Məhkəmə qərarları › İş №1(004)-66/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-66/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-66/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Yasamal Rayon Məhkəməsinin 1(004)- 150/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxılanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanı qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Toyota Corolla” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salona daxil olaraq oradan sonuncuya məxsus 4 ədəd hər birinin dəyəri 25 manat olan markası məlum olmayan gün eynəklərini, 1 ədəd 10 manat dəyərində yaddaş kartını, 1 ədəd 70 manat dəyərində “Samsung” markalı fotoaparatını, 1 ədəd 25 manat dəyərində üzərində “Hilton” yazısı olan boyun yastığını, 1 ədəd 20 manat dəyərində üzərində “Fairmont” yazısı olan çətiri, 1 ədəd 20 manat dəyərində manqalı, 1 ədəd 250 manat dəyərində samovarı, 1 ədəd 70 manat dəyərində heyvan çantasını, 2 ədəd hər birinin dəyəri 15 manat və 1 ədəd dəyəri 10 manat olan “Xiaomi” markalı mobil telefonları, 1 ədəd 35 manat dəyərində “Adidas” markalı idman çantasını, 1 ədəd markası məlum olmayan 40 manat dəyərində ayaqqabını, 1 ədəd 60 manat dəyərində “Tommy Hilfiger” markalı çantanı və 2 ədəd ümumi dəyəri 60 manat olan babin adlanan avtomobil ehtiyat hissələrini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən və başqa saxlanc yeri hesab edilən zirzəminin qapısını özü ilə gətirdiyi açarla açıb qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd dəyəri 200 manat olan “Zara” markalı “Made in Morocco” yazıları olan gödəkçəni, 1 ədəd dəyəri 150 manat olan istifadədə olmamış “My Twins” markalı qadın geyimini, 1 ədəd dəyəri 150 manat olan “Waggon” markalı donu, 1 ədəd dəyəri 160 manat olan “Waggon” markalı qadın jaketi, 1 ədəd dəyəri 100 manat olan tünd göy rəngli istifadədə olmamış “Vitrin” markalı köynəyi, 1 ədəd dəyəri 50 manat olan istifadədə olmamış “Javier Simorra” markalı köynəyi, 1 ədəd dəyəri 650 manat olan “MariaGraziaSeveri” markalı qadın geyimini, 1 ədəd dəyəri 50 manat olan “Puledro” markalı qadın köynəyini, 1 ədəd dəyəri 200 manat olan qara rəngli “İ & Natalia” markalı qadın köynəyini, 1 ədəd dəyəri 50 manat olan istifadədə olmamış göy rəngli “Glee” markalı qadın köynəyini, 1 ədəd dəyəri 300 manat olan üzəri muncuqlarla bəzədilmiş istifadədə olmamış “Aftershock” markalı qadın jaketini, 1 ədəd dəyəri 15 manat olan göy rəngli “Robin Ruth” markalı kişi qalstukunu, 1 ədəd dəyəri 15 manat olan göy rəngli “X4” markalı kişi qalstukunu, 1 ədəd dəyəri 15 manat olan markası məlum olmayan qırmızı rəngli kişi qalstukunu, 1 ədəd dəyəri 150 manat olan “Philips” 4320 markalı ütünü, 1 ədəd dəyəri 120 manat olan Çində istehsal edilmiş “A&D Medical” markalı CN-231 modelli inqalyatoru, 1 ədəd dəyəri 600 manat olan qırmızı rəngli “United Colors of Benetton” markalı təkərli çantanı, 1 ədəd dəyəri 450 manat olan qara rəngli “Pierre Cardin” markalı təkərli çantanı, 1 ədəd dəyəri 300 manat olan qara rəngli “Maxima” markalı velosipedi, 1 ədəd dəyəri 1000 manat olan “Kuma Bianchi” markalı velosipedi və 1 ədəd dəyəri 1000 manat olan markası məlum olmayan velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5725 (beş min yeddi yüz iyirmi beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində o, Yasamal rayonu M.Müşfiq küçəsi ilə gəzərkən orada olan binaların birinin qarşısında saxlanılmış “Toyota Corolla” markalı nömrəsini xatırlamadığı avtomobilin qabaq sağ qapısının açıq olmasını görüb yaxınlaşmışdır. O, avtomobilin qapısını açıb salona daxil olaraq arxa oturacaqdan bir ədəd “Hilton” markalı boyun yastığını aşkar edib götürmüşdür. Salonda digər qiymətli əşya aşkar etmədiyindən avtomobilin yük hissəsini açmış, oradan bir ədəd manqal aşkar edərək götürmüş və qeyd olunan əşyalarla birlikdə avtomobildən uzaqlaşmışdır. Ələ keçirdiyi bir ədəd manqalı yaşadığı evə aparmış, boyun yastığını isə lazım olmadığı üçün xatırlamadığı yerə tullamışdır. Təqsirləndirilən şəxs qeyd olunan epizoda görə özünü qismən təqsirli bildiyini və “Toyota Corolla” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən ittihamda göstərildiyi kimi 4 ədəd hər birinin dəyəri 25 manat olan markası məlum olmayan gün eynəklərini, 1 ədəd 10 manat dəyərində yaddaş kartını, 1 ədəd 70 manat dəyərində “Samsung” markalı fotoaparatını, 1 ədəd 20 manat dəyərində üzərində “Fairmont” yazısı olan çətirini, 1 ədəd 250 manat dəyərində samovarı, 1 ədəd 70 manat dəyərində heyvan çantasını, 2 ədəd hər birinin dəyəri 15 manat və 1 ədəd dəyəri 10 manat olan “Xiaomi” markalı mobil telefonları, 1 ədəd 35 manat dəyərində “Adidas” markalı idman çantasını, 1 ədəd markası məlum olmayan 40 manat dəyərində ayaqqabını, 1 ədəd 60 manat dəyərində “Tommy Hilfiger” markalı çantanı və 2 ədəd ümumi dəyəri 60 manat olan babin adlanan avtomobil ehtiyat hissələrini talamadığını qeyd etmişdir. Buna görə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyana görə 780 manatın ödənilməsinə dair verdiyi mülki iddianı qəbul etməyərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə digər fakta görə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Yasamal rayonu, Mətbuat prospekti 501-ci məhəllə ərazisində olan zaman həmin ərazidə yerləşən binaların birinin blokunda yerləşən zirzəmi onun diqqətini çəkmiş və həmin zirzəmidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, özü ilə açar götürüb xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində zirzəminin qarşısına gəlmiş və özü ilə gətirdiyi açar zirzəminin qapısının kilidinə uyğun gəldiyindən qapını açıb içəriyə daxil olmuşdur. Zirzəmiyə baxış keçirdikdə orada 3 ədəd velosiped, müxtəlif geyim və məişət əşyalarının olduğunu görmüşdür. O, ilkin olaraq oradan 3 ədəd velosipedi çıxarmış və blokun qarşısına qoymuşdur. Sonra isə zirzəmidən mümkün olan müxtəlif geyim əşyalarını, 1 ədəd “Philips” markalı ütünü, 1 ədəd inqalyatoru götürüb polietilen paketə yığmış və zirzəmidən çıxdıqdan sonra yenidən açarla qapını bağlamışdır. Ələ keçirdiyi əşyaları isə yaşadığı evə aparmışdır. Hadisədən 2-3 gün sonra o, oğurladığı velosipedlərdən “Kuma” markalı velosipedi və markasını bilmədiyi digər velosipedi yaşadığı evin yaxınlığında tanımadığı şəxslərə satmış, digər əşyalar isə onun evində qalmışdır. O, velosipedlərin satışından əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o, özünə məxsus “Toyota Corolla” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 4 ünvanı qarşısında saxlayıb evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, avtomobilinə əyləşib işə getmiş, həmin tarixdə saat 17 radələrində işdən çıxıb evə qayıdarkən avtomobilin salonunda qoyduğu yaddaş kartının yerində olmadığını görmüşdür. Həmin vaxt o, yaddaş kartını avtomobilin yük hissəsinə qoyduğunu fikirləşmiş və avtomobilinin yük hissəsini yoxladıqda orada qoyduğu əşyaların heç birinin yerində olmadığını aşkar etmişdir. Bu zaman o, bunu ərinə bildirmiş, sonuncu isə DİN-nin 102 xidmətinə zəng edib oğurluqla bağlı məlumat vermişdir. O, həmçinin avtomobilinin hər hansı bir hissəsinə ziyan vurulmadığını, pəncərə və qapılarının saz vəziyyətdə olduğunu bildirmişdir. Avtomobilinin qapıları gecə açıq vəziyyətdə olduğundan oradan əşyalarının oğurlandığını güman etmişdir. Oğurlanmış əşyaların sırasında onun özünə məxsus 4 ədəd hər birinin dəyəri 25 manat olan markasını xatırlamadığı gün eynəkləri, 1 ədəd 10 manat dəyərində yaddaş kartı, 1 ədəd 70 manat dəyərində “Samsung” markalı fotoaparat, 1 ədəd 25 manat dəyərində üzərində “Hilton” yazısı olan boyun yastığı, 1 ədəd 20 manat dəyərində üzərində “Fairmont” yazısı olan çətir, 1 ədəd 100 manat dəyərində manqal, 1 ədəd 250 manat dəyərində samovar, 1 ədəd 70 manat dəyərində heyvan çantası, 2 ədəd hər birinin dəyəri 15 manat və 1 ədəd dəyəri 10 manat olan, İMEİ kodlarını bilmədiyi “Xiaomi” markalı mobil telefonlar, 1 ədəd 35 manat dəyərində “Adidas” markalı idman çantası, 1 ədəd markasını bilmədiyi 40 manat dəyərində ayaqqabı, 1 ədəd 60 manat dəyərində “Tommy Hilfiger” markalı çanta və 2 ədəd ümumi dəyəri 60 manat olan “babin” adlanan avtomobil ehtiyat hissələri olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalardan yalnız 1 ədəd 20 manat dəyərində manqalı geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini və barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərərə görə 720 (yeddi yüz iyirmi) manat, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsinə dəqiqləşdirmə edərək ona dəymiş maddi zərərə görə 720 (yeddi yüz iyirmi) manat deyil, 780 (yeddi yüz səksən) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə ki, ona dəymiş 800 manat maddi ziyandan yalnız 20 (iyirmi) manat dəyərində olan manqal geri qaytarılmış, qalan hissədə isə vurulmuş maddi zərər hazıradək ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı binanın 1-ci mərtəbəsində olan zirzəmi ona məxsusdur, uzun illərdir həmin zirzəmidən müqavilə əsasında istifadə edir. Həmin zirzəmidə onun özünə və ailəsinə məxsus müxtəlif əşyalar saxlanılır. Zirzəminin açarları ancaq onun yaşadığı evdə olur və başqa şəxsə verməmişdir. O, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə zirzəmiyə girib oradan bəzi əşyalar götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində o, zirzəmiyə daxil olub evindəki bəzi lazımsız əşyaları ora qoymaq istədiyi zaman ona məxsus 03 ədəd velosipedin yerində olmadığını aşkar etmişdir. Bundan sonra isə o, Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə zəng edib oğurluq faktı bağlı məlumat vermişdir. O, zirzəmidə olan əşyaları yenidən nəzərdən keçirərək müəyyən etmişdir ki, orada saxlanılan ona məxsus 1 ədəd dəyəri 200 manat olan “Zara” markalı gödəkcə, 1 ədəd dəyəri 150 manat olan “My Twins” markalı qadın geyimi, 1 ədəd dəyəri 150 manat olan “Waggon” markalı don, 1 ədəd dəyəri 160 manat olan “Waggon” markalı kardiqan, 1 ədəd dəyəri 100 manat olan “Vitrin” markalı bluz, 1 ədəd dəyəri 50 manat olan “Javier Simorra” markalı bluz, 1 ədəd dəyəri 650 manat olan “X3” markalı qadın geyimi, 1 ədəd dəyəri 50 manat olan “Puledro” markalı qadın köynəyi, 1 ədəd dəyəri 200 manat olan “İ & Natalia” markalı bluz, 1 ədəd dəyəri 50 manat olan “Glee” markalı qadın köynəyi, 1 ədəd dəyəri 300 manat olan “Aftershock” markalı qadın geyimi, 1 ədəd dəyəri 15 manat olan “Robin Ruth” markalı kişi qalstuku, 1 ədəd dəyəri 15 manat olan “X4” markalı kişi qalstuku, 1 ədəd dəyəri 15 manat olan markası məlum olmayan qırmızı rəngli kişi qalstuku, 1 ədəd dəyəri 150 manat olan “Philips” markalı ütü, 1 ədəd dəyəri 120 manat olan “A&D Medical” markalı inqalyator, 1 ədəd dəyəri 600 manat olan “United Colors of Benetton” markalı çanta, 1 ədəd 450 manat dəyərində “Pierre Cardin” markalı çanta, 1 ədəd dəyəri 300 manat olan “Maxima” markalı velosiped, 1 ədəd dəyəri 1000 manat olan “Kuma Bianchi” markalı velosiped və 1 ədəd dəyəri 1000 manat olan markası məlum olmayan velosiped oğurlanmışdır. Beləliklə törədilmiş oğurluq cinayət əməli nəticəsində ona ümumilikdə 5725 (beş min yeddi yüz iyirmi beş) manat maddi ziyan dəymişdir. Bir qədər sonra Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və o, ərizə ilə bölməyə müraciət edib oğurluq edən şəxsin və ya şəxslərin aşkar edilərək barəsində tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində bildirmişdir ki, ona dəymiş ziyan qismən ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra oğurlanmış əşyaların əksəriyyəti ona geri qaytarılmışdır. Lakin həmin əşyalardan 1 ədəd dəyəri 1000 manat olan “Kuma Bianchi” markalı velosiped və 1 ədəd dəyəri 1000 manat olan markasını xatırlamadığı velosiped hazıradək geri qaytarılmamış və ya onun dəyəri ödənilməmişdir. Buna baxmayaraq o, Təqsirləndirilən şəxs bağışlayaraq onunla barışmış və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən şikayətçi olmamasına dair yazılı ərizəsini məhkəməyə təqdim edərək cəza təyin edilməsi zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində onun arvadı Zərərçəkmiş şəxs1 ona zəng edərək özünə məxsus “Toyota Corolla” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən əşyalarının oğurlandığını bildirmişdir. Bundan sonra onun arvadı evə gəlmiş, onlar birlikdə Zərərçəkmiş şəxs1 avtomobilinə baxış keçirmişlər və avtomobildən 4 ədəd gün eynəklərinin, 1 ədəd yaddaş kartının, 1 ədəd “Samsung” markalı fotoaparatın, 1 ədəd üzərində “Hilton” yazısı olan boyun yastığının, 1 ədəd üzərində “Fairmont” yazısı olan çətirin, 1 ədəd manqalın, 1 ədəd samovarın, 1 ədəd heyvan çantasının, 3 ədəd “Xiaomi” markalı mobil telefonların, 1 ədəd “Adidas” markalı idman çantasının, 1 cüt ayaqqabının, 1 ədəd “Tommy Hilfiger” markalı çantanın və 2 ədəd babin adlanan avtomobil ehtiyat hissələrinin oğurlandığını müəyyən etmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və arvadı Zərərçəkmiş şəxs1 Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Şahid əminliklə qeyd etmişdir ki, arvadı Zərərçəkmiş şəxs1 məxsus avtomobildə yuxarıda sadalanan bütün əşyalar oğurluq hadisəsindən əvvəl mövcud olmuşdur. Belə ki, onlar adətən həftə sonları nənəsinə məxsus bağ evinə getdiklərindən, qeyd olunan manqal, samovar və digər əşyalar daim avtomobilin baqaj hissəsində saxlanılmışdır. Bundan başqa avtomobilin salonunda arvadına məxsus şəxsi əşyalar da saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsləri, mülki iddiaçı və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd mavi rəngli “Zara” markalı gödəkcəni, 1 ədəd tünd yaşıl rəngli “My Twins” markalı qadın geyimini, 1 ədəd çəhrayı rəngli “Waggon” markalı donu, 1 ədəd qara rəngli “Waggon” markalı kardiqanı, 1 ədəd göy rəngli “Vitrin” markalı bluzu, 1 ədəd göy rəngli “Javier Simorra” markalı bluzu, 1 ədəd qara-yaşıl rəngli “X3” markalı qadın geyimini, 1 ədəd yaşıl rəngli “Puledro” markalı qadın köynəyini, 1 ədəd qara rəngli “İ & Natalia” markalı bluzu, 1 ədəd göy rəngli “Glee” markalı qadın köynəyini, 1 ədəd ağ rəngli “Aftershock” markalı qadın geyimini, 1 ədəd açıq göy rəngli “Robin Ruth” markalı, 1 ədəd tünd göy rəngli “X4” markalı və 1 ədəd qırmızı rəngli kişi qalstuklarını, 1 ədəd “Philips” markalı ütünü, 1 ədəd “A&D Medical” markalı inqalyatoru, 1 ədəd qırmızı rəngli “United Colors of Benetton” markalı çantanı, 1 ədəd qara rəngli “Pierre Cardin” markalı çantanı və 1 ədəd “Maxima” markalı velosipedi istintaq orqanına təqdim edərək həmin əşyaları ünvan 3 ünvanında yerləşən zirzəmidən oğurladığını bildirmişdir. Qeyd olunan əşyalar götürülərək onlara Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 həmin əşyaları tanıyaraq ona məxsus olmaqla zirzəmidən oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli ərizənin və xx xxxxxxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd manqalı istintaq orqanına təqdim edərək həmin əşyanı ünvan 2 ünvanının qarşısında saxlanılmış “Toyota Corolla” markalı avtomobildən oğurladığını bildirmişdir. Qeyd olunan manqal istintaq zamanı götürülərək ona Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 manqalı tanıyaraq ona məxsus avtomobildən oğurlanmış manqal olduğunu bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3822 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd manqalın hazırki vəziyyətdə orta bazar qiyməti 20 manat müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq faktına münasibətdə özünü qismən təqsirli bilərək ifadəsində göstərilən xüsusatları özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, şahid ifadəsi və işin digər halları ilə Təqsirləndirilən şəxs ifadəsindəki məlumatlar tam şəkildə təkzib edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli, yəni onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus avtomobildən sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində və Zərərçəkmiş şəxs2 yaşayış sahəsinə qanunsuz olaraq daxil olması və sonuncuya məxsus 5725 (beş min yeddi yüz iyirmi beş) manat dəyərində müxtəlif əşyaları oğurlaması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.2-ci maddəyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 19-cu bəndinin ikinci abzasında qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmasının əvvəli həmin tarixindən saat 01:00dan hesablanmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Yasamal Rayon Məhkəməsinin eyni tarixli 1(004)-549/2020 nömrəli qərarı ilə həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin xx xxxxxx 2021-ci il tarixli 1(004)-66/2021 nömrəli hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü madədlərinə tövsif edilmiş, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən və hökmlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 1(006)-35/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 7(010)-268/2018 nömrəli qərarına əsasən həmin hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 05 (beş) ay 22 (iyirmi iki) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(004)-150/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin hazırki cinayət işi üzrə o, xx xxxxxxxx 2020-ci il tarixdən həbsdə saxlanıldığından həmin cəzanın icrası mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qüvvədə olan cinayət qanunvericiliyinin tələbinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 münasibətdə vurulmuş zərərin qismən aradan qaldırılmasını, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(004)-150/2020 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğluna qarşı verilmiş mülki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.4-cü maddəyə görə isə Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə məhkəmə iş üzrə verilmiş mülki iddia ilə bağlı belə nəticəyə gəlir ki, qismən təmin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus “Toyota Corolla” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 4 ədəd hər birinin dəyəri 25 manat olan markası məlum olmayan gün eynəklərin, 1 ədəd 10 manat dəyərində yaddaş kartın, 1 ədəd 70 manat dəyərində “Samsung” markalı fotoaparatın, 1 ədəd 25 manat dəyərində üzərində “Hilton” yazısı olan boyun yastığın, 1 ədəd 20 manat dəyərində üzərində “Fairmont” yazısı olan çətirin, 1 ədəd 20 manat dəyərində manqalın, 1 ədəd 250 manat dəyərində samovarın, 1 ədəd 70 manat dəyərində heyvan çantasının, 2 ədəd hər birinin dəyəri 15 manat və 1 ədəd dəyəri 10 manat olan “Xiaomi” markalı mobil telefonların, 1 ədəd 35 manat dəyərində “Adidas” markalı idman çantasının, 1 ədəd markası məlum olmayan 40 manat dəyərində ayaqqabının, 1 ədəd 60 manat dəyərində “Tommy Hilfiger” markalı çantanın və 2 ədəd ümumi dəyəri 60 manat olan babin adlanan avtomobil ehtiyat hissələrinin gizli olaraq oğurlanması və Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 vurulmuş zərərdən yalnız 1 ədəd 20 manat dəyərində manqal ibtidai istintaq zamanı geri qaytarılmış və vurulmuş zərərin 780 (yeddi yüz səksən) manat hissəsi isə hazıradək ödənilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş qəbzdən isə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı hazırki cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsi halı hər-hansı bir mötəbər sübutla öz əksini tapmamışdır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyana görə 780 (yeddi yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə 810 (səkkiz yüz on) manat pul təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Mülki iddia 20.000 (iyirmi min) manat mənəvi ziyanın ödənilməsinə dair hissədə rədd olunmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Zara” markalı “Made in Morocco” yazıları olan gödəkcə, 1 ədəd istifadədə olmamış “My Twins” markalı qadın geyimi, 1 ədəd “Waggon” markalı don, 1 ədəd “Waggon” markalı qadın jaketi, 1 ədəd tünd göy rəngli istifadədə olmamış “Vitrin” markalı köynək, 1 ədəd istifadədə olmamış “Javier Simorra” markalı köynək, 1 ədəd “MariaGraziaSeveri” markalı qadın geyimi, 1 ədəd “Puledro” markalı qadın köynəyi, 1 ədəd qara rəngli “İ & Natalia” markalı qadın köynəyi, 1 ədəd istifadədə olmamış göy rəngli “Glee” markalı qadın köynəyi, 1 ədəd üzəri muncuqlarla bəzədilmiş istifadədə olmamış “Aftershock” markalı qadın jaketi, 1 ədəd göy rəngli “Robin Ruth” markalı kişi qalstuku, 1 ədəd göy rəngli “Gian MarcoVenturi” markalı kişi qalstuku, 1 ədəd markası məlum olmayan qırmızı rəngli kişi qalstuku, 1 ədəd “Philips” 4320 markalı ütü, 1 ədəd Çində istehsal edilmiş “A&D Medical” markalı CN-231 modelli inqalyator, 1 ədəd qırmızı rəngli “United Colors of Benetton” markalı təkərli çanta, 1 ədəd qara rəngli “Pierre Cardin” markalı təkərli çanta, 1 ədəd qara rəngli “Maxima” markalı velosiped və 1 ədəd manqalın qanuni sahibləri- zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Qanuni nümayəndə və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Qanuni nümayəndə məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 1(004)-150/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Zara” markalı “Made in Morocco” yazıları olan gödəkcə, 1 ədəd istifadədə olmamış “My Twins” markalı qadın geyimi, 1 ədəd “Waggon” markalı don, 1 ədəd “Waggon” markalı qadın jaketi, 1 ədəd tünd göy rəngli istifadədə olmamış “Vitrin” markalı köynək, 1 ədəd istifadədə olmamış “Javier Simorra” markalı köynək, 1 ədəd “MariaGraziaSeveri” markalı qadın geyimi, 1 ədəd “Puledro” markalı qadın köynəyi, 1 ədəd qara rəngli “İ & Natalia” markalı qadın köynəyi, 1 ədəd istifadədə olmamış göy rəngli “Glee” markalı qadın köynəyi, 1 ədəd üzəri muncuqlarla bəzədilmiş istifadədə olmamış “Aftershock” markalı qadın jaketi, 1 ədəd göy rəngli “Robin Ruth” markalı kişi qalstuku, 1 ədəd göy rəngli “Gian MarcoVenturi” markalı kişi qalstuku, 1 ədəd markası məlum olmayan qırmızı rəngli kişi qalstuku, 1 ədəd “Philips” 4320 markalı ütü, 1 ədəd Çində istehsal edilmiş “A&D Medical” markalı CN-231 modelli inqalyator, 1 ədəd qırmızı rəngli “United Colors of Benetton” markalı təkərli çanta, 1 ədəd qara rəngli “Pierre Cardin” markalı təkərli çanta, 1 ədəd qara rəngli “Maxima” markalı velosiped və 1 ədəd manqalın qanuni sahibləri-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyana görə 780 (yeddi yüz səksən) manat və dövlət rüsumunun əvəzi 30 (otuz) manat, cəmi 810 (səkkiz yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Qanuni nümayəndə məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar