Məhkəmə qərarları › İş №1(004)-643/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-643/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-643/2025 12.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Filadelfiya” restoranında aşbaz işləyən, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu, Həsən Məcdiov küçəsi ev 5A, 16 nömrəli mənzilin mətbəxində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ əlin İ-İİ barmaqarası sahənin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, hadisədən əvvəl onların ailəvi problemləri var idi. Yoldaşı ona xəbər vermədən uşaqların məktəbini dəyişmişdi, işə düzəlmişdi. O da ona onu da xəbərdar etməsini, ona hörmət qoymasını xahiş etmişdir. Ona demişdir ki, əgər ona hörmət qoymursa, boşansınlar və istədiyi kimi həyatını yaşasın. O, Yasamal rayonu ərazisində yaşamaqlarına baxmayaraq “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında bir məktəbdə bədən tərbiyəsi müəllimi kimi işə düzəlmişdi. Onda ona 2 gün vaxt verdiyini, ona işdən ayrılmasını söyləmiş, çünki uşaqlara, evə baxmaq lazımdır. 2 gün sonra ondan işdən ayrılıb-ayrılmadığını soruşub. Onu nəinki vurmaq heç nəsə söz demək də mümkün deyil, nəsə dedikdə də səsini qaldırırdı. Ona yaxınlaşmamışdan qabaq telefonda səsyazısını açmışdır, 29 dəqiqəlik səs yazısı var, lazım olsa məhkəməyə də təqdim edə bilər. O, həmin vaxt onu vurmaq istəmiş, çünki onu affekt vəziyyətinə çatdırmışdı, lakin uşaqlar yanına gələrək vurmamağını deyiblər, o da vurmayıb. Bu proses 10 saniyə çəkib. Yekunda o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə oktyabr ayında baş verib, onlar 16 ildir ki, ailələlidir və dəfələrlə onu ölümlə hədələyib, vurub. Lakin o, hər dəfə günahı özündə görürdü. Uşaqlar böyüdükcə bu hadisələr onların psixologiyasına təsir edirdi. O, məktədə müəllimə kimi işləmək üçün imtahan vermişdi, buna görə onu yenə hədələdi və o, bu barədə yoldaşının anasına dedi. Həmin gündən sonrakı gün o, mətbəxtdə olarkən yanına gələrək uşaqların məktəbini niyə dəyişdiyini soruşdu və o özü, Orxana onsuz da uşaqlarla maraqlanmadığını və buna görə də bu barədə özünün qərar qəbul etdiyini dedi. Bu məsələrlə bağlı o, həmişə yoldaşının ata-anası ilə məsləhətləşir, çünki Orxan ailə məsələlərinə qarşı həmişə məsuliyyətsiz olub. O, 5 qat Azərbaycan Çempionudur, cüdoçudur. Mübahisələri zamanı özünü müdafiə edib, lakin bu dəfə edə bilmədi, onu vurdu, saçını yolurdu, uşaqlar araya girib müdaxilə etməyə çalışırdılar, bu zaman onu itələdiyi üçün yerə, soyuducuya dəymişdi. Bu hadisələrə övladları da şahid olmuşdur. Bu hadisələrlə bağlı onun valideynlərinə də məlumat vermişdi, lakin heç kim ona sahib çıxmadı. Uşaqlarının istəyi ilə polisə müraciət etdi və düşündü ki, uşaqları böyüyür. Hazırda artıq təqsirləndirilən şəxslə barışdığını, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 935 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ əlin İ-İİ barmaqarası sahənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar