Məhkəmə qərarları › İş №1(004)-73/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-73/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-73/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:55 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 il 09 aya endirilmiş və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 03 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 11-ci Nərimanov döngəsi, ev 18/26-da qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o 11 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd “Winston” markalı siqaret qutusunda ümumi təmiz çəkisi 14,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və 11 iyul 2024-cü il tarixdə saat 20:00da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞnə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 14,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı vediyi ifadəsini qorxduğundan, ona fiziki təsir göstərildiyindən həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona fiziki təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı fiziki təsir göstərilməsi ilə ilə əlaqədar bildirdikləri məhkəmə araşdırması zamanı əldə edilərək iş materiallarında əlavə olunan və qanuniliyi mübahisələndirilməmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təkzib olunur.Digər tərəfdən Təqsirləndirilən şəxs onu tutan polis əməkdaşlarının həmin ərazidə olmamaları ilə əlaqədar bildirdikləri məhkəmə araşdırması zamanı sorğu edilərək ələdə edilmiş mobil operatorların məlumatları ilə təkzib olunmuşdur. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Əvvələr bir neçə dəfə məhkum olunmuşdur. 11 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə naməlum şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində “Winston” markalı siqaret qutusunda “nəşə” adlanan narkotik vasitə olan marixuana almışdır. O, həmin içərəsində narkotik vasitə marixuana olan siqaret qutusunu əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 11 iyul 2024-cü il tarixdə saat 20.00-də ünvan 4 ünvanının qarşısında dayanan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq vəsiqələrini göstərib özlərini 29-cu PŞ-nın əməkdaşları kimi təqdim etmişdirlər. Polis əməkdaşları ona narkotik vasitəri və psixotrop maddələri qanunsuz olaraq üzərində gəzdirməkdə, saxlamaqda, daşımaqda, istifadə etməkdə şübhəli olduğumu bildirmiş və bu səbəbdən onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına getməyi təklif etmişlər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gəlmişdir. Bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələrim izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Winston” markal siqaret qutusunun içərisində narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, narkotik vasitə marixuananı səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırımış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq aşkar olunmuş maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 11 iyul 2024-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 ilə birlikdə 11 iyul 2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 4 ünvanda olan zaman zahiri görünüşü Təqsirləndirilən şəxs bənziyən şəxsə yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsi üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 29cu PŞ-nə dəvət etmiş və o, onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuş. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarıb təqdim edərək həmin qutuda maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananı özünə məxsus olduğunu, həmin maddəni 11 iyul 2024-cü il tarixdə saat 10 radələrində Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2, eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Sərxan Ramazanov tərəfindən icraata qəbul edilmişdir. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə (saat 20:00 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 27). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Vinston” markalı siqaret qutusunda yaşıl rəngli, qurudulmuş, xüsusi qoxusu olan maddə aşkar olunaraq götürülmüşdür. (İ/V. 38). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 11 iyul 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Yusif Ağayev xidməti otağında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Vinston” markalı siqaret qutusunda olan yaşıl rəngli, qurudulmuş, xüsusi qoxusu olan maddəni təqdim edərək həmin siqaret qutusunun içərisində «nəşə» kimi tanıan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusununda yaşıl rəngli, qurudulmuş, xüsusi qoxusu olan maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1142 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Winston” siqaret qutusunda təmiz çəkisi 14,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (İ/V. 48-49). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6293 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Remissiya mərhələsində OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyənə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstineasiya, intiksikasiya əlamətlərinin olmamasını və remissiya vəizyyətini nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 104-105). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-670/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 77-79). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cii il tarixli tələbnamədən və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-450/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 il 09 aya endirilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 12 gün vaxtından əvvələ şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi, 14.36 qram olan, narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14.34 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır.(İ/V. 106-112). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı istintaq təcridxanasının məlumatı əsasında toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Məhkəmənin sorğusu əsasında mobil operatorlardan əldə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları Yasamal rayonunun təqsirləndirilən şəxsin tutulması həyata keçirilmiş inzibati ərazisində (əhatə dairəsində) olmuşlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuanain şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-450/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 il 09 aya endirilmiş və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən isə Təqsirləndirilən şəxs 03 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 14,36 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk, habelə mobil operatordan əldə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 573/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 50 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 300 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 14,34 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk və mobil operatordan əldə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar