Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-71/2024 09.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: xx.xx.1968-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2019-cu ilin sonlarında özünü geniş əhatəli şəxs kimi təqdim edərək vətəndaş Zərərçəkmiş şəxs inam və etibarından sui- istifadə edərək onun həyat yoldaşının təsisçisi olduğu “Aydın Səməd” kiçik müəssisəsinin özəlləşdirmə sənədlərini Əmlak Məsələləri Dövlət Xidmətində 19000 manata həll edəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2019-cu ilin dekabr ayında Sumqayıt şəhərində yerləşən “Bazar Store” marketin qarşısında özəlləşmə rüsümu ödəmək adı ilə ilkin olaraq 4000 manat, daha sonra isə 5000 manat pulu ələ keçirmiş və eyni niyyətlə 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, X4 31 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin qarşısında 10000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 19000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hər şey orda yazılan kimidir, sənədləri toplamışdır, məhkəmədən onları “Tikinti haqqında” sərəncam üçün göndəriblər, ona görə arxivə və Memarlıq və Şəhərsalma İdarəsinə müraciət ediblər, heç bir nəticə olmamışdır. Pulu işi görmək niyyəti ilə almışdır, işi də aparmışdır, axırda nəticə olmayıb. Pulun bəzi hissəsini də qaytarmışdır. Əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alaraq yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun bir vəkil tanışı var, onun yanında oturub çay içiblər, bu işi etmək üçün ondan məsləhət alıb, hansı istiqamətdə başlamaq lazım olduğunu bilmirdi. Vaqif gəlib, sonra görüşüblər, deyib ki, o, kömək edəcək, ofisləri var, ofisdə məşğul olurlar, sənədlər çox idi, 5000 manatlıq və 4000 manatlıq. Sonra axırda da deyib ki, sənədlər hazırdır, gedib pulu ödəsinlər, pulu ödəməyə aparıblar, pulu ondan alıb aparıb, sonradan məlum olub ki, heç bir sənəd yoxdur və o, aldanmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 30 ildir ki, dostdurlar. Daha doğrusu, bu hadisələrə qədər dost olublar. Zərərçəkmiş Zərərçəkmiş şəxsla tanışlıqları ondan ibarət olmuşdur ki, 10 illik nəqliyyat şirkətində bəzi məsələlərin həllində köməklik göstərmişdir. Sumqayıt məhkəməsinin köhnə binasında çayxanada vəkillər və nümayəndələr məhkəmə iclasları arasında söhbət ediblər. Atakişi müəllim ona zəng edib və görüşmək istədiyini bildirib. Ona gəlməsini deyib. Şirkətinin yerləşdiyi torpaq sahəsi və tikililəri özəlləşdirmək istəyirmiş. Çıxarış almaq üçün müraciət edib. O, şirkətlərlə işləmədiyini bildirmişdir. Bu zaman masada onlarla əyləşən Təqsirləndirilən şəxs deyib ki, o, elə bu işlərlə məşğuldur və Zərərçəkmiş şəxs köməyi dəyə bilər. O vaxtlar hələ nümayəndəlik institutu qüvvədə idi və həqiqətən də Vaqif vətəndaşların reyestr orqanında problemlərini həll edirdi. Vaqifə deyib ki, Atakişi onun dayısıdır, sənədləri yoxlasın, hər şey qaydasındadırsa, sənədləşmə işlərinə kömək etsin. Əgər məhkəməlik iş olarsa, ona yönləndirsin. Sonra onlar ayrılıblar. Hərə öz işi ilə məşğul olmağa davam edib. Yenidən təqribi 1 ay sonra Atakişi ilə görüşəndə vəziyyətin nə yerdə olduğunu soruşmuşdur. O, sənədlərin hamısını Vaqifə verdiyini deyib və hazırda prosesin Əmlak Komitəsində davam etdiyini qeyd etmişdir. Hətta reyestr orqanından işçilər də gəlib ölçü işləri aparmışlar. 4-5 ay sonra yenə görüşəndə Atakişi ona deyib ki, iş məhkəmədədir. Çoxlu sayda iclas olub. Gah teleqramla təxirə salınıb, gah da ərizə geri götürülüb. Vaqifə bununla bağlı deyəndə vəziyyətində öz nəzarətində olduğunu bildirmişdir. Bu ərəfədə Zərərçəkmiş şəxs sənədləşmə işləri və məhkəmə xərcləri ilə bağlı Təqsirləndirilən şəxs 4000 manat pul vermişdi. Lakin məsələ çox uzanıb və 1 il yarım heç bir nəticə olmamışdır. Vaqifi görəndə deyirmiş ki, çaşıb eləməsin. Həm Atakişi bunu bağışlamaz, həm də ortada o var. Vaqif deyib ki, 30 illik xətrləri var, artıq söhbət ola bilməz. Sonra Atakişi gəlib ona deyib ki, Vaqif ondan yenə əlavə 15 000 manat pul istəyir. Səbəbi də odur ki, son mərhələdir. Artıq çıxarış hazırdır, dövlət rüsumu və digər işlər üçün bu məbləğ lazımdır. Deyib Vaqfi çağır, onsuz ona pul verməsin. Vaqif eyni şeyləri deyib. O, bildirib ki, Atakişi pulu Əmlak Komitəsində müvafiq şəxsə və ya xəzinəyə şəxsən verəcək və qəbzi alacaq. Vaqif razılaşıb. Səhəri gün Atakişi müəllim zəng edib ki, Vaqif pulu ondan alıb qaçıb. Deyib ki, necə oldu hadisə? Deyib ki, Vaqif bir dənə ağ maşına oturub, sonra qayıdıb gəlib deyib ki, pulu verib. Sonra isə çıxıb gedib və əlaqə yarada bilməmişdir. Uzun müddət Təqsirləndirilən şəxs tuta bilməmişlər. Evinə gedirdilər, tapılmırdı. Telefonlara cavab vermirdi. Nəhayət güc-bəla ilə tapıb gətiriblər. Vəziyyəti soruşub ki, bu nə məsələdir. Deyib ki, oradakı səlahiyyətli şəxs pulu maşında almağı istəmişdir. O da ona uyğun hərəkət etmişdir. Deyib ki, ödənişlə bağlı qəbzi gətirsin. O da gətirəcəm deyib çıxıb. Çıxan kimi Atakişiyə deyib ki, bu adam onu aldadır. Getsin pulunu tələb etsin. Və artıq ondan heç bir xidmət gözləməsin. O gündən bugün-sabah deyə-deyə Vaqif pulu ödəmir. Artıq Atakişi müəliim məcbur qalıb prokurorluğa müraciət etmişdir. Orada da o şahid kimi ifadə vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə isə müvəqqəti saxlama yerindən azad edilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 5 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 460 (dörd yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-71/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-71/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver