Məhkəmə qərarları › İş №1(004)-71/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-71/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-71/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 5 may 1988-ci ildə Sabirabad rayonunun Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Cavad ərazi dairəsi Zəngənə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində nömrəsin evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin üzərindən və çantasından telefonunu çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:02 radələrində 2 nömrəli marşurut avtobusunun içərisində hərəkətdə olan zaman Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ərazisindən keçən hissəsində 2 saylı marşurut avtobusunda sərnişin qismində olan Zərərçəkmiş şəxs1 əl çantasının açıq olmasından istifadə edərək sonuncuya məxsus içərisində 05 manat dəyərində ***-***-**-** GSM nömrə və 255 manat dəyərində 01 ədəd "Tecno Spark 8c” markalı **********33506 və **********33514 İmei kodlu mobil telefonunun çıxrmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə özgənin əmlakını gizli talama məqsədi ilə saat 15:59-də ünvan 1 ünvanda yerləşən "8-ci kilometr bazarında Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən Zərərçəkmiş şəxs2 məxsus üzərində 05 manat dəyərində 055-421- 44-57 və 5 manat dəyərində ***-***-**-** nömrələr ilə işləyən 140 manat dəyərində bir ədəd **********62145 İMEİ kodlu Samsung markalı Galaxy A03 modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 150 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,661 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində daşıyaraq saxlamış, 22 may 2024-cü il tarixdə saat 16.45-də polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində oğurluqda şübhəli bilinərək saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81A ünvanında yerləşən Nizami RPl-nin 24-cü Polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,661 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iş axtarmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyası yaxınlığına getmişdir. Lakin iş tapa bilmədiyi üçün 20 Yanvar metrostansiyası yaxınlığına gələrək Sabirabd rayonuna qayıtmaq istəyirmiş. Həmin günü təxminən 14 radələrində ünvan 4 ünvanında yerləşən dayanaçaqdan 2 nömrəli marşurutu avtobusuna minmişdir. Avtobus sıxlıq olduğu üçün bir qədər irəlilədikdən sonra dayanmışdır. Bu zaman qarşısında dayanmış 1 nəfər qadının çantasının açıq olduğunu və içərisində mobil telefon olduğunu görmüşdür. Avtobusda yaranmış sıxlıqdan istifadə edərək avtobusun Tbilisi proskepkti ilə hərəkətdə ola zaman qarşısındakı qadının çantasından mobil telefonu gizlin götürmüşdür. Yasamal rayonu, Tbilisi prospektində avtobus dayanacaqda saxlayan zaman qadının düşdüyü üçün oda düşərək geri Nizami metrostansiyasının yaxınlığına qayıtmışdır. Oğurladığı telefonu təxminən 2 ilə yaxındır ki, tanıdığı Şahid2 şəxsiyyət vəsiqəsi üstündə olduğu üçün Nizami Mall-da yerləşən mobil telefon dükanına 60 manata satmışdır. Cavid həmin 60 manatı ona verdikdən sonra Cavidə borcu olduğunu bildirirək çıxıb getmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsində fəaliyyət göstərən 8-ci kilometr bazarına gəlmişdir. Orada meyvə-tərəvəz satılan yerdə gəzən zaman bir nəfər yaşlı qadının mobil telefonunun əynində olan qara rəngli yun gödəkçəsinin cibində olduğunu görmüşdür. Həmin mobil telefonu oğurlamaq məqsədi ilə həmin yaşlı qadının arxasına getmişdir. Daha sonra orada başqa şəxslərin olduğunu görüb ondan şübhələnməsinlər deyə biraz gözlədikdən sonra ətrafdakı şəxslərin başlarının qarışıq olduğunu görüb sağ əlilə qadının əynindəki gödəkçənin cibində olan mobil telefonu götürmüşdür. Bundan sonra bazardan çıxaraq yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində 28 May metrostnasiyasının yaxınlığında fəaliyyət göstərən yerini xatırlamadığı mobil telefon mağazasına 40 manat qarşılığında satmışdır. Bundan başqa o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır və həmin narkotik vasitəni polis bölməsində onun üzərinə qoymuşlar. İstintaq zamanı ona qarşı edilmiş fiziki və psixoloji təzyiqlərə görə həmin əməli də boynuna almaq məcburiyyətində qalmışdır. İfadəsinin sonunda oğurluq cinayətlərini törətdiyi üçün səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini və onlarla barışmasını, eləcə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələrinə əsasən barəsində yüngül cəzanın seçilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət əməlini törətməməsini, ona psixoloji təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona fiziki zorakılıq göstərilməsi ilə bağlı gətirdiyi dəlillərin əsaslı olub olmaması məhkəmə istintaqında araşdırılmışıdr və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə qarşı fiziki güc, işgəncə və digər qanunsuz hərəkətlərin edilməsi baş verməmişdir. Məhkəmə iclası zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, təxminən 25-30 ildir ki, Nizami rayonu, Xalqlar Dostluğu m/s-nın yaxınlığında yerləşən ət dükanından tanıdığı şəxsdən gedib öz istifasi üçün ət alırmış. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı mənzildən çıxaraq ət almaq üçün anasıyla birlikdə getmişdir. Saat təxminən 14 radələrində metro ilə 28 May m/s-nın yaxınlığında “Kapital Bank" ASC-nin qarşısında yerləşən avtobus dayanaçağına anasıyla birlikdə dayanaraq avtobus gözləmişdir. Həmin vaxt anasıyla birlikdə 2 saylı abtobus gəldiyini görüb həmin avtobusa anasıyla birlikdə minmişdir. Bu zaman onun istifadəsində olan mobil telefona zəng gəldiyi üçün avtobus sürücüsü ondan telefonun səsini almağı xahiş etmişdir. O da mobil telefonunu söndürüb əlində olan əti qoyduğu setkaya qoymuşdur. Yasamal rayonu, Tbilisi prospektində yaxınlaşan zaman avtobusdan düşmək qərarına gəlmişdir. Avtobusda sıxlıq olduğu üçün ondan başqa düşən sərnişinlər çox imiş. Həmin vaxt avtobus sürücüsüdə düşənləri tezləşdirməsini bildirdiyi üçün avotbusdan düşərək səkiyə çıxmışdır. Bu zaman yük çantasına baxan zaman içərisində olan “Spark" markalı **********33506 və **********33514 İMEİ kodlu mobil telefonunun olmadığını və avtobusda olan sərnişin sıxlığı zamanı oğurlanmasını bildiyi üçün polisə müraciət etmişdir.O “Spark" markalı **********33506 və **********33514 İMEİ kodlu mobil telefon cihazını Yasamal rayonu, Tbilisi prospektində avtobusdan düşdükdən sonra aşkar etmişdir.Həmin vaxt o ətrafında olan şəxslərə fikir vermədiyi üçün çantasından edilmiş oğruluqla bağlı şübhələndiyi şəxs və ya şəxslər yoxdur.Həmin oğurluq hadisəsi zamanı ona ümumilikdə 260 manat maddi ziyan dəymişdir. Mobil telefonunun ümumi dəyəri 255 manat üzərində olan 050-375- 77-15 GSM nömrə isə 5 manat təşkil edirmiş."Spark" markalı **********33506 və **********33514 İMEİ kodlu mobil telefonunu oğurlanmış şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir və buna görə də onunla barışmışdır, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi səhhətində problemlərin olmasını, o, səbəbdən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iclaslarını onun iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, ona görə də ona qarşı heç bir şikayəti yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində ünvan 5 ünvanında fəaliyyət göstərən “8-ci km” bazarına alver etmək məqsədilə getmişdir. O ona məxsus olan xx.xx.2022-ci il tarixdə aldığı qara rəngli 32 gb yaddaşlı “Samsung Galaxy A03” markalı mobil telefonunu əynində olan qara rəngli yun gödəkçəsinin sağ cibinə qoymuşdur.O əvvəlcə bazardan un almışdır və daha sonra göyərti almaq üçün piştaxtaya yaxınlaşmışdır. Oradan göyərti aldqıdan sonra bazardan çıxaraq piyada şəkildə yaşadığı ünvana gedən zaman yolun kənarında olan binanın həyətində dincəlmək üçün əyləşmişdir və həmin vaxt cibinə baxan zaman ona məxsus olan üzərində 05 manat dəyərində ***-***-**-** və 05 manat dəyərində ***-***- **-** nömrələr ilə işləyən 140 manat dəyərində bir ədəd Samsung markalı Galaxy A03 modelli mobil telefonunun üzərində olmadığını aşkarlamışdır. Daha sonra DİN-in 102- Xidməti Zəng mərkəzinə zəng edərək məlumat vermişdir. O mobil telefonunu oğurlayan şəxsi görməmişdir.Oğurluq faktı nəticəsində ona 150 manat maddi ziyan dəymişdir.Ona məxsus olan mobil nömrələrin üzərində hər hansı miqdarda danışıq kartı olmamışdır.Həmin mobil telefonun İMEİ kodu **********62145-dir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci ildən DİO-da, 2023-cü ildən tutduğu vəzifədə xidmət edirmiş. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında fəaliyyət göstərən 8 km bazarında Zərərçəkmiş şəxs2 məxsus olan mobil telefonun əynində olan gödəkçəsinin cibindən oğurlanması faktı baş vermiş və bununla əlaqədar 24-cü PŞ-də araşdırma aparılmışdır. Həmin əməli törədən şəxsin tapılmasına dair verilmiş əməliyyat tapşırığının icrası zamanı həmin əməli törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin CAl-nin əməliyyat müvəkkili Şahid3 ilə 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektinə yollanmışdırlar. Həmin gün saat 16:45-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən etmişdirlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmiş və bundan sonra həmin şəxs özünü xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmişdir. Nizami Rayon Polis İdarəsinin 24- cü Polis şöbəsinə gətirilən zaman onunla aparılan söhbətlər zamanı və onun hərəkətlərindən üzərində narkotik vasitə olmasından şübhələnmişdirlər. 24-cü Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “Patı” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni tanımadığı şəxsdən Bakı şəhəri, Yasamal rayonu Kubinka adlanan ərazidən 10 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, iş üzrə digər Şahid1 şahid qismində vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, ünvan 7 ünvanında fəaliyyət göstərən “Grand mart" adlı mobil telefon alış-satışı mağazasını icarə əsasında işlədirmiş. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində əvvəlcədən tanımadığı iki nəfər şəxs işlətdiyi mağazaya gəlmişdirlər. Onlardan birinda satdıq mobil telefon olduğunu ona bildirmişdir. Daha sonra “Tekno Spark 8c" markalı mobil telefonu ona təqdim etmişdir. Həmin mobil telefonun həyat yoldaşına məxsus olduğunu və yaşadığı evin kirayə haqqını ödəmək üçün satdığını bildirmişdi. Mobil telefonu 100 manata satdığını bildirmişdir. O qiymət baha olduğundan almaq istəmədiyini demişdir. Onlar mağazadan çıxıb getmişdirlər. Təxminən yarım saat sonra onlar mağazaya qayıtmışdılrar. Mobil telefona nə qədər pul verə biləcəyini soruşduqda o 60 manata ala biləcəyini bildirmişdir. Daha sonra o,onunla razılaşmışdır. 60 manat qarşılığında mobil telefonu həmin şəxsdən almışdır. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini almış və müqavilə tərtib etdikdən sonra öz razılığı ilə satdığını qeyd etdiyini bildirmiş və müqaviləyə imza etmişdir. Daha sonra o həmin mobil telefonu 100 manata tanımadığı şəxsə satmışdır.O həmin mobil telefonun oğurluq olmağını bilmirmiş, ona həmin mobil telefonun ailə üzvünə məxsus olmasını bildirmişdirlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanıyırmış. Arada bir onunla narkotik vasitə alıb istifadə edirmiş. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Rəvanı Nizmai metrostansiyasının yaxınlığında görmüşdür. Bir qədər söhbət etdikdən sonra Rəvan ondan şəxsiyyət vəsiqəsinin üzərində olub olmadığını soruşmuşdur. O da şəxsiyyət vəsiqəsinin üzərində olduğunu ona bildirmişdir. Daha sonra Rəvan cibindən telefonu çıxardaraq maddi vəziyyətinin yaxşı olmadığını lakin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün telefonu sata bilmədiyini bildirmişdir. Ondan xahiş edərək şəxsiyyət vəsiqəsilə telefonu satmaq istədiyi bildirmişdir. O da Rəvanla artıq iki ilə yaxındır ki tanıdığı üçün etiraz etməmişdir. Rəvanla birlikdə gedərək Nizami Mall-da telefon dükanına Rəvanın verdiyi qara rəngli telefonu 60 manata satmışdır. Həmin pulu Rəvana vermişdir. Rəvan borcunun olduğunu bildirib çıxıb getmişdir. Həmin gündən sonra Rəvanı görməmişdir. Rəvan telefonun ona məxsus olduğunu bildirmişdir.Ona görədə oğurluq olması barədə məlumatı olmamışdır.Rəvan heç bir məbləğ ona verəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən, saat 17:35-dən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 109). “Şəxsi axtarış və götürmə aparılmasə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (İ/V. 118-119). Cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD-R” diskə məhkəmə iclasında baxış keçirən zaman xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılmasə haqqında” protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Belə ki, həmin videogörüntülərdən məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 22 may 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nizami RPl-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı İlqar Məmmədovun əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı İlqar Məmmədov qarşısında daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, "6 saylı” vəkil bürosunun müdafiəçisi X8r. Xidməti otaqda olan masanın qarşısında - əynində qara rəngli şalvarı, mavi təngli aruçka üzərində qara rəngli jilet olan iki nəfər polis əməkdaşının sağında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Şahid1 və Şahid3dur. Video çəkilişin davamında təhqiqatçı İlqar Məmmədov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs oğurluq əməli törətməsini etiraf edərək mobil telefonu 28 May ərazisində satdığını bildirir. R.lsrafilovun təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində ağ rəngli maddə olması müəyyən olunur. O, həmin maddənin “patı" kimi bilinən psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni Nəsimi rayonu, "Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını bildirdi. Bundan sonra R.lsrafilovun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün" 164 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri R.lsrafilov.onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı CD diskdə 03 fayl olduğu müəyyən olunmuşdur. Video görüntüyə baxış zamanı ekranın sol yuxarı küncündə xx.xx.2024 15:58:58 rəqəmləri görünür. Görüntüdə ‘’8km" bazarının daxilində meyvə-tərəvəzlərin satıldığı hissəsinin görüntüləri əks olunmuşdur. İnsanların alış-veriş etdiyi görünür.Eyni zamanda əynində qara rəngli jaketin olduğu zərəçəkmiş Zərərçəkmiş şəxs2 bazarlıq etdiyi və əynində boz rəngli köynək, göy rəngli cins şalvar, alt hissəsi ağ olan göy rəngli idman tipli ayaqqabı, əlində qara gödəkçə olan 35-40 yaşlı kişi cinsli şəxsin ona yaxınlaşması görüntülənir.lkinci fayl açıldıqda yuxarı ekranın sol yuxarı künçündə xx-xx-2024 15:56:42 rəqəmləri görünür. Sözü gedən əynində boz rəngli köynək.göy rəngli cins şalvar,alt hissəsi ağ olan göy rəngli idman tipli ayaqqabı, əlində qara gödəkçə olan 35-40 yaşlı kişi cinsli şəxsin ayrın görüntüləri əks olunmuşdur. Üçünçü fayl açıldıqda yuxarı sol künc xx-xx-2024 15:58:41 rəqəmləri görünür. Görüntü bazarın daxilində quraşdırlmış müşahidə kameralarından götürülmüşdür. İnsanların bazarlıq etdiyi görünür.Həmin görüntülərdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun arxası ilə hərəkət edən.hər iki görüntüdə görüntülənən əynində boz rəngli köynək.göy rəngli cins şalvar,alt hissəsi ağ olan göy rəngli idman tipli ayaqqabı, əlində qara gödəkçə olan 35-40 yaşlı kişi cinsli şəxsdir. Həmin şəxsin əynində qara jaket olan zərəçəkmiş Zərərçəkmiş şəxs2 cibinə müdaxilə etdiyi aydın görünür.Diqqətlə baxdıqda həmin şəxsin Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli jaketin sağ yan cibindən mobil telefonu götürərək əlində olan qara gödəkçənin altına gizlədib oradan uzaqlaşdığı aydın görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər üç faylda olan əynində boz rəngli köynək.göy rəngli cins şalvar,alt hissəsi ağ olan göy rəngli idman tipli ayaqqabı, əlində qara gödəkçə olan 35-40 yaşlı kişi cinsli şəxs odur. (İ/V. 124). Məhkəmə iclasında qeyd edilən diskdə olan videogörüntüyə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2904 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat təqdim edilmiş üzərində "... Şübhəli şəxs (imza ) Təqsirləndirilən şəxs... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,661 qram olan ağ kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 128-131). “Cinayət işinin başlanması haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı X1 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 69). “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. (İ/V. 155). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 70). xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deməklə bir daha təsdiq etmişdir. (İ/V. 175-177). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 191-195). Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 444 saylı eksperet rəyindən görünür ki, X2 bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (İ/V. 231-234). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4071 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin istifadə etmə hallan olub. İsrəfilov X3 xəstəliyindən əzab çəkmir. Hal- hazırda Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 229-230). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-ci il tarixli təlabnamədən görünür ki, X5 əvvəllər məhkum edilməmişdir. (İ/V. 212-213). “Cinayət işinin başlanması haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Cinayət işlərinin birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaqının davaç etdirilməsi qərara alınmışdır. (İ/V. 76-77). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 177.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilimişdir. (İ/V. 216-217). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 55-56). “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. (İ/V. 67). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X11 daxil olmuş xx.xx.2024-cü il tarixli, 11864 nömrəli məktubdan görünür ki, X5 yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (İ/V. 304). “Sübutların qiymətləndirilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 0,661 qram psixotrop maddə metamfetamin və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,611 qram psixotrop maddə metamfetaminin Bakı şəhəri Nizami RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Bundan əlavə, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntü əks etdirən 01 ədəd DVD disk və iş üzrə oğurluq hadisəsini əks etdirən 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. (İ/V. 305-314). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənilmişdir və heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs X6 məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, ona görə də ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, səmimi peşman olmasını bildirməsini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödəməsini, onlarla barışmasını, eləcə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini cəzanın məqsədlərini təmin edə biləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,611 qram psixotrop maddə metamfetamin məhv edilməli, 81 manat məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-560/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 24 (iyirmi dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,611 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar