Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-66/2023 05.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs Zahid oğlunun iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında yaşayan və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Zahid oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zahid oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 01 iyun 2022-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,258 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış,həmin tarixdə saat 20:00-da Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yasamal rayonu, H.Məcidov 6 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,258 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zahid oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 5 ildir ki,narkotik vasitə “heroin”i qəbul edir.Hər dəfə narkotik vasitəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir.01 iyun 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri,Nəsimi rayonu,”Kubinka” adlanan ərazidən üzdən tanıdığı,lakin adını bilmədiyi şəxsdən 30 manat qarşılığında narkotik vasitə olan “heroin” almışdır.Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır.Həmin gün saat təxminən 20:00-da yaşadığı Yasamal rayonu, H.Məcidov 6 ünvanının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Yasamal RPİ-nə dəvət etmişdirlər.Polis idarəsinin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə üzərinə baxış keçirilmişdir.Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildi. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün kağıza bükülmüş narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişdirlər. Bütün bu proses videoçəkilişlə aparılmışdır. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir, ona məxsusdur.Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Zahid oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi bölməyə məlumat daxil olmuşdur ki, ünvan 5 ünvanında yaşayan, 25 dekabr 1974-cü ildə anadan olmuş Topchiev X6 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur.Alınmış məlumatın və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 01 iyun 2022-cı il tarixdə saat 20:00-da əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanının qarşısında saxlanılaraq xidməti vəsiqəni göstərək özlərini təqdim etmişlər və həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün Yasamal RPİ-nə gətirmiş və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoysun.Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülmüş maddəni masanın üzərinə qoymuş və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kağızın içərisində narkotik vasitə heroindir və narkotik vasitəni Nəsimi rayonu, «Kubinka» adlanan ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir və cəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə işlədiyi bölməyə məlumat daxil olmamış, yalnız istifadəsi etməsi barədə məlumat daxil olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-ci vərəqəsində olan 01 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-73-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 03 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlu barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 46-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 6/3082 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 1.258 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 116-120-ci vərəqələrində olan 22 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlunun üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1,208 qram çəkidə olan narkotik vasitə heroin və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 20 sentyabr 2022-ci il tarixli, 5360 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Zahid oğlunda OPİOİDLƏRİN Kannabinoidlərin və psixotimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlu əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlunun himayəsində xx.xx.2007-ci il təvəllüdlü Topchieva Nigar və xx.xx.2013-cü il təvəllüdlü Topchieva Məryəm adlı 2 qız övladı var. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin Tş-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Əli Məmmədov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümə bükülmüş kütləni çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan kokos kimi tanıdığı heroin olduğunu, həmin narkotik vasitəni “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığım bildirdi.Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsn üzərinə keçirələn baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs Zahid oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Zahid oğluna cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Zahid oğluna cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zahid oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğlu təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğlu həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs Zahid oğlu tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğluna təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zahid oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 20 sentyabr 2022-ci il tarixli, 5360 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Zahid oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğlundan aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,208 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs Zahid oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zahid oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.O.Abıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs Zahid oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.O.Abıyevə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Zahid oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zahid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zahid oğlunun 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zahid oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Zahid oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,208 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs Zahid oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs Zahid oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Zahid oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-66/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-66/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver