Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-662/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu, Mirmahmud Kazımovski 195 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla zərərçəkmiş şəxsin az ağır bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 noyabr 2024-cü il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulan “velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməlidir” kimi tələblərə riayət etməyərək, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Chevrolet Cruze” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 km/saat sürətlə Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə Cəfər Cabbarlı küçşəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 61/66 ünvanda qarşısında həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan “hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır” kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, sağa doğru istiqamətləndirmiş və bu zaman arxadan onunla eyni zolaqda ona nəzərən sağ tərəf ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Moon AF 50 Pro markalı mopedi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan həmin mopedin sürücüsü Zərərçəkmiş şəxs sol əlin 2 barmağının açıcı vətərinin kəsiyi ilə müşayiət olunan sol said sümüklərinin sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun himayəsində 7 yaşlı övladı vardır. «Chevrolet Cruse» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən təxminən 5 ay əvvəl almış, lakin sənəd üzərində avtomobil başqa şəxsin mülkiyyətindədir. Həmin avtomobil sürücüsü tərəfindən idarə olunurmuş, cox təcili hallarda bəzən özü sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmişdir. 19 noyabr 2024-cü il tarixində uşağı xəstə olduğu və sürücüsü rayonda olduğu üçün məcbur qalıb dərman almaq üçün aptekə getmək məqsədilə saat 21 radələrində o Yasamal rayonu, Melisa Park adlanan yerdə avtomobili hərəkətə gətirib üzü Memar Əcəmi metrostansiyasının yaxınlığında yeləşən aptekə getmişdir. Dərman alıb aptekdən çıxdıqdan sonra saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə yaşadığı Melisa Park yaşayış kompleksi istiqamətində hərəkətini saatda 30 kilometr sürətlə davam etdirmişdir. Melisa Park yaşayış kompleksinə çatdıqda sürətini bir qədər azaldıb sağa dönmək üçün dönmə işığını yandıraraq dönmə etməyə başlamışdır. Lakin dönmə işıqlarının işləməməsindən xəbəri olmamışdır. Bu vaxt tam dönməni tamamlamadan onun hərəkət etdiyi zolağdan sağında olan avtobus zolağı ilə hərəkətdə olan moped onun idarə etdiyi avtomobilin ön sağ hissəsindən dəymişdir. Bu vaxt mopedin sürücüsü yerə yıxılmışdır. O avtomobili yolun kənarında saxlayaraq adının sonradan Elvin olduğunu bildiyi şəxsi öz avtomobili ilə yaxınlıqdakı xəstəxanaya aparmışdır. Orada Elvinə ilkin tibbi yardım göstərilmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağı xəstə olduğu üçün tələsik vəziyyətdə avtomobili idarə etmişdir. Hadisə zamanı o mopedi görməmişdir. Hadisədən sonra 2025-ci ilin sentyabr ayında sürücülük vəsiqəsi əldə etmişdir. Hadisədən sonra o, zərərçəkmiş şəxsə dəymiş ziyan olaraq 3000 manat məbləğində pul vermişdir, hazırda maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs tələb etdiyi məbləği tam ödəyə bilmir, təklif etdiyi 1000 manat məbləğində pulu isə sonuncu qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, kuryer işləyir və işçi qüvvəsi 50 kub metrdən az olan, moped idarə edir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə Yasamal rayonu Qələbə dairəsi istiqamətində 20-30 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə orta hərəkət zolağında hərəkətdə olan “Chevrolet Cruze” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət istiqamətini anidən dəyişərək sağa dönmüşdür. O idarə etdiyi mopedi onun qarşısına çıxan “Chevrolet Cruze” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmadan yayındırmaq üçün sağ tərəfə idarə etməyə çalışsada buna nail ola bilməmiş və həmin avtomobillə toqquşmuşlar. Toqquşma nəticəsində o idarə etməni itirərək yıxılmışdır. Daha sonra onu vuran avtomobilin sürücüsü¸ yəni Təqsirləndirilən şəxs onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2200 manat pul verilsə də, onun qolu həyati funksiyaları tam yerinə yetirə bilmədiyi üçün müalicəyə ehtiyacı var. Hazırda müalicə olunması 5000 manat məbləğində ziyanın ona ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Tbilisi prospektində Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkətdə olarkən baş vermişdir. “Chevrolet” markalı avtomaşının qabaq sağ yan hissəsi, “Moon” markalı mopedin qabaq hissəsi zədələnmişdir. (i.v. 5-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 20 noyabr 2024-cü il tarixli 2/64187 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul etməməsi, alkoqol sərxoşluğu vəziyyətində olmaması müəyyən edilmişdir. (i.v. 13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 10 yanvar 2025-ci il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət sol əlin 2 barmağının açıcı vətərin kəsiyi ilə müşayiət olunan sol said sümüklərinin sınıqları kut əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. (i.v. 35-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2025-ci il tarixli 8/1388 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim edilən məlumatlara görə, Chevrolet Cruze markalı 57AC896 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Moon AF 50 Pro markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (i.v. 38-41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 27 sentyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (xx.xx.2035-ci il tarixədək etibarlı olan) BD 128854 nömrəli, «B1 B» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 57) “Diskə baxış keçirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd video görüntü olan 01 fayl vardır. Video görüntü 13 saniyədən ibarətdir. Video faylın 6-cı saniyəsində, avtomobil hərəkət hissəsinin 2-ci zolağından sağa dönən zaman özündən sağ arxa tərəfindən gələn mopedin uzaq görmə işiqlarını yandırsada avtomobil sağa dönmə manevr edir, mopedin sürücüsü hadisənin qarşısını almaq məqsədilə mopedi sağ tərəfə qaçırtsada avtomobilin qabaq sağ hissəsinə çırpılması müşahidə edilmişdir. (i.v. 61) “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2025-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 103-108) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 55) “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 91) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Chevrolet” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 150 (bir yüz əlli) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-662/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-662/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver