Məhkəmə qərarları › İş №1(004)-64/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-64/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-64/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə 15:30 radələrində ictimai yer olan ünvan 1 ünvanda yerləşən “Hüseyn” marketin qarşısında nar şirəsi satmaqla məşğul olarkən həmin marketdə satıcı işləyən X4 ona marketin qarşısına gələn avtomobillərin sürücülərinə avtomobillərinin marketin qarşısında saxlanılmasına icazə verilməməsi barədə xəbərdarlıq etməsini xahiş etdikdə sonuncuya nəzarətçi olmadığını deyərək mübahisə etmiş, daha sonra o, marketin içərisinə gələrək ucadan səs-küy salıb ictimai qaydanı pozuaraq cəmiyyətdə insanlar arasında ümumqəbul olunmuş əxlaq normalarına zidd olaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə X2 yaxasından əlləri ilə yapışıb əlbəyaxa olaraq zor tətbiq etməklə hədələyərək bir dəfə yumruqla sağ göz yuvası nahiyəsinə qəsdən vuraraq sağ göz yuvası nahiyəsinin qançırı və konyuktiva qişası altında qansızması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun bir az yaşlı övladı vardır. 2022-ci ilin okyabr ayında atası Şahid Bakı şəhəri Yasamal rayonu N.Hikmət küçəsində yerləşən “Hüseyn” marketin qarşısında nar şirəsinin satışı ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə atası Şahid namaz qılmaq üçün evə getməli olduğuna görə ondan qısa müddət onun yerində dayanmasını xahiş etmişdir, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində atası Şahid yerində dayanan zaman “Hüseyn” marketdə satıcı işləyən Elnur marketdən çıxaraq marketin qarşısında avtomobil saxlayan şəxslər haqqında kobud danışmışdır. Daha sonra isə ona “nə üçün avtomobillərin marketin qarşısında saxlamasına icazə verdiyini, bu zaman ona avtomobillərin marketin qarşısında saxlamasına nəzarət etmədiyini deyərək cavab vermişdir. Avtomobilini marketin qarşısında saxlayan müştəri marketə daxil olduğu üçün Elnur da marketə girmişdir, müştərini yola saldıqdan sonra onu marketin içərisinə çağırmışdır. İlk öncə getmək istəməmiş, lakin Elnurun onunla danışıq tərzi xoşuna gəlmədiyi üçün marketin girişinə getmişdir. Marketin girişə gələn kimi Elnur onun yaxasından tutaraq onu marketin içərisinə salmışdır. Ondan yaxasını buraxmasını istəsə də, Elnur onu dartışdırmağa davam etmişdir. Əsəblərini cilovlaya bilməyib Elnura bir dəfə yumruqla sifətinin sağ tərəfindən vurmuş, sonra Elnur Həşimov onu yenidən tutaraq dartışmağa başlamışdır, yerdə olan zaman atası Vahid marketə daxil olmuş və onları ayırmış və ona əsəbiləşərək onui marketdən çıxarmışdır. Bundan sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra Elnur onun mobil telefonuna ismarıcla bir neçə dəfə nalayiq ifadələr yazaraq onu yenidən təkbətək dalaşmağı təklif etmişdir, o, isə buna məhəl qoymayaraq Sabirabad rayonuna getmiş, sonra isə Rusiya Federasiyasına getmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, o, Yasamal rayonu, N.Hikmət küçəsi 10 ünvanında yerləşən “Hüseyn” marketdə satıcı kimi çalışır. Müdiriyyət tərəfindən mağazanın qarşısında avtomobil saxlamağa icazə verilmir ki müştərilər gəldikdə avtomobillərini rahat saxlaya bilsinlər. Mağazanın qarşısında yaşlı Vahid adlı kişi isə nar şirəsi satışı ilə məşğul olur, hətta Vahiddən də orada avtomobillərin saxlanılmasına icazə verməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində mağazanın qarşısına çıxanda Vahidin yerində cavan içəriyə daxil olmuşdur. Müştərini yola salmaq üçün piştaxtanın arxasına keçdikdən sonra adını «Ağa Zaur» kimi bildiyi və sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs, yəni Vahidin yerində dayanan şəxs içəriyə daxil olaraq onu çağırmışdır. O, piştaxtanın arxasından çıxıb onun qarşısında mağazanının girişində dayanmışdır. Nə baş verdiyini soruşanda, niyə yekə-yekə danışdığını bildirmişdir. Ona yeke-yekə danışmadığını deyəndə həmin şəxs onun yaxasından tutaraq dartmağa başlamışdır. Onun əllərini ayırıb işdən çıxdıqdan sonra söhbət edərik deyib içəriyə qayıdanda o arxasından yumruqla sifətinin sağ tərəfindən vuraraq ona xəsarət yetirmiş, yumruğun təsirindən ağrıdan bir neçə dəqiqə üzünü tutmuşdur. Özünə gəldikdən sonra Vahid içəriyə daxil olaraq nə baş verdiyini soruşmuşdur. O da, Vahidə Zahidin yumruqla onu vuraraq qaçıb getdiyini bildirmişdir. X3 olduğunu öyrənmiş və adını ona Ağa Zaur kimi təqdim etmişdir. Zahidi birinci dəfə hadisə günü görmüş və əvvəlllər aralarında heç vaxt sözlü mübahisə və ya münaqişə olmamışdır. Zahidlə aramızda sözlü mübhisə təxminən 4-5 dəqiqə davam etsə də, Zahidin onu vurması bir anlıq olmuşdur. Zahidin onu yumruqla gözləmədiyi bir anda vurmuşdur. Hadisə zamanı marketdə Zahid və özündən başqa heç kim olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 29 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanması haqqında qərardan” görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işibaşlanmışdır. (İ./V 01) 30 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqında protokolundan” və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən “Hüseyn” marketdə baş vermişdir və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərir. (İ./V 7-9). 9 sentyabr 2023-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs yuxarıda göstərilən ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək hadisə vaxtı sonuncu onun sifət nahiyəsinə yumruq zərbəsi vuraraq xəsarət yetirdiyini təsdiq etmişdir. (İ/V. 76-79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2022-cu il tarixli, 1146 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ göz yuvası nahiyəsinin qançırı və konyuktiva qişası altında qansızına küt əşyanının təsirindən törənmiş, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.(İ/V. 15-16). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (İ/V. 28). “Cinayəti törətməkdə şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində şübhə edilən Təqsirləndirilən şəxs istintaqdan yayındığından və gizləndiyindən tutulması üçün barəsində xx.xx.2023-cii il tarixdə axtarış elan edilmiş və həmin tarixdə də cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 9 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN NBPİ-də saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmiş Yasamal RPİ 28-ci PŞ-nin əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirildiyindən həmin tarixdə də tərəfimdən cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 97-98). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 99-100). İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (İ/V. 80). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 15 dekabr 2023-cü il tarixli təcili teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək həmin əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-539/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 7 noyabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar