Məhkəmə qərarları › İş №1(004)-74/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-74/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-74/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 dekabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, fərdi həyət evində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 25 avqust 2020-ci il tarixdə saat 07:09-dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 22a saylı binanın 145-ci mənzilinin qarşısında dəhlizdə divara bərkidilmiş saxlanc yeri hesab edilən plastik dolabin qapısını dartıb açmaqla qanunsuz daxil olaraq həmin dolabın içərisindən Zərərçəkmiş şəxs məxus olan bir ədəd dəyəri 960 manat olan xalçanı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 avqust 2020-ci il tarixdə saat 07 radələrində o Yasamal rayonu Əsəd Əhmədov küçəsi, 22A saylı binanın blokuna daxil olaraq liftlə 6-cı mərtəbəyə qalxmışdır. Bundan sonra o həmin mərtəbədə divara bərkidilmiş ağ rəngli plastik şkafın qapısının bağlı olduğunu görüb dolabın tutacağını əli ilə geriyə doğru dartıb qapını açmışdır. Qapını açdıqdan sonra o həmin dolabda uzunluğu təxminən 6 metr olan yumrulanmış vəziyyətdə sarı xalçanı götürərək liftlə aşağı düşürtmüş və yoldan keçən nömrəsini xatırlamadığı taksiyə qoyub həmin xalçanı Yasamal rayonunun ərazisində yerləşən “Kaktus” adlı restoranın yanına aparmışdır. Həmin restoranın yanında olan “Marlbora” adlanan marketin yaxınlığında Hikmət adlı şəxsə 25 manata satmışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini, onlarla barışdığını və xəstə olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, ev 22A, 145 saylı mənzildə yaşayır. Həmin mənzil binanın 6-cı mərtəbəsində yerləşir. Hadisədən 4 ay əvvəl 2 qonşu birləşərək blokda mənzillərin qarşısında boşluq olan yerdə divara bərkidilən 3x5 metr ölçüdə plastik materialdan şkaf düzəltmişlər. Həmin şkafın açarla bağlanan 4 qapısı vardır. Həmin şkafın içərisinə bəzi lazımlı və ya lazımsız əşyalar qoyurdular. Yaşadığı mənzilin yuxarı hissəsində divara iki ədəd video kamera quraşdırılmışdır. 25.08.2020-ci ildə saat 08:30-da o işə getmək üçün evdən çıxanda dəhlizdə plastik qapının aralı olduğunu görmüş və bu onun diqqətini cəlb etdiyindən dərhal şkafa yaxınlaşmış və bir neçə gün əvvəl yumrulanmış vəziyyətdə bükərək şkafa qoyduğu bir ədəd eni 3, uzunluğu 6 metr olan təbriz xalçasının yerində olmadığını görmüşdür. Bundan sonra qapısı bağlı olan şkafdan bir ədəd xalça oğurlandığını aşkar etmişdir. Bundan sonra o video görüntülərə baxaraq görmüşdür ki, həmin hadisə qeydə alınmış və xalçalardan birini oğurlayan şəxs açıq aşkar görünür. O, həmin hadisənin görüntülərini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları evə gələrək həyat yoldaşı Şahid2 ərizə izahat almışlar. Şikayət ərizəsini həyat yoldaşı Arifə yazsa da xalçanın oğurlanması nəticəsində maddi ziyan ona dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı bir neçə ildir tanıyır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Elyar ona yaxınlaşaraq pula ehtiyacı olduğundan evindəki xalçanı satmaq istədiyini ona demiş, o da həmin xalçanı Elyardan 100 manata almışdır. Onun həmin xalçanın oğurluq olduğundan xəbəri olmamışdır. Bundan sonra həmin xalçanı aparıb evinə qoymuşdur. 05 sentyabr 2020ci il tarixdə polis əməkdaşları onun evinə gələrək xalçanın oğurluq olduğunu bildikdən sonra o həmin xalçanı 29-cu PŞ-nin əməkdaşlarına təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş X2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 132-134-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2011-ci ildən ailəsi ilə birgə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, ev 22A, mənzil 145-də yaşayır, yaşadığı mənzilin sağ hissəsində divara bərkidilərək 3x5 metr ölçüdə plastik materialdan şkaf düzəltmiş, həmin şkafın biri bizə digəri isə qapı qonşularına aiddir hər iki şkafın qapısı açarla bağlı olurdu. 25.08.2020-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxmış və dərhal evə qayıdaraq şkafdan xalçanın oğurlandığını demiş, həmin yerə baxanda xalçanın yerində olmadığını görmüşdür. Sonradan yaşadıqları mənzilin giriş qapısında çöldə quraşdırılmış kameraların yaddaş kartına baxdıqları zaman hadisənin səhər saat 07.10-da törədilməsini bilmiş, hadisə barədə həyat yoldaşım DİN-nin 102 mərkəzi aparatına zəng etmiş, özü isə işə gecikməməyi səbəbindən yoluna davam etmiş, polis əməkdaşları evə gəldilər ona görə də o şikayət ərizəsini polis əməkdaşlarına təqdim etdi, xalçanı həyat yoldaşı 2019-cu ilin dekabr ayında Sədərək ticarət mərkəzindən 1.200 manata almışdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış və götürmə barədə” 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3, 145 saylı mənzilin qarşısında baş vermişdir. (i.v. 9-17) “Götürmə aparılması və baxış keçirilməsi barədə” 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, 25.08.2020-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında yerləşən saxlanc yerindən Şahid2 məxsus 01 ədəd xalçanı Təqsirləndirilən şəxs oğurlayaraq satdığı ünvan 2 ünvanına baxış keçirilərkən 01 ədəd xalça aşkar edilmiş və qablaşdırılaraq götürürlmüşdür. (i.v. 24-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli 9/3568 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən xalçanın istifadə edilmiş vəziyyətdə, 25 avqust 2020-ci il tarix, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 960.00 manat müəyyən edilmişdir. (i.v. 39-42) “CD-R diskinə baxış keçirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində iki ədəd Unitetlet və Vid_20200828_16185 saylı fayl vardır. “Unitetlet” saylı faylda 5 dəqiqə 21 saniyəlik video görüntüdə liftdən 50-55 yaşlarında bir nəfər çıxaraq dəhlizdə divarın sol hissəsinə bərkidilmiş ağ rəngli plastik şkafa yaxınlaşır. Təqsirləndirilən şəxs liftdən çıxan həmin şəxsin özü olduğunu və 25 avqust 2020-ci il tarixdə qeyd olunan ünvana gələrək plastik şkafdan xalçanı oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs liftdən çıxdıqdan sonra dəhlizdə sol hissədə divara bərkidilmiş ağ rəngli plastik şkafa yaxınlaşır və saat 07.10.06 saniyədən 07.10.14 saniyəyədək yəni 8 saniyə müddətində əli ilə şkafın bağlı vəziyyətdə olan qapısının tutacağından geriyə doğru sıxaraq qapının açılmasına nail olur. Daha sonra Təqsirləndirilən şəxs həmin şkafdan yumrulanmış formada xalçanı çətinliklə çıxararaq liftə qoyur və qaplar bağlanır. Vid_20200828_16185 saylı faylda 2 dəqiqə 14 saniyəlik video görüntüdə yığılmış və yumrulanmış formada açıq rəngli xalçanı blokun dəhlizində götürüb blokdan çıxdığı müşahidə edilmişdir. (i.v. 103) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanını göstərərək bildirmişdir ki, liftə minərək binanın 6-cı mərtəbəsinə qalxmış və liftdən çıxan kimi sol tərəfdə yerləşən 145 nömrəli mənzilin qarşısında 2 qapısı olan hündürlüyü 2.5 metr, eni 1.5 metr plastik materialdan quraşdırılmış şkafı göstərərək həmin qapını tutacağından tutaraq açmaq istəmiş lakin o həmin qapının bağlı olduğunu gördükdən sonra hər iki əli ilə qapının plastik tutacağına təzyiqlə zor göstərməklə qapını dartıb açmış və həmin şkafdan bir ədəd uzun xalçanı götürərək liftə qoyub getmişdir. Həmin gün isə xalçanı 25 manata “Kaktus” restoranının yanında Hikmət adlı şəxsə satmışdır. (i.v. 128-129) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarin təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd xalça maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs mənzilində saxlanması üçün verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs etiraf edici ifadəsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 ifadələri, təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması protokolu və fotoşəkillər, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, diskə baxış keçirilməsi barədə protokol və Azərbaycan Respublikası ƏN-nin MEM-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 oktyabr 2020-ci il tarixli 9/3568 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdə saat 07:09-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, ev 22A, 145 saylı mənzildən çöl hissədə divara bərkidilmiş plastik dolabdan bir ədəd xalçanı götürən zaman həmin mənzilin giriş qapısının üzərində olan video kamera vasitəsi ilə qeydə alınmış video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 146-151) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14.12.2021-ci il tarixli qəbzdən görünür ki, ona məxsus bir ədəd “Təbriz” xalçasını müstəntiqdn təhvil almışdır. (i.v. 157) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 31.12.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X3 Şəhər Məhkəməsinin 11.06.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 21.04.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.08.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən 22.06.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 may 2014-cü il tarixdən hesablanmışdır. (i.v. 74-78) Yasamal RPİ-nin 29-cu PŞ-nin 05.12.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 81) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli 4(004)-731/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 121-124) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 125-126) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli 1(004)-74/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 26.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 13.05.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmünə əsasən 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının əsasən 22 iyun 2016-cı il tarixdə azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək 2 (iki) gün və həbsdə saxlanıldığı 26 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək olan 02 (iki) ay 17 (on yeddi) gün, cəmi 02 (iki) ay 19 (on doqquz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Goranboy rayon Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd xalça saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək 2 (iki) gün və həbsdə saxlanıldığı 26 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək olan 02 (iki) ay 17 (on yeddi) gün, cəmi 02 (iki) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 05 (beş) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut bir ədəd bir ədəd xalça maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar