Məhkəmə qərarları › İş №1(004)-649/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-649/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-649/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisinda "Sovetski" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 18:20-də Yasamal rayon Polis idarəsinin X2 Əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda küçədə saxlanılaraq, Süleyman Rüstəmov küçəsi 49 ünvanda küçədə üzərinə baxış keçirilən zaman əynindəki qara-yaşıl rəngli şortun sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,504 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, bir büküm psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır ki, sonra istifadə edər. Həmin gün axsham vaxtı o, Yasamal rayonu, Nabat Aşurbəyov küçəsi 125 ünvanın qarşısında olan zaman əvvəllər tanımadığı, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edildikdə o, polis əməkdaşlarına etirazının olmamasını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilən zaman polis əməkdaşı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif olunduqda o, özü könüllü olaraq əynində olan şortun sol yan cibindən həmin bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən ona hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. Sonradan o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getmiş və orada xidməti otaqların birində təqdim olunan bir ədəd zərfə baxış keçirilmişdir. Yasamal RPİ-də olan zaman ona hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. Lakin o hesab edir ki, onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin miqdarı ittihamda qeyd ediləndən daha az olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ- nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 avqust 2025-ci il tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə etməsi barədə daxil olan əməliyyat məlumatınının yoxlanması məqsədilə yaradılmış əməliyyat qrupunun iştirakı ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu, Nabat Aşurbəyov küçəsi 125 ünvanın qarşısında saxlanılaraq, Süleyman Rüstəmov küçəsi 49 ünvanının qarşısında üzəri yoxlanan zaman əynində olan şortun sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadə məqsədilə tanımadığı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra həmin maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən ona hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 89-91-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ- nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. 05 avqust 2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-ne xx.xx.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və istifadəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin NMB-nin Əməliyyat müvəkkilləri, polis baş leytenanti Şahid2 və polis leytenantı Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 avqust 2025-ci il tarixdə, saat 18:20-də ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da razılıq vermişdir. Bundan sonra həmin ünvanda şərait olmadığından, ünvan 5elefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan müxtəlif rəng çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 ədəd "Tecno" markalı mobil telefonu çıxarıb təqdim etmiş və təqdim etdiyi bir ədəd bükümün içərisində olan maddənin "patı" olduğunu, onu "Sovetksi" adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristalşəkkil kütlə olması məlum olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ərazi üzrə Yasamal RPİ-nə dəvət olunmuşdur. Yasamal RPİ-də keçirilmiş əməliyyat tədbiri barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılan zaman aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmış əşya və çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD diski baş təhqiqatçı Musa Məhərrəmova təqdim edilmişdir. Daha sonra Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Musa Məhərrəmov tərəfindən xidməti otaqda mobil telefondan istifadə edilməklə çəkiliş aparılaraq 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş va ona təqdim edilmiş əşyanın qoyulduğu zərfə baxış keçirilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən həmin vaxtı əynində olan həmin vaxtı əynində olan müxtəlif rəng çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 ədəd "Tecno" markalı mobil telefonu çıxarıb təqdim etməsi, sorğu zamanı onun bükümün içərisindəki maddəni "patı" kimi tanıdığı narkotik madde olmasını, həmin narkotik maddəni "Sovetksi" adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirməsi məlum olmuşdur. Digər təqdim edilmiş zərfdə isə Təqsirləndirilən şəxs təqdim etdiyi "Tecno" markalı mobil telefon olması müəyyən edilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imza olunmuşdur İlkin olaraq Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs narkotik maddələrin əldə edilməsi və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, tərəfimizdən keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova ünvanının qarşısında polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılması üçün şərait olmadığından həmin küçənin yaxınlığında S.Rüstəmov küçəsi 49 ünvanında videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirirlər, Təqsirləndirilən şəxs da razılıq verir və mobil telefonla videoçəkiliş aparılmaqla RƏzizova üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan müxtəlif rang çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 ədəd "Tecno" markalı mobil telefonu çıxarıb təqdim edir və təqdim etdiyi bir ədəd bükümün içərisində "patı" olmasını, həmin narkotik maddəni "Sovetski adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristalşəkkil kütlə olması məlum olur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. (i.v. 8) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasında baş təhqiqatçı Musa Məhərrəmov tərəfindən polis əməkdaşlarının iştirakı ilə 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyaların qoyulduğu zərfə baxış keçirilir, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun həmin vaxtı əynində olan müxtəlif rəng çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 eded "Tecno" markalı mobil telefonu çıxarıb təqdim etməsi və təqdim etdiyi bir ədəd bükümün içərisində "patı" olmasını, həmin narkotik maddəni "Sovetski" adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb əldə etdiyini bildirməsi məlum olur. (i.v. 14- 15) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Psixotrop maddələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 06 avqust 2025-ci il tarixli 6/2673 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,504 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 38-42) “Maddi sübut kimi tanıma haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,504 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,454 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 79-80) “Diskə baxış keçirilməsi haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanının qarşısında polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirirlər, sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirirlər, Təqsirləndirilən şəxs da razılıq verir və mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər- hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan müxtəlif rəng çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonu çıxarıb təqdim edir və təqdim etdiyi bir ədəd bükümün içərisində “patı” olmasını, həmin narkotik maddəni “Sovetski” adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, onun üzərindən qanunsuz həır hansı bir əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristalşəkkil kütlə olması məlum olur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon da qablaşdırılaraq götürülür. (i.v. 85) “Diskə baxış keçirilməsi haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasında baş təhqiqatçı Musa Məhərrəmov tərəfindən polis əməkdaşlarının iştirakı ilə 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyaların qoyulduğu zərfə baxış keçirilir, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun həmin vaxtı əynində olan müxtəlif rəng çalarlarındakı şortun sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki şortun sağ yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonu çıxarıb təqdim etməsi və təqdim etdiyi bir ədəd bükümün içərisində “patı” olmasını, həmin narkotik maddəni “Sovetski” adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb əldə etdiyini bildirməsi məlum olur. (i.v. 86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 nəticələrinə dair 14 avqust 2025-ci il tarixli 4960 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. (i.v. 74-75) “Sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd DVD disk iş üzrə sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. (i.v. 113- 120) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismın etiraf etməsi, yəni onun üzərində olan psixotrop maddənin miqdarının daha az olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.504 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 25) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 63-64) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 15 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Əzizov X4 Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Xalq Məhkəməsinin qərarı ilə 01 il 02 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 83-84) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı vardır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf edərək peşman olmasını və dörd uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini qismən etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdən 07 avqust 2025-ci il tarixədək 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.454 qram qalıq çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 05 avqust 2025-ci il tarixdən 07 avqust 2025-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.454 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi etdiyi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar