Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-67/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 15 avqust 1997-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmayan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləki, o, 10 iyul 2022-ci il tarixdə saat 01:00 radələrində tanışları ilə görüşüb əylənmək məqsədi ilə ictimai yer hesab olunan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1033 nömrəli ünvanda yerləşən “Kupol Bar” adlı gecə klubuna gəldikdən sonra həmin vaxtda və məkanda ortaq tanışları vasitəsilə tanış olmaqla eyni masa arxasında əyləşdikləri Zərərçəkmiş şəxs ayaq nahiyəsinə masanın altından istintaqla müəyyən edilməyən səbəbdən öz ayaqları vasitəsilə yüngül toxunuşlar etməklə təhrikedici və qeyriadekvat hərəkətlər etməsi səbəbindən sonuncunun ona həmin hərəkətlərə görə irad bildirərək mübahisədən yayınmaq və özündən uzaqlaşdırmaq məqsədilə itələməsi ilə bağlı aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə sonuncunun ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edərək əl və ayaqları ilə sol qol və sağ diz nahiyəsinə bir neçə zərbə vurub ona sol saidin sıyrığı və sağ diz oynağının qançırları kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirdikdən sonra gecə klubuna müştəri kimi gəlmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin mübahisəni sakitləşdirmək cəhdlərinə məhəl qoymayıb cinayətkar niyyətini davam etdirərək əyləşdikləri masanın üzərində olan şüşə bakalı silah qismində istifadə etməklə əl çantasını götürüb gecə klubunu tərk etmək məqsədi ilə həmin masaya yaxınlaşan Zərərçəkmiş şəxs Sahib qızının üz nahiyəsinə xuliqanlıq niyyəti ilə qəsdən atıb ona hər iki gözaltı nahiyənin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilməyən, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər, hər iki burun keçəcəyində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı və əzilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən az ağır zərər vurub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsoğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 01 radələrində tanışı Şahid2 səhv etmirsə “instagram” sosial şəbəkəsində canlı yayım açaraq “Kupol Bar” adlı gecə klubunda olmasını bildirməsindən sonra onunla görüşmək üçün qeyd edilən ünvana yollanmışdır. O, həmin gecə klubuna gəldikdə Emilgilin əyləşdiyi masaya yaxınlaşan zaman həmin masada Emillə yanaşı əvvəl Emilin tanışı olaraq bir dəfə gördüyü Elman adlı şəxsin və iki nəfər tanımadığı qadının əyləşməsinin şahidi olmuşdur. Bundan sonra isə onlarla salamlaşaraq həmin masada əyləşib birlikdə spirtli içki qəbul etmişlər. Bir müddət sonra isə masada əyləşmiş adlarını sonradan bildiyi Leyla və Oksana adlı qadınların qərəzli şəkildə ona baxmalarının və qeyri-adekvat şəkildə hərəkətlər etmələrinin şahidi olmuşdur. Bununla belə o, gecə klubuna mübahisə üçün deyil, əylənmək üçün və tanışı Emillə görüşmək üçün gəldiyindən onların bu hərəkətlərinə əhəmiyyət verməmişdir. Bir müddət sonra isə heç bir səbəb olmadan Leyla adlı həmin qadın masadan qalxıb onun yanından keçən zaman qəfildən onu itələyərək yerə yıxmışdır. Bununla belə o, yenə onun bu hərəkətinə əhəmiyyət verməyərək mübahisə etməmiş və masadan qalxıb rəqs etmişdir. O, rəqs meydançasında rəqs edən zaman isə Leyla adlı qadın və onun rəfiqəsi Oksana adlı qadın heç bir səbəb olmadan yenidən onun üzərinə hücum edərək ani məqamda saçlarından dartıb əlləri ilə vurmağa başlamışlar. Bu dəfə isə Elman, Emil və orada olan digər şəxslər Leylagili aralaşdırıb uzaqlaşdırmışlar. Bundan sonra isə o, pərt olduğundan Emilə yaxınlaşaraq Leylagillə bağlı narazılığını bildirdikdə Leyla adlı qadın yenidən ona yaxınlaşaraq bu dəfə əlində olan içərisi içki ilə dolu şüşə bakalı onun sifət nahiyəsinə atmış və onun atdığı şüşə bakal onun sağ üz nahiyəsinə dəyərək xəsarət almağına səbəb olmuşdur. Zərbənin təsirindən üz nahiyəsində ağrı yaransa da, gözlə görünən ciddi bir xəsarət olmadığından o, buna da əhəmiyyət verməmişdir. Bundan sonra Elman və Emil yenə də Leyla adlı qadını çətinliklə də olsa orada uzaqlaşdırmağa çalışsalar da, o sakitləşmək istəməyib onun ünvanına söyüşlər etməyə davam edib hücum etməyə cəhd etmişdir. O, isə mübahisənin böyüməməsi üçün əyləşdikləri masaya tərəf yaxınlaşan zaman ani məqamda Zərərçəkmiş şəxs, yenidən Emilgilin yanından qaçaraq onun üzərinə hücum edən zaman o, əyləşdikləri masanın üzərində olan içərisində içki olan şüşə bakalı onu çəkindirmək və özünü müdafiə etmək məqsədi ilə ona tərəf atmışdır. Sonrakı hadisələri isə xatırlamır. Sonradan isə o, həmin gecə klubunu tərk etmiş və sonradan Emilin məlumat verməsinə əsasən atdığı şüşə bakalın Leyla adlı həmin qadın üz nahiyəsinə dəyməsini və sonuncunun xəsarət almasını bilmişdir. Onu qəsdən vurmadığını, özünü müdafiə etmək məqsədi ilə şüşə bakalı ona tərəf atdığını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığnı, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə saat 23 radələrində tanışları Elman, Oksana və həmin gün Elman vasitəsilə tanış olduğu Emil adlı şəxslə birlikdə əylənmək üçün Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “Kupol Bar” adı gecə klubuna getmişlər. Gecə klubunda masalardan birində əyləşdikdən sonra spirtli içkilər qəbul etmişlər. Təxminən 1 saat sonra isə Elmanın tanışı Emil mobil telefon vasitəsilə öz qadın tanışını onlar olduqları gecə klubuna dəvət etmiş, bundan təxminən 15-20 dəqiqə sonra isə adını sonradan bildiyi əsl ad soyadı Təqsirləndirilən şəxs olan “Lalə” və ya “Lola” kimi müraciət edilən təxminən 25-30 yaşlarında bir qadın onlar əyləşdikləri masaya yaxınlaşaraq Emillə görüşdükdən sonra onların masasında əyləşmişdir. Həmin qadın ümumiyyətlə onların masasında əyləşdikdən sonra səbəbsiz şəkildə onunla və rəfiqəsi Oksana ilə qərəzli davranaraq gah masanın altından təpiklə bir neçə dəfə ayağına yüngül zərbələr vurub, gah isə nalayiq sözlər işlədərək qeyri-adekvat hərəkətlər etmişdir. Bir neçə dəqiqə sonra isə onun bu hərəkətlərinə irad bildirdikdə o, qəsdən əlindəki bakalın içərisində olan içkini onun şalvarının üzərinə tökdüyündən bu dəfə əsəbləşərək əli lə Təqsirləndirilən şəxs yüngül toxunuşla itələmişdir. Lakin Təqsirləndirilən şəxs sərxoş və sanki hansısa narkotik vasitənin təsiri altında olduğundan etdiyi hərəkətləri idarə edə bilmədiyindən qeyri-adekvat hərəkətlərinə davam etmişdir. Bir neçə dəqiqə sonra isə o, yenidən qərəzli şəkildə onun yanına yaxınlaşıb əlindəki bakalı onun əlində olan bakalla toqquşdurub qıcıqlandırdığı üçün əsəblərinə hakim ola bilməyib əlindəki bakalın içərisində olan içkini onun üzünə atdığından Təqsirləndirilən şəxs onun üzərinə hücum etmiş və gərginlik yarandığı üçün qısa müddət ərzində isə bir birinin saçından dartaraq əlbəyaxa olmuşlar. Bundan sonra isə Elmangil və gecə klubunda olan digər şəxslər onları aralaşdırmışdır. O, artıq həmin qadınla eyni məkanda və eyni masa arxasında ola bilməyəcəyindən gecə klubunu tərk etmək üçün masaya yaxınlaşıb özünə məxsus olan əl çantasını götürmək istəyən zaman isə həmin qadın ona xəsarət yetirmək üçün qəsdən əlindəki içərisində içki olan şüşə bakalı təxminən 1 (bir) metr məsafədən Elmangilin yanında onun sifət nahiyəsinə atmışdır. Onun atdığı şüşə bakal isə zərblə onun burun və alın nahiyəsinə dəydiyindən zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. O, ayılanda isə tanışı Elmana məxsus olan avtomobillə xəstəxanaya aparılmağının şahidi olmuşdur. Həmin vaxt rəfiqəsi Oksana da avtomobildə onun yanında olmuşdur. İlkin olaraq X5 getdikdən sonra orada travmatoloq olmaması səbəbindən qəbul olunmadığından “X8” adlı klinikaya aparılıb müayinə olunduqdan sonra burun sümüyünün sınığı və beyin silkələnməsi xəsarəti almağı təsdiq olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə saat 23 radələrində tanışı Elman, rəfiqəsi Leyla və həmin gün Elman vasitəsilə tanış olduqları Emil adlı şəxslə birlikdə əylənmək üçün Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “Kupol Bar” adı gecə klubuna getmişlər. Ona yaxın ətrafı “Oksana” kimi müraciət edir. Gecə klubunda masalardan birində əyləşdikdən sonra spirtli içkilər qəbul etmişlər. Təxminən 1 saat sonra isə Elmanın tanışı Emil mobil telefon vasitəsilə öz qadın tanışını onlar olduqları gecə klubuna dəvət etmiş, bundan təxminən 15- 20 dəqiqə sonra isə adını sonradan bildiyi əsl ad soyadı Təqsirləndirilən şəxs olan “Lalə” və ya “Lola” kimi müraciət edilən təxminən 25-30 yaşlarında bir qadın onların əyləşdiyi masaya yaxınlaşaraq Emillə görüşdükdən sonra onların masasında əyləşmişdir. Həmin qadın ümumiyyətlə onların masasında əyləşdikdən sonra sanki spirtli içkinin təsiri altında səbəbsiz şəkildə onunla və rəfiqəsi Leyla ilə qərəzli davranaraq gah masanın altından təpiklə bir neçə dəfə Leylanın ayağına yüngül zərbələr vurmuş, gah isə öz-özünə gülüb ünvansız nalayiq sözlər işlədərək qeyri-adekvat hərəkətlər etmişdir. Bir neçə dəqiqə sonra isə rəfiqəsi Zərərçəkmiş şəxs onun bu hərəkətlərinə irad bildirdikdə o, qəsdən əlindəki bakalın içərisində olan içkini onun şalvarının üzərinə tökdüyündən Leyla əsəbləşərək əli ilə onu yüngül toxunuşla itələyərək özündən uzaqlaşdırmışdır. Lakin o, sərxoş və sanki hansısa narkotik vasitənin təsiri altında olduğundan etdiyi hərəkətləri idarə edə bilmədiyindən qeyri-adekvat hərəkətlərinə davam etmişdir. Bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs rəqs etdikdən sonra yenidən qərəzli şəkildə onların yanına yaxınlaşıb əlindəki bakalı Leylanın əlində olan bakalla toqquşdurub onu qıcıqlandırdığı üçün rəfiqəsi Zərərçəkmiş şəxs əsəblərinə hakim ola bilməyib əlindəki bakalın içərisində olan içkini onun üzünə atdığından həmin qadın onun üzərinə hücum etmiş və hər ikisi arasında gərginlik yarandığı üçün çox qısa müddət ərzində isə bir birinin saçından dartaraq əlbəyaxa olmuşlar. Bundan sonra isə o, Elman, Emil və gecə klubunda olan digər şəxslər dərhal onları aralaşdırıb sakitləşdirmişlər. Daha doğrusu əsl adı Şərəf olan həmin qadını sakitləşdirib Leylanı onun əlindən almışlar. Həmin Şərəf adlı qadının davranışlarını idarə edə bilməməsi və yenidən mübahisə olması ehtimalı səbəbindən rəfiqəsi Zərərçəkmiş şəxs gecə klubunu tərk etmək üçün onlar əyləşdiyi masaya yaxınlaşıb özünə məxsus olan əl çantasını götürmək istəyən zaman isə Təqsirləndirilən şəxs onların yanında qəsdən əlində olan içərisində içki olan şüşə bakalı təxminən 1 (bir) metr məsafədən Leylanın sifət nahiyəsinə atmışdır. Onun atdığı şüşə bakal isə zərblə Leylanın burun və alın nahiyəsinə dəydiyindən zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra isə o və Elman dərhal rəfiqəsi Leylaya köməklik edərək Elmana məxsus olan avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. “X8” adlı klinikada müayinə olunduqdan sonra rəfiqəsi Zərərçəkmiş şəxs burun sümüyünün sınığı və beyin silkələnməsi xəsarəti almağı təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə saat 23 radələrində tanışı Elman və onun tanışları Zərərçəkmiş şəxs ilə yanaşı özünü “Oksana” kimi təqdim edən şəxslə birlikdə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “Kupol Bar” adlı gecə klubuna getmişlər. Orada masalardan birində əyləşdikdən sonra hamısı spirtli içki qəbul edərək əylənmişlər. 10 iyul 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə tanışı Təqsirləndirilən şəxs sosial şəbəkədə şəxsi səhifədə açdığı canlı yayım vasitəsilə onun həmin gecə klubunda olduğunu bildiyi üçün görüşmək məqsədi ilə onların olduğu gecə klubuna gəlmişdir. O, Təqsirləndirilən şəxsm masada olan tanışları ilə tanış etdikdən sonra spirtli içki qəbul etməyə və əylənməyə davam etmişlər. Sonradan baş vermiş hadisələri isə sərxoş olduğu üçün xatırlamır. Sadəcə həmin gecə saat təxminən 03 radələrində nisbətən özünə gəldikdən sonra gecə klubunda tanışlarından heç kim olmadığını görüb Elmanla mobil telefon vasitəsilə əlaqə saxladıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə olmasını, sonuncunun “X8” adlı klinikada olmasını bilmişdir. Bundan sonra isə o, da onların yanına gedən zaman həqiqətən də Zərərçəkmiş şəxs burun nahiyəsindən xəsarət almasını bilmişdir. Lakin onu kimin vurmasını, hansı səbəbdən mübahisə yaranmasını görməmiş və görmüş olsa belə, həmin vaxt sərxoş olduğu üçün xatırlamır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə saat 23 radələrində tanışı Emil, digər tanışları Zərərçəkmiş şəxs ilə yanaşı özünü “Oksana” kimi təqdim edən şəxslə birlikdə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “Kupol Bar” adlı gecə klubuna getmişlər. Orada masalardan birində əyləşdikdən sonra hamısı spirtli içki qəbul edərək əylənmişlər. 10 iyul 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə Emilin tanışı Təqsirləndirilən şəxs səhv etmirsə Emilin dəvəti ilə onların olduğu gecə klubuna gəlmişdir. Bundan sonra isə Emil, Təqsirləndirilən şəxsm masada olan tanışları ilə tanış etdikdən sonra spirtli içki qəbul etməyə və əylənməyə davam etmişlər. Həmin vaxt tanışı Şahid2 həddindən artıq spirtli içki qəbul etdiyindən demək olar ki, hərəkətlərini qavramaq iqtidarında olmamışdır. Bir neçə dəqiqə sonra isə o, sanitar qovşağa gedib qayıdan zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-biri ilə mübahisə etməsinin və gecə klubunda olan tanımadığı şəxslərin onları aralaşdırmasının şahidi olmuşdur. O, da mübahisəyə müdaxilə edib onları sakitləşdirməyə çalışmışdır. Mübahisənin sakitləşdiyini zənn etdiyi anda isə ani bir məqamda Təqsirləndirilən şəxs masanın üzərindən şüşə bakalı götürərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə atmasının, sonuncunun isə sifət nahiyəsini tutaraq yerə yıxılmasının şahidi olmuşdur. Bundan sonra isə dərhal “Oksana” ilə birlikdə Zərərçəkmiş şəxslini gecə klubundan çıxarıb özünə məxsus olan avtomobillə əvvəlcə X6, daha sonra isə “X8” adlı klinikaya aparmışdır. Orada müayinə zamanı isə Zərərçəkmiş şəxs burun nahiyəsində sınıq xəsrəti olması müəyyən edilmişdir. Sonradan Şahid2 də onların yanma gəlmiş və hadisə barədə məlumatlanmışdır. Həmin gündən sonra isə demək olar ki, nə Zərərçəkmiş şəxs ilə nə də ki, Şahid2 ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs şüşə bakalı Təqsirləndirilən şəxs sifətinə atmasını görməmişdir. Lakin, Təqsirləndirilən şəxs masanın üzərindən şüşə bakalı götürərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə atmasının şahidi olmuşdur. Həmçinin, göstərmişdir ki, baş vermiş mübahisə zamanı demək olar ki, gecə klubunun fəaliyyəti qısa müddət ərzində dayanmış və orada olan digər müştərilərlə yanaşı gecə klubunun işçiləri üçün də narahatçılıq yaranmışdır. O, sanitar qovşaqdan qayıdan zaman orada artıq xeyli şəxsin onları aralaşdırmasının şahidi olmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 01 radələrində o, müştərilərə xidmət edən zaman təxminən olduğu yerdən iki-üç masa aralıda dairəvi masada əyləşmiş müştərilər arasında qəfildən mübahisə baş verməsinin şahidi olub köməklik məqsədi ilə onlara yaxınlaşıb aralaşdırmağa çalışmışlar. Mübahisə edən şəxslər iki nəfər qadın olmuş, onların yanında olan bir nəfər qadın isə onları aralaşdırmağa çalışmışdır. O və orada olan tanımadığı müştərilər çətinliklə də olsa onları aralaşdırdıqdan sonra səhv etmirsə onlarla birlikdə gecə klubuna gəlmiş təxminən 25-30 yaşlarında bir kişi də gələrək hər iki tərəfi, əsasən də adını sonradan bildiyi Şərəf adlı qadını sakitləşdirməyə çalışmışdır. Onların yanında olan digər 25-30 yaşlarında kişi isə sərxoş olduğundan özünü idarə etmək iqtidarında olmamış və oturacaqda əyləşib qeyri-adekvat hərəkətlər etmişdir. Daha sonra ani məqamda qadın qışqırıq səsi eşidərək onlara tərəf baxdıqda nisbətən hündür boylu olan qadının yerə yıxılaraq burun nahiyəsindən tutmasını və burun nahiyəsindən qan axmasının şahidi olmuşdur. Onun yanında olan şəxslər dərhal ona kömək edərək ayağa qaldırdıqdan sonra tanımadığı müştərilər və gecə klubu işçilərinin bəziləri isə adının sonradan Şərəf olduğunu bildiyi qadını aralaşdırıb uzaqlaşdırmışlar. Bundan sonra isə onlar hamısı onların da təkidilə gecə klubunu tərk etmişlər. Hesab səhv etmirsə Elman adlı şəxs tərəfindən, hadisə zamanı sınmış şüşə bakalın dəyəri isə hadisəni törədən Şərəf adlı qadın tərəfindən elə hadisədən sonra gecə klubunu tərk edərkən ödənilmişdir. Hadisəni törədən Şərəf adlı qadının sərxoş olması açıq şəkildə nəzərə çarpmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə saat 01 radələrində o, işçilərə və müştərilərə nəzarət edən zaman təxminən olduğu yerdən iki-üç masa aralıda dairəvi masada əyləşmiş müştərilər arasında qəfildən mübahisə baş verməsinin şahidi oldu. Köməklik məqsədi ilə işçilərlə və orada olan müştərilərlə birlikdə onlara yaxınlaşıb aralaşdırmağa çalışmışlar. Mübahisə edən şəxslər iki nəfər qadın olmuş, onların yanında olan bir nəfər qadın isə onları aralaşdırmağa çalışmışdır. O və orada olan tanımadığı müştərilər çətinliklə də olsa onları aralaşdırdıqdan sonra səhv etmirsə onlarla birlikdə gecə klubuna gəlmiş təxminən 25-30 yaşlarında bir kişi də gələrək hər iki tərəfi, əsasən də adını sonradan bildiyi Şərəf adlı qadını sakitləşdirməyə çalışmışdır. Onların yanında olan digər 25-30 yaşlarında kişi isə sərxoş olduğundan özünü idarə etmək iqtidarında olmamış və oturacaqda əyləşib qeyri-adekvat hərəkətlər etmişdir. Mübahisə təxminən 5-6 dəqiqə ərzində baş vermiş və nəinki gecə klubun fəaliyyəti pozulmuş, orada olan müştərilər üçün də narahatçılıq yaranmışdır. O, da daxil olmaqla gecə klubunun işçiləri xidmət yerlərindən uzaqlaşıb onları araşlaşdırmaqla məşğul olmuşlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1033 nömrəli ünvanda yerləşən “Kupol Bar” adlı gecə klubu olmaqla ictimai yer hesab olunur (səh. 10-14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyul 2022-ci il tarixli 693 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası, hər iki burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı və əzilmiş yarası, sol saidin sıyrığı, hər iki gözaltı nahiyənin və sağ diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qeyd olunan tarixdə və şəraitdə yəni 10 iyul 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər (səh. 24-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 06 avqust 2022-ci il tarixli 785 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (səh. 125- 127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması” protokolu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ifadələrinin yerində yoxlanılması zamanı 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməli barədə sərbəst dindirmə zamanı verdiyi ifadələri təsdiq etmiş, cinayət hadisənin baş verdiyi yerin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1033 nömrəli ünvannda yerləşən “Kupol Bar” adlı gecə klubu olmaqla ictimai yer hesab olunması müəyyən edilmişdir (səh. 115-116). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması” protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı 10 iyul 2022-ci il tarixdə baş vermiş hadisə barədə sərbəst dindirmə zamanı verdiyi ifadələri təsdiq etmiş, cinayət hadisənin baş verdiyi yerin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1033 nömrəli ünvannda yerləşən “Kupol Bar” adlı gecə klubu olmaqla ictimai yer hesab olunması müəyyən edilmişdir (səh. 121-122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2022- ci il tarixli 23/693 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası, hər iki burun keçəcəyində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı və əzilmiş yarası, sol saidin sıyrığı, hər iki gözaltı nahiyənin və sağ diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə hər iki burun keçəcəyində tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı və əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az ağır zərər vurmaya, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya, sol saidin sıyrığı, hər iki gözaltı nahiyənin və sağ diz oynağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir (səh. 147-151). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.08.22-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh 73, 75-76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən buraxılmışdır (səh.111-112). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-2534/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 127.2.3-cü və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələrlə ittiham irəli sürülmüşdür. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışdığını, onun ondan heç bir şikayət və tələbinin olmadığını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxsoğlunun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini,zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-67/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-67/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver