Məhkəmə qərarları › İş №1(004)-655/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-655/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-655/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 15:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “4” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində xeyli miqdarda - 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,406 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini qanunsuz olaraq əldə edərək saxlamaqla daşımış, həmin tarixdə saat 16:45-də Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,406 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 il müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən yerdə olan zaman üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində olan zaman mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. O, da etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet olub-olmamasını, olduğu təqdirdə könüllü təqdim etməyini təklif etmişlər. O, da artıq polis əməkdaşlarına yalan danışmağın mənasız olduğunu bilərək əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibində saxladığı, bir neçə saat əvvəl aldığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi psixotrop maddəni zərfə qoymuşlar. İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 4a yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrindən saat 16:45 radələrinədək olan müddət ərzində Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi ərazisində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün soraqlaşma əməliyyat tədbiri keçirən zaman saat 16:45 radələrində Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi 83 ünvanda küçədə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Sulduza narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş keçirməyə başlamışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilməsinə başlayarkən ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə, predmet və ya kütlə olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və sol yan cibindən bir ədəd “Samsung J6” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 vermiş olduğu ifadələrində Şahid2 şahid qismində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 17 sentyabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 16:45-də) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 29). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (İ/V. 10-12). “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPl-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanın qarşısında küçədə saxlanılaraq üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (İ/V. 16- 18). “Əşyaya baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonun ona məxsus olduğu, həmin mobil telefonun göy rəngli “Samsung J6” markalı **********21342/01 və **********21349/01 imei kodlu olması müəyyən edilmiş, telefonda ***-***-**-** saylı mobil nömrə aşkar edildi. Mobil telefonun giriş ekran kodu Təqsirləndirilən şəxs iştirakı ilə açıldı. Baxış zamanı mobil telefonda iş üzrə Təqsirləndirilən şəxs heç bir sosial şəbəkədən istifadə etməsi aşkar olundu. Bundan başqa telefonun qalereya bölməsi, mesajlar və “WhatsApp” ani mesajlaşma proqramlarına baxıldı. Həmin proqramlarda və digər bölmələrdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat, video, şəkil, mesaj, zəng aşkar edilmədi. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş istifadəsində olan “Samsung J6” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, zəng, mesaj, fotoşəkil və ya videogörüntü aşkar edilmədiyindən mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (İ/V. 104-106). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü və götürülmüş əşyaya baxış və götürmə keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntüdə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncu əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin sellofan büküm açıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung J6” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeyd olunan əşyalardan başqa qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetmin olan bir ədəd sellofan bükümü “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin psixotrop maddə zərfə qoyulur, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung J6” markalı mobil telefonun da zərfə qoyulması müşahidə olunur. Bundan başqa məhkəmə iclasında Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü DVD diskə baxış keçirilməsi və təqdim edilmiş əşyanın götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmiş və baxış keçirilən zaman diskdə olan görüntüdə Yasamal RPl-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən Yasamal rayon Polis idarəsinin 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirilməsinin videogörüntülərinə baxış keçirilməsi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3072 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N° 170” möhür əksi, “Təqsirləndirilən şəxs....” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,406 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,406 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,356 qram təşkil edir. (İ/V. 50-54). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 67-68). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 82-84). Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Babayev X3 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə “azadlıqdan məhrum etmə” cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. (İ/V. 94-96). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 5815 rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ/V. 110-111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-8941/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 97). “Sübutların qiymətləndirilməsi haqqında” 1 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,406 qram metamfetamin və iki ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,356 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və bir ədəd “Samsung J6” markalı mobil telefonun isə sübut əhəmiyyəti daşımadığı üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V. 119-125, 130). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlaması özünün vermiş olduğu etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, 02 ədəd DVD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarı da daxil olmaqla yuxarı həddi 0.05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, əməlindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 2ını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,356 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən və əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş və "xxxx" MMC-dən daxil olmuş ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi2nun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-655/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2nun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,356 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzəri video çəkiliş ilə yoxlanılarkən və əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı tərtib edilmiş və "xxxx" MMC-dən daxil olmuş ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkili X1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar