Məhkəmə qərarları › İş №1(004)-675/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-675/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-675/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, o, 26 avqust 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, Kubinka adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,419 qram psixotrop maddə metafetamini almaqla saxlamış və üzərində daşımış, Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 26 avqust 2025-ci il tarixdə saat 14:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, videoçəkiliş ilə üzərində yoxlama aparılan zaman əynində olan ağ-qara rəngli parça donun sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 1.12-ci bəndində (qadınlar) göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (CPM-nin 300.1.7). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, barəsində amnistiya aktının tətbiqinə məhdudiyyət qoyulmasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.12 və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv olunmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, maddi sübut kimi tanınmış, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0,369 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və CPM-nin 43.3 və 300.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0,369 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar