Məhkəmə qərarları › İş №1(004)-72/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-72/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-72/2022 28.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri saat 12:00 xx.xx.2000-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikası vətəndaşı, azərbaycanli, işləməyən, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarı ilə 1 il 3 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 25.06.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, Baki şəhəri Binəqədi Rayonu M.Cəlal küçəsi ev 34 mənzil 16-da müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 10.10.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,690 qram narkotik vasitə olan heroini 25 manata alıb, əldə etməklə, üzərində daşımaqla saxlamış, 11.10.2021-ci il tarixdə saat 01:30 dəqiqədə ünvan 1 ünvanda Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-ə gətirilmiş və idarənin inzibati binasında xidməti otaqda üzərində axtarış və götürülmə aparılan zaman, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən şəxsi istehlak miqdarında 1 ədəd bükümdə təmiz çəkisi 0,690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.10.2021-ci il tarixdə axşam saat 22-23 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 25 manata 1 büküm heroin öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni alıb metronun “Elmlər Akademiyası” stansiyası istiqamətinə gəlmiş, burada təsadüfən köhnə məhəllə uşağı olan Rəhmanı görmüş, hal-əhval tutub gəzişməyə başlamış, sonra marketə gedib özünə yemək üçün sok-şirniyyat almış, məhlələrin arası ilə gəzişərkən xidməti geyim formasında olan 3 nəfər Post Patrul xidmətinin əməkdaşı yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin əməkdaşı kimi təqdim edərək onlardan Yasamal RPİ-ə getməyi xahiş etmişlər. Həmin vaxt heroin əynindəki dəri gödəkcənin sağ yan cibində olmuş, polis əməkdaşları onun qollarından tutduğu üçün üzərindəki heroini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə gəlmiş və xidməti otaqların birində hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmiş, o da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf polietilenə bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda bu maddənin heroin olduğunu, heroini Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ PPXB-nin əməkdaşı polis baş serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 10-un yaxınlığında ekipaj yoldaşları polis serjantları Şahid1 və Şahid2la birgə xidmət apararkən 2 nəfər şəxsi görmüş, həmin şəxslər onları gördükdə özlərini şübhəli aparmağa başlamış və buna görə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün onları Yasamal RPİ-yə dəvət etmişlər, orada həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olmaları müəyyən edilmişdir. Orada xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamış, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəyə oxşar heroini təqdim etmiş, həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu demiş, Nəsimi rayonu Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə cibinə qoyduğunu, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımasını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqda verdiyi ifadəklərini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10.10.2021-ci il tarixdə axşam saat 22-23 radələrində metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində parkın yaxınlığında təsadüfən məhlə uşağı olan Əzizi görmüş, hal-əhval tutub gəzişməyə başlamış, sonra marketə gedib özlərinə yemək üçün sokşirniyyat almış, məhlələrin arası ilə gəzişərkən xidməti geyim formasında olan 3 nəfər Post Patrul xidmətinin əməkdaşları yaxınlaşıb özlərini Yasamal RPİ-nin əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etdikdən sonra onlardan Yasamal RPİ-ə getməyi xahiş etmiş, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-yə gəlmiş və şəxsiyyətləri müəyyənləşdirilmiş, sorğu-sual olunduqdan sonra xidməti otaqların birində hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmiş, o da üzərində qeyri-qanuni nəsə olmadığını demiş və baxış zamanı üzərindən qeyri-qanuni hər hansısa bir əşya, predmet aşkar olunmamışdır. Ona görə də sərbəst buraxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilməsini sonradan bilmişdir. Özü narkotik vasitə istifadəçisi deyil, tanışı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onun yanında narkotik vasitədən istifadə etməmişdir və bu barədə hər hansı bir söhbət etməmişdir. Əzizin həmin vaxt üzərində aşkar edilmiş narkotik vasitəni də hardan, necə və nə vaxt əldə etməsi barədə də məlumatı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4, Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X1 tərəfindən imzalanmış 11 oktyabr 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 11 oktyabr 2021-ci il tarixdə saat 01:30-da Yasamal RPİ-nin PPBX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan bir ədəd şəffaf selofandakı büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild 1, səh. 20- 22). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 11 oktyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunur, videoçəkilişdən istifadə edilməsinə etirazının olmadığını bildirir və özünün əvvəllər CM-nin 181-ci maddəsi ilə məhkum olunmasını, Türkmənistanda anadan olmasını və yaşadığı ünvanı deyir. Videoçəkilişin davamında təhqiqatçı T.Abdullayev, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlini əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə salaraq cibində saxladığı 1 ədəd şəffaf sellofan bükülüdə olan bükümü təqdim etməsi müşahidə olunur. Təhqiqatçı tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün kokos adlandırdığı narkotik vasitə olduğunu deyir. Həmin büküm açılır və hardan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin kütləni Kubinka adlanan yerdə öz şəxsi istifadəsi üçün üzdən tanıdığı adını bilmədiyi şəxsdən almasını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və heç bir digər əşya aşkar edilmədiyi müşahidə olunur. İş üzrə maddi sübut kimi tanınmış digər DVD diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunur, videoçəkilişdən istifadə edilməsinə etirazının olmadığını bildirir, Bakı şəhərində anadan olmasını, məhkumluğunun olmamasını və yaşadığı ünvanı deyir. Videoçəkilişin davamında təhqiqatçı T.Abdullayev, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirir. Təhqiqatçı tərəfindən Şahid3 üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməməsi müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 11 oktyabr 2021-ci il tarixli 6/4507 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,690 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (heroinin təmiz çəkisi-0,690 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,640 qram) Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (cild 1, səh. 50-54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 13.12.2021-ci il tarixli 5059 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Musayev X3 xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur,ərazi narkoloji dispanserində profilaktik qediyyata alınması məsləhət görülür (cild 1, səh. 120-121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan və 18.12.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,690 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,640 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 02 ədəd DVD-R disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 119, 122-130). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02.11.2021-ci il tarixli arayışdan və hökmdən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarı ilə 1 il 3 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 25.06.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, səh. 89, 96-112). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-598/2021 nömrəli 12.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 13, 81-82). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarındakı tələbnamədən və hökmdən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarı ilə 1 il 3 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 25.06.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs yetginlik yaşına çatmadığı müddətdə ağır cinayət əməli törətməsini və həmin əmələ görə məhkum olunmasının nəzərə alaraq, Azərbaycan Respublikası CM- nin 92.0.3 maddəsinin dispozisiyasına əsasən ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 3 il keçdikdə məhkumluğu olmayan hesab edilir. AR CM-nin 83.4-1 maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmasını və cəzasını çəkib qurtardığı həmin gündən 3 il keçməmiş, 11.10.2021-ci il tarixdə yenidən cinayət törətdiyi nəzərə alınsa təqsirləndirilən şəxs X6 məhkumluğu olan şəxs hesab edilməlidir. Həmçinin onun hazırda törətdiyi cinayət əməli əvvəllər törətdiyi cinayəti nəzərə almaqla qiymətləndirilərkən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini yetginlik yaşına çatmadığı vaxtda törətməsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 18.4.2 maddəsinə əsasən cinayətin residivi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,640 qram narkotik vasitə-heroin məhv edilməli və şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 1(004)-72/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 11.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,640 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar