Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-69/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1970-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş içərisində ayrı-ayrılıqda 3 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 1,225 qram, 0,650 qram və 0,415 qram olmaqla ümumi təmiz çəkisi 2,290 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,115 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 16:35-də Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küşəsi 18 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ayrı-ayrılıqda 3 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkiləri 1,225 qram, 0,650 qram və 0,415 qram olmaqla ümumi təmiz çəkisi 2,290 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,115 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan yerə gedib adını bilmədiyi, amma üzdən tanıdığı şəxsdən pul müqabilində öz şəxsi istifadəsi üçün ümumi çəkisi 0,4 qram təşkil edən və “kakos” kimi adlandırılan narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır. Belə ki, o, bir neçə aydır ki, narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. xx xxxx 2020-ci il tarixdə saat 16:35 radələrində həmin narkotik vasitə heroini şalvarının sol yan cibində saxlayaraq yaşadığı ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, isə heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, da əynindəki qara rəngli şalvarının sol yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Lakin iş materiallarında göstərildiyi kimi onun üzərində metamfetamin olmamış, çünki ümimiyyətlə bu adda psixotrop maddə qəbul etməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi isə 2,290 qram deyil, hazırki ifadəsində göstərdiyi kimi 0,4 qram olmuşdur. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, evli olmaqla himayəsində azyaşlı və eyni zamanda 1-ci qrup əlil olan yetkinlik yaşına çatmış övladlarının olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Raportla şöbənin rəisinə məruzə edilərək daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yarandığından əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra tərəfindən Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsində təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16:35 radələrində əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsində aşkar edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ona Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞnə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞnə gətirilməsi barədə dərhal raport əsasında şöbənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi şöbənin təhqiqatçısı Yusif Ağayevə həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmiş, o, təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş olan bükümü könüllü olaraq təqdim edib içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 60 manata aldığını və həmin vaxtdan üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülü açıldıqda içərisində ayrı-ayrılıqda 3 ədəd şəffaf sellofana bükülmüş narkotik maddə hesab olunan heroinə və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya, maddə və ya predmet aşkar olunmamışdır. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «iPhone» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şahid2 həmçinin ifadəsində bildirmişdir ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmiş, yalnız o, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs öz üzərində olan narkotik vasitə və psoxotrop maddəni təqdim etmiş, hər kəsin iştirakı ilə aşkar edilmiş maddələr qablaşdırılıb möhürlənib imzalanmış və olduğu kimi ekspertizaya təqdim edilmişdir. Verilmiş suallar əsasında Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi məlumat, yəni onda 0,4 qram heroin olması və eləcə də üzərində ümumiyyətlə psixotrop maddənin olmamasına dair məlumat həqiqəti əks etdirmir. Belə ki, aşkar edilmiş maddələr olduğu kimi ekspertiza idarəsinə təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 şöbə rəisinə müraciət edərək ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi Ayxan Bağırov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə şöbənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyat müvəkkili Şahid2 həvalə edilməsinə dair Ə18-095-20 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid2 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi Ayxan Bağırov tərəfindən təsdiq edilmişdir. Üzərində xx xxxx 2020-ci il tarixli 2380 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid2 və əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:35 radələrində Yasamal rayonu, Heydər Hüseynov küçəsi ev 18 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Yusif Ağayev tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində 3 ədəd şəffaf sellofana bükülmüş narkotik maddə hesab olunan heroinə və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 169 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “iPhone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. Məhkəmə daxili inamına və iş üzrə sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində ittihamda verildiyi 2,290 qram deyil, 0,4 qram narkotik vasitə heroin olması və ümumiyyətlə üzərində psixotrop maddənin olmamasına dair məlumatlar öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif edilir ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən hər kəsin yanında həmin bükülü açılan zaman içərisində 3 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli və 1 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddələr aşkar edilərək götürülüb zərfdə qablaşdırılaraq iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan başqa müəyyən edildi ki, baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofanda olan bükümü təqdim edib içərisində narkotik vasitənin olmasını bildirdikdən sonra onun müdafiəçisi Müdafiəçi1 sual ünvanlayaraq təqdim etdiyi narkotik vasitənin ona aid olub-olmamasını, üzərinə kənar şəxs tərəfindən qoyulub-qoyulmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitə və digər adını bilmədiyi maddənin ona aid olmasını və kənar şəxslər tərəfindən üzərinə qoyulmadığını əminliklə təsdiq etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-cı il tarixli 6/1357 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan zərfdəki 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,225 qr, 0,650 qr, 0,415 qr, ümumi təmiz çəkisi 2,290 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,115 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bundan başqa Təqsirləndirilən şəxs ümumiyyətlə metamfetamin psixotrop maddəsindən istifadə etmədiyini bildirməsinə baxmayaraq iş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 2388 nömrəli rəyindən müəyyən edildi ki, onda tərkibində tiryək alkoloidlərini saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(004)-437/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyataxtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə digər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı iş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Mərkəzinin xx xxxxxxxx 2020-cı il tarixli 1822 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Lakin onda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda ruhi xəstəlikdən əziyyət çəkmir və aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə isə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi də 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 2,290 qram təşkil etmişdir ki, qeyd olunan miqdar siyahıya əsasən, üzərindən aşkar edilmiş miqdara görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,115 qram psixotrop maddə metamfetaminin miqdarı siyahıya əsasən, çəkisinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasından aydın olur ki, bu cinayətin predmetini yalnız şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Mövcud qüvvədə olan qanunvericiliyə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlakı üçün mümkün olan miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə saat 16:35-dən hesablanmış, xx xxxx 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)-465/2020 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, daha sonra xx xxxxxx 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 256316 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx xxxxxxx 1995-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZE seriyalı 18110859 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Bakı şəhərində doğulmuş xx xxxx 2011-ci il təvəllüdlü Zəhra Məmmədovanın atası - Təqsirləndirilən şəxs və anası - Südabə Məmmədovadır. İş materiallarında olan AZE seriyalı 13826890 nömrəli şəxsiyyət və Yasamal DSMF tərəfindən verilmiş 054762 nömrəli əlillik vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs digər övladı xx xxxxx 1997-ci il təvəllüdlü X5 ümumi xəstəliklə bağlı birinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 05 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 7(101)-8/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğunun götürülməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində biri azyaşlı olmaqla və yetkinlik yaşına çatmasına baxmayaraq birinci qrup əlil olan övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin sadə residivini yaradır. Bələliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,140 qram narkotik maddə heroin və 0,065 qram psixotrop maddə metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,140 qram narkotik maddə heroin və 0,065 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatları məhkəmə iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, onun hesabatlarda ümumi olaraq qeyd etdiyi 140 iş saatı ağlabatan deyildir və ona 100 (bir yüz) iş saatına görə əmək haqqı ödənilməsi məqsədəmüvafiqdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 100 (bir yüz) saata görə 600 (altı yüz) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,140 qram narkotik maddə heroin və 0,065 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 100 (bir yüz) saata görə 600 (altı yüz) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-69/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-69/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver