Məhkəmə qərarları › İş №1(004)-67/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-67/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-67/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM 66.5-ci maddəsini nəzərə alaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2aşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, o, 25 iyul 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Alatava" adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,441 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 25 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, idarədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0.441 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin 1 ədəd sellofan bükümdə onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı vediyi ifadəsini qorxduğundan, ona fiziki təsir göstərildiyindən həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona fiziki təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkumluğu olmuş, sonuncu dəfə 18 mart 2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinməklə, 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, vərəm xəstəsi olduğu üçün 10 aprel 2024-cü il tarixdə cəzasının qalan hissəsindən şərti azad olunaraq azadlığa buraxılmışdır. 25 iyul 2024-cü il tarixdə 14 radələrındə Bakı şəhəri, Yasamal rayonu ərazisində Alatava,: deyilən yerdə üzdən tanıdığı, adını bilmədiyi, əvvəllərdə narkotik vasitə aldığı şəxsdən 10 manat pul verməklə bir ədəd şəffaf sellofana bükülmüş el arasında “kakos” adlanan narkotik vasitə heroini almış, sonradan istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamış, həmin gün saat 15 radələrində ünvan 5 ünvanın qarşısına gəlmiş, orada tanışı X7 ilə görüşmüş, orada olan zaman Talib Ağamilyevin yanında sonuncunu ona təqdim edərək tanışları Könül, Hüseyn və Elnurə adlı şəxslər olmuş, bir qədər dayanıb söhbət etmişlər. Həmin gün saat 15:35-də ünvan 6 ünvanın qarşısında olan zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirib, X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olduqlarını bildirib, Talib Ağamaliyev və onları Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. O, adlarını qeyd etdiyi şəxslərlə birlikdə etiraz etməyərək, həmin polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinə gəlmişdir. İdarədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmiş, bundan sonra, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o, bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra, video çəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, həmin təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisinə baxış keçirilərkən ondan həmin kütlənin nə olması, haradan, neçəyə əldə etməyi barədə soruşulduqda o, həmin maddənin “kakos”, deyilən narkotik vasitə heroin olduğunu, Bakı şəhəri. Yasamal rayonu, “Alatava" adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq əldə etdiyini bildirmiş, bundan sonra üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroin zərfdə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, da zərflərin üzərini, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddələri satışı ilə məşğul olmamış, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda, üzərinə şəxsi axtarış, götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş, azadlığa çıxdıqdan sonra mobil telefondan istifadə etməmiş, saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılan zaman üzərində mobil telefon olmamış, onun yalnız X7 ilə tanışlığı olmuş, Talib Ağamaliyevin üzərində, həmçinin Talibin tanışları olan Könül, Hüseyn və Elnurə adlı şəxslərin də, üzərlərində narkotik vasitə olmasından heç bir məlumatı olmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsini daşıyır. Qərəzsiz mənbədən 15 iyun 1980-ci ildə Siyəzən şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan X3 qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi o, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, həmin Bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət olmuşdur. 25 iyul 2024-cü il tarixdə X3 Bakı şəhəri ərazisində olduğu yer onlar tərəfindən müəyyən edilmiş və həmin gün saat 15:35-də ünvan 7 ünvanın qarşısında X5 yaxınlaşmışlar. Həmin vaxt Talib Ağamaliyevin yanında ikisi qadın, ikisi kişi olmaqla 4 nəfər şəxs olmuş, həmin şəxslər də adlarının Cəbrayıl, Hüseyn, Elnurə və Könül olduğunu bildirmişlər. Onlar həmin şəxslərə polis əməkdaşları olduqlarını demiş və Talib Ağamaliyevə qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olduqlarını bildirmişlər. Talib Ağamaliyevin yanında olan adlarını qeyd etdiyi şəxslərin də qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı şübhə yarandığından onların hamısını Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər hamısı onlarla birlikdə Yasamal rayon Polis İdarəsinə getməyə razılaşmış və birlikdə Yasamal rayon Polis idarəsinə gəlmişlər. Müəyyən edilmişdir ki, X3 yanında olan şəxslər Təqsirləndirilən şəxs, X8, X9 və X6r. Adları qeyd olunan şəxslərin gətirilməsi ilə bağlı raportla Yasamal rayon polis İdarəsinin rəhbərliyinə məruzə etmişlər. Müvafiq araşdırma aparılması təhqiqatçılara tapşırılmışdır. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Yasamal rayon polis İdarəsinin 27-ci polis şöbəsinin təhqiqatçısı Zamiq Kərimova tapşırılmış və onun təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri. «Mərkəz» Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş altında şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmişdir. Bundan sonra, o və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmşdır. Polis əməkdaşları Şahid3 və Şahid4 digər xidməti zərurətlə əlaqədar şəxsi axtarışda iştirak edə bilməmişlər. Belə ki, şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selloana bükülmüş kütləni çıxarıb təqdim etmiş, ondan bükümün içərisində nə olması və kimə məxsus olması barədə soruşulduqda, özünə məxsus olduğunu və içərisində "kokos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümə baxdıqda, həmin bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, «Alatava» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmiş, sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ.V.1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və eyni adlı qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (saat 15:35 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 25). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməsi, həmin bükülü, istifadə etmək məqsədi ilə Yasamal rayonu ərazisində "Alatava'’ adlanan ərazidə üzdən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat verməklə aldığını bildirməsi, həmin kütlənin təhqiqatçı tərəfindən qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanması görünür. (İ/V. 36-37). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 25 iyul 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3828 nömrəli nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Din Zərflər üçün Nö42...» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs-imza, .. üç imza, Təhqiqatçı-Z.Kərimov...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,441 qram olan qəhəyi rəngi, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 92 manat təşkil edir.(İ/V. 44-46). Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli 5516 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 137-138). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-709/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2009-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 iyul 2013-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 5 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27 fevral 2017-ci il tarixdə Siyəzən rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 25 iyul 2017-ci il tarixdə Siyəzən rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsi tətbiq edilməklə, 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 iyul 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 il 6 aya endirilmiş, 29 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri. Xətai rayon məhkəməsinin qərarı ilə 9 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş. 27 avqust 2020-ci il tarixdə cəzanın müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə Siyəzən rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 69.3-cü maddələri tətbiq edilməklə, 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (İ/V. 109-110). “Sübutların qiymətləndirilməsi” haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,163 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,391 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 25 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V. 143-152). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(005)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 7(002)- 521/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(005)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə seçilmiş qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından 03 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib saxlaması özünün ibtidai istintaq zamanı olan etirafı, şahidlərin ifadələri, şəxsi axtarışın aparılması ilə əlaqədar videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM 66.5-ci maddəsini nəzərə alaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 25 iyul 2024-cü il tarixində yəni şərti cəza maddəti başa çatmadığı müddətdə törətdiyi üçün və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3cü maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 7(010)-521/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdam məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,391 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-549/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 7(010)-521/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdam məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,391 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar