Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-65/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Qubadlı rayonu, Başarat kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanının açıq pəncərəsindən içəriyə yəni yaşayış sahəsinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus dəyəri 350 manat olan 01 ədəd qızıl üzük, dəyəri 30 manat olan 01 ədəd gümüş üzük və dəyəri 450 manat olan 01 cüt qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 830 (səkkiz yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. O, 2017-ci ildən narkotik vasitələrin istifadəçisidir. Narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir. Hər gün yaşadığı ünvanın ətrafında olur və tez-tez Yasamal rayonu Qədirli küçəsinə isə getmişdir. Həmin ünvanda yaşayan sakinləri özləri də onu tanıyırlar. 11 may 2023-cü il tarixdə narkotik vasitə almaq üçün pulu olmamış və düşünmüşdür ki necə etsin ki, narkotik vasitə alsın. 11 may 2023-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanda yaşayan Nigar adlı qadının evdən çıxdığını görmüşdür. Nigar xanım evdən çıxan zaman evinin pəncərəsini açıq vəziyyətdə qoyub getmişdir. Narkotik vasitə almaq üçün pul axtarmışdır. Nigar xanımın evdən çıxdığını görüb düşünmüşdür ki, bu onun üçün fürsətdir ki evinə girib oradan pul oğurlasın. Nigar xanım evdən getdikdən bir qədər sonra ətarfa baxmış, ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra Nigar xanımın evinin pəncərəsinin qabağına qalxıb içəriyə daxil olmuşdur. İçəridə olan zaman evdə heç kim olmamış, pəncərdən daxil olduqdan sonra digər otağa daxil olmuşdur. Həmin otaqda divan olmuş, həmin divanın yanında isə balaca plastik qab olmuş, həmin qabın içərisinə baxmış və qabın içərisində 01 ədəd gümüş üzük, 01 ədəd qızıl üzük və 01 çüt sırğa olmuşdur. Onları götürdükdən sonra evə girdiyi yerdən də çıxmışdır. Evdən çıxmamışdan əvvəl pəncərdən boylanıb ətrafa baxmışdır ki, onu heç kim görməsin. Buna tam əmin olduqdan sonra evdən çıxmış və həmin məhəllədən qaçaraq uzaqlaşmışdır. Həmin gün Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində oğurladığı qızıl üzüyü 120 manata, sırğanı isə 150 manata satmışdır. Gümüş üzüyü isə xatırlamadığı yerdə itirmişdir. Mehriban adlı qadını tanıyır, həmin məhəllədə yaşayır, oğurluq edən zaman onu nə Mehriban, nədə ki, başqaları görmüşdür. O, bu oğurluğu törədərkən ətrafda heç kəsi görməmiş, Əgər görsə idi, əməlindən imtina edərdi. O, xx.xx.2023-cü il tarixdə etdiyi oğurluq hadisəsindən əlavə başqa oğurluq və cinayət hadisələri törətməmişdir. O, bir cüt sırğanı əvvəllər Sumqayıt şəhərində yaşayan zaman oradan tanıdığı Aysəba adlı keçmiş qonşusuna 150 manat qarşılığında satmışdır. O, sırğanı satan zaman Aysəbaya qızıl sırğanın anasına məxsus olduğunu və anası üçün dərman almaq üçün qızıl sırğanı satmaq istədiyimi bildirmişdir. Aysəbaya sırğanın anasına məxsus olmasını inandırmaq üçün, sırğaya görə aldığı pulu qaytarıb sırğanı götürəcəyini bildirmişdir. Digər qızıl üzüyü isə yoldan keçən tanımadığı şəxsə satdır. Gümüş üzüyü isə itirmişdir. Oğurladığı üzük və sırğanı satarkən həmin əşyaları alan şəxslərə oğurluq yolu ilə əldə etməsini bildirməmişdir. Son sözündə o, hazırda maddi imkanının olmadığı üçün zərəri ödəyə bilmədiyini, əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təxminən bir il bundan əvvəl, yəni 2023-cü ildə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 5 ünvana pəncərədən daxil olmaqla oğurluq etmişdir. Oğurluq törədilən zaman o, evdə olmamışdır. Evə gəldikdən sonra ona məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən onun evindən qızıl zinət əşyalarını saxladığı plastik qabın içərisinə qoyduğu dəyəri ümumi dəyəri 1200 manat olan 01 ədəd qızıl üzük, 01 ədəd gümüş üzük və 01 cüt qızıl sırğa oğurlanmışdır. Daha sonra bununla bağlı AR DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsini və onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 127-ci vərəqində olan ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs tanıyır, Nigar Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 125 ünvanında yaşayır, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin küçə qapısında dayanmışdır. Həmin vaxt əvvəllər onların məhəlləsində yaşamış Azim adlı oğlan Zərərçəkmiş şəxs yaşadığı evin pənçərəsində çıxıb küçə ilə qaçıb getdiyini görmüş, lakin Azim onu görməmişdir. Hansı məqsədlə Azimin Zərərçəkmiş şəxs evinin pəncərəsindən küçəyə çıxıb qaçmasının səbəbini bilməmişdir. Azimin Nigarın evinin pəncərəsindən çıxmasının səbəbini bilmədiyi üçün o, Azimə heç bir irad bildirməmişdir. Bu hadisənin şahidi olduqdan sonra dərhal Azimin bu hərəkəti barədə Nigar Babayevə zəng edib məlumat vermişdir. Bundan sonra Nigar yaşadığı evə baxanda qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmiş və polisə məlumat vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 123-cü vərəqində olan ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 22-ci məhəllə Şüşə zavodunun yataqxanası otaq 24 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onun hazırda yaşadığı yataqxanda yaşamışdırlar. Azim və ailəsi onların yaşadıqları yataqxandan təxminən 20 ildir ki, köçüblər. Azim və ailəsi köçüb getdikdən sonra Azimlə əlaqələri olmamışdır. Təxminən 4 ay əvvəl evdə olan zaman qapı döyülmüş, qapını açmış və qapının arxasında olan şəxsi tanımamış, həmin şəxs Azim olduğunu dedikdən sonra onu tanımışdır ki o əvvəllər onların məhəlləsində yaşayan Azimdir. Onu içəriyə dəvət etmiş, ona çay verdikdən sonra Azim ona bir çüt qızıl sırğa göstərib bildirmişdir ki, anası xəstədir və onun sırğasıdır, pul lazım olduğu üçün anası onun yanına göndərdiyini bildirmişdir. Azim sırğaları ona verib ondan 150 manat pul götürmüşdür. Azim həmin sırğanı satmamış, ona demişdir ki, gəlib götürəndə pulunu qaytaracaqdır. Bir ay gözləmış, lakin Azimin onun pulunu qaytarmamış, ona pul lazım olduğu üçün həmin sırğaları Sumqayıt şəhərində yerləşən Karvan Bazarının içərisində zərgərə 150 manat qarşılığında satmışdır. Sırğıları satan zaman alq-satqı ilə bağlı ona heç bir sənəd verilməmiş, Özü də həmin sırğaları sənədsiz satmışmışdır. Azim həmin sırğaları ona verən zaman sırğanın oğurluq olub olmadığını soruşanda o, sırğaların anasına məxsus olduğunu demişdir. Həmin sırğa gül formasında olmuşdur. Azim sırğadan başqa ona heç bir şey verməmişdir. Sırğanı satdığı şəxsin adını bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə keçirilməsi barədə” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda Zərərçəkmiş şəxs fərdi yaşayış evi olması, evə pilləkənlə qalxdıqda mətbəx otağı, qonaq otağı vardır, qonaq otağı arakəmə ilə ayrılaraq əlavə otaq yaradılmışdır, əlavə otaqdan məhəlləyə tərəf pəncərə vardır. Baxış zamanı mənzildən əl izləri aşkar edilərək daktilolent kəsiklərinə köçürülərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i.v. 7-10) “İfadənin yerində yoxlanması barədə” 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125 saylı evin pəncərəsini göstərərək xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində həmin pəncərədən içəri daxil olaraq yataq otağında divanın yanında olan plastik qutunun içərisində saxlanılan bir ədəd gümüş üzüyü, bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı gizli talayıb oğurlayaraq dərhal həmin evi tərk etdiyini bildirib əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir. (i.v. 63-65) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1349 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1«a» saylı daktilolentin səthindəki əlbarmaq izi, 1«b» saylı daktilolentin səthindəki digər papilyar naxış izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq iziləri, 5 saylı daktilolentin səthindəki digər papilyar naxış izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -Təqdim edilmiş 1,2,3,4,5,6, saylı səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. -Təqdim edilmiş 1«a» saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlin orta barmağından, 2 saylı daktilolentin səthindəkli əl barmaq izi isə onun sağ əlinin böyük barmağından qalmışdır. -Təqdim edilmiş 1«b» və 5 saylı daktilolentin səthindəki digər papilyar naxış izləri Təqsirləndirilən şəxs əl-barmaq və ovuc izlərindən qalmamışdır. (i.v. 133-142) “Sübutların qiymətləndirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş məhkəmə trosoloji ekspertizaya təqdim edilmiş 1«a» saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlin orta barmağından, 2 saylı daktilolentin səthindəkli əl barmaq izi isə onun sağ əlinin böyük barmağından qaldığı üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında əlavə edilmişdir. (i.v. 291-297) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39-40) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 69-71) “Qətimkan tədbiri seçilməsi barədə” 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 09 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 76-77) “Qətimkan tədbirinin tələbini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 91-92) “Axtarışda olan şəxsin tutulması haqqında” 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 99) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 105-106) “Qətimkan tədbiri seçilməsi barədə” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 108-110) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-65/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, onun əvvələr eyni xarakterli cinayət əməlini törətdiyi üçün məhkum olmasını, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3,) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün cəmi 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 07 mart 2024cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış məhkəmə trasoloji ekspertizaya təqdim edilmiş 1a saylı daktilolentin səthindəki əl-barmaq izi və 2 saylı daktilolentin səthindəki əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65.29 (altmış beş manat iyirmi doqquz qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 (altmış dörd) saata görə 384 (üç yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün cəmi 03 (üç) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış məhkəmə trasoloji ekspertizaya təqdim edilmiş 1a saylı daktilolentin səthindəki əl-barmaq izi və 2 saylı daktilolentin səthindəki əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65.29 (altmış beş manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 (altmış dörd) saata görə 384 (üç yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-65/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-65/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver