Məhkəmə qərarları › İş №1(004)-73/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonunun, Yolocaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonunun, Mollaoba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun atasına şəkər xəstəliyi ilə bağlı təqaüd kartının, həmçinin ünvanlı sosial yardım kartının düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, ilk dəfə 11 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Məhəllə" marketində olan "eManat" elektron ödəniş terminalı vasitəsi ilə özünə məxsus ******************** saylı "Kapital-Bank"ın hesab nömrəsinə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğdə pulu, daha sonra 2021-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 07 saylı poliklinikanın darvaza girişinin qarşısında 1000 (bir min) manat məbləğdə pulu və sonuncu dəfə 06 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 07 saylı poliklinikanın darvaza girişinin qarşısında 300 (üç yüz) manat məbləğdə pulu alaraq, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun və qardaşları Əfsun ilə Əlihüseyn Bayramovların uşaqlarına ünvanlı sosial yardım təqaüd kartlarının, həmçinin sosial mənzilin əldə edilməsi məsələsinin düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, Zərərçəkmiş şəxs2 13 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən «Favorit» marketində quraşdırılmış "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə göndərdiyi 300 (üç yüz) manat, 2019-cu ilin dekabr ayında sonuncu yaşadığı ünvandan onun kart hesabına göndərdiyi 400 (dörd yüz) manat, 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən "Rahat" supermarketində olan "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə özünə məxsus ******************** saylı "Kapital-Bank"ın hesab nömrəsinə göndərdiyi 300 (üç yüz) manat, daha sonra 15 iyun 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında nəğd şəklində 700 (yeddi yüz) manat, 08 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "Rahat" super-marketində olan "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə özünə məxsus ******************** saylı "Kapital-Bank"ın hesab nömrəsinə 300 (üç yüz) manat məbləğdə pulu alaraq, öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun 2-ci qrup əlilliyi ilə bağlı ömürlük təqaüdün, həmçinin onun azyaşlı övladına ünvanlı sosial yardım kartının düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, ilk dəfə 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat, daha sonra 18 iyun 2021-ci il - 09 oktyabr 2021-ci il tarixləri arasında ümumən 3.500 (üç min beş) manat, 09 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "Bakı" kino-teatrının yaxınlığında 800 (səkkiz yüz) manat, daha sonra 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında 1200 (bir min iki yüz) manat və sonuncu dəfə 15 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "Bakı" kino-teatrının yaxınlığında 300 (üç yüz) manat məbləğdə pulu alaraq, öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs3 ümumilikdə 7.300 (yeddi min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardən sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs5 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun 2-ci qrup əlilliyi ilə bağlı ömürlük təqaüdün, həmçinin qazilik üzrə müavinətin düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, ilk dəfə 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 2000 (iki min) manat, daha sonra 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 7 ünvanında 2000 (iki min) manat, daha sonra 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında 1050 (bir min əlli) manat, 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, "Koroğlu" metro stansiyasının yaxınlığındakı hava limanına gedən avtobus dayanacağında 800 (səkkiz yüz) manat, daha sonra 2021-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında 400 (dörd yüz ) manat məbləğdə pulu və sonuncu dəfə 10 dekabr 2021-ci il tarixdə ünvan 8 ünvanında 1000 (bir min) manat məbləğdə pulu alaraq, öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs5 ümumilikdə 7.250 (yeddi min iki yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edib Zərərçəkmiş şəxs4 azyaşlı qızı Fatimə və oğlu İlqarın adına sosial müavinət düzəldəcəyinə yalan vəd verib inandırmaqla aldadaraq sonuncudan sənədlərin düzəlməsi və sair xərclər adı ilə 04 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Respublika Kliniki Xəstəxanasının qarşısında 1300 (bir min üç yüz) manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs4 1.300 (bir min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir rəsmi fəaliyyətlə məşğul olmur. Buna baxmayaraq onun Bakının müxtəlif rayonlarında ofisləri olub və onun işi müştərilərdən müəyyən məbləğdə pul alaraq onlara pensiya və sosial yardım təyin olunması üçün tələb olunan sənədləri hazırlamaqdan ibarət olmuşdur. O, bu fəaliyyəti həyata keçirərkən tərəflərlə heç bir müqavilə bağlamayıb və dövlət büdcəsinə isə əldə etdiyi gəlirdən ödəniş etməyib. Təxminən 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və onun ailə üzvlərinə ünvanlı sosial yardım təqaüdlərinin düzəldilməsi məsələsində köməklik etmişdir. İlk dəfə, onun etdiyi köməkilik nəticəsində Qismətin ailə üzvləri ünvanlı sosial yardım ilə təmin edilmişlər. İkinci dəfə, təxminən 2021-ci ilin iyun ayında Qismət öz ailəsi üçün sosial mənzil ilə təmin edilməsi məsələsində ondan kömək etməsini istəmişdir. O, bu məsələ ilə əlaqədar olaraq xatırlamadığı tarixdə “20 Yanvar” metrostansiyanın yaxınlığında Qismətdən 700 manat məbləğdə pul almış, 900 manat məbləğdə pulu isə Qismət onun bank kartına köçürmüşdür. O, ümumən Qismətdən 1600 manat məbləğində pul almışdır. Onun Zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəmək fikri vardır. Bundan başqa o, Qismətin vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs1 ünvanlı sosial yardım təqaüdlərinin düzəldilməsi məsələsində köməklik edəcəyinə dair vəd vermiş və ondan bu məsələ ilə əlaqədar dəqiq tarixini xatırlamadığı tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında ümumilikdə 1800 manat məbləğində pul almışdır. Lakin o, müəyyən səbəblərdən Zərərçəkmiş şəxs1 verdiyi vədi yerinə yetirə bilməmiş və ondan aldığı pulları Zərərçəkmiş şəxs1 işinin düzəlməsi üçün lazım olan sənədlərə xərcləmişdir. Onun Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəmək fikri vardır. Bundan başqa o, 2021-ci ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhərindən Bakı şəhərinə reys edən “Mersedes” markalı şəhərlərarası avtomobillə gedən zaman Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Onlar arasında gedən söhbət zamanı Zərərçəkmiş şəxs3 ondan özünə əlilliklə bağlı pensiya və ünvanlı sosial yardım təqaüdü düzəltmək üçün kömək istəmişdir. O, Rəcəbə hər iki məsələ ilə əlaqədar köməklik edəcəyinə dair söz vermişdir. Rəcəbə pensiya düzəltmək üçün ondan xatırlamadığı tarixdə 1500 manat məbləğində pul almışdır. Bundan başqa o, Rəcəb üçün ünvanlı sosial yardım təqaüdünün düzəldilməsi məqsədilə ondan 500 manat pul istəmiş, Rəcəb isə Cəlilabad rayonunda yerləşən bankomantdan onun kartına 500 manat məbləğində pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs3 pensiya və ünvanlı sosial yardım təqaüdünün düzəldilməsi üçün ümumilikdə 2000 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs3 pensiya təyin olunmasına nail olsa da, ona ünvanlı sosial yardım təqaüdünün verilməsi məsələsini həll edə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs3 03 ildir ki, ayda 850-900 manat məbləğində pensiya alır. Bu səbəbdən onun Zərərçəkmiş şəxs3 aldığı 2000 manat pulu qaytarmaq fikri yoxdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 vasitəsi ilə Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. O, Əhmədə pensiya düzəltmək vədi vermiş və ondan bunun müqabilində ümumilikdə 7200 manat məbləğində pul almışdır. Həmin məbləğdən 1000 manat məbləğində pulu Əhmədə geri qaytarmışdır. Onun Zərərçəkmiş şəxs5 dəymiş zərəri ödəmək fikri vardır. Bundan başqa, o, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Cəmalə ona qızı Fatimə ilə oğlu İlqar üçün sosial müavinət düzəltməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının qarşısında 1300 manat pul vermiş, o da həmin işi həll edərək sənədləri Zərərçəkmiş şəxs4 təqdim etmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. X2 isə onun atasıdır və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun atası Ağasəlim Bayramov özünə ünvanlı sosial yardım düzəltmək məqsədilə qohumu Qismət vasitəsilə özünü AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Vasili ilkin olaraq onlardan sənədlərin hazırlanmasına 500 manat pul istəmiş, onlar da həmin məbləğdə pulu Vasiliyə məxsus bank hesabına köçürmüşlər. Bundan sonra Vasili onlardan əvvəlcə, 300 manat, daha sonra isə 1000 manat məbləğində pul istəmiş və onlar həmin məbləğləri hissə-hissə olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 07 saylı poliklinikanın girişinin qarşısında Vasilinin özünə vermişdirlər. Bir müddət keçdikdən sonra özlərini Asan Xidmətin əməkdaşları kimi təqdim edən iki nəfər naməlum şəxs onun evinə gəlmiş və həmin şəxslər onlara ünvanlı sosial yardım düşmədiyini bildirmişdirlər. Bundan sonra ona məlum olmuşdur ki, Vasili onların 1800 manat məbləğində pulunu ələ keçirərək onlara qarşı dələduzluq etmiş və bu barədə o, Xətai RPİ-nin 34-cü PB-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 800 manat ödənilmiş, 1000 manat isə ödənilməmiş qalmışdır. Son olaraq ona dəymiş 1800 manat məbləğində zərərdən qalıq qalmış 1000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvlərinə ünvanlı sosial yardım düzəltmək məqsədilə özünü ona AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vasili onun qardaşının ünvanlı sosial yardım məsələsini həll etdiyi üçün o, öz ailəsi üçün sosial mənzilin təmin edilməsi məsələsində Vasilinin köməkliyini istəmişdir. Bu məqsədlə o, hazırda xatırlamadığı tarixlərdə "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə, əvvəlcə 300 manat, daha sonra Vasilinin tələbi ilə yenidən 300 manat, bundan sonra bir daha 300 manat olmaqla, ümumilikdə 900 manat məbləğində pulu Vasiliyə məxsus bank hesabına göndərmişdir. Bundan başqa o, 15 iyun 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında Vasili ilə görüşərək Vasilinin istədiyi 700 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs onun cəmi 1600 manat pulunu ələ keçirmişdir. Ona dəymiş ziyandan 300 manat məbləğində pul ödənilmiş, 1300 manat isə ödənilməmiş qalmışdır. Son olaraq ona dəymiş 1600 manat məbləğində zərərdən qalıq qalmış 1300 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlildir. Təqsirləndirilən şəxsla 2021-ci ilin mart ayında Cəlilabad rayonundan Bakı şəhərinə reys edən şəhərlərarası avtomobil ilə gedən zaman tanış olmuşdur. Söhbət zamanı Vasili ona özünü AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və ona 5000 manat pul müqabilində ömürlük əlillik üçün təqaüd düzəldə biləcəyini bildirmişdir. O, Vasilinin bu təklifi ilə razılaşaraq ona 5000 manat məbləğində pulu hissə-hissə vermişdir. Həmçinin Vasili ona uşaqlarının adına sosial müavinət təqaüdü düzəltməyi təklif etmiş və ondan buna görə 1500 manat məbləğində pul almışdır. Vasili onun üçün yalnız beş illik müddətə 2-ci qrup əlilliyini təsdiq etdirə bilmiş, ömürlük əlillik üçün təqaüd və uşaqlarının adına sosial müavinət təqaüdü düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs onun ümumilikdə 6500 manat məbləğində pulunu ələ keçirmişdir. Son olaraq ona dəymiş 6500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun tanışıdır. O, özünə ömürlük əlillik düzəltmək məqsədilə Rəcəb vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Vasili ona bu məsələdə kömək edə biləcəyini bildirmiş, o isə Vasilinin təklifi ilə razılaşaraq ilk dəfə dəqiq xatırlamadığı tarixdə “20 Yanvar metrostansiyası yaxınlığında Rəcəbin iştirakı ilə 2000 manat məbləğində pulu Vasiliyə əlbəəl vermişdir. Bundan sonra o, Vasiliyə yaşadığı ünvan 9 ünvanında yenidən 2000 manat pul vermişdir. Daha sonra o, Bakı şəhəri, Sabunçu rayonu Zabrat dairəsinin yaxınlığda Vasili ilə görüşərək özünə qazilik sənədləri düzəltmək məqsədilə ona əlbəəl 1050 manat pul vermişdir. Bundan başqa Vasili ondan müxtəlif vaxtlarda əlavə 1200 manat pul almış, sonuncu dəfə isə yenə dəqiq xatırlamadığı tarixdə ünvan 8 ünvanında 1000 manat pulu Vasiliyə vermişdir. Lakin Vasili ona verdiyi vədləri yerinə yetirməmişdir. Vasili onun ümumilikdə 7250 manat məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 1000 manat ödənilmiş, 6250 manat isə ödənilməmiş qalmışdır. Son olaraq ona dəymiş 7250 manat məbləğində zərərdən qalıq qalmış 6250 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında tanımış və onunla müxtəlif şəxslərə pensiya düzəldilməsi işi ilə bağlı aralarında tanışlıq olmuşdur. O, Vasili ilə əlaqə saxlayaraq ayrı-ayrı şəxslərə pensiya düzəldilməsi məqsədilə onların sənədlərini və bununla bağlı müxtəlif məbləğlərdə pulları Vasiliyə vermişdir. O, sonuncu dəfə Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının qarşısında Vasili ilə görüşərək onun öz qızı Fatimə ilə oğlu İlqara sosial müavinət düzəltməsi məqsədilə Vasiliyə 1300 manat məbləğində pul vermişdir. Vasili tərəfindən ona heç bir məbləğdə ödəniş olunmamışdır. Son olaraq ona dəymiş 1300 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “CD-R” disk üzrə audioyazı məlumatlarına baxış keçirilməsi barədə” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Masallı rayonunun Mollaoba kəndində yaşayan, 1985-ci il təvəllüdlü X3 zərərçəkən Zərdab rayonunun Salahlı kəndində yaşayan, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayət hadisəsi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların məzmunu və hər iki tərəfin qarşılıqlı səsli mesajları ilə öz tasdiqini tapmışdır. Belə ki, «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların məzmunundan və səsli mesajlardan görünür ki, Zərərçəkmiş şəxs1 ona veriləcək sosial müavinətin uzun müddət düzəlmədiyini görüb keçmiş tanışı Təqsirləndirilən şəxs verdiyi pulun geri qaytarılmasını israrla tələb edir və sonuncuya artıq etibarı itdiyi üçün növbəti sənədlərin yığılıb Təqsirləndirilən şəxs verilməsindən imtina edir. (Cild İ, i.v. 42-46) “CD-R” disk üzrə audioyazı məlumatlarına baxış keçirilməsi barədə” 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Masallı rayonunun Mollaoba kəndində yaşayan, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs zərərçəkən Zərdab rayonunun Salahlı kəndində yaşayan, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayət hadisəsi «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların məzmunu və hər iki tərəfin qarşılıqlı səsli mesajları ilə öz təsdiqini tapmışdır. Belə ki, «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların məzmunundan və səsli mesajlardan görünür ki, Zərərçəkmiş şəxs2 ona veriləcək sosial müavinətin uzun müddət düzəlmədiyini görüb keçmiş tanışı Təqsirləndirilən şəxs verdiyi pulun geri qaytarılmasını israrla tələb edir və sonuncuya artıq etibarı itdiyi üçün növbəti sənədlərin yığılıb Təqsirləndirilən şəxs verilməsindən imtina edir. (Cild İ, i.v. 53-54) “İfadənin yerində yoxlanılması haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs5 istintaq verdiyi ifadəsini təkrarən səsləndirdikdən sonra bildirdi ki, Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşdırılmış şəkildə öz yaşadıği bina evinin qarşısında görüşmüşlər. Daha sonra onlar yuxarıya qalxaraq, zərərçəkən şəxsin məskunlaşdığı mənzilə - 45 nömrəli evə, daxil oldular. Evin içinde olan söhbətdən sonra, zərərçəkən şəxsin anasının şahidliyi ilə, Əhməd Vasiliyə 1000 (bir min) manat məbləğdə pulu əlbəəl formada sonuncuya vermişdir. Daha sonra isə Vasili evi tərk etmişdir. (Cild İ, i.v. 213-215) “İfadənin yerində yoxlanılması haqqında” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əli ilə 02-03 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə görüşdüyü yeri göstərib, həmin tarixdə orada Zərərçəkmiş şəxs4 tanışına pensiya düzəltmək üçün 700 manat pul aldığını bildirib, əli ilə göstərərək hadisəni əyani təsvir etmişdir. (Cild İİ, i.v. 160) “Hadisə yerinə baxış keçirilməsi barədə” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yeni tikilmiş körpünün altıdır. X1 bildirmişdir ki, 3-cü mikrorayon dairəsində avtomobillərə nəzarət edən zaman həmin ünvanda onun Təqsirləndirilən şəxs adlı şəxs ilə tanışlığı olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs onun epilepsiya xəstəsi olan qardaşı X4 3-cü qrup əlillikdən 2-ci qrup əlilliyə keçirə biləcəyini, habelə qardaşına sosial yardım düzəldə biləcəyini dedikdə o qardaşı Əzəmət Muradovun mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Daha sonra onlar razılaşmışlar və qardaşı Əzəmət Muradov hissə-hissə olaraq Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona da sosial yardım düzəldə biləcəyini deyərək ondan 1300 manat pul istəmişdir. O həmin zaman onunla razılaşmış və 2021-ci ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yeni tikilmiş körpünün altında Təqsirləndirilən şəxs bir dəfəlik ödəmək şərti ilə 1300 manat pul vermişdir. (Cild İİ, i.v. 236-237) “Sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs kart hesabına göndərdiyi pul vasaitinin qəbzi, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılan danışıqların diskləri iş üçün sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (Cild İV, i.v. 175-184) İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə vəsaitlər daxil olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 ona verilmiş ittihamda göstərilən 7.300 manat məbləğində pulun almadığını sonuncudan ümumilikdə 2.000 manat aldığını, yəni ona verilmiş ittihamda Zərərçəkmiş şəxs3 əlavə göstərilən 5.300 manat məbləğdə pulun almadığını göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun və qardaşları Əfsun ilə Əlihüseyn Bayramovların uşaqlarına ünvanlı sosial yardım təqaüd kartlarının, həmçinin sosial mənzilin əldə edilməsi məsələsinin düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, Zərərçəkmiş şəxs2 13 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən «Favorit» marketində quraşdırılmış "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə göndərdiyi 300 (üç yüz) manat, 2019-cu ilin dekabr ayında sonuncu yaşadığı ünvandan onun kart hesabına göndərdiyi 400 (dörd yüz) manat, 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən "Rahat" supermarketində olan "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə özünə məxsus ******************** saylı "Kapital-Bank"ın hesab nömrəsinə göndərdiyi 300 (üç yüz) manat, daha sonra 15 iyun 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında nəğd şəklində 700 (yeddi yüz) manat, 08 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "Rahat" super-marketində olan "MİLLİÖN" elektron ödəniş terminalı vasitəsi ilə özünə məxsus ******************** saylı "Kapital-Bank"ın hesab nömrəsinə 300 (üç yüz) manat məbləğdə pulu alaraq, öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq, öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək, sonuncunun 2-ci qrup əlilliyi ilə bağlı ömürlük təqaüdün, həmçinin onun azyaşlı övladına ünvanlı sosial yardım kartının düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə hissə-hissə, ilk dəfə 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat, daha sonra 18 iyun 2021-ci il - 09 oktyabr 2021-ci il tarixləri arasında ümumən 3.500 (üç min beş) manat, 09 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "Bakı" kino-teatrının yaxınlığında 800 (səkkiz yüz) manat, daha sonra 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar" metro stansiyasının yaxınlığında 1200 (bir min iki yüz) manat və sonuncu dəfə 15 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "Bakı" kino-teatrının yaxınlığında 300 (üç yüz) manat məbləğdə pulu alaraq, öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs3 ümumilikdə 7.300 (yeddi min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş zərəri 2.000 manat olması və Zərərçəkmiş şəxs3 7.300 manat olmasını müəyyən etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Təqsirləndirilən şəxs ondan ümumilikdə 1600 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs ondan ümumilikdə 6500 manat məbləğində pul aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dələduzluq əməli nəticəsində vurduğu maddi zərər ümumilikdə 1.600 (bir min altı yüz) manat məbləğində, Zərərçəkmiş şəxs3 isə dələduzluq əməli nəticəsində vurduğu maddi zərər ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində qiymətləndirilməlidir. Lakin ittihamın həcminin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2 və 178.2.4 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 30 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə yaşayır. (Cild İ, i.v. 85) Masallı rayon İHB-nin Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Masallı rayon Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1985-ci il tarixdə Yardımlı rayon Yolağac kəndində anadan olmuşdur. 1991-ci ildə Yolağac kənd orta məktəbinə daxil olmuş, 2002-ci il tarixində həmin məktəbin 11-ci sinfini bitirmişdir. Hərbi xidmət keçmişdir. Evlidir. 2 uşağı var. Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə barəsində heç bir şikayət daxil olmamışdır. Qəsəbə ərazisində müsbət xarakterizə olunmur. (Cild İ, i.v. 86) “Axtarışda olan şəxsin tutulması barədə” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da tutulmuşdur. (Cild İ, i.v. 142) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 4(011)-545/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. (Cild İ, i.v. 199- 202) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 17 oktyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 203-205) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (Cild İ, i.v. 211-212) Qaradağ RPİ-nin xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da saxlanılmışdır. (Cild İİ, i.v. 78) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(002)- 223/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbsqətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 117-120) “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin xx.xx.2023-cü il tarixdə başa çatması səbəbilə həmin müddətin uzadılması üçün təqdimatla məhkəməyə müraciət olunmasından imtina edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli 4(004)- 882/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay 06 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminə dəymiş zərərin qismən ödənilməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 gün və 14 dekabr 2022-ci il tarixdən 10 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 10 ay 27 gün ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməli, onun həbsdə olması nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 6500 (altı min beş yüz) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün və 14 dekabr 2022-ci il tarixdən 10 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 27 (iyirmi yeddi) gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 01 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(004)-882/2023 nömrəli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar