şahid6 satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 1 qram çəkidə qızıl dişi 150 manata “Rubin Jewelery” mağazasına satılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hərəkətləri yalnız özgə əmlakının gizli talanmasına yönəlməmiş, eyni zamanda meyit üzərində hörmətsiz və alçaldıcı xarakter daşıyan davranışlarla müşayiət olunmuşdur. Meyitin kəllə sümüyünə müdaxilə etməklə, dişlərin çıxarılması, dəfn edilmiş insan qalıqları üzərində manipulyasiya aparılması öz mahiyyətinə görə ölülərə hörmət prinsipinə, cəmiyyətdə formalaşmış mənəvi dəyərlərə və ictimai əxlaq normalarına açıq-aşkar zidd olmaqla, qəbir və meyit üzərində təhqiredici hərəkətlər kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi formal tərkibli cinayət olmaqla, həmin cinayətin başa çatması üçün hərəkətlərin təhqiredici xarakter daşıması kifayətdir və əlavə zərərli nəticələrin baş verməsi tələb olunmur. Təqsirləndirilən şəxs hərəkətlərinin meyit üzərində törədildiyini və onların cəmiyyətin mənəvi dəyərlərinə zidd olduğunu dərk etmiş, buna baxmayaraq, onları bilərəkdən icra etmişdir ki, bu da onun birbaşa qəsdlə hərəkət etməsini təsdiq edir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri mövcuddur və onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri yalnız oğurluğun törədilmə üsulu kimi qiymətləndirilə bilməz, çünki meyit üzərində törədilmiş təhqiredici hərəkətlər Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə mühafizə olunan müstəqil ictimai münasibətlərə – ölülərə hörmət və qəbir yerlərinin toxunulmazlığına zərər vurmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59 və 60-cı maddələrinin tələblərini rəhbər tutaraq törədilmiş əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları hərtərəfli qiymətləndirmişdir. Məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, ailəli şəxsdir, himayəsində iki azyaşlı övladı vardır, daimi yaşayış yeri və sosial bağlılıqları mövcuddur. Zərərçəkmiş şəxslər məhkəməyə təqdim etdikləri ərizələrində təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmiş, onun ciddi cəzalandırılmasını istəməmişlər. Bu hallar AR CM-nin 59-cu maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə eyni zamanda nəzərə alır ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər formal olaraq cinayət tərkibi yaratsa da, iş üzrə müəyyən edilmiş konkret hallar, vurulmuş maddi ziyanın nisbətən az olması, zərərçəkmişlərin barışdırıcı mövqeyi, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini zəruri etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması və yenidən cinayət törətməsinin qarşısının alınması məqsədilə ona cəmiyyət üçün təhlükəli olmayan, lakin tərbiyəvi təsir göstərən cəzanın təyin edilməsi kifayət edəcəkdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan, onun davranışına nəzarət və sosial mühitdə qalmaqla islah olunmasına yönəlmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin olunan cəzalar törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin konkret hallarına uyğundur, ədalət, humanizm və cəzanın fərdiləşdirilməsi prinsiplərinə cavab verir, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunmasına və gələcəkdə yeni cinayət törətməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziya ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2026-cı il tarixli məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Barışıq əldə olunmuşdur. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin hüquqi varislərinin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur, onunla barışmışdırlar. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2020-ci təvəllüdlü X14 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli və himayəsində 2 uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-cü il tarixdə tutulmuş, bundan sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, barəsində xx.xx.2025-ci il tarixədək müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bundan sonra 22 iyul 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxs ümumilikdə 3 (üç) ay həbsdə və ev dustaqlığında olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 245-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 245ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş islah işləri cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs qəbir üzərində təhqiredici hərəkətlər edərək gizli olaraq talayıb “Moskva” univermağında satması barədə tərtib olunmuş qəbzlər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd qızıl diş zərərçəkmiş şəxsin hüquqi varisi X4ytarılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349;351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət (1 gün həbsdə (ev dustaqlığında) olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə istintaq orqanına təqdim edilən bir ədəd qızıl diş zərərçəkmiş şəxsin hüquqi varisi X4ytarılsın. İş üzrə maddi sübut kimi tanınmış qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Qanunçuluq” Vəkil Bürosunun vəkili X9 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Qanunçuluq” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-638/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-638/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver