Məhkəmə qərarları › İş №1(004)-69/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-69/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-69/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub, Masallı rayonu Təklə kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 0.898 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manata əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:05 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,898 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində narkotik vasitə olan kakosu almışdır. Həmin vasitəni əynində olan qara rəngli cins şalvarın cibinə qoyaraq istifadə etmək üçün üstündə saxlamışdır. 22 avqust 2022-ci il tarixdə saat təxminən 16:05 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman polis işçiləri ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni çıxarmış və həmin maddə çəkilişlə götürülmüşdür. Üzərində olmuş maddə narkotik vasitə hesab olunan kakos, yəni heroindir, istifadə üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş narkotik vasitə olan heroin müdafiəçinin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçinin iştirakı ilə zərf və protokol onun tərəfindən imzalanmışdır. Həmin maddəni ağrılarına qarşı istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, narkotik maddəni Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul vəsaiti qarşılığında əldə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasının nəzərə alınaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-də CA baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə qərərsiz mənbədən daxil olmuş məlumata görə xx xxxx 1997-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu Təklə kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun tərəfindən raportla Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə məruzə edilmiş, polis bölməsinin rəisi tərəfindən 22 avqust 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və həmçinin bölmənin polis sahə inspektoru, polis leytenantı Şahid1 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 22 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbirinə başlanılmışdır. 22 avqust 2022-ci il tarixdə saat 15:30-dan saat 16:05-dək xx xxxx 1997-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu Təklə kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs soraqlaşması həyata keçirilmiş, keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib onun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 29-cu PŞnin inzibati binasına gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlənin adı kakos, yəni “heroin” adlanan narkotik vasitədir, öz şəxsi istifadəsindən ötrü 22 avqust 2022-ci il tarixdə, saat 11-00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ, polis sahə inspektoru, polis leytenantı Şahid1, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 22 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlənin adı kakos, yəni “heroin” adlanan narkotik vasitədir, öz şəxsi istifadəsindən ötrü 22 avqust 2022-ci il tarixdə, saat 11-00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, DİNin zərflər üçün olan 169 saylı möhürü ilə möhürlənmiş, baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülməklə protokola əlavə edilmişdir (səh. 34-35). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 22 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iştirakçılara, müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah olunur və proses aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş olan maddəni masanın üzərinə qoymuş, həmin bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik maddəni 22 avqust 2022-ci il tarixdə saat 11-00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4449 №-li rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” möhür əksi olan. «...Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfədəki 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahsına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,898 qram,tədqiqata sərf edilmiş 0,05 qram, qalıq-0,848 qram.) (səh. 44). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik Hüquqi şəxsi Ambulator məcburi narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5821 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh: 118- 119). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2022-ci il tarixli “Sübutlara qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş ümumi çəkisi 0,898 qram olmuş narkotik vasitə olan heroin istintaqın gedişində maddi sübut kimi tanınmış, həmin miqdarda narkotik vasitə heroinin ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 0,848 qramı saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun tərtib edilməsi zamanı aparılmış prosessual hərəkətlərin köçürüldüyü 1 (bir) ədəd CD formatındakı disk istintaqın gedişində maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (səh: 122-132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2021ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmədiyindən əvvəllər məhkum olunmuş şəxsdir (səh: 92-93, 113-117). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh: 29). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qəimkan tədbiri seçilmişdir (səh: 83). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-560/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq təcridxanasının 28 dekabr 2022-ci il tarixli xx/xx-9278 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixində Bakı istintaq təcridxaasına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin resedivi halını yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 0,848 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(004)-69/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,848 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar