Məhkəmə qərarları › İş №1(004)-646/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-646/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-646/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində "başqa yerə getməmək iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi Bajaj markalı Pulsar NS 160 modelli mühərrikinin həcmi 160 m3 olan 99-E-697 dövlət qeydiyyat nişanlı motosikletlə Yasamal rayonu, D.Bünyadzadə küçəsi ilə üzü Əsəd Əhmədov küçəsi istiqamətində 25 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Dadaş Bünyadzadə küçəsi 15 ünvanda yerləşən “Yasamal Mall” ticarət mərkəzinin yaxınlığında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncuya ehtiyasızlıqdan sol baldır sümüklərinin yerdəyişmiş qapalı sınığı, alının sıyrığı, sol qaşüstü nahiyənin şişkinlik halında əzilməsi, sağ gözün ağlı qişasında qansızma, sol gözətrafı nahiyənin və sol bazunun qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmiş və hadisədən sonra zərərçəkmişə yardım göstərmədən həmçinin müvafiq dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, kuryer işləyir və təxminən 3 ildir ki, motosiklet idarə edir, heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. 05 noyabr 2024-cü il tarixdə idarə etdiyi motosikletlə yemək sifarişlərinin çatdırılması məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ilə üzü Əsəd Əhmədov küçəsi istiqamətində hərəkətdə olarkən "Yasamal Mall" Ticarət Mərkəzinin yaxınlığında yolun bordürə yaxın olan sağ hərəkət zolağında 25 km/saat sürətlə hərəkətdə olan zaman onun qarşısına qəflətən piyada çıxmışdır. Piyada onun qarşısına anidən çıxdığı üçün o, motosikleti dayandıra və ya sola doğru çəkə bilməmiş və onlar toqquşmuşlar. Həmin toqquşma nəticəsində piyada və o yıxılmışlar. Sonra o ayağa qalxmış və vurulan piyadanın ətrafına kənar şəxslərin toplaşmasını görüb həyəcanlanaraq özünü itirmişdir. Bu səbəbdən o, piyadaya yaxınlaşaraq özünü təqdim etməmişdir. Daha sonra təcili yardım gələrək piyadanı aparmışdır. O, piyadanın aparıldığı xəstəxana barədə məlumat əldə edə bilməmişdir. Hadisə yerində olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onun anket məlumatlarını və nömrəsini götürərək əlaqə saxlayacağını bildirmişdir. Hadisə baş verdiyi zaman o özündə olmamış, təcili yardım piyadanı apardıqdan sonra o da motosikletinə minərək qardaşına zəng edib gəlib onu evə aparmasını xahiş etmişdir. O, vurduğu piyada ilə birlikdə xəstəxanaya getməmişdir. Axşam polis əməkdaşı ona zəng vurduqdan sonra vurduğu piyadanın ad və soyadını öyrənmişdir. İbtidai istintaq zamanı müstəntiq vasitəsilə zərərçəkmiş şəxslə əlaqə saxlamağa çalışmış, sonradan dəfələrlə xəstəxanaya baş çəkmiş, lakin razılıq əldə oluna bilməmişdir. O, özünü yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilmir, hesab edir ki, hadisə piyadanın ehtiyatsızlığı ucbatından baş vermişdir. O, toqquşmadan əvvəl hərəkət sürətini azaltsa da, piyada onun qarşısına anidən çıxdığı üçün onun toqquşmanın qarşısını almaq imkanı olmamışdır. Çünki piyada yola çıxan kimi onu vurmuşdur. Həmçinin o, özünü hadisədən sonra zərərçəkmişə yardım göstərmədən həmçinin müvafiq dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qaçmaqda da təqsirli bilmir. Çünki hadisə zamanı onun özü də xəsarət almışdır. Vurulan piyadanın yanında ətrafdakı şəxslərin toplaşdığını görüb həyəcanlanmışdır. Buna görə də zərərçəkmiş şəxs xəstəxanaya aparılan zaman xəstəxana barədə məlumatları öyrənə bilməmiş, həmçinin hadisə yerində bir nəfər şəxs onun ad və soyadını soruşmuşdur. Daha sonra pis halda olduğu üçün evinə getmiş, piyadanın ad və soyadını bilmədiyindən sonradan onun barəsində məlumat ala bilməmişdir. Yekun olaraq o etdiyi zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib onlarla barışmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 05 noyabr 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Dadaş Bünyadzadə küçəsində piyada hərəkətdə olan zaman "Yasamal Mall" ticarət mərkəzinin yanından yolun əks istiqamətinə keçmək istəmişdir. Həmin yolda piyada keçidi olsa da, o, piyada keçidindən təxminən 500 metr aralıda yolda avtomobil olmadığını görüb yola daxil olmuş, əvvəlcə, sol tərəfə, daha sonra sağ tərəfə baxdıqdan sonra yolu keçən zaman sol tərəfdən gələn motosiklet onu vurmuşdur. O, motosiklet onu vurana qədər onu görməmiş, toqquşma anında artıq motosikletin işığı onun üzünə vurduğunu görmüş və yerə yəxəlmışdır. Bu zaman ətrafına kənar şəxslər toplanmışdırlar. Daha sonra təcili yardım gələrək onu xəstəxanaya aparmışdır. O, aldığı xəsarətlərlə əlaqədar əməliyyat olunmuş və təxminən 7000 manat xərci çıxmışdır. Motosiklet sürücüsü nə hadisə vaxtı, nə də sonra onunla maraqlanmamışdır. Hadisədən üç gün sonra sürücü Təqsirləndirilən şəxs polislər tərəfindən xəstəxanaya gətirilmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, tələbədir və Zərərçəkmiş şəxs otaq yoldaşıdır. 05 noyabr 2024-cü il tarixdə ona zəng gəlmiş və Nərmini motosikletin vurduğu bildirilmişdir. O, zəng gəldikdən təxminən 10 dəqiqə sonra ərzində hadisənin baş verdiyi yerə gəlmişdir. Həmin vaxt Nərminin başına kənar şəxslər toplaşdığını görmüş və o, dərhal X8 çağırılıb-çağırılmadığını soruşmuşdur. Daha sonra ətrafdakı şəxslərdən Nərminin kimin vurduğunu soruşmuş, ətrafdakılar isə vuran şəxsin Nərminin yanına insanların yığıldığını görüb getdiyini bildirmişlər. Ətrafda çox adam olmuş və o, heç yerdə Nərmini vuran şəxsi görməmişdir. Daha sonra X11 gələrək Nərmini xəstəxanaya aparmış və o da Nərminlə birlikdə xəstəxanaya getmişdir. Lakin xəstəxanada da Nərmini vuran şəxsi görməmişdir. X7 Əli Aslan oğlu adlı şəxsi ilk dəfə məhkəmə zalında görmüşdür. Məhkəmə iclasında “Whatsapp” tətbiqinində olan video görüntü vasitəsi ilə ekspert qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndiriləməsinə dair cinayət işi üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası keçirilmiş və nəticədə 19 may 2025-ci il tarixli 8/389-4/331 nömrəli rəy vermişdir. Ekspert rəyinin verilməsi zamanı istintaq orqanı tərəfindən təqdim olunmuş iş materiallarına əsasən tədqiqat aparmış, həmçinin hadisənin qeydə alındığı Təhlükəsizlik Şəhər Kameralarının görüntülərinə də baxış keçirmişdir. Baxış zaman müəyyən edilmişdir ki, sürücü təhlükəni görə biləcəyi andan 1.88 saniyyə ərzində hadisə baş vermişdir. X10 tərəfindən piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan motosikletlə vurulduğu ana qədər 1,88 saniyyə keçməsi müəyyən edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərində sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması nəzərdə tutulmuş, lakin sürücü idarə etdiyi nəqliyyat vasitəsini dayandırmayaraq hərəkətinə davam etmişdir. Sürücünün 1,88 saniyə zamanı ərzində təhlükəni görməyə kifayət qədər vaxtı olmuş, həmçinin təhlükəni görməsinə baxmayaraq hərəkətini davam etdirmişdir. Bu səbəbdən motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə ekspert rəyi vermişdir. Bundan əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası piyadaların hərəkətinə qiymət verə bilməz. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, piyadanın hərəkətləri onun apardığı yol-nəqliyyat ekspertizasının tədqiqat predmetinə aid olmadığından piyadanın hərəkətlərinə qiymət verərək tədqiqat aparmaq səlahiyyəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BA077201 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs A1, A, B1, B, C1, C kateqoriyalarına sahibdir. (i.v. 8) ƏN-Vİİ№420460 nömrəli etibarnamədən görünür ki, X6 “Bajai Pulsar NS 160” markalı 99-E-697 dövlət qeydiyyat nişanlı motosikleti xx.xx.2033-cü il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir. (i.v. 10) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, adisənin baş verdiyi ünvan ünvan 3nlığıdır. (i.v. 15-21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X13 30 noyabr 2024-cü il tarixli 1117 nömrəli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sol baldır sümüklərinin yerinidəyişmiş, qapalı sınığı, alının sıyrığı, sol qaşüstü nahiyənin şişkinlik halında əzilməsi, sağ gözün ağlı qişasında qansızma, sol gözətrafı nahiyənin və sol bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. (i.v. 28-31) “Videogörüntülərə baxış keçirilməsi haqqında” 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, təhlükəsizlik kamerası Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ünvanının qarşısına düşən yol hissəsini müşahidə edir. Görüntünün 00:01:47-ci dəqiqəsində yəni 05 noyabr 2024-cü il tarixdə saat 19:43:47 saniyədə Dadaş Bünyadzadə küçəsi ilə hərəkətdə olan motosikletin yolu keçən piyada Zərərçəkmiş şəxs vurur və daha sonra özü ayağa qalxaraq motosikleti düzəldib motosikletin yanında dayanır. (i.v. 106) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 08 oktyabr 2025-ci il tarixli 5312-9211-25 nömrəli məktubdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs (BA077201) oğlunun sürücülük vəsiqəsinə heç bir məhdudiyyət olmamışdır. (i.v. 108) “Sübutların qiymətləndirilməsi haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 109-113) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun hadisənin qarşısını almağa texniki imkanının olmaması və hadisə yerinin yaxınlığında olduğu üçün onun əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasları zamanı iş materiallarında olan videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs motosikllə Yasamal rayonu, D.Bünyadzadə küçəsi ilə üzü Əsəd Əhmədov küçəsi istiqamətində idarə edən zaman Zərərçəkmiş şəxs yola çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada Zərərçəkmiş şəxs gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə həmin sürətlə yoluna davam etmişdir və nəticədə Zərərçəkmiş şəxs onun idarə etdiyi motosiklə dəyərək xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə yaxınlaşaraq şəxsiyyəti barədə məlumatları vermək və kömək göstərmək əvəzinə kənardan müşahidə etmiş, Zərərçəkmiş şəxs kənar şəxslərin köməyi ilə xəstəxanaya aparıldıqdan sonra oradan uzaqlaşmışdır. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarına əsasən 15-ci bəndinə əsasən Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «X11» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CMnin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-nin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı həm də CM-nin 143-cü maddəsi ilə tövsif olunur. Həmin Qərarın 16-cı bəndinə əsasən Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 51-52) Qətimkan tədbirinin seçilməsi barədə 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 102-103) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(004)-646/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Çox saylı medallardan və fəxri fərmanlardan görünür ki, Azərbaycan Bayrağını dəfələrlə yüksəltmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını və sonuncu ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmama, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar