Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-659/2025 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,116 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, Yasamal rayon polis İdarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 sentyabr 2025-ci il tarixdə saat 17:45-dk ünvan 3 ünvanın qarşısında saxlanılaraq orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 1,116 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, orada olanda 3 polis əməkdaşı yaxınlaşıb, ərazinin harada olduğunu dəqiq bilmir, binanın həyətində idi. Onlardan ikisi – Azər və adı yadında olmayan şəxs mülki geyimdə idi. Səbuhi isə formada idi. Onlar üzərinə baxış keçirdiblər. Onlara deyib ki, üzərinə baxış keçirməsinlər, üstündə qanunsuz heçnə yoxdur. Onlara deyib ki, məhkumluğu olub, 5 ildi azadlıqdadır, ailəlidir, müalicə almışdır və artıq narkotik maddə istifadə etmir. Barəsində qətimkan tədbiri seçilərkən hakimə təqsirsiz olduğunu demişdir. Analizə aparılanda sirab butulkasında ona su veriblər, 1 qurtum içib, görüb ki, acıdır. Sonra necə olubsa analiz verəndə “patı” aşkarlanıb, amma belə rəsmiləşdiriblər ki, üzərindən təxminən 1 qram kokos çıxıb. Onu orada 40 dəqiqə saxlayıblar ki, Bəhruz narkotiki gətirsin. Onlar ona hədə-qorxu gəliblər, deyiblər ki, qəbul etməsə 234.4.3-cü maddə ilə təqsirləndiriləcək, qəbul etsə 234.1-ci maddə ilə təqsirləndiriləcək. O da düşünüb ki, 234.1-ci maddə ilə təqsirsizliyini sübut etmək daha rahat olar. O, çəkiliş zamanı Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını deyib və qəsdən saat 13:00-da aldığını demişdir. Halbuki saat 13:00-da Biləcəridə idi. Anten məlumatları barədə sorğu verilsə aşkara çıxacaq. O, narkotiki vaxtilə istifadə etmişdir və istifadə etdiyi vaxtlarda tutulmamışdır. Tutulanda onlara deyib ki, analiz versin, əgər narkotik çıxsa nəyə istəsələr imza çəkəcək. Təhqiqatçıya da deyib ki, narkotik vasitə istifadə etmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır, onunla heç bir problemi yoxdur. Sentyabr ayının əvvəllərində Şərifzadə küçəsində narkotik istifadəçilərinin yığışdığı bir yer var, oraya getmişdirlər. Əvvəlcədən məlumat daxil olmuşdu ki, orada narkotik istifadəsində şübhəli şəxslər var. Videoçəkiliş vasitəsilə özlərini təqdim edərək üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsini deyiblər, o da üzərində olan qeyriqanuni əşyaları təqdim edib. Daha sonra onu 28-ci polis şöbəsinə dəvət edərək təhqiqatçıya təhvil veriblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, baş əməliyyat müvəkkili Azər bəyə əməliyyat məlumatı daxil olmuşdu, əməliyyat qrupu yaradılıb və o da həmin ərazidə idi. Zəng gəlib, yaxınlaşıblar. Küçə dəqiq yadında deyil, Yasamalda ATS tərəfdə uçmuş, sökülü bir yer idi. Deyəsən, Yasamal rayonu, Şərifzadə 173 və ya 75 idi. Şəxsə qarşı hər hansı qanunsuz hərəkət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yasamal rayonunda, Şərifzadə 75 ünvanında ona yaxınlaşaraq özlərini təqdim ediblər. Videoçəkilişlə ona üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşduqda o öz üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3000 saylı, 09 sentyabr 2025-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,116 qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 5653 saylı, 11 sentyabr 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyini və cinayət işinin saxtalaşdırıldığını bildirməsinə baxmayaraq, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə qeyd edir ki, üzərində aparılmış şəxsi axtarış qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir, axtarış prosesi videoçəkilişlə qeydə alınmışdır, narkotik vasitə bilavasitə onun geyimində – şalvarının sol yan cibindən aşkar edilmişdir, maddi sübut zərflənmiş, möhürlənmiş və ekspertizaya təqdim olunmuşdur, həmçinin iş materiallarında sübutların saxtalaşdırılmasını təsdiq edən hər hansı obyektiv məlumat yoxdur. Təqsirləndirilən şəxsin “analiz zamanı suya maddə qatılması”, “təzyiq göstərilməsi”, “234.4.3-cü maddə ilə hədələnməsi” barədə iddiaları subyektiv xarakter daşıyır və bunları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, müdafiə mövqeyi məsuliyyətdən yayınmağa yönəlmişdir və iş üzrə obyektiv sübutlarla təkzib olunur. Bundan əlavə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində əməliyyat məlumatının daxil olmasını, hadisə yerinə getmələrini, təqsirləndirilən şəxsə özlərini təqdim etmələrini, üzərində qanunsuz əşya olub-olmamasını soruşmalarını, narkotik vasitənin aşkar edilməsini ardıcıl və bir-birini tamamlayan formada təsvir etmişlər. İfadələr arasında hadisənin mahiyyətinə təsir edən ziddiyyət müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, şahidlərin polis əməkdaşı olması onların ifadələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən sübutların subyektinə görə deyil, məzmununa və mötəbərliyinə görə qiymətləndirilməsini nəzərdə tutur. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarda Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət hadisəsi müəyyən olunmadığından iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əldə edilmiş mobil rabitə operatorunun antenn dairəsi məlumatlarına əsasən xx.xx.2025-ci il tarixdə hadisə zamanı iş üzrə Şahid2 mobil nömrəsinin ünvan 5 ünvanı deyil, həmin küçənin ev 92 ünvanına xidmət göstərən baza stansiyasının əhatə dairəsində qeydə alınması cinayət işi üzrə bəraət hökmünün çıxarılması üçün əsas ola bilməz. Belə ki, mobil rabitə operatorunun təqdim etdiyi antenn dairəsi məlumatı şəxsin konkret olaraq hansı nöqtədə – bina daxilində, həyətində və ya küçənin hansı hissəsində olmasını müəyyən etmir. Bu məlumat yalnız mobil cihazın müəyyən vaxt intervalında hansı baza stansiyasının siqnal zonasına qoşulduğunu göstərir. Texniki baxımdan bir baza stansiyasının əhatə radiusu şəhər şəraitində onlarla və yüzlərlə metr təşkil edə bilər, eyni antenn sektoru bir neçə küçəni və çoxsaylı binaları əhatə edə bilər, cihaz avtomatik olaraq ən güclü siqnalı qəbul edən stansiyaya qoşulur və bu, şəxsin dəqiq coğrafi koordinatını göstərmir. Beləliklə, antenn dairəsi məlumatı dəqiq yer müəyyən etmə vasitəsi deyil, yalnız ümumi lokasiyanı göstərən texniki göstəricidir. Bundan əlavə iş materiallarında göstərilən ünvan ilə antenn dairəsində əhatə olunan ərazi arasında məsafə olduqca azdır və eyni yaşayış massivinin daxilində yerləşir. Şəhər mühitində bir küçənin müxtəlif nöqtələri, eyni küçədə yerləşən müxtəlif bina nömrələri, yaxud qarşı-qarşıya yerləşən obyektlər eyni baza stansiyasının əhatəsində olur. Bu baxımdan, antenn qeydlərində konkret ünvanın və ya bina nömrəsinin fərqli göstərilməsi şahidin hadisə yerində olmamasını sübut etmir və faktiki vəziyyətlə ziddiyyət yaratmır. Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən sübutlar ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, mobil cihaz hərəkətdə olduqda qısa zaman intervalında müxtəlif baza stansiyalarına qoşula bilər, şəhər ərazisində binaların sıxlığı və siqnalın əks olunması nəticəsində faktiki yerləşmə nöqtəsi ilə qoşulma nöqtəsi arasında fərq yarana bilər, antenn məlumatları GPS dəqiqliyinə malik texnologiya deyil. Bu baxımdan həmin məlumatlar hadisə yerini istisna edən qəti sübut kimi qəbul edilə bilməz. Ona görə də antenn dairəsi məlumatları iş üzrə əsas sübutların mötəbərliyini sarsıtmır, şahid ifadələrini təkzib etmir, hadisənin baş vermə yerini istisna etmir, cinayət hadisəsinin mövcudluğunu şübhə altına almır. Bu səbəbdən həmin texniki məlumatlar cinayət işi üzrə bəraət hökmünün çıxarılması üçün əsas təşkil etmir və müdafiə tərəfinin bu istiqamətdə irəli sürdüyü arqumentlər əsassız hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il 10 ay 08 gün müddətinə azaqlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 10 il 11 ay 23 gün müddətinə azaqlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(002)-1110/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş 05 ay 14 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır, bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin xeyli miqdarda olmasını, təqsirləndirilənin şəxsiyyətini, əvvəllər məhkum olunmasını, məhkumluğun ödənilməməsini, narkotik asılılığını, ailəli olmasını nəzərə almışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması və yeni cinayətlərin qarşısının alınması yalnız cəmiyyətindən təcrid edilməklə mümkündür. Eyni zamanda, əməl satış məqsədi ilə törədilmədiyindən və maddənin miqdarı xeyli miqdar həddində olduğundan maksimal sanksiyanın tətbiqi zəruri hesab edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1.066 qram narkotik vasitə olan – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-659/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-659/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver