Məhkəmə qərarları › İş №1(004)-695/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-695/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-695/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1972-ci ildə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, məhkumluğu olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Beştalı kəndində qeydiyyatda olan, barəsində “hǝbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,447 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində Yasamal RPİ 26-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və ya psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək ünvan 1 ünvanının qarşısında saxlanıldıqdan sonra polis əməkdaşları təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,447 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonundakı "Kubinka" deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 10 manat müqabilində psixotrop maddə olan metamfetamini əldə etmişdir. Həmin gün saat 16:10 radələri olarmış ki, ünvan 1 ünvanının qarşısında olan zaman polis əməkdaşları onu saxlamışlar. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da razılaşaraq könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirmişlər. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə 26-cı Polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada videoçəkilişdən istifadə etməklə təqdim olunan əşyalara baxış keçirilmişdir. Verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddəni "Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. O, polis İdarəsinə gətirilərkən və ya saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Psixotrop maddə aldığı şəxsi tanımamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında heç kim olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid3, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində Şahid1 və Şahid3 birlikdə ünvan 2 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PBnin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olubolmadığını soruşmuşlar və Cahid onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində psixotrop maddə metamfetamin var. Bu məlumatdan sonra ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Cahid əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Cahid həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini həmin gün alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 101-103-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 23 oktyabr 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinə xx.xx.1972-ci ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş, Neftçala rayonu, Beşdəli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin əməliyyat CA üzrə baş müvəkkili, polis mayoru Şahid2, 26-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2025-ci il tarixdə, saat 16:10-da ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edərək video çəkiliş aparmaqla şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd bükümü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüş, sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə yollanmış, Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və baxış keçirilməsinə dair protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd büküm 01 ədəd zərfdə və 01 ədəd disk Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Anar Həmidliyə təqdim olunmuş, bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə təhqiqatçı tərəfindən həmin zərfə və video görüntüyə baxış keçirildikdə Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 23 oktyabr 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmiş və təhqiqatçı tərəfindən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokol tərtib edilərək Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, sonra Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin şəffaf rəngli sellofana bükülmüş, psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim etdi. Bundan sonra xx.xx.1972ci il təvəllüdlü Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. (i.v. 10-11) “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 1(bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən bükümə açılıb baxılan zaman, bükümdə narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə "Pati" olduğunu həmin maddəni bu gün səhər saatlarında "Kubinka" adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi İstifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. (i.v. 15-16) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 2-ci CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan video çəkilişdə göstərilənlər əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolunda qeyd edilənlər bir daha təsdiq olunmuşdur. Belə ki, Yasamal RPİ-nin 26-cı PB-nə toplanmış materiallarla birlikdə daxil olmuş "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin yoxlanılmasına dair" 01 ədəd diskə və götürülmüş maddi sübuta baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 23 oktyabr 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları 23 oktyabr 2025-ci il tarixdə saat 09:45 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşır özlərini təqdim edirlər. Samir İskəndərov özünü təqdim etdikdən sonra polis əməkdaları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında üstünün yoxlanılmasına başlayırlar. Daha sonra üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Samir verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetaminin olduğunu həmin maddəni bu gün səhər saatlarında "Kubinka" adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Baxış zamanı protokol tərtib olunmuşdur. (i.v. 17-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2025-ci il tаriхli 6/3484 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No 170" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs (imza)" sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 44-45) “Diskə baxış keçirilməsi haqqında” 01 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla hüquq və vəzifələri izah olunduqdan sonra paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılır, lakin lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri İştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. (i.v. 98) “Diskə baxış keçirilməsi haqqında” 01 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar edilmiş 01 ədəd bükümün qablaşdırıldığı 1 (bir) ədəd ağ rəngli kağız zərf və 01 ədəd diskin Yasamal RPİnin 26-cı Polis Şöbəsinin təhqiqatçısına təqdim edilməsi, təhqiqatçı tərəfindən həmin diskin kompyuterin disk oxuyucusuna daxil edilməsi, həmin görüntüdə Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etməsi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstünə yoxlama aparılması, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməməsi müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni 23 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində alıb üzərində saxlamaqla gəzdirməsini bildirir. (i.v. 99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 24 oktyabr 2025-ci il tаriхli 6631 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyutarorların birgə qəbul edilməsi nəticəsində asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 116-117) “Sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,477 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,397 qram psixotrop maddə metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 118-126) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.477 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 28) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-829/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 70- 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Bağırov X2 R-N Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası əməyə mütləq cəlb olunmaqla cəzası şərti təyin edilmişdir. Neftçala R-N Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2003-cü il tarixdə Salyan R-N Məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 04 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Salyan R-N Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 06 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 75) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. (i.v. 83-92) CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf edərək peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.397 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 23 oktyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.397 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar