Məhkəmə qərarları › İş №1(004)-66/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-66/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-66/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağsu şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan zərərçəkmiş şəxsə zor tətbiq etməklə müqavimət göstərib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 02 oktyabr 2021-ci il tarixdə saat 06:49 dəqiqədə alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən avtobus dayanacağında 18 saylı marşrut xətti üzrə hərəkət edən **-JM-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna daxil olub ictimai yer hesab edilən avtobusun salonunda olan insanların gözü qarşısında uca səslə ünvansız nalayiq ifadələr işlədib əlində tutduğu bıçağı silah qismində istifadə etməklə nümayiş etdirib öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək həmin vaxt xidməti iş yerinə getmək üçün avtobusun salonunda sərnişin qismində əyləşmiş Nərimanov rayon polis idarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan zor tətbiq etməklə yumruqla sinəsindən vurmuş, onun qanunazidd davranışlarına son qoymaq, eləcə də əlində olan bıçağı alıb onu zərərsizləşdirməklə bağlı ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs silah qismində istifadə olunan həmin bıçaqla qəsdən vuraraq sonuncuya sağ əlin İ barmağının ovuc səthinin çox səthi iki ədəd kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müqavimət göstərib xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə evdə mübahisə etdiyinə görə əsəbləşib alkoqollu enerji içkisi qəbul edib sərxoş hala düşmüşdür. Daha sonra sərnişin avtobusuna əyləşib “Şamaxinka” deyilən əraziyə, oradanda iş yerinə doğru yolunu davam etmək üçün başqa avtobusa daxil olmuşdur. Həmin vaxt o, evdə olmuş mübahisələrə həm də alkoqollu içkinin təsirindən daha da aqressivləşmişdir. Həmin zaman o, avtobusda nə etdiklərini xatırlamır, ola bilsin ki, əsəbindən nalayiq ifadələr işlətmişdir. Onu xatırlayır ki, həmin zaman bir nəfər polis əməkdaşı onun qolumu burub yerə yıxmışdır, onun əlində saxladığı bıçağı əlindən almışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, himayəsində özünün və mərhum qardaşının azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi polis əməkdaşı olduğunu və hazırda xidməti ezamiyyədə olması səbəbindən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 02 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində o, iş yerinə getmək üçün evdən çıxmış və 18 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna əyləşmişdir. Bir qədər yol getdikdən sonra avtobus Bakı şəhəri Moskva prospektində yerləşən “Alov zavodu”nun yanına çatmış, orada yerləşən dayanacaqda saxlamışdır. Həmin vaxt o avtobusda əyləşdiyi zaman eşitmişdir ki, sərnişinlərdən hansısa biri bərkdən danışaraq ünvansız nalayiq ifadələr işlədir. O həmin vaxt avtobusda üzü arxa tərəfə əyləşmişdir, başını çevirib həmin şəxsə baxdığı zaman həmin şəxs artıq ona yaxınlaşmışdır. Həmin vaxt o, polis formasında idi. Bu zaman həmin şəxs sağ əlində bıçaq yellədərək “mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlədirmiş və ona “sən mənə nə edə bilərsən?” deyərək müraciət etmiş, onun gözləmədiyi halda qəflətən yumruqla onun sinəsindən vurmuşdur. Bu zaman o, oturacaqdan qalxmış və həmin şəxsin bıçağı saxladığı sağ əlindən tutub bışağı əlindən alaraq onu zəzrərsizləşdirmək istəmişdir. O, həmin şəxsin əlini burmaq istədiyi zaman həmin şəxs müqavimət göstərməyə çalışaraq bıçaqla onun sağ əlinin baş barmağını kəsmiş, lakin buna baxmayaraq o, onun əlini burmuş və bıçaq həmin şəxsin əlindən yerə düşmüşdür. Avtobusda olan sərnişinlərdən birinin köməkliyi ilə o, həmin şəxsin əllərinə qandal taxmış, bıçağı yerdən götürmüş, sonra isə həmin şəxsi elə həmin dayanacaqda avtobusdan endirərək rabitə vasitəsi ilə yaxınlıqda xidmət aparan polis əməkdaşlarına müraciət etmişdir. Özüdə polis şöbəsinə getmiş, orada hadisə ilə bağlı raport tərtib edərək həmin şəxsdən götürdüyü 01 ədəd bıçağı təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində o, idarə etdiyi avtobus ilə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayondan hərəkətə başlayaraq marşrut üzrə Yasamal rayonu Moskva prospektində yerləşən “Alov zavodu”nun yanında olan dayanacağa gəlmişdir. Həmin vaxt o, sükan arxasında olarkən eşitmişdir ki, avtobusa daxil olmuş sərnişinlərdən biri bərk səslə nalayiq ifadələr işlədir və avtobusda olan şəxslərə hədə-qorxu gəlir. Güzgüdən görmüşdür ki, avtobusda nalayiq ifadələr işlədən və camaata hədə-qorxu gələn şəxs ilə polis əməkdaşı arasında münaqişə gedir, həmin şəxs əlindəki bıçaqla polis əməkdaşına hücum çəkmək istəyir. Həmin vaxt avtobusda olan bir neçə sərnişin polis əməkdaşına köməklik edərək əlində bıçaq olan həmin şəxsin əllərindən tutmuşdurlar. Bıçağı götürdükdən sonra isə polis əməkdaşı həmin şəxsin əllərini qandallayaraq avtobusdan çıxarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 02 oktyabr 2021 -ci il tarixdə saat 06 radələrində o, Yasamal rayonu Moskva prospektində yerləşən “Alov zavodu”nun yanında olan dayanacaqda durub 7A nömrəli marşrut üzrə sərnişin avtobusunu gözləyirdi. Bu zaman o, dayanacaqda bir nəfər şəxs görmüş, o, əlində bıçaq tutaraq nalayiq ifadələr işlədirmiş və ətrafda olan şəxsləri hədələyirdi. Həmin şəxsin sərxoş olduğu hiss olunurdu. Bu zaman dayanacağa 18 nömrəli marşrut üzrə sərnişin avtobusu gəlmiş, qapılar açılandan sonra həmin şəxs həmin avtobusa daxil olaraq avtobusun içərisində əlindəki bıçağı yellətməklə söyüşlər söyməyə davam etmişdir. O da həmin vaxt həmin şəxsin hərəkətlərini müşahidə edərkən görmüşdür ki, həmin şəxs avtobusun içərisində olan polis əməkdaşının sinəsindən yumruq vurmuş, buna görə də o dərhal həmin şəxsi zərərsizləşdirmək üçün avtobusa daxil olmuşdur. Bundan sonra polis əməkdaşı həmin şəxsin əlini buraraq bıçağı sonuncunun əlindən almış, bu zaman həmin şəxs müqavimət göstərməklə bıçaqla polis əməkdaşının barmağını kəsmişdir. Bundan sonra onun köməkliyi ilə polis əməkdaşı həmin şəxsin əlini qandallayaraq avtobusdan küçəyə çıxartmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli “Üzləşdirmə Protokolu”ndan məlum olur ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, o, isə Zərərçəkmiş şəxs dedikləri ilə razı olmayaraq hadisə zamanı sərxoş vəziyyətdə olduğundan özünü idarə edə bilmədiyini və nalayiq ifadələr işlətdiyini, avtobusda kiməsə yumruqla və ya bıçaqla xəsarət yetirməsini xatırlamadığını bildirmişdir (cild 1, səh. 45-47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Tural Mahmudov tərəfindən hadisə yeri olan Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov zavodu” yaxınlığında yerləşən avtobus dayanacağının qarşısına baxış keçirilmiş və bununla bağlı protokol tərtib olunaraq fotoşəkillərlə birlikdə istintaq materiallarına əlavə edilmişdir (cild 1, səh. 10-13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Tural Mahmudov tərəfindən Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş 01 ədəd bıçaq götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim edilən bıçağın tiyəsi metallik rəngli, dəstəyi qara rənglidir. Tiyənin ucu sınmış və bir qədər əyilmiş vəziyyətdədir (cild 1, səh. 6). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “sərxoşluq halının təyin edilməsinə dair tərtib edilmiş” 02.10.2021-ci il tarixli 2/13719 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, səh. 8). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əynində ağ-qara rəngli kapyuşonlu idman gödəkcəsi olan şəxs sağ əlində bıçaq yellətməklə avtobusun içərisində gəzməyə başlayır. Bu zaman o, avtobusda olan polis əməkdaşına yumruq atır, bundan dərhal sonra həmin polis əməkdaşı onun boynundan tutub əlindəki bıçağı götürməyə çalışır. Bu zaman avtobusda olan bir neçə sərnişin həmin polis əməkdaşının köməyinə gələrək həmin şəxsi əlləri ilə tuturlar, polis əməkdaşı isə bıçağı həmin şəxsin əlindən alır. Sonra isə polis əməkdaşı digər sərnişinlər köməkliyi ilə həmin şəxsin əllərinə qandal bağlayır və sonuncunun avtobusdan küçəyə çıxarırlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 982 saylı rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin İ barmağının ovuc səthinin çox səthi 2(iki) ədəd kəsilmiş yaraları iti uca və ya iti kənara malik alətin (əşyanın) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 02.10.2021-ci il tarixdə bıçağın təsirindən törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, səh. 53-54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 19 oktyabr 2021- ci il tarixli 3/1671 saylı rəyi ilə təsdiq olunur ki, bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, onun tiyəsinin ucluğu cüzi sınmışdır, lakin həmin sınma nəticəsində bıçağın ilkin təyinatında və istifadəsində əhəmiyyətli dəyişiklik yaranmamışdır və eləcə də onun üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir (cild 1, səh. 108-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq 28.10.2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və hadisənin videogörüntüləri olan 01 ədəd disk 08.12.2021-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 112,117-122) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən, eləcə də əldə edilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.08.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.12.2008-ci il tarixli qərarına əsasən ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 29.08.2008-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əmlakı müsadirə olunmamaqla 08 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 03 oktyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir (cild 1, səh. 95-106, 114-116) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 02.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-583/2021 nömrəli 04.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 78-82). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan və iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs 24.10.2018-ci il təvəllüdlü X6, 16.03.2018ci il təvəllüdlü X5 və 22.11.2015-ci il təvəllüdlü X8 adlı övladları vardır (cild 1, səh. 43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 19 dekabr 2013-cü il tarixli və 19 mart 2014-cü il tarixli sərəncamlarından aydın olur ki, X4 azyaşlı nəvələri 08.03.2006-cı il təvəllüdlü X3 , 16.07.2007-ci il təvəllüdlü X2 və 20.01.2012-ci il təvəllüdlü X1 üzərində quyyum təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində özünün və mərhum qardaşının azyaşlı övladlarının himayəsində olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşlı anasının onun himayəsində olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan bir ədəd təsərrüfat-məişət təyinatlı bıçaq məhv edilməli, iş üzrə məhkəmə məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-66/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 02.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan bir ədəd təsərrüfat-məişət təyinatlı bıçaq məhv edilsin. İş üzrə məhkəmə məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə xərclənmiş 74 (yetmiş dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar