Məhkəmə qərarları › İş №1(004)-67/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-67/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-67/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1990-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 mənzil 4 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanının qarşısında park edilmiş Zərərçəkmiş şəxs2 məxsus «Mersedes-Bens C-180» markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını həmin ərazidən tapdığı açarla açıb salona daxil olaraq həmin açarı avtomobilin açar yuvasına daxil edib mühərriki işə salmaqla idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qaçırmışdır. Bundan başqa o, təkrarən xx xxxxxxxx 2020-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs1 məxsus «VAZ-21074» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının kilidli olmamasından istifadə edib avtomobilin salonuna daxil olmuş, avtomobilin ehtiyat açarını sürücü oturacağının qarşısında olan ayaqaltı rezininin altında aşkar etdikdən sonra həmin açarı avtomobilin açar yuvasına daxil edib mühərriki işə salmaqla idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Mingəçevir şəhərində anadan olmuş elə Mingəcevir şəhərindədə 11 illik ibtidai orta təhsil almış, təhsilini bitirdikdən sonra fərdi əməklə məşğul olmuşdur. 2009-cu ilin yanvar ayında hərbi xidmətə getmiş, 2010-cu ilin may ayında hərbi xidməti bitirdikdən sonra Mingəçevir şəhərinə qayıtmışdır. Özunu dolandırmaq məqsədi ilə müxtəlif yerlərdə fərdi əməklə məşğul olmuşdur. 2014-cü ilin oktyabr ayında 5 ədəd avtomaşın oğurladığı üçün barəsində cinayət işi başlanmış və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum olunmuş və cəzasını ƏN-nin PXnin 14 saylı Cəzacəkmə Müəsisəsində çəkməklə xx xxxxxxx 2019-cu ildə azadlığa çıxmışdır. Bundan sonra bir neçə ay Mingəçevir şəhərində yaşamış, daha sonra isə Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda gündəlik pul ödəməklə kirayə yaşamışdır. Daimi yaşayış yeri olmamışdır. Dolanmaq üçün ayrı-ayırı yerlərdə fəhləlik edərək fərdi əməklə məşğul olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 05 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən ASAN xidmətin arxasında olan gündəlik 3 manat ödəməklə yaşadığı evdən çıxmış və Yasamal rayonunda yerləşən Musabəyov parkına doğru hərəkət etməyə başlamışdır. Yolda olarkən minik avtomobilinə aid açar tapmış və onun avtomobillərdən anlayışı olduğundan açara baxan kimi bilmişdir ki, həmin açar“Mersedes” markalı avtomobilə aiddir, ona görə də qarşısına çıxan “Mersedes” atomobillərinin yanından keçən zaman açarın düyməsini sıxmağa başlamışdır ki, açarın aid olduğu avtomobili tapsın. Məqsədi avtomobili tapdığı halda idarə etmək olmuşdur. Belə ki, onun uşaqlıqdan avtomobil idarə etməyə həvəsi olmuşdur. Yasamal rayonu, M.Seyidov küçəsində «Mersedes-Bens C-180» markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin yanından keçən zaman açarın düyməsini sıxmış və həmin avtomobilin işıqları yanıb sönmüşdür. O, başa düşmüşdür ki, tapdığı açar həmin avtomobilindir və kənara boylanaraq onu heç kimin görməyəcəyinə əmin olaraq avtomobilin qapısını açaraq sükan arxasına əyləşmişdir. Bundan sonra avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Sonradan istifadəsində olan 055- 559-22-69 nömrəli telefon vasitəsi ilə Hikmət adlı tanışının istifadəsində olan yadında qalmayan telefon nömrəsinə zəng edərək harada olması ilə maraqlanmış və İnşaatçılar metrostansiyasının yanına gəlməsini bildirmişdir. Hikmət onunla razılaşmış və o, qaçırdığı avtomobili idarə edərək İnşaatçılar metrostansiyasının yanına gəlmişdir. Hikmət ora tək gəlməmiş, yanında tanımadığı və əvvələr görmədiyi Fərid adlı şəxslə gəlmişdir. O, Hikmət və Fəridlə görüşmüş və Hikmət ondan avtomobilin haradan əldə etdiyini soruşduqda, ona həmin avtomobilin tanışına məxsus olmasını və müvəqqəti idarə etmək üçün götürdüyünü bildirmişdir. O, Hikmət və Fəridə təklif etmişdir ki, Sumqayıt şəhərinə getməklə orada olan kafelərdən birində yemək yesinlər. Hikmət və Fərid onunla razılaşdıqdan sonra avtomobilə oturmuş və o, avtomobili özü Sumqayıt şəhəri istiqamətində hərəkət etdirməyə başlamışdır. Sumqayıt şəhəri ərazisində yolda hərəkət edən zaman digər “Ford”markalı avtomobilin sürücüsü ilə aralarında sözlə mübahisə başlamış, həmin sürücü onu təhqir etdiyindən o, digər surucunu qorxutmaq üçün sükanı sağ tərəfə, yəni həmin sürücünün idarə etdiyi avtomobil tərəfə burmuş və nəticədə onun idarə etdiyi avtomobil qeyd etdiyi avtomobilə toxunduğundan idarəetməni itirmiş və qaçırdığı avtomobil yolayrıcındakı səkiyə dəyərək dayanmışdır. Həmin hadisə nəticəsində qaçırdığı avtomobilə maddi ziyan dəymişdir. Bu hadisə baş verdikdən sonra o, Hikmət və Fəridi avtomobildən düşürmüş və təcili hadisə yerindən uzaqlaşmalı olduqlarını, həmin avtomobili qaçırdığını bildirmişdir. Həqiqəti yanındakı şəxslərə bildirdikdən sonra onların hər üçü oradan qaçaraq uzaqlaşmışlar. Həmin hadisə nəticəsində onlar bədən xəsarəti almamışlar. Həmin hadisədən sonra Hikmətlə Fəridi bir daha görməmişdir. Ümumiyyətlə Hikmətin daim işlətdiyi telefon nömrəsi olmamışdır. Fəridi isə qeyd etdiyi kimi tanımamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 5 radələrində Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmiş və Nizami rayonu ərazisində yerələşən 8 km adlanan bazara getmişdir ki, orada gündəlik araba sürərək pul qazansın. İşi alınmadığından Yasamal rayonu ərazisinə gələrək gündəlik 2-3 manatlıq ev axtarırmağa başlamışdır ki, saat təxminən 7 radələrində Respublikası Klinik Xəstəxanasının yaxınlığında VAZ-21074 markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobili görərək onu qaçırmaq fikrinə düşmüşdür. Buna görə də, avtomobilə yaxınlaşaraq qapılarını bir-bir yoxlamağa başladıqda arxa sağ qapısının açıq olduğunu müəyyən etmişdir. Həmin qapı vasitəsi ilə avtomobilin sürücü yerinə oturmuş və avtomobilin açarlarını axtarmağa başlamışdır. Həmin avtomobilin sahiblərinin adətən ehtiyat açarlarını avtomobilin salonunda ayaqaltı altında saxladıqları və ümumiyyətlə həmin avtomobillərin mühərrikini işə salmağın asan olduğunu bildiyindən açarı axtaran zaman sürücünün ayaq altı döşəməsini qaldırdıqda altından avtomobilin açarını taparaq mühəriki işə salmış və avtomobili sürərək Yasamal rayonu, N.Nərimanov heykəlinin yanına gəlmişdir. Orada o, həmin avtomobilin salonunda olan qara sarğı(skotç) ilə avtomobilin qabaq və arxa qeydiyyat nişanlarında olan «C» hərfinin ortasını birləşdirməklə «O» hərfi etmiş və istirahət etmək üçün orada avtomobili saxlamışdır. Təxminən 40 dəqiqə sonra ona mülki qeyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. O, başa düşmüşdür ki, artıq ifşa olunmuş və müqavimət göstərmədən onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. «Mersedes-Bens C-180» markalı,**-ZT-*** qeydiyyat nişanlı və VAZ- 21074 markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobilləri sürmək üçün qaçırmışdır. Həmin avtomobilləri satmaq və ya onlardan oğurluq etmək fikri olmamışdır belə ki, belə bir niyyəti olsaydı bunu edərdi. Avtomobillərin içindən heç bir əşya götürməmiş, avtomobilləri qaçırılmasında ona köməklik edən olmamışdır. O, tək həmin avtomobilləri qaçırmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə qaçırdığı avtomobilin salonunda olan şəxsiyyət və sürücülük vəsiqələrini, bank və ödəniş çekləri, bir ədəd eynək, 01 ədəd alışqan və digər sənədləri torbaya yığaraq yadında qalmayan ünvandakı zibilliyə atmışdır. Həmçinin, xx.xx.2020-ci il tarixdə qaçırdığı avtomobildə olan şəxsiyyət və sürücülük vəsiqələrini, avtomobilin texniki şəhadətnaməsi və 01 ədəd «LG» markalı telefonu da, avtomobili qaçırdıqdan sonra yadında qalmayan zibilliyə atmışdır. Bütün bunları etməkdə məqsədi tez ifşa olunmamaq olmuşdur. Əyər həmin sənədlər avtomobildə qalsaydı o daha tez ifşa oluna bilərdi. «LG» markalı telefonu atmaqda da məqsədi olduğu yeri müəyyən edilə bilməsinin qarşısını almaq olmuşdur. Fərid adlı şəxsi ümumiyyətlə əvvələr tanımamış və görməmişdir, İlk dəfə onu Hikmətlə birlikdə görmüşdür. Fərid barəsində hər hansı məlumatı olmamışdır. Hikmətlə isə təxminən 2-3 ay əvvəl Yasamal rayonu ərazisində olan parkda gəzərkən tanış olmuşdur. Hikmətin telefon nömrəsi, yaşadığı yer, barəsində hər hansı məlumata malik olmamışdır. Hikmət mütəmadi olaraq nömrələrini dəyişdiyindən onunla sonradan əlaqə yarada bilməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, «Mersedes-Bens-C180» markalı **-ZT-*** qeydiyyat nişanlı avtomobil texniki şəhadətnamə əsasında ona məxsusdır. Həmin avtomobilə dair atası Şahid1a etibarnamə verdiyindən hərdən sonuncu həmin avtomobili idarə edir. O, valideyinləri ilə bir ünvanda yaşadığı üçün avtomobil ümumi istifadələrindədir. 2020-ci ilin avqust ayının sonlarında qeyd etdiyi avtomobilə məxsus açarı naməlum şəraitdə itirmiş və nə qədər ailə üzvləri ilə birlikdə axtarsada açarı tapa bilməmişdir. Həmin açardan 01 ədəd olduğundan, avtomobilin qapısını aça bilməmiş və bununla əlaqədar açar ustasına müraciət edərək yeni açar əldə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində həmin avtomobili yaşadığı Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilin salonunda əşyalar üçün saxlanc yerində olan atası Şahid1 məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilə dair texniki şəhadətnamə, yük yerində atasının işlədiyi «Planeta» apteka məxsus 2300 manat dəyərində dərman vasitələri var idi. Bundan başqa yaşadığı mənzilin giriş qapısının açarları da salondaki saxlanc yerində olmuşdur. xx.xx.2020-ci il tarixdə avtomobili saxladığı yerə yaxınlaşdıqda onun yerində olmadığını aşkar edərək atasına bu barədə məlumat vermişdir. Daha sonra avtomobilin qaçırılması ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək şifahi məlumat vermiş və Yasamal RPİ-nin 28-ci PBnə isə ərizə ilə müraciət etmişlər. Həmin günü, yəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında polis əməkdaşları ona məxsus olan avtomobilin tapılmasını lakin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyanın dəyməsini və avtomobilin Sumqayıt şəhərində olan dayanacaqda yerləşdirilməsi barədə məlumat verilmişdirlər. Bundan sonra o, atası və polis əməkdaşları birlikdə Sumqayıt şəhərinə getmiş və həqiqətəndə ona məxsus avtomobilin zədəli vəziyyətdə orada olan dayanacaqda olduğunu görmüşdür. Orada avtomobilə baxış keçirilmiş və yuxarıda qeyd etdiyi 2300 manat dəyərində olan dərmanların yerində olduğunu aşkar etsədə atası Şahid1 məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, həmin avtomobilə dair texniki şəhadətnamə, atasına məxsus gün və optik eynəkləri aşkar etməmişdir. Bundan başqa avtomobilin qaçırılması nəticəsində yol nəqliyyat hadisəsi törədilmiş və onun avtomobilinə maddi ziyan dəymişdir. Avtomobili qaçırmış şəxs olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Ona dəymiş ziyandan heç bir məbləğ ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bayramlı Nail Mikayıl oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə “Samir” adlı şəxsin Yasamal rayonu ərazisindən “Mersedes- Benz” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin BCAİ-nin baş əməliyat müvəkkili, polis mayoru Tural Nəzərovla əməliyyat tədbirləri işləyib həyata keçirmişdirlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1990-cı ildə ünvan 5 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında müvəqqəti kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, səhər saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində yerləşən N.Nərimanov heykəlinin qarşısında idarə etdiyi VAZ- 2107 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmışdır. Onunla aparılmış profilaktiki söhbətlər zamanı müəyyən olunmuşdur ki, Samir xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindən “Mersedes-Benz” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili və bundan əlavə xx.xx.2020-ci il tarixdə səhər saatlarında isə Bakı şəhəri, Yasamal rayonu ərazisindən VAZ-2107 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı başqa bir avtomobili qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, müxtəlif rayonlardan mal-qara gətirərək Yasamal rayonu ərazisində satmaqla fərdi əməklə məşğuldur. 2015-ci ildə 5000 manat ödəməklə 2011-ci il istehsalı olan, qara rəngli VAZ-21074 markalı,**-CV-*** qeydiyyat nişanlı minik avtomobilini alaraq adına rəsmləşdirmişdir. O, həmin avtomobili adətən yaşadığı evin yaxınlığında saxlamış və bəzi hallarda xırda buynuzlu heyvanların daşınmasında da istifadə etmişdir.xx xxxxxxxx 2020-ci il tarixdə o, özünə məxsus VAZ-21074 markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobilini ünvan 7 ünvanın qarşısında saxlayaraq mal-qara almaq üçün Ağcabədi rayonuna getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, avtomobili qaçırılmışdır.Bununla əlaqədar o, DİN-nin 102 xidmətinə zənq edərək məlumat vermiş və Ağcəbədi rayondan Bakı şəhərinə gələrək avtomobilinin saxlandığı Yasamal RPİ-nin dayanacağına gəlmişdir. O, öz avtomobilinə baxdıqda məlum olmuşdur ki, avtomobildə olan şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin texniki şəhadətnaməsi, hesabında vəsait olmayan «Kapital» bank tərəfindən verilmiş yardım plastik kartı, məcburi köçkün vəsiqəsi və 50 manat dəyərində olan «LG» markalı mobil telefon və telefonun daxilində 10 manat dəyəri olan 050 414 44 36 mobil nömrəsi də yoxdur. Ona məxsus avtomobilin sərnişin qapıları bağlanmadığından o, avtomobilini saxladıqda ancaq qabaq sürücü və sərnişin qapısını bağlamış, avtomobilin açarını isə sürücü tərəfdən döşəmənin altına qoymuşdur.Həmin hadisə nəticəsində şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin texniki şəhadətnaməsi, «Kapital» bank tərəfindən verilmiş,hesabında vəsait olmayan yardım plastik kartı,məcburi köçkün vəsiqəsi və 50 manat dəyərində olan «LG» markalı mobil telefonunu aşkar etmədiyindən ümumilikdə ona 55 manat maddi ziyan dəymişdir.Hadisəni törətmiş Təqsirləndirilən şəxs tanımır onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 onun xalası oğludur və rəsmi olaraq onun adına olan «Ford» markalı **-UZ-*** qeydiyyat nişanılı atomobili etibarnamə əsasında idarə edir,həmin avtomobil Səbuhi Həsənovun adına olsa da ona məxsusdur,və o, həmin avtomobilin pulunu ödəmiş, lakin maddi imkanı və vaxtı olmadığından öz adına rəsmiləşdirə bilməmişdir. O,hər gün səhər saatlarında yaşadığı Sumqayıt şəhərindən həmin avtomobili ilə çıxaraq Binəqədi rayonu ərazisində yerləşən «Nur» çörək zavodundan çörəkləri avtomobilə yüklədikdən sonra Sumqayıt şəhərinə gətirməklə ayrı-ayrı mağazalara paylayır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 08 radələrində yuxarıda qeyd etdiyi avtomobil ilə Sumqayıt şəhəri,İsmət Qayıbov küçəsi, Qubadlı şadlıq sarayının qarşısı ilə hərəkətdə olan zaman sol yan tərəfi ilə hərəkətdə olan «Mersedes-Bens» markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobil onun gözləmədiyi halda onu sıxışdırmış və sağ yan tərəfi ilə onun idarə etdiyi avtomobilin sol yan tərəfinə sürtmüş və daha sonra hərəkət istiqamətinin sol tərəfində olan səki ilə toqquşaraq dayanmışdır. O, avtomobilini saxlayaraq həmin avtomobilin tanımadığı sürücüsündən nəyə görə belə hərəkət etdiyi ilə maraqlandıqda o, sadəcə «oldu daa» sözlərini demişdir. Tanımadığı sürücü və daha iki nəfər avtomobildən düşərək oradan uzaqlaşmış və onların hansı istiqamətdə getdiklərini bilməmiş və avtomobilin qaçırıldığını bilməmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və avtomobildə çörək olduğundan o, əməkdaşların icazəsi ilə hadisə yerindən gedərək çörəkləri mağazalara paylamışdır.Həmin gün Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə dəvət olunarkən ona məlum olmuşdur ki,onun avtomobilinə maddi ziyan yetirən avtomobil qaçırılmışdır. «Mersedes-Bens» markalı,**-ZT-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi və onun yanında olan sərnişinləri tanımır,həmin şəxsləri əvvələr görməmişdir. Baş vermiş hadisə nəticəsində idarə etdiyi avtomobilə 450 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3984 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Mərcan Firması”tərəfindən tərtib edilmiş ziyan aktı məlumatlarına əsasən,1998-ci il buraxılışlı, “Mersedes-Bens C180”markalı,**-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2265,00 manat müəyyən edilir. O, cümlədən: - dəyişməli hissələrin qiyməti – 1065,00 manat; - təmir-bərpa işlərinin qiyməti – 1200,00 manat dəyərindədir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Aərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 arayışından və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmündən görünür ki, Xəlilov X2 şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut olan iş üzrə Zərərçəkmiş şəxs2 məxsus “Mersedes-Benz C-180» markalı, **-ZT-*** qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı, **-CV-*** qeydiyyat nişanlı avtomobillər sahiblərinə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli )manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Mersedes-Benz C-180» markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və VAZ-21074 markalı **-CV-*** qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Bakı şəhəri 26 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar