Məhkəmə qərarları › İş №1(004)-68/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-68/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-68/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, 14 iyun 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Yasamal bazarı" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,491 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aldə edib üzərində saxlamaqla daşımış ve 14 iyun 2024-cü il tarixdə saat 11:45-de Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qonşusu ilə avtomobildə “Ağ Çiçəyim” şadlıq sarayına yaxın ərazidə hərəkət edən zaman saat 11:45 radələrində 3 nəfər mülki geyimdə polis əməkdaşı avtomobili saxlamış, ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, saxlamaqda, daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Daha sonra həmin yerə Yasamal PRİ-nin NM bölmənin rəisi gəlmiş və ona qarşı “atın bunu maşına, aparın idarəyə” kimi kobud ifadələr işlətmiş və bundan sonra onu Bakı şəhəri Yasamal RPİ-nə aparmışdırlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Orada olan zaman Yasamal PRİ-nin NM bölmənin rəisi tərəfindən döyülmüşdür. Döyülməsindən uzun müddət keçdikdən sonra polis əməkdaşları ona psixotrop maddə olan metamfetamin verərək videoçəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O, qorxduğu üçün polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuş və videoçəkiliş zamanı daha əvvəl polis əməkdaşları tərəfindən ona tapşırılan şəkildə cavab olaraq bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, onu 14 iyun 2024-cü il tarixdə “Yasamal Bazarı” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 оğlu ifаdəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə Yasamal RPİ-nin NMB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11:45 radələrində Şahid2la birlikdə ünvan 4 ünvanın qarşısında olan zaman həmin an hərəkətdə olan avtomobilin içərisində bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb əl işarəsi ilə avtomobili saxlamasını tələb edib ona yaxınlaşmışlar və Yasamal RPİ-nin NMBnin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Ramin onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində psixotrop maddə olan metamfetamin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasina getməli olduğunu bildirib və onu avtomobillə ora gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Ramin əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Ramin həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini həmin gün Baki şəhəri “Yasamal” bazarının yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 digər şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin rəisi vəzifəsində xidmət edir. 14 iyun 2024-cü il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə onun tərəfindən qərar qəbul edilərək Yasamal RPİ-nin NMB-nin əməkdaşları X3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat nəticəsində Babayev X6 İlqar Əvəz oğlu və X3 tərəfindən saxlanılmışdır. Həmin vaxt o digər avtomobil ilə həmin yerə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmiş və o Yasamal RPİ-nin inzibati binasına gətirlmişdir. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə sonuncu üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs qarşı onun və digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilidir. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X4 14 iyun 2024-cü il tarixli “Vəkil təyin edilməsi haqqında” qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə pulsuz olaraq dövlət hesabına vəkil qismində dəvət olunmuşdur. 14 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol tərtib olunarkən və həmçinin həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əsasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və digər hüquqi prosedurlarda şübhəli şəxsin müdafiəçisi qismində iştirak etmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə video çəkiliş aparılmaqla hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində daşınması qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş və o mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Həmin bükülü açılmış və içərisində pisixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün icərisində pisixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün adını bilmədiyi şəxsdən şəxs istifadəsi üçün 10 manat müqabilində aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 14 iyun 2024-cü il tarixdə saat 13:20 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə Yasamal Rayon Polis İdarəsinin NMB-nin inzibati binasında video çəkiliş vasitəsilə polis əməkdaşları və müdafəçinin iştirakları ilə şəxsi keçirilmiş və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələrin yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim edilməsi təklif olunmuş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş maddəni təqdim edərək bildirir ki, təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində «Yasamal bazarı» adlanan ərazidən tanımadığı şəxsdən 10 manata almışdır. Sol yan cibindən isə 01 (bir) ədəd qara rəngli “Samsung A13” markalı ***-***-**-** nömrə istifadə olunan mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli maddə olan, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüş. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tаriхli 3-16-16/2-6/3269 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0,491 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. (i.v. 43-44) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 17 iyun 2024cü il tarixli protokola əsasən həmin diskdə olan videoçəkilişdən görünür ki, polis əməkdaşları müdafiəçinin iştirakı ilə Yasamal RPİ-nin NMB-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədilə tanımadığı şəxsdən almışdır. (i.v. 86) “Maddi sübut kimi tanınma haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0.491 qram Təqsirləndirilən şəxs cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0.441 qram metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 04 sentyabr 2024-cü il tаriхli 6034 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd disk cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,441 qram təşkil edən psixotrop maddə metamfetamin Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 118-126) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 13 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Yasamal RPİ-nin MSYdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar olunmamışdır. 23 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciətində və izahatında göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sonuncuya qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin təmiz çəkisi 0.491 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; sonuncunun azadlığı faktiki olaraq həmin tarixdə 11:45 dəqiqədə məhdudlaşdırılmışdır.(i.v. 22) 16 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Sərxan Ramazanovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 78-79) 16 iyun 2024-cü il tarixli Bakı şəhəri Yasamal RP-nin “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qətimkan tədbiri seçilmişdir; (i.v. 80-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 16 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs keçmiş Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18 iyul 2012-ci il tarixli qəran ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 11 iyul 2023-cü il tarixli qəran ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 108-117). CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından, o, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qəran ilə vaxtından əvvəl şərti azad olunsa da yenidən cinayət törədərkən məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 11 iyul 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, habelə onun əvvəllər eyni xarakterli cinayət əməli törətməkdə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.441 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə onun əvvəllər eyni xarakterli cinayət əməli törətməkdə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli məhkəmə hökmünün çıxdığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və tutulduğu 02 (iki) gün cəzasının müddətindən çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 14 iyun 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.441 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar