Məhkəmə qərarları › İş №1(004)-65/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-65/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-65/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X8 barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1, X3 müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onu həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ailə qurduğu gündən qaynanası X4 və qaynatası X6 mütəmadi olaraq onun ailə məsələlərinə müdaxilə etmək istəmiş, öz aləmlərində idarəçiliyi ələ almaq istəmiş, Sabirabad rayonunda evi olduğu halda orda yaşamağa imkan verməmişdirlər. İşi Bakıda olduğu üçün ailəsini Bakı şəhərinə gətirib kirayə ev tutub yaşamaq istəsədə qaynanasıgil evlərinin geniş olduğunu, özlərinin xəstə olduqlarını bildirib qızlarını onlarla qalmasını təklif etmişlər. On ildən çox onlarla yaşamasına baxmayaraq özü daima işləmiş ailəsinə özü baxmış hətta onlarında bütün problemlərini həll etmiş, onlara dəstək olmuşdur. Daha sonralar övladının ad gününə guya ki babası həyatyanı sahəsindən 20 kv.m yer vermiş, orada balaca bir ev tikmişdirlər. Ayrı yaşasalarda mütəmadi olaraq işlərinə qarışdıqları üçün o, onlara tam ünsiyyəti kəsmişdir. 2021-ci ilin oktyabr ayında həmin evi genişləndirmək üçün təmirə başlamış o gündən üstünə hücumlar olunmuş, onu narahat edib şər böhtan atıb, onun özündən çıxarılması üçün şərait yaratmağa çalışmışdırlar. Qapını gah lomla sındırır gah pəncərəni döyür, qapının qıfılını sındırmağa cəhd göstərmişdirlər. Qonum-qonşu içində hay qışqırıq salır, ictimaiyyat içində onu “əyyaş, narkoman, tüfeyli” adlandırmış, şərəf ləyaqətini alçatmışdırlar. Qeyd etmək istəyir ki, 2014-cu ildən Baku Press Milli İnformasiya Agentliyinin icraçı dikrektorudur. Hazırda da orda çalışır. O ictimai nüfüza malıkdır, dövlətə xidmət edən adamdır. Onların onu təhqir, təhdid etmələrinin video görüntüləri və şahidləri vardır. Qaynanası tez tez 102 xidmətinə zəng edib polisi narahat edir. 29-cu bölmə artıq onların hərəkətlərindən bezmişdir, izahatları orda da vardır. Beləliklə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və X6qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X10 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X4 və X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər onun qaynanası və qaynatasıdırlar, həmin şəxslər onun barəsində dəfələrlə Daxili işlər nazirliyinin 102 xidmətinə zəng edərək onun barəsində əsasız şikayət etmişlər, nəticədə onun nüfuzuna xələl gətirmişlər. Məhkəmə iclasında X1 müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 bildirmişdir ki, münaqişə ailə daxili münasibətlər zəminində baş vermişdir. Şikayətçi barəsində kütləvi informasiya vasitələrində hər hansı yazı dərc edilməyib. Qonşuların səs-küy eşitməsi və ya Daxili işlər nazirliyinin 102 xidmətinə zəng edərək qanun pozuntusu barədə məlumatın verilməsi kütləvi çıxış şəklində yayılmış məlumat hesab edilmir. S.Cəfərovanın şikayətçiyə qarşı qərəzli münasibəti yoxdur və onun şərəf və ləyaqətini ləkələmək kimi niyyəti mövcud deyil, ümumiyyətlə S.Cəfərovanın əməli Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tərkib hissəsinə düşmür. Qeyd olunanlara əsasən S.Cəfərova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs S.Cəfərova müdafiəçisinin qeyd etdikləri hallarla razı olduğunu və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, H.Cəfərovun əməlinin Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən qiymətləndirilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Hər bir şəxsin hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır və bu hüquqdan istifadə edilməsi heç bir halda xüsusi ittihamın predmeti ola bilməz və CM-nin qeyd edilən maddələrinin tərkib hissəsinə düşmür. Qeyd olunanlara əsasən H.Cəfərov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 148-ci maddəsinin dispozisiyasında isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, şikayət Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə ki, S.Cəfərova və H.Cəfərov tərəfindən təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda yayılmasını təsdiq edən hər hansı sənədlər və ya sübutlar əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Digər tərəfdən xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.4-cü, 293.3.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə riayət olunmadan verilmişdir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-483/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, X1 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X3 hüquqlarının müdafiəsi isə Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul , X5 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 X4 və X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar