Məhkəmə qərarları › İş №1(004)-66/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-66/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-66/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd qızının sədrliyi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF PARK” yaşayış kompleksində kirayədə yaşamış, Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Abdulla Qarayev küçəsi ilə X21 istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan “yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərə riayət etməli olduğu halda bunlara əməl etməyərək 70 km/saat sürətlə hərəkətdə olarkən, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və “1.1—1.3 xətlərini kəsib keçmək qadağandır” kimi tələblərə riayət etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, avtomobilin hərəkətini əks hərəkət üçün nəzərdə tutulmuş hərəkət zolağında davam etdirməsi nəticəsində idarə etdiyi avtomobil həmin küçənin “Crystal Motors” avtomobil servis mərkəzinin arxasından keçən hissəsində əks hərəkət zolağında hərəkətdə olan Şahid1 sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla, ehtiyyatsızlıqdan “Toyota Prius” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan zərərçəkmiş şəxs X3 lll-Vİİ, sağ İV-Vİİ qabırğaların, 1-ci bel fəqərəsinin sınıqları, sol gözün hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndində göstərilən, yəni “nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir” kimi tələblərini pozmaqla yol- nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF PARK” yaşayış kompleksində kirayədə yaşamışdır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. İşləmir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Abşeron rayon ərazisində oğurluq cinayəti törətdiyi üçün Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda barəsində olan həmin cinayət işi Abşeron rayon məhkəməsində baxılmaqdadır. 2024-cü ilin yanvar ayının ortalarında «Toyota Prius» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. “B” dərəcəli sürücülük vəsiqəsi var və sürücülük hüququ məhdudlaşdırılmayıb. 25 yanvar 2024-cü il tarixdə idarə etdiyi «Toyota Prius (HİBRİD)» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindən Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsinə sifarişlə balıq aparmış, avtomobildə sərnişin olmamışdır. Saat 22:30 radələrində Yeni Yasamal yaşayış massivində Abdulla Qarayev küçəsi ilə X21 istiqamətində hərəkətdə olmuşdur. Həmin yol qarşı- qarşıya hərəkət istiqamətində nəzərdə tutulmuş ikitərəfli yoldur. Yəni, yolun bir hərəkət zolağında yalnız bir avtomobil hərəkət edə bilər. Həmin küçədə “Crystal Motors" avtomobil servis mərkəzinin arxasında olan zaman istifadəsində olan mobil telefon ayaqaltına düşmüş, aşağı tərəfə əyilib mobil telefonu axtarmağa başlamışdır. Bu zaman başını qaldırmadan avtomobil nə iləsə toqquşaraq dayanmışdır. O, başını qaldırıb idarə etdiyi avtomobilin qarşı hərəkət zolağında olan «Toyota Prius» markalı avtomobilin qabaq tərəfi ilə toqquşduğunu görmüşdür. Hadisənin həyəcanından avtomobildən düşməmiş, idarə etdiyi avtomobilin toqquşduğu avtomobilin sürücüsü avtomobildən düşərək sərnişinləri düşürtmüş və ona yaxınlaşaraq avtomobildən yerə düşməsini tələb etmişdir. O, demək olar ki, hadisənin baş verməsinə görə “şok” vəziyyətində olmuş və avtomobildən yerə düşməmişdir. Sürücü ondan adını soruşduqda ona adının “Samir” olduğunu bildirmiş, lakin yerə düşməmişdir. Sürücü idarə etdiyi avtomobilində xəsarət alan sərnişinləri ətrafdan keçən avtomobillərdən birinə əyləşdirərək yola salmış, bundan sonra, adını bilmədiyi avtomobilin sürücüsü və ətrafda olan şəxslər onu avtomobildən düşürtmüşlər. O, xəsarət almasa da, döş qəfəsində ağrı olmuşdur. Avtomobildən düşdükdən sonra yenə heç nə danışmamış və yolun kənarına gedərək oturmuşdur. Bir qədər oturduqdan sonra yoldan keçən tanımadığı şəxslərdən birinin avtomobili ilə X16 gedib müayinə olunmuş, heç bir xəsarətinin olmadığı müəyyən edilmişdir. Lakin zərbənin təsirindən sinəsində ağrı olmuş, Xəstəxanadan çıxıb evinə getmişdir. Səhəri gün xatırlamadığı nömrədən ona zəng gəlmiş və ona bildirilmişdir ki, hadisənin iştirakçısı kimi gedib sərxoşluğun müayinə mərkəzindən keçib Yasamal rayon Polis İdarəsinə yaxınlaşsın. O da sərxoşluğun müayinə mərkəzinə gedib müayinədən keçmiş və oradan müayinənin nəticəsinə dair protokolu götürmüşdür. Lakin halsız olduğu üçün Yasamal rayon Polis İdarəsinə getməmiş və evə getmişdir. Müayinənin nəticəsinə dair protokolu yaşadığı evə qoymuş, bundan sonra, təxminən 2 həftədən sonra onu Yasamal rayon Polis İdarəsinin DYPŞdən dəvət etdikləri üçün Yasamal rayon Polis İdarəsinə getdikdə hadisə ilə bağlı bir-iki sual verildikdən sonra oradan çıxmışdır. Bundan sonra, o, düşünmüşdür ki, yəqin ki, hadisə zamanı idarə etdiyi avtomobilin toqquşduğu avtomobilin sürücüsü və sərnişinləri elə də ağır xəsarət almazlar. Həmçinin, o, bundan sonra heç mobil telefonuna gələn zənglərə də cavab verməmiş, xəsarət alan şəxslərlə əlaqə saxlamağa çalışmamış və Yasamal rayon Polis İdarəsinə də getməmişdir. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi toqquşduğu avtomobilin hərəkətdə olduğu zolaqda baş vermiş, avtomobilin salonunda ayaqaltına düşən mobil telefonumu axtardığı üçün idarə etdiyi avtomobilin yolun qarşı hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan avtomobillə toqquşmuşdur. Hadisə gecə vaxtı olmuş, yol zəif işıqlandırılmışdır. Hadisə baş verən yerdə yol örtüyü asfalt olmuş, hava yağışlı olmamış, quru olmuşdur. İdarə etdiyi “Toyota Prius» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin tormoz sistemi normal işləmişdir. Hadisə zamanı avtomobili 60-70 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişin olmamış, bir ədəd torbada balıq olmuşdur. O, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hadisədən sonra hadisə yerinə çoxlu adam gəlmiş, lakin o həmin şəxsləri tanımamışdır. Hadisə baş verdikdən sonra o, bir qədər yolun kənarında oturmuş və müayinə olunmaq üçün X16 getmiş, oradan çıxdıqdan sonra yaşadığı evə getmişdir. Hadisə baş verdikdən sonra heç bir hüquq mühafizə orqanına, DİN-in 102 xidmətinə hadisə barədə məlumat verməmiş, həmçinin, hadisə nəticəsində xəsarət alan şəxslər, toqquşan digər avtomobilin sürücüsü və ya digər şəxslərə anket məlumatları, mobil telefon nömrəsi və digər əlaqə vasitələri barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 6, mənzil 133-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Safari binası, blok 3, mənzil 199-da yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “El piano” restoranında olmuşlar. Həmin gün saat 22 radələrində restorandan çıxmış və “Bolt” tətbiqi vasitəsilə yaşadıqları evə getmək üçün taksi sifariş etmişlər. Çox keçmədən taksi gəlmiş və o, qızı Şahid2 və azyaşlı nəvəsi Şahid3 ilə birlikdə taksiyə əyləşmiş, əyləşdikləri avtomobil “Toyota Prius” markalı olmuşdur. O, avtomobildə qabaq sağ oturacaqda, qızı Şahid2 arxa oturacaqda sağ tərəfdə, nəvəsi Şahid3 isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Taksi sürücüsü, sonradan adı ona məlum olan İbrahim adlı şəxs X21dan Yeni Yasamal yaşayış massivinə gedən köməkçi yola daxil olmuş, bir qədər hərəkət etdikdən sonra həmin köməkçi yoldan sağ istiqamətə, yəni Abdulla Qarayev küçəsinə daxil olaraq hərəkətini davam etdirmişdir. Saat artıq 22:30 radələri olmuşdur. Həmin yol qarşı-qarşıya hərəkət istiqamətində nəzərdə tutulmuş ikitərəfli yoldur. Yəni, yolun bir hərəkət zolağında yalnız bir avtomobil hərəkət edə bilər. Taksi sürücüsü bir qədər hərəkət etdikdən sonra yolun qarşı hərəkət zolağında bir «Toyota Prius» markalı avtomobilin qəfildən hərəkətdə olduqları zolağa daxil olaraq onlara tərəf gəldiyini görmüş, taksi sürücüsü İbrahim adlı şəxs idarə etdiyi avtomobili hadisədən yayınmaq üçün qarşı hərəkət zolağına çıxara bilməmişdir. Çünki həmin zolaqda avtomobil hərəkətdə olmuş və avtomobillər toqquşa bilərmiş. Ona görə də, İbrahim adlı sürücü avtomobili tormoz etmiş, həmçinin, işıq və səs siqnallarından da istifadə etməklə, həmin avtomobilin sürücüsündən yoldan çıxmasını tələb etmişdir. Bu səbəbdən taksi sürücüsü əyləşdikləri avtomobili dayandırmışdır. Bu zaman hərəkətdə olan qeyd etdiyi avtomobilin qabaq hissəsi əyləşdikləri avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Zərbənin təsirindən taksi sürücüsü İbrahim adlı şəxs, o və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Şahid3 xəsarət almışlar. Lakin arxa oturacaqda sağ tərəfdə əyləşən qızı X8 isə xəsarət almamışdır. Onlar dərhal avtomobildən yerə düşmüş və taksi sürücüsü İbrahim adlı şəxs onlara köməklik etmiş, əyləşdikləri avtomobillə toqquşan avtomobilin sürücüsü avtomobildən düşməmişdir. Əyləşdikləri avtomobilin sürücüsü həmin şəxsə yaxınlaşaraq avtomobildən düşüb onlara köməklik etməsini tələb etmiş, lakin həmin şəxs avtomobildən düşməmiş və həmçinin, danışmamışdır. Hadisə yerinə toplaşan tanımadıqları şəxslərdən biri onları “Medera” hospitala aparmışdır. Orada o və nəvəsi müayinə olunmuşlar. Hadisə nəticəsində onun qabırğaları, bel fəqərəsi sınmış və sol sifət nahiyəsi əzilmişdir. Nəvəsi Şahid3 üst dodağı əzilərək cırılmış və o, cərrahi əməliyyat olunmuşdur. Bundan sonra, əyləşdikləri avtomobilin sürücüsü İbrahim adlı şəxs onların səhhəti ilə maraqlansa da, hadisəni törədən sonradan adı onlara məlum olan Samir adlı şəxs isə onlarla maraqlanmamış və heç onu tapa bilməmişlər. Ona görə də, hadisəni törədən Samir adlı şəxsə qarşı şikayətçidirlər. Zərərçəkmiş şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi hərəkətdə olduqları zolaqda baş vermişdir. Qeyd etdiyi kimi, əyləşdikləri avtomobilin sürücüsü hərəkət zolağına çıxan avtomobili görən kimi avtomobili tormoz edib saxlamışdır. Hadisə gecə vaxtı olmuş, yol işıqlandırılmışdır. Yol örtüyü asfalt olmuş, hava yağışlı deyilmiş, yol quru olmuşdur. Əyləşdikləri avtomobilin sürücüsü İbrahim adlı şəxs avtomobili həmin vaxt təxminən 30 km/saat sürətlə idarə etmiş, hadisəni törədən «Toyota Prius» markalı avtomobilin hərəkət sürəti isə təxminən 70 km/saat olarmış. Hadisədən sonra hadisə yerinə çoxlu adam gəlmiş, lakin o, həmin şəxsləri tanımır. Məhkəmətibbi ekspertizasının rəyinə əsasən onun bədəni üzərində olan sol lll-Vİİ, sağ İV-Vİİ qabırğaların, 1-ci bel fəqərəsinin sınıqları, sol gözün hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər baş vermiş hadisə nəticəsində yaranmışdır. Şikayətçidir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı yol istismar idarəsində mexanizator işləyir. Əmək haqqı maddi ehtiyaclarını ödəmədiyindən taksi fəaliyyəti ilə məşğul olur. BC kateqoriyalı sürücülük 'vəsiqəsi vardır və sürücülük hüququ məhdudlaşdırılmayıb. «Toyota Prius (HİBRİD)» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili icarəyə götürərək etibarnamə əsasında idarə etməklə taksi fəaliyyəti ilə məşğul olmuş və “BOLT” taksi şirkətinin xəttinə qoşulmuşdur. 25 yanvar 2024-cü il tarixdə daxil olmuş sifariş əsasında idarə etdiyi «Toyota Prius (HİBRİD)» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “El piano” restoranından iki qadın və bir uşaq götürərək, Yeni Yasamal yaşayış massivində yerləşən ünvana aparmışdır. Həmin qadınlardan biri avtomobilin qabaq sağ oturacağında, digəri avtomobilin arxa oturacağında sağ tərəfdə, azyaşlı uşaq isə arxa oturacağın sol tərəfində əyləşmişdir. Saat 22:30 radələrində idarə etdiyi avtomobillə X21dan Yeni Yasamal yaşayış massivinə gedən köməkçi yola daxil olmuş, bir qədor hərəkət etdikdən sonra həmin köməkçi yoldan sağ istiqamətə, yəni Abdulla Qarayev küçəsinə daxil olaraq hərəkətini davam etdirmişdir. Həmin yol qarşı-qarşıya hərəkət istiqamətində nəzərdə tutulmuş ikitərəfli yoldur. Yəni, yolun bir hərəkət zolağında yalnız bir avtomobil hərəkət edə bilər. O, təxminən 700 metr hərəkət etdikdən sonra “Crystal Motors” avtomobil servisinin arxa hissəsində yolun qarşı hərəkət zolağında bir «Toyota Prius (HİBRİD)» markalı avtomobilin qəfildən hərəkətdə olduğu zolağa daxil olaraq idarə etdiyi avtomobilə tərəf gəldiyini görmüş, idarə etdiyi avtomobili hadisədən yayınmaq üçün qarşı hərəkət zolağına çıxaraq bilməmişdir. Çünki həmin zolaqda avtomobil hərəkətdə olmuş və avtomobillər toqquşa bilərmiş. Ona görə də, o, tormozdan istifadə etməklə, həmçinin, işıq və səs siqnallarından da istifadə etməklə, həmin avtomobilin sürücüsünün diqqətini özünə cəlb etməyə çalışmışdır. İdarə etdiyi avtomobili tam dayanma həddinə çatdırıb saxladıqdan dərhal sonra həmin avtomobilin qabaq hissəsi idarə etdiyi avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Zərbənin təsirindən o, avtomobildə qabaq oturacaqda əyləşən, sonradan şəxsiyyəti ona məlum olan X10, arxa oturacaqda əyləşən azyaşlı, yəni sonradan şəxsiyyəti ona məlum olan 2011-ci il təvəllüdlü Şahid3 xəsarət almışlar. Lakin arxa oturacaqda sağ tərəfdə əyləşən sonradan şəxsiyyəti ona məlum olan X8 isə xəsarət almamışdır. O, dərhal avtomobildən yerə düşərək adlarını qeyd etdiyi sərnişinlərə avtomobildən düşmələri üçün köməklik etmişdir. Onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin markası, qeyd etdiyi kimi «Toyota Prius (HİBRİD)» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı olmuş, sürücüsü avtomobildən düşməmişdir. O, həmin şəxsə yaxınlaşaraq avtomobildən düşüb onlara köməklik etməsini tələb etsə də, həmin şəxs avtomobildən düşməmiş və danışmamışdır. O, həmin sürücüyə qışqıraraq, adının nə olduğunu soruşduqda, o, adının Samir olduğunu deyib, daha danışmamışdır. Həmin avtomobildə sərnişin olmamışdır. O, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yoldan keçən avtomobillərdən birinin tanımadığı sürücüsünə xahiş etmiş və həmin sürücü hər iki xəsarət alan sərnişinləri və digər xəsarət almayan sərnişini xəsarət alan hər iki sərnişini xəstəxanaya çatdırmaq üçün hadisə yerindən aparmışdır. Bundan sonra, o və hadisə yerinə toplaşan şəxslər Samir adlı sürücünü avtomobildən düşürtmüşlər. Samir adlı şəxs heç bir xəsarət almamış və avtomobildən düşdükdən sonra yenə heç nə danışmamış, yolun kənarına gedərək oturmuşdur. O, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş, bundan sonra, sərxoşluğun müayinə mərkəzinə, oradan da Respublika Klinik Xəstəxanasına getmişdir. Polis əməkdaşları hadisə yerinə gələnə qədər «Toyota Prius (HİBRİD)» markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Samir adlı şəxs artıq hadisə yerində olmamış, çıxıb getmişdir. Şahid1 ona əlavə olaraq verilən suallara cavab olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi hərəkətdə olduğu zolaqda baş vermiş, hərəkət zolağına çıxan avtomobili görən kimi avtomobili tormoz edib saxlamışdır. Hadisə gecə vaxtı olmuş, yol zəif işıqlandırılmışdır. Yol örtüyü quru olmaqla, asfalt örtüklü olmuş, hava yağışlı olmamışdır. İdarə etdiyi «Toyota Prius (HİBRİD)» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin tormoz sistemi normal işləmiş, o, avtomobili həmin vaxt 25-30 km/saat sürətlə idarə etmiş, «Toyota Prius» markalı **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti təxminən 60-70 km/saat olmuşdur. Hadisə zamanı idarə etdiyi «Toyota Prius (HİBRİD)» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə adlarını qeyd etdiyi şəxslərdən başqa sərnişin və ya yük olmamışdır. Qeyd etdiyi kimi, hadisə nəticəsində o, X10 və azyaşlı Şahid3 xəsarət almışlar. Hadisədən ' əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hadisədən sonra hadisə yerinə çoxlu adam gəlmiş, lakin başı qarşıdığı üçün həmin şəxslərin kim olduğuna fikir verməmişdir. Hadisə nəticəsində «Toyota Prius» markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almamışdır. Toyota Prius» markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə baş verdikdən sonra ona və ya idarə etdiyi avtomobildə olan şəxslərə öz anket məlumatları və ya telefon nömrəsi, yaşadığı yer barədə məlumat verməmiş və bir qədər oturduqdan sonra hadisə yerindən çıxıb getmiş və o, həmin sürücünü görməmişdir. Samir adlı şəxs sadəcə ona adının Samir olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, Bakı şəhəri. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Safari binası, blok 3, mənzil 199-da yaşayır. Heç bır psixi dispanserdə qeydiyyatda deyil. “Med Era” Hospitalda anistezioloq-reanimatoloq işləyir. 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “El piano” restoranında olmuşlar. Həmin gün saat 22 radələrində restorandan çıxmış və “Bolt” tətbiqi vasitəsilə yaşadıqları evə getmək üçün taksi sifariş etmişlər. Çox keçmədən taksi gəlmiş və o, azyaşlı qızı Şahid3 və anası X10 ilə birlikdə taksiyə əyləşmişdir. Avtomobil "Toyota Prius” markalı olmuşdur. X17 avtomobildə qabaq sağ oturacaqda, özü arxa oturacaqda sağ tərəfdə, qızı Şahid3 isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. O, avtomobilin arxa oturacağında əyləşdiyi üçün qabağı görə bilməmiş, lakin hansı istiqamətə və hansı yollarla getdiklərini bilmişdir. Taksi sürücüsü, sonradan adı ona məlum olan İbrahim adlı şəxs X21dan Yeni Yasamal yaşayış massivinə gedən köməkçi yola daxil olmuş, bir qədər hərəkət etdikdən sonra həmin köməkçi yoldan sağ istiqamətə, yəni Abdulla Qarayev küçəsinə daxil olaraq hərəkətini davam etdirmişdir. Saat artıq 22:30 radələri olmuşdur. Həmin yol qarşı-qarşı hərəkət istiqamətində nəzərdə tutulmuş ikitərəfli yoldur. Yəni, yolun bir hərəkət zolağında yalnız bir avtomobil hərəkət edə bilər. Taksi sürücüsü bir qədər hərəkət etdikdən sonra X17 bildirmişdir ki, “qarşımızdakı maşın niyə bizim üstümüzə gəlir...”. O buna görə tez əyilib avtomobilin oturacaqlarının arasından baxdıqda bir «Toyota Prius» markalı avtomobilin hərəkətdə olduqları zolaqla əyləşdikləri avtomobilə tərəf gəldiyini görmüşdür. Əyləşdikləri avtomobilin sürücüsü işıq və səs siqnallarından istifadə etməklə avtomobili tormoz edərək saxlamış, bu zaman həmin avtomobilin qabaq hissəsi əyləşdikləri avtomobilin qabaq hissəsinə dəyərək dayanmışdır. Zərbənin təsirindən sürücü, anası Yeganə və azyaşlı qızı Leyla xəsarət almış, lakin o, heç bir xəsarət almamışdır. Belə ki, hadisə baş verdikdən dərhal sonra onlar avtomobildən yerə düşmüş və sürücü İbrahim adlı şəxs onlara köməklik etmişdir. Əyləşdikləri avtomobillə toqquşan avtomobilin sürücüsü avtomobildən düşməmiş, əyləşdikləri avtomobilin sürücüsü həmin şəxsə yaxınlaşaraq avtomobildən düşüb onlara köməklik etməsini tələb etmiş, lakin həmin şəxs avtomobildən düşməmiş, həmçinin, danışmamışdır. Hadisə yerinə toplaşan tanımadıqları şəxslərdən biri onları işlədiyi “Med Era” hospitala aparmış, orada anası Yeganə və qızı Leyla müayinə olunmuşlar. Hadisə nəticəsində anası Yeganənin qabırğaları, bel fəqərəsi sınmış və sol sifət nahiyəsi əzilmişdir. Qızı Şahid3 üst dodağı əzilərək cırılmış və o, cərrahi əməliyyat olunmuşdur. Bundan sonra, əyləşdikləri avtomobilin sürücüsü İbrahim adlı şəxs onlarla maraqlansa da, hadisəni törədən sonradan adı onlara məlum olan Samir adlı şəxs isə onlarla maraqlanmamış və heç onu tapa bilməmişlər. Ona görə də, hadisəni törədən Samir adlı şəxsə qarşı şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Safari binası, blok 3, mənzil 199-da yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında 7-ci sinifdə oxuyur. 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "El piano” restoranında olmuşlar. Həmin gün saat 22 radələrində restorandan çıxmış və “Bolt” tətbiqi vasitəsilə yaşadıqları evə getmək üçün taksi sifariş etmişlər. Çox keçmədən taksi gəlmiş və o, anası Şahid2 və nənəsi X10 ilə birlikdə taksiyə əyləşmişdir. Avtomobil “Toyota Prius” markalı olmuş, nənəsi Yeganə Qarayevə avtomobildə qabaq sağ oturacaqda, anası Şahid2 arxa oturacaqda sağ tərəfdə, o da arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Onlar yaşadıqları ev istiqamətində getmişlər. O, avtomobilin arxa oturacağında əyləşdiyi üçün qabağı görə bilməmiş və arxa sağ şüşədən ətrafa baxmışdır. Bu zaman qəfildən əyləşdikləri avtomobili idarə edən taksi sürücüsü avtomobili tormoz edib saxlamış və bu zaman avtomobilə nəsə dəymişdir. O, zərbənin təsirindən qabağa atılmış və ağzı sürücünün əyləşdiyi oturacağa dəyərək xəsarət almışdır. Onlar dərhal avtomobildən yerə düşmüş və taksi sürücüsü onlara köməklik etmişdir. Əyləşdikləri avtomobillə toqquşan avtomobilin sürücüsü avtomobildən düşmədiyi üçün əyləşdikləri avtomobilin sürücüsü həmin şəxsə yaxınlaşaraq avtomobildən düşüb onlara köməklik etməsini tələb etmiş, lakin həmin şəxs yenə də avtomobildən düşməmiş və həmçinin, danışmamışdır. Hadisə yerinə toplaşan tanımadıqları şəxslərdən biri onları anasının işlədiyi "Medera” hospitala aparmışdır. Orada o və nənəsi Zərərçəkmiş şəxs müayinə etmişlər. O, ağız nahiyəsindən aldığı xəsarətlə əlaqədar cərrahi əməliyyat olunmuşdur. Bundan sonra, əyləşdikləri avtomobilin sürücüsü İbrahim adlı şəxs onların səhhəti ilə maraqlansa da, hadisəni törədən şəxs isə onlarla maraqlanmamışdır. Ona görə də, hadisəni törədən şəxsə qarşı şikayətçidirlər. İttiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, X18 təcili yardım həkimi işləyir. Həmin günü və şəxsi xatırlamasa da, həmin günə aid jurnala baxmış və orda qeyd olunmuşdur ki, xəstə klinikaya daxil olarkən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını qeyd etmiş, sinəsində şikayət olduğundan rentgenə yönəldilmişdir. Cinayət işinin 147-150-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 may 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 242-243-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan AC 088916 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 02 may 2019-cu il tarixdə verilmiş sürücülük vəsiqəsi “B” dərəcəli olmaqla, 02 may 2029-cu il tarixədək qüvvədədir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 Yasamal rayon şöbəsinin 09 fevral 2024-cü il tarixli 42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “döş qəfəsinin səthi travması” diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 Yasamal rayon şöbəsinin 16 fevral 2024-cü il tarixli 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - sol lll-Vİİ, sağ İV-Vİİ qabırğaların, 1-ci bel fəqərəsinin sınıqları, sol gözün hematoması, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25 yanvar 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 Yasamal rayon şöbəsinin 17 fevral 2024-cü il tarixli 93 nömrəli rəyindən görünür ki,

1. Şahid1 almış olduğu xəsarətlər - alın nahiyəsinin sıyrığı, sağ ayağın İ,İİ,İİİ barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan, həmin barmaqların şişkinliyi və qançırı halında əzilməsi, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 25 yanvar 2024-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

2. Şahid1 adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Müştərəkli travma, diz oynağının əzilməsi, aşağı baldır oynağının səthi travması, qarın divarının əzilməsi” diaqnozunun obyektiv əlamətləri (qançır, sıyrıq, yara, sınıq və s.) qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Cinayət işinin 49-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 Yasamal rayon şöbəsinin 01 mart 2024-cü il tarixli 60 nömrəli rəyindən görünür ki, Şahid3 “Medera Hospital”-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət - “üst dodaqda partlamış, cırılmış açıq yara”, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun “Medera Hospital”a müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, 25 yanvar 2024-cü il tarixə uyğundur, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 180-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 8/1995 nömrəli rəyindən görünür ki, 2.3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı 90SY859 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun hərəkətlərində həmin maddələrin tələbləri təmin olunmaqla hadisənin qarşısmı almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.4. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Toyota Prius markalı 77EK473 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 5. Mövcud sualın həlli yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir. Cinayət işinin 83-cü vərəqəsində olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AZE ********; FİN kod: xxxxxxx) Şahid1 məxsus AE 211668 nömrəli sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixədək, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AA 5610124, FİN kod: xxxxxxx) Təqsirləndirilən şəxs məxsus AC 088916 nömrəli sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək aktivdir, hər iki şəxsin sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat mövcud deyildir. Cinayət işinin 162-164-cü vərəqəsində olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli arayış və həmin arayışa əlavə edilmiş çıxarışlardan görünür ki, X11 məxsus “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün 24 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək olan müddət ərzində avtomobilin sahibi tərəfindən “AC” 088916 saylı sürücülük vəsiqəsi əsasında Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 26 yanvar 2024-cü il tarixli 2/4715 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid1 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 194-209-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla, sahibinə təhvil verilmişdir. X14 məhkəmənin 18-1-2/2-243/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 00:30-da X16 müraciət etmişdir. Xəstənin dediyinə görə yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Xəstəyə rentgenoskopiya müayinəsi olundu. Diaqnoz: Döş qəfəsinin səthi travması. Əlavə olaraq bildirir ki, X6 Yardım şöbəsinin həkimi Şahid4 Yasamal rayon Məhkəməsinə getməsi təmin olunmuş və xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs Əliövsət oğlu barəsində Yasamal rayon polis idarəsinin növbətçisi Əliyevə (434-02-02) məlumat verilmişdir. Azərbaycan Respublikası DİN X5 Xidmətinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir. Cinayət işinin 121-124-cü vərəqələrində olan DİN BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 1997-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiya) təqsirli bilinməklə, 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 1998-ci il tarixdə Milli Məclisin 12 may 1998-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 10 avqust 2006-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə, 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 24 may 2011-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinməklə, 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə 4 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə hesab edir ki, hazırda törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə təqsirli bilsə də, 264-cü maddəsi ilə təqsirli bilməməsini məhkəmə özünümüdafiə kimi qiymətləndirir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 22.30 radələrindən sonra təqsirləndirilən şəxs X16 gedib müayinə olunmuş, ciddi bir xəsarəti olmadığı halda belə bundan sonra da xəstəxanadan çıxıb hadisə yerinə deyil evinə getmiş, hadisə yerinin müəayinəsində istirak etməmişdir. Səhəri gün polisdən ona zəng gəldikdən sonra hadisənin iştirakçısı kimi gedib sərxoşluğun müayinə mərkəzindən keçib, müayinə aktını da evinə aparmış, yenə də təhqiqat orqanına getməmişdir. Ona görə də məhkəmə hesab edir ki, özü etiraf etməsə də onun əməlində həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibi var. Bu hal zərərçəkmiş şəxs və şahid ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəza¬ların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli isə hökmün çıxarıldığı 31 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 128 manat N.M.Seyidovdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən həm əsas, həm də əlavə cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar