Məhkəmə qərarları › İş №1(004)-75/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-75/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-75/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırov Davud Zöhrab oğlunun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bağırov Davud Zöhrab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bağırov Davud Zöhrab oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Qırğızıstan Respublikasının vətəndaşı, X3 X6 Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını məhkəmə instansiyalarında 2017-ci ildən müdafiə edir. Xüsusi ittiham qaydasında ittiham edilən Bağırov Davud Zöhrab oğlu Merim Beishekeyevanın (Beyşekeyevanın) keçmiş əri olub, Merim Beishekeyevaya (Beyşekeyevaya) xx xxxxxxx 2015-ci il tarixində şər-böhtan atıb bir günlüyə polisdə araşdırma aparılmış olmasından istifadə edərək Qazaxıstan vətəndaşı yüngül əxlaqlı Zarina Jeksenbayevanın köməkliyi ilə onun azyaşlı qızı, xx xxxxxx 2012-ci il tarixdə X4 New York şəhərində doğulmuş, X4 vətəndaşı Ceylanı Dubaydan oğurlayaraq Azərbaycan ərazisinə gətirmişdir. Bu hal özü Dubay Ali Məhkəməsinin 250/2016 saylı xx xxxxxx 2017-ci il tarixli Qərarında yer almışdır. Diqqətə çatdırılmışdır ki, Merim Beishekeyevaya (Beyşekeyevaya) hüquqi yardım göstərməklə əlaqədar Merim Beishekeyevaya (Beyşekeyevaya) və ona təzyiqlər olduğundan, Bağırov Davudun bacısı Cəmilə öz vəzifə səlahiyyətlərindən istifadə edib azyaşlı Ceylanın anası ilə (yəni Merim Beishekeyeva (Beyşekeyeva) ilə görüşməsinə maneçilik törətdiklərindən o, bu qanunsuzluqlar haqqında KİV-lərdə bir neçə dəfə çıxış etdiyindən Bağırov Davud da heç bir əsas olmadan ona qarşı şər-böhtan, təhqir dolu məqalələr çap etdirmişdir. Daha doğrusu öz mövqeyini rəsmi şəkildə göndərmişdir. Göstərilmişdir ki, həmin məqalələrin çoxu yoxa çıxıb itirilmişdir. Sadəcə həmin vaxt o, Bağırov Davuda görə məhkəmədə adının hallanmasını istəmədiyindən şikayət təqdim etmək istəməmişdir. Lakin onun növbəti dəfə heç bir əsas olmadan Sabunçu Rayon Məhkəməsinə şikayət vermiş olması və həmin məhkəmə tərəfindən heç bir əsas olmadan şikayətin icraata götürülməsi onun səbrini daşdırmışdır. Bundan sonra o, da Bağırov Davud Zöhrab oğlunun cinayət məsuliyyəti daşıması üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, “Yeni Müsavat“ qəzetinin 135 (6749) saylı xx xxxx 2017-ci il tarixli buraxılışında dərc edilmiş “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” və 170 (6784) saylı xx xxxxxx 2017-ci il tarixli buraxılışında dərc edilmiş “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” başlıqlı məqalələrdə, “Müsavat.com” saytının xx xxxxxxxx 2017-ci il tarixli saat 10:47 buraxılışında yayılmış “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi” başlıqlı qarşı tərəfin məqaləsində, “millətin.səsi.info” saytının xx xxxxxx 2018-ci il tarixli saat 16:56 buraxılışda işıq üzü görən “X8rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqaləsində ona böhtan atmaqla yanaşı təhqirlərə də yol vermişdir. Belə ki, “Yeni Müsavat“ qəzetinin 135 (6749) saylı xx xxxx 2017-ci il tarixli buraxılışında 14-cü səhifədə dərc edilən “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” məqaləsində qeyd etmişdi ki: “Bununla yanaşı Merim Beishekeyeva və nümayəndəsi Abdulla Əfəndizadə şantaj, hədə-qorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazıları müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərinə yol vermiş və hazırda bu hərəkətlərini davam etdirmişdi” ifadəsilə onu ağır cinayətdə ittiham edib böhtan atmışdı. Daha sonra həmin səhifədə 6-cı sütunun əvvəlində: “Təbii ki, özünü “Vəkil” adlandıran bunu daha yaxşı anlayır, daha çox sensasiya onu düşündürdüyü üçün bu cür çirkin yollara əl atır” cümləsində dırnaq içində yazmış olduğu “Vəkil“sözü ilə onu təhqir etmiş, digər ifadələrində isə ona böhtan atmışdır. Həmin 6-cı sütunun sonuncu cümləsində: “Bununla onun və digər şəxslərin konstitusion hüquqları pozulmuş olur ki, belə hərəkətlər özünü hüquqşünas adlandıran şəxsə yaraşmaz” cümləsində onun hüquqşünas olmağına şübhə ilə yanaşmasını qəsdən qeyd edərək onu təhqir etmişdir. “Yeni Müsavat“ qəzetinin 170 (6784) saylı xx xxxxxx 2017-ci il tarixli buraxılışında dərc edilmiş “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” başlıqlı məqalənin 12-ci səhifəsində birinci sütunun əvvəlində: “özünü hüquq müdafiəçisi adlandıran A.Əfəndizadə tərəfindən mütəmadi olaraq haqqında qəzetdə verilən məlumatlar əsassız idi” cümləsində yenə onu təhqir edir ki, o, özünü hüquq müdafiəçisi adlandırır. Həmin səhifənin ikinci sütununda: “özünü “hüquq müdafiəçisi” adlandıran, bu proseslərin birbaşa iştirakçısı olan şəxsin məhkəmə qərarına şübhə ilə yanaşması bunları qəbul etməməsi, mediyada açıq şəkildə yayma, prosesə hansısa vasitə ilə təsir etməyə çalışması özü-özlüyündə bir cinayət əməlidir“ cümləsində də dırnaq arasında “Hüquq müdafiəçisi” yazmaqla onu növbəti dəfə təhqir etmişdir. Həmin səhifənin ikinci sütunun sonuncu abzasında: “yeni yazıda A.Əfəndizadə qeyd edir ki, onu pulla ələ almaq istəyimiz olub. “Hüquq müdafıəçisi”nin əslində ona təsir göstərərək pul almaq niyyəti özünü həmişə büruzə verib.“ cümləsində onu yenə də dırnaq içində “Hüquq müdafıəçisi”nin” adlandırmaqla təhqir etmiş, ona təsir göstərərək pul almaq niyyəti özünü həmişə büruzə vermiş olması barədə qeydləri isə onu ağır cinayətdə ittiham etmişdir. Həmin səhifənin üçüncü sütunun əvvəlində: “Yazıda qeyd olunmuş əsassız bir məlumat odur ki, guya Zarina Jeksenbayeva adlı şəxs öz övladını oğurlamaqda ona kömək edib. Bu tamamilə yalan məlumatdır. A.Əfəndizadə belə yalan məlumatları qeyd edir, ancaq unudur ki, hazırda onda Zarina Jeksenbayevanın yazılı ifadəsi var və həmin yazıları məhkəməyə təqdim edəcəyəm.“ cümlələrində ona böhtan atır ki, guya o, uşaq oğurluğu ilə əlaqədar yalan məlumat verir. Halbuki, Dubay Ali Məhkəməsinin 250/2016 saylı xx xxxxxx 2014-cü il tarixli qərarında X12 Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı Ceylanı heç bir əsas olmadan oğurlamış olması, Zarina Jeksenbayevanın da onunla əlbir olması qeyd edilmişdir. Bütün bunlardan başqa Dubay Əmirliyinin Baş Prokurorluğu tərəfindən Zarina Jeksenbayevaya və Bağırov Davuda qarşı uşaq oğurluğu ilə əlaqədar cinayət işinin açılması barədə qərar mövcuddur. Həmin səhifənin üçüncü sütunun sonunda: “bundan başqa A.Əfəndizadə müxtəlif KİV-lərə ötürdüyü məlumatlarda məhkəmə prosesinə nəinki şübhə ilə yanaşır, hətta məhkəmə hakimlərinin də adlarını hallandırmaqla onlara təsir etməyə, öz qanununu tətbiq etməyə çalışır. Düşünürəm ki, bu barədə də müvafiq tədbir görülməli idi və bunu A.Əfəndizadə bir “hüquqşünas”olaraq dərk etməlidir” cümləsində guya onun hakimlərin də adlarını hallandırmaqla onlara təsir etməyini göstərməklə ona böhtan atmış, yenə də onu dırnaq içində “hüquqşünas” adlandırmaqla isə növbəti dəfə təhqir etmişdir. “Müsavat.com” saytında xx xxxxxxxx 2017-ci il tarixli saat 10:47-də yayımlanmış “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi” başlıqlı məqalənin 2-ci səhifəsinin 6-cı cümləsində: “xx xxxxxx 2017-ci il tarixində və ötən müddətdə qəzetinizdə verilən yazılarda özünü “hüquqşünas” adlandıran Əfəndizadə mənim və övladımın fərdi məlumatlarını özündə birləşdirən pasport, şəkillər və rezident kartını mediyada yaymaqla hüquqlarını kobud şəkildə pozub“ cümləsində dırnaq içində “hüquq müdafiəçisi” yazmış olmaqla onu təhqir etmiş, həmçinin 7-ci cümlədə: “görəsən “Vəkil” Cinayət Məcəlləsinin 106-cı maddəsindən xəbəri varımı?” cümləsində də dırnaq içində “Vəkil“yazmaqla növbəti dəfə onu təhqir edib. Bundan başqa “Millətin.Səsi.İnfo” saytının xx xxxxxx 2018-ci il tarixli saat 16:56 buraxılışında dərc edilmiş “X8rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqalədə 2-ci səhifənin 3cü abzasında: “bununla yanaşı, Merim Beishekeyeva və nümayəndəsi şantaj, hədə-qorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazıları müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərə yol verib və hazırda bu hərəkətlərini davam etdirir. Abdulla Əfəndizadə hüquq müdafiəçisi kimi yox, daha çox “hərbə-zorba, hədə, təhdid yolları” ilə Merim Beişikeyevanın hüquqlarının müdafiəsinə qalxmışdır.” cümləsində də onu təhqir etmişdir. Daha sonra 2-ci səhifəsinin 4-cü abzasında: “bu çirkin əməlləri ilə yanaşı Abdulla Əfəndizadə tanımadığım insanlar vasitəsiylə ailəmi izlətdirir, onların evdən çıxma və qayıtma vaxtlarına nəzarət edir.“ cümləsində ona ağır cinayətdə növbəti dəfə böhtan atır, 2-ci səhifənin 5-ci abzasında “Abdulla Əfəndizadənin bu cinayətlərinə hələ ki, dur diyən yoxdur sadəcə mən uşaqla bağlı məhkəmələr bitəndən sonra Əfəndizadə barəsində müvafiq tədbir görəcəyəm.“cümləsində yenə də onu heç bir əsas olmadan guya cinayət törətməsinə dair böhtan atır. Məqalənin 2-ci səhifənin 6-cı abzasında: “digər tərəfdən əgər nümayəndə azyaşlı uşağın fərdi məlumatlarını, pasport və şəkillərini yayırsa bu ciddi şəkildə araşdırılmalı və onun “Vəkillik” fəaliyyəti müəyyən müddətə dayandırılmalı və ya xitam verilməlidir. Abdulla Əfəndizadə bununla kifayətlənmir, hazırda bacımın işləmiş olduğu hökümət evinin qarşısına gələrək hər gün onu izləməyə çalışır.” cümlələrində yenə də dırnaq içində “Vəkillik“ sözünü yazmaqla onu təhqir etmiş, bacısını isə guya hər gün hökümət evinin yanına gəlib izləməyə çalışdığını yalandan qeyd etməklə yenidən ona böhtan atmışdır. Daha sonra həmin məqalənin 4-cü səhifəsinin 2-ci abzasının 2-ci cümləsində: “təbii ki, özünü “Vəkil” adlandıran A.Əfəndizadə bunu daha yaxşı anlayır, daha çox sensasiya, maddi maraqlar onları düşündürdüyü üçün bu cür çirkin yollara əl atır.” cümləsində yenə də dırnaq içində “Vəkil”, guya çirkin yollara əl atdığını yazmış olmaqla onu növbəti dəfə təhqir etmişdir. Ümumiyyətlə o, heç vaxt özünü vəkil kimi təqdim etməmiş, belə ki, o, vəkillər kollegiyasının üzvü olmamışdır. Bu faktı isə Bağırov Davud bilir. Çünki, onlar ilk dəfə qarşılaşdıqda o, qarşı tərəfi Vəkillər Kollegiyasının üzvü olmaması barədə məlumatlandırmışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində həmçinin qeyd edilmişdir ki, işə baxılmasının məhkəmə aidiyyəti cinayətin törədildiyi yer, yəni yuxarıda sadalanan məqalələrin dərc edildiyi qəzet və saytların ünvanı üzrə müəyyən edilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən Davud Bağırov tərəfindən böhtan və təhqir xarakterli məlumatlar ilk dəfə “Yeni Müsavat“ qəzetində, sonuncu dəfə “MillətinSəsi.İnfo” saytında yayımlanmışdır. “MillətinSəsi.İnfo” saytı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatı, 7-ci mərtəbəsində faktiki olaraq yerləşdiyindən xüsusi ittiham qaydasında şikayət ərizəsi Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş ilkin ərizə geri götürüldüyündən məhkəmə tərəfindən ərizənin geri qaytarılmasına dair qərar qəbul edilmişdir. Bundan başqa Davud Bağırovun nümayəndəsi və vəkili Müdafiəçi ona təklif etmişdir ki, qarşılıqlı olaraq tərəflər məhkəmə instansiyalarına verdikləri şikayət ərizələrini geri götürsünlər. Lakin sonradan müəyyən etmişdir ki, Davud Bağırov və nümayəndəsi onu aldatmışlar, bu səbəbdən də o, xüsusi ittiham qaydasında şikayət ərizəsini yenidən hazırlamış və şikayəti Beyləqan Rayon Məhkəməsinə təqdim edilməsi üçün qanunla hərəkət edir. Çünki ərizəsinə əlavə etdiyi 8 saylı X11 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilən X7 Dövlət Reyestrdən Çıxarışının notariat qaydasında təsdiq edilən surətinə diqqət yetirildikdə “MilletinSesi.İnfo” saytının Beyləqan rayon ərazisində qeydiyyatdan keçməsi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmçinin həmin Məcəllənin 74.2.2. maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Şikayətçi qeyd etmişdir ki, “Yeni Müsavat“ qəzetinin 135 (6749) saylı xx xxxx 2017-ci il tarixli buraxılışında “Dubayda uşaq oğurlamaqda ittiham olunan şəxs danışdı” və həmin qəzetin 170 (6784) saylı xx xxxxxx 2017-ci il tarixli buraxılışında “Dubayda uşaq oğurluğunda ittiham olunan azərbaycanlı danışdı” başlıqlı məqalələrdə, “Müsavat.com” saytında xx xxxxxxxx 2017-ci il tarixli saat 10:47-də yayımlanan “Dubay Məhkəməsinin qəbul etdiyi Qərarın Azərbaycanda tanınmasına əsas yox idi” başlıqlı məqalədə, “Millətin.Səsi.İnfo” saytında xx xxxxxx 2018ci il tarixli saat 16:56-da yayımlanan “X8rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” başlıqlı məqalədə həqiqətə uyğun olmayan və yalan olduğu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən (böhtan) və şəxsiyyətini nalayiq formada qəsdən alçaldan (təhqir) məlumatlar dərc edilib çoxaldılmış üsulla, habelə kütləvi tirajla yayılması təşkil edilmişdir. Belə ki, “Millətin.Səsi.İnfo” saytında xx xxxxxx 2018-ci il tarixdə saat 16:56-da dərc edilmiş “X8rlamış olaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirmiş olduğu ABŞ vətəndaşı azyaşlı Ceyla haqda danışdı” məqalənin sonundan göründüyü kimi, saytın təsisçi və baş redaktoru Tahir Abbaslı tərəfindən Davud Bağırova təqdim etdiyi mövqeyində ona və Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı böhtan və təhqir olmasına dair xəbərdarlıq edilməsinə baxmayaraq, Davud Bağırov xx xxxxxx 2018-ci il tarixli mövqeyinin dərc edilməsini israr etmişdir. Bununla da, Davud Bağırov qəsdən bilərəkdən ona və Merim Beishekeyevaya (Beyşekeyevaya) böhtanlar atmış və təhqir etmişdir. Göstərilənlərə əsasən ərizənin Beyləqan Rayon Məhkəməsinə təqdim edilməsi qanuni və əsaslı olması ərizədə göstərilmişdir. Bildirilmişdir ki, Beyləqan Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim edilmiş, lakin məhkəmənin xx xxxxxx 2020-ci tarixdə keçirilən hazırlıq iclasında ona bildirilmişdir ki, dərc edilmiş məqalə Yasamal rayon ərazisində baş verdiyindən, xüsusi ittiham qaydasında ittiham edilən Davud Bağırov isə yaşayış yeri üzrə Bakı şəhəri Səbail rayon ərazisində qeydiyyatda olduğundan o, aidiyyəti üzrə ya Yasamal Rayon Məhkəməsinə, ya da Səbail Rayon Məhkəməsinə şikayət ərizəsini təqdim etməlidir. Bu səbəbdən o, xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 ərizədə qeyd olunanlar nəzərə alınaraq barəsində şikayət verilmiş Bağırov Davud Zöhrab oğlunun yalan olduğunu bilə-bilə, onun barəsində şərəf və ləyaqətini alçaldan və nüfuzdan salan yanlış məlumatları, o cümlədən təhqir xarakterli məlumatları kütləvi şəkildə yayması əməllərinə hüquqi qiymət verilərək onun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X2 izahatında göstərmişdir ki, o, hazırki xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə mahiyyət etibarı ilə birə-bir eynilik təşkil edən şikayət ərizəsini əvvəlcə Beyləqan Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında həmin şikayət ərizəsinin aidiyyət qaydalarına uyğun olaraq verilmədiyi bildirilməklə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunan qərardan verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq təmin edilmiş və Beyləqan Rayon Məhkəməsinin müvafiq qərarı ləğv edilib yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. X13 Zöhrab oğluna qarşı xüsusi ittiham qaydasında verdiyi eyni məzmunlu şikayət ərizəsi Beyləqan Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa o, Azərbaycan Respublikası CM-nə əsasən cəlbetmə müddətini ötürməmək məqsədilə ehtiyat tədbiri olaraq eynilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə də xüsusi ittiham qaydasında şikayət ərizəsi vermiş, hazırda iş hakim Azər Tağıyevin icraatındadır. O, “MillətinSəsi.İnfo” saytının hüquqi ünvanının Beyləqan rayon ərazisində yerləşməsi barədə sənədi məhkəməyə təqdim etmişdir. Beləliklə, şikayətçi X2 qeyd olunanları nəzərə alaraq Yasamal Rayon Məhkəməsinə ünvanladığı xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili Müdafiəçi bildirmişdir ki, hazırda eyni tərəflər arasında eyni məzmunda verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə həm Beyləqan Rayon Məhkəməsinin, həm də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında iş vardır. Bu səbəbdən xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş “X7in dövlət reyestrindən çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ehtimal olunan böhtan və təhqir xarakterli məlumatların sonuncu dəfə dərc edilərək yayıldığı və kütləvi informasiya vasitəsi hesab olunan “Millətin Səsi.İnfo” saytının hüquqi ünvanı ünvan 3 mənzil 7-dir. Bundan başqa iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-194/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli bildirişindən və ona əlavə edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, həmin məhkəmənin icraatında eyni tərəflər, eyni məzmunda verilmiş xüsusi ittiham qaydasında iş vardır. “Elektron Məhkəmə Sisteminə” baxış keçirildikdə isə müəyyən edildi ki, Səbail Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarından və məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən də müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin icraatında da eyni tərəflər eyni məzmunda verilmiş xüsusi ittiham qaydasında iş vardır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir.“Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi“və“kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı“dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının CPM-nin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı qeyd edilmiş Qərarından da göründüyü kimi kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı nəzərdə tutulur, hüquqi ünvanı məlum olmadıqda isə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bağırov Davud Zöhrab oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bağırov Davud Zöhrab oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar