Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi - 0,258 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımış, Bakı şəhəri Yasamal rayon polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 20:20də ünvan 3 ünvanında saxlanılıb Yasamal rayon polis İdarəsinin 29-cu PŞ-nə aparılaraq, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən bükümdəki narkotik vasitə olan heroin onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etməyə başlayan vaxtlarda Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə adını bilmədiyi bir nəfər şəxslə tanış olmuş, həmin şəxs ona heroin lazım olanda həmin əraziyə gəlib ondan ala biləcəyini bildirmişdir. O, da həmişə narkotik vasitə lazım olanda Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almış və aldıqdan sonra münasib yer taparaq qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan əraziyə gedib həmin şəxsi tapmış və ona 20 manat verərək istifadəsi üçün narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona sellofan kəsiyinə bükülü vəziyyətdə narkotik vasitə heroin gətirib vermişdir. O, narkotik vasitəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan piyada ünvan 4 saylı ünvana gəlmişdir. O, istədiyi vaxt qəbul edə bilməsindən ötrü həmin narkotik vasitə olan heroini üzərində saxlamışdır. Həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı ünvan 4 saylı ünvanın qarşısında dayanan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o, da heç bir etiraz etmədən onlarla birlikdə polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd sellofan kəsiyinə bükülmüş, bir bükümdəki narkotik maddə heroini təqdim etmiş və narkotik vasitə heroin olmasını onlara bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşduqda, o, həmin heroini öz istifadəsi üçün Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raportla şöbənin rəisinə məruzə edilərək məlumatın təxirə salınmadan yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupuna rəhbərlik isə ona həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında aşkar edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ondan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilməsi barədə dərhal raport əsasında şöbənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi şöbənin təhqiqatçısı Tural Mahmudova həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən vəkil şöbəyə dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq təqdim edib içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «Samsung» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alımış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Ayxan Bağırova müraciət edərək ünvan 6 ünvanında qeydiyyatda olmaqla 2-ci Alatava ev 101 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi Ayxan Bağırov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə şöbənin baş əməliyyat müvəkkili Şahid1 və kiçik inspektoru Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyat müvəkkili Şahid1 həvalə edilməsinə dair Ə22-095-20 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi Ayxan Bağırov tərəfindən təsdiq edilmişdir. Üzərində xx xxxxxxx 2020-ci il tarixli 3513 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 və kiçik inspektor Şahid2 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:20 radələrində Yasamal rayonu, 2-ci Alatava, ev 101 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Tural Mahmudov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 169 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx xxxxxxx 2020-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 5(004)-639/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyataxtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X2 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 20/1402a nömrəli arayış məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,258 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-cı il tarixli 6/2159 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində DİN KTİ-yə məxsus “OBYEKTİN TƏDQİQATİ №27” ştamp, AR DİN “Zərflər üçün №169” möhür əksləri, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.244 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,194 qram heroin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 3279 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,258 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx xxxxxxx 2020-ci il saat 20:20-dən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)-597/2020 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, daha sonra xx xxxxxx 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2.-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və üzərində məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,194 qram narkotik maddə heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,194 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,194 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-73/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver