Məhkəmə qərarları › İş №1(004)-75/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-75/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-75/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs2, onun və digər Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ucar rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, “Prestij Park” yaşayış sahəsi, Blok Y, ev 583-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Bakı şəhəri, Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən avtomobil salonunun müdiri kimi təqdim edib sonuncuya məxsus Audi Q7 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili özünə məxsus avtosalona qoyulduğu halda tez bir zamanda satıb pulunu verəcəyinə inanadıraraq bununla bağlı vəd edib bu adla 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 avtomobilinin satışına dair baş etibarnamə və həmin avtomobili təhvil alıb müdiri olduğu avtosalona qoyaraq 25000 ABŞ dollarına satmış, sonuncuya Audi Q7 markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nişanı və sahibinin şəxsiyyəti müəyyən edilməyən Subaru marklı avtomobillə barter edərək 20.000 (iyirmi min) ABŞ dolları pul aldığını və Subaru markalı avtomobili satdıqdan sonra yerdə qalan 5.000 ABŞ dolları pulu bir neçə gün ərzində ödəyəcəyini yalandan bildirib 2021-ci ilin aprel ayının sonlarında milli valyuta ilə 34000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 sonuncunun tanışı Şahid2 vasitəsi ilə verib barter edilən Subaru markalı avtomobili satsa da etibardan sui- istifadə etmə və aldatma yolu ilə milli valyuta ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü Bakı şəhəri, Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən avtomobil salonunun müdiri kimi təqdim edib sonuncuya məxsus Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili özünə məxsus avtosalonda tezliklə 24500 ABŞ dollarına satıb pulunu verəcəyini yalandan vəd edib bu adla 2021-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs2 satışa dair baş etibarnamə və həmin Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil alıb avtosalona qoyaraq satıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun milli valyuta ilə 41650 (qırx bir min altı yüz əlli) manat təşkil edən 24500 ABŞ dolları pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdən avtomobillərin satışı ilə məşğul olub. 2018-ci il tarixdə o, Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən “AF” adlı avtomobil salonunu icarəyə götürərək orada avtomobil satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirdi ki, o, ilk olaraq Zərərçəkmiş şəxs1, 4-5 ay sonra isə Zərərçəkmiş şəxs2 tanımışdır. Belə ki, Anar və Samir hər ikisi də həkim olaraq onun icarəyə götürərək işlətdiyi Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən “AF” avtomobil salonunun yaxınlığında yerləşən Uzmanlar Klinikasında həkim işləyirlər. 2018-ci il tarixdə onun ürəyində problemlər yarandığı üçün o, Anar həkimin işlədiyi Uzamanlar kilinikasına getmiş və sonuncuya özünü müayinə etdirmişdir. Anar həkim də onu Samir həkimin yanına göndərmiş və Samir həkim onun ürəyini “anju” etmişdir. Bu arada o, sonradan ailə üzvlərini də Anar həkimin yanına apararaq müayinə etdirmiş, lazım gəldikdə Anar və Samir həkim tərəfindən tibbi yardım göstərilmişdir. Onun Anar həkimlə çox yaxın münasibəti yarandığından sonuncuya avtosalonunun olması və avtomobil satışını həyata keçirməsi barədə danışmış, lazımı köməkliyi edə biləcəyini demişdir. Amma onun Samirlə bir o qədər də yaxın münasibəti olmadığından sonuncuya avtomobil satışı ilə məşğul olduğunu deməmişdir. 2021-ci ilin aprel ayının ortalarında Anar həkim onun işlədiyi avtosalona gəlmiş və özünə məxsus Audi Q7 markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili onun vasitəsi ilə satmaq istədiyi demişdir. O, Anar həkimə heç bir problemin olmadığını, avtomobilini onun avtosalonuna qoyarsa 28000 ABŞ dollarına sata biləcəyimi demişdir. Razılaşdıqdan 2-3 gün sonra Anar həkimin avtomobilinə 25000 ABŞ dollarına alıcı çıxdıqda o, zəng edərək bu barədə Anara demişdir. Anar etiraz etmədikdə sonuncunun işçisi Pərviz Audi Q7 markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili onun avtosalonuna gətirib təhvil vermiş və ona avtomobilin satışı ilə bağlı baş etibarnamə vermişdir. O, da Anar həkimə məxsus avtomobili 2021-ci ilin aprel ayının sonlarında hazırda adını xatırlamadığı müştəriyə barter yolu ilə satmışdır. Belə ki, o, müştəridən 5000 ABŞ dolları dəyəri olan Subaru markalı avtomobili almış və əvəzində Anar həkimin avtomobilini həmin müştəriyə vermişdir. Bu baxımdan müştərinin barterdən sonra ona ödədiyi 20000 ABŞ dolları pulu 2021-ci ilin aprel ayının sonlarında Anar həkimə vermiş, yerdə qalan pulu da 2-3 günə barter etdiyi avtomobili satdıqdan sonra verəcəyini Anar həkimə demişdir. O, fikirləşmişdir ki, barter etdiyi Subaru markalı avtomobili ucuz qiymətə satıb Anar həkimə borclu qaldığı 5000 ABŞ dolları pulu 2-3 günə verər. Anar ona heç bir etiraz etməmişdir. Sonradan o, barter etdiyi Subaru markalı avtomobili hazırda xatırlamadığı müştəriyə satmış, amma pulunu Anar həkimə deyil borclu olduğu Əli adlı şəxsə vermişdir. Amma o, Anar həkimi arxayın edirmiş ki, ona qalan 5000 ABŞ dolları pulu yaxın günlərdə qaytaracaqdır. Lakin o, Anar həkimə 5000 ABŞ dolları pulu verməmişdir. Bundan başqa 2021-ci ilin aprel-may aylarında Anar və Samir həkim onun işlədiyi Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən avtosalona gəlmiş, söhbət zamanı Samir özünə məxsus Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilini satmasını ondan xahiş etmişdir. O, Samirə heç bir problemin olmadığını, satmaq istədiyi avtomobilini onun avtosalonuna qoyacağı təqdirdə 2-3 günə satıb pulunu verəcəyini demişdir. Anar həkim onun avtosalonunda qalmış, Samir isə satmaq istədiyi avtomobili gətirməyə getmişdir. Bir qədər sonra Samir özünə məxsus Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili onun avtosalonuna gətirib yerləşdirmişdir. Söhbət zamanı Samir həkim ona demişdir ki, avtomobilini 24500 ABŞ dollarına satır. Razılaşdıqda o, Sumqayıt şəhərinə gedib Samirin qardaşı Elmirdən avtomobilin satışı ilə bağlı baş etibarnamə almışdır. Çünki Samirin satmaq istədi avtomobili qardaşı Elmirin adına olmuşdur. Hətta onun yadındadır ki, o, Samirə demişdir ki, avtomobilini birbaşa sata bilməsə barter edərək satacaqdır. O, Samirin avtomobilini səhərisi gün hazırda adını xatırlamadığı müştəriyə 24000 ABŞ dollarına satmışdır. Həmin ərəfədə onun müəyyən məbləğdə Əli adlı şəxsə borcu olduğu üçün və sonuncu təsadüfən onun avtosalonuna gəldiyindən Samirin avtomobilinin satışından əldə etdiyi 24000 ABŞ dolları pulu Əliyə vermişdir. Ona başqa yerdən pul gələcəyi üçün fikirləşmişdir ki, 24000 ABŞ dolları pulu sonradan Samirə verər. Bu baxımdan vaxt qazanmaq üçün o, yalandan Samir həkimə demişdir ki, guya avtomobilinin satışı ilə bağlı pulu banka köçürülüb, bank şənbə və bazar günü işləmədiyi üçün birinci günü pulunu tam verəcəkdir. Gözlədiyi pul ona çatmadığı üçün o, Samirə yalandan demişdir ki, guya özünün işi çıxdığı üçün bankla məşğul ola bilməmiş, amma pulu bankdan çıxarıb ona verəcəkdir. Adını çəkmək istəmədiyi, ona borclu olan şəxs pulunu çatdırmadığı üçün Samir və Anar həkimə verəcəyi pulu qaytara bilməmişdir. Samirin avtomobilini satdıqdan 6-7 gün sonra o, xx.xx.2021-ci il tarixdə H.X7 Limanından təyyarə ilə X2 şəhərinə getmiş və təyyarədə olanda istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini söndürmüşdür. İstanbula getdikdən sonra orada yaşamaq üçün çox çətinlik çəkmişdir. Çünki o, İstanbula çox az pulla getmişdir. İstanbulda olarkən o, vhatsappla Anar həkimə səs yazısı göndərmiş, əməlindən peşman olduğunu və onu bağışlamalarını xahiş etmişdir. İstanbulda pul qazana bilmədiyi üçün Anar və Samirin pullarını qaytara bilməmişdir. 2022-ci ilin aprel-may ayında öyrənmişdir ki, Anar və Samir həkim onun barəsində prokurorluq orqanlarına şikayətlə müraciət etmişlər. 2022-ci ilin oktyabr ayının əvvəllərində o, qərarlaşdırmışdır ki, İstanbulda maddi durumu yaxşı olmadığı və barəsində cinayət işi olduğu üçün Azərbaycana qayıtsın. Bu baxımdan o, xx.xx.2022-ci il tarixdə təyyarı ilə İstanbuldan Azərbaycana qayıtmış və hava limanında barəsində axtarış olduğu üçün saxlanılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilən səs yazısına qulaq asdığını və orada danışan şəxs o, olduğunu, həmin səs yazısını Anar həkimə onun göndərdiyini bildirmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, CD disklərdə olan məlumatlara və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən Yasamal rayonu H.B.Zərdabi küçəsi 78 V-də yerləşən Uzmanlar klinikasında kardioloq (ürək həkimi) vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 həkim kimi 2012-ci il tarixdən tanıyır və həkim yoldaşı kimi çox yaxın olmuşlar. Təsadüfən də o, Uzmanlar klinikasına kardioloq kimi işləməyə başlayanda Zərərçəkmiş şəxs1 orada işləyirmiş. 2019-2020-ci il tarixdə o, özünə Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobili qardaşı Şahid1 adına sənədləşdirib etibarnamə ilə idarə etməyə başlamışdır. 2021-ci ilin aprel-may aylarında o, avtomobilini satmaq qərarına gəlmiş və bununla bağlı Anar həkimlə söhbət edərkən sonuncudan “Audi Q7” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilini ümumi tanışları avtomobil satışı ilə məşğul olan Təqsirləndirilən şəxs vasitəsi ilə satdığını öyrənmişdir. Anar ona demişdir ki, Familin özünün avtomobil satışı salonu vardır və avtomobilini Familin vasitəsi ilə salonda satdırmış, lakin Familin 5000 manat ona borclu qalmış, həmin pulu da qısa müddətdə ona verəcəkdir. Anar Famili çox etibarlı şəxs kimi təqdim etmişdir. Hətta sonradan onun yadına düşmüşdür ki, o, 2019-cu il tarixdə Familin ürəyini “anju” etmişdir. Famil özünün qohumlarını tez-tez Anarın yanına gətirib müayinələrdən keçirib müalicə etdirirmiş. Anar söhbət zamanı ona təklif etmişdir ki, avtomobilini Familə satdırsın. 2021-ci ilin aprel-may aylarında o, Anar həkimlə birlikdə Familin işlətdiyi Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən avtosalonuna getmişlər. Söhbət zamanı o, Famili tanımış və sonuncudan xahiş etmişdir ki, ona məxsus Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili satsın. Famil isə heç bir problem olmadığını, avtomobilini avtosalona qoyaraq 2 günə satacağını və ona 24500 ABŞ dolları pul verəcəyini bildirmişdir. O, avtosalona həmin zaman Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişmişdir. Famil avtomobilə baxmış və sonuncunun təklifi ilə həmin anda da avtomobilini avtsalona qoyaraq açarlarını Familə təhvil vermişdir. 10-15 gün müddətində o, hər gün Familə istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə zəng edərək avtomobilini satıb-satmamasını soruşurmuş. Famildə ona deyirmiş ki, avtomobilini başqa bir avtomobillə barter edib satacaq, amma buna baxmayaraq onun pulunu tam verəcəkdir. Famil ona deyirmiş ki, avtomobilinin barter edib satması ilə bağlı ona etibarnamə verməlidir. O, Familə baş etibarnaməni verməyə tərədüd edərək narahat olmuş və Anar həkimə zəng edərək bu barədə sonuncudan məsləhət almışdır. Anar həkim də ona demişdir ki, özünün avtomobilinə görə Familə etibarnamə verib və avtomobilini belə satdırıb. Anarın bu sözlərindən sonra o, qardaşı Elmirə göstəriş vermişdir ki, Famillə görüşüb sonuncuya avtomobilin satıı ilə bağlı baş etibarnamə versin. Qardaşı Elmir də Famillə görüşərərk sonuncuya baş etibarnamə vermişdir. Həmin gün o, Famillə danışdıqda sonuncu ona demişdir ki, artıq avtomobilini barter edərək satıb, alıcı (müştəri) pulu banka köçürüb, pulu bankdan 2 günə çıxarıb sonradan ona verəcəkdir. O, 2 gün müddətinə Famildən pulu ona çatdırmasını gözləsə də bu hal baş vermədikdə Famillə həm mobil telefon, həm də vhatsapp üzərindən danışıqlar aparmışdır. Famil bankda işlərin ləngidiyini, eləcə də şənbə və bazar günü olduğundan pulu bankdan çıxara bilmədiyini, özünün işi çıxdığı üçün məşğul ola bilmədiyini deyərək vaxtı uzatmağa başlamışdır. Sonradan isə o, Familə zəng etdikdə artıq mobil telefonunun söndürüldüyünü aşkar etdikdə öyrənmişdir ki, Famil onun avtomobilini satdıqdan sonra ölkədən qaçmışdır. O, da Famil tərəfindən aldandığını görüb barəsində şikayətlə müraciət etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində, avtomobilinin satışı ilə bağlı bütün danışıqları Familin özü ilə apardığını, Famillə sadəcə ***-***-**-** saylı GSM nömrəsi ilə əlaqə saxlayıb danışıq apardığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələbi və mülki iddiasının olmamasını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən Yasamal rayonu H.B.Zərdabi küçəsi 78 V-də yerləşən “Uzmanlar” klinikasında ürək-damar cərrahı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 həkim kimi 2012-ci il tarixdən tanıyır və həkim yoldaşı kimi çox yaxındırlar, sonuncu ilə 2020-ci il tarixdən “Uzmanlar” klinikasına birlikdə həkim kimi işləyirlər. O, 2014-cü il tarixdə özünə “Audi Q7” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil alıb idarə etməyə başlamışdır. “Uzmanlar” klinikasında işlədiyi zaman 2017-2018-ci il tarixdə Təqsirləndirilən şəxs tanımış, sonuncuya və ailə üzvlərinə həmin klinikada tibbi yardım göstərirmiş. Famillə tanış olduqda sonuncunun “Uzmanlar” klinikasının yaxınlığında avtomobil salonunun olduğunu və avtomobil satışı ilə məşğul olduğunu özündən öyrənmişdir. 2021-ci ilin aprel ayının ortalarında o, avtomobilini satmaq qərarına gəldiyindən Familin işlədiyi salona getmiş və sonuncuya avtomobilini satmasını istədiyimi demişdir. Razılaşmışlar ki, o, avtomobilini Familin avtosalonuna qoysun və Famildə avtomobili 28000 ABŞ dollarına satıb pulunu ona versin. 2-3 gün sonra Famil ona zəng edərək onun avtomobilinə 26.000 ABŞ dollarına alıcı çıxdığını bildirmişdir. O, həmin dəyərə etiraz etməmiş və Famildən bunun üçün nə etməli olduğunu soruşmuşdur. Famil avtomobili satmaq üçün özünə baş etibarnamə vermək lazım olmasını bildirmişdir. İşləri çox olduğu üçün o, işçisi olan Şahid2 etibarnamə və “Audi Q7” markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili vermişdir ki, sonuncu da həmin etibarnamə ilə Familə özünün adından etibarnamə versin, avtomobili də Familin avtosalonuna qoysun. Pərvizdə ona məxsus “Audi Q7” markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili Familin işlədiyi Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən avtosalona qoyaraq açarları Familə vermiş, eləcə də özünün adından sonuncuya baş etibarnamə vermişdir. 2021-ci ilin aprel ayının sonlarında Famil ona zəng edərək avtomobilini 25000 ABŞ dollarına istəyən müştərisi olduğunu demişdir. O, da Familin dedikləri ilə razılaşmışdır. Səhərisi gün Famil 20000 ABŞ doları pulu ona çatdırması üçün işçisi Pərvizə vermişdir. O, Familin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə zəng edərək niyə pulu tam vermədiyini sonuncudan soruşmuşdur. Famil ona özünə lazım olduğu üçün həmin pulun üzərindən 5000 ABŞ dolları götürdüyünü və 2-3 günə qaytaracağını demişdir. O, da utandığından Familə etiraz etməmişdir. O, avtomobilini satarkən dövlət qeydiyyat nişanını özündə saxlamış və avtomobilə ** LY *** dövlət qeydiyyat nişanı alınmışdır. Familin onun avtomobilini kimə satmasını bilməmişdir. Həmin ərəfədə iş yoldaşı Zərərçəkmiş şəxs2 da avtomobilini satmaq istədiyini öyrəndiyində sonuncunu Famillə əlaqələndirmişdir. Samir də öz avtomobilini Familin avtosalonuna satmaq üçün qoymuşdur. Hətta onun yadındadır ki, Famil Samirdən də etibarnamə istədikdə sonuncu ona zəng edərək Familə etibar edibetməməyi ondan soruşmuşdur. O, da Samirə demişdir ki, Familə etibar edə bilər. Bundan sonra Samir də öz avtomobilinin satılmasına görə Familə baş etibarnamə vermişdir. bir müddət sonra o, Famildə qalan 5000 ABŞ dolları pulunu almaq üçün sonuncuya zəng etdiksə sonuncu bugun-sabah deyərərk onu gözlətməyə başlamış, daha sonra isə Familin mobil telefonuna zəng çatmamışdır. Famil ona bir müddət sonra Türkiyədən vhatsappla səsli mesaj ataraq hazırda həmin ölkədə olduğunu və 20-25 günə onun pulunu verəcəyini bildirmişdir. Eləcə də o, Samirdən öyrənmişdir ki, sonuncunun avtomobilini Famil satsa da heç bir məbləğdə Samirə pul verməmişdir. Bundan sonra o, Famili bir daha görmədikdə Samirlə birlikdə Familin barəsində polisə şikayət etmək qərarına gəlmişlər. Bunun üçün o, Samirlə birlikdə Yasamal rayon prokurorluğuna gedərərk şikayət etmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində, avtomobilinin satışı ilə bağlı bütün danışıqları Familin özü ilə apardığını, Famillə vhatsapp üzərindən ona göndərdiyi səsli mesajı istintaq təqdim edəcəyini, Famillə sadəcə ***-***-**-** saylı GSM nömrəsi ilə əlaqə saxlayıb danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun böyük qardaşıdır. 2019-2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs2 özünə Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil almiş və həmin avtomobili onun adına sənədləşdirmişdir. Bundan sonra o, qardaşı Samirə avtomobili idarə etməsinə dair etibarnamə vermişdir. Amma həmin avtomobili daimi olaraq qardaşı Samir idarə etmişdir. Bəzən Samirin işləri çox olduqda avtomobilin texniki baxış, sığorta və sair işlərini o, həyata keçirirmiş. 2021-ci ilin aprel-may aylarında Samirlə söhbət edərkən sonuncunun avtomobilini işlədiyi Uzamanlar kilinikasının yaxınlığında Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən avtosalonun müdiri olan Təqsirləndirilən şəxs adlı tanışının vasitəsi ilə 24500 ABŞ dollarına satmaq istəməsini öyrənmişdir. Həmin ərəfədə qardaşı Samir ona zəng edərək avtomobilini satmaq üçün Familin avtosalonuna qoyduğunu, satışı həyata keçirmək üçün Familə baş etibarnamə verməsini ondan xahiş etmişdir. Razılaşdıqda 2021-ci ilin may ayının əvvəllərində o, Sumqayıt şəhərinin ərazisində yerləşən notarial kontorda adına olan Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Bir müddət sonra qardaşı X5 markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili avtosalonunda sataraq ölkədən qaçdığını və satışla bağlı vəd etdiyi 24500 ABŞ dolları pulu ona vermədiyini öyrənmişdir. Qardaşı Samirdən uzun müddət Famili axtarsa da tapa bilmədiyini və sonuncunun mobil telefonlarına zəng çatmadığını, Familin Anar həkimin də avtomiobilini satıb 5000 ABŞ dolları borclu qaldığını öyrənmişdir. Bu baxımdan Samir və Anar həkim Famil barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişlər. O, Təqsirləndirilən şəxs etibarnamə verdiyi zaman cəmi bir dəfə görmüş, sonuncu ilə mobil telefonla danışıq aparmamış və əvvəllər heç bir münasibəti olmamışdır. Şahid1 ifadəsində qeyd etmişdir ki, Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatda olsa avtomobilin əsl sahibi onun qardaşı Zərərçəkmiş şəxs2dur, mülk sahibi Zərərçəkmiş şəxs2 olduğundan onun həmin əmlakla bağlı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən ünvan 2 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzində tibb qardaşı işləyir. Zərərçəkmiş şəxs1 20-25 ildir ki Türkiyədə birlikdə təhsil aldığı vaxtdan tanıyır. Hazırda da bir çox vaxtını Anar həkimin işlədiyi Uzmanlar klinikasında keçirir. 2021ci ilin aprel ayının ortalarında o, Anar həkimin işlədiyi Uzmanlar klinikasında olarkən sonuncunun özünə məxsus “Audi Q7” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini və bununla bağlı əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə danışıqlar apardığını öyrənmişdir. O, da Famili tanıyırmış. Belə ki, Famil özü və ailə üzləri Anar həkimin və Uzmanlar klinikasında işləyən həkim Zərərçəkmiş şəxs2 yanlarına müaliyinə üçün dəfələrlə gəlirlərmiş. həmin zaman o, Anar həkimdən öyrənmişdir ki, Təqsirləndirilən şəxs Uzmanlar klinikasının yaxınlığında avtomobil satışı ofisi vardır və avtomobil satışı ilə məşğuldur. Anar həkim ona demişdir ki, bəzi işləri olduğundan “Audi Q7” markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobilin satışına görə Familə etibarnamə vermək lazımdır. Anar həkimin öncədən mülkiyyəti ilə bağlı onda etibarnaməsi olduğu üçün sonuncunun istəyi üzrə Audi Q7” markalı ** DR *** dövlət qeytydiyyat nişanlı avtomobili götürərək Familin işlədiyi Yasamal rayonundakı avtosalonuna qoyaraq açarlarını sonuncuya təhvil vermişdir. Daha sonra o, Famillə birlikdə Xırdalan şəhərində yerləşən DİN BDYPİ-nə gedərək Anar həkimə məxsus avtomobili baş etibarnamə ilə Familin tapdığı müştərinin adına keçirmişdir. O, həmin müştərinin kim olmasını bilməmişdir. Həmin zaman Famil ona 20000 ABŞ dolları pul vermişdir. O, da Anar həkimə zəng edərək Familin ona 25000 ABŞ dolları deyil, 20000 ABŞ dolları pul verdiyini bildirmişdir. Belə ki, Anar həkim ona öncədən bildirmişdi ki, Famil avtomobili satdıqdan sonra ona 25000 ABŞ dolları pul verməlidir. Anar həkim Famillə danışıq apardıqdan sonra ona zəng edərək 20000 ABŞ dolları pulu ona çatdırmağını, yerdə qalan 5000 ABŞ dolları pulu sonradan Famildən özünün alacağını demişdir. O, da birbaşa Anar həkimin işlədiyi Uzmanlar kilinikasına gələrək 20000 ABŞ dolları pulu sonuncuya vermişdir. Anar həkim sonradan özünə başqa bir “Audi” markalı avtomobil almış və köhnə avtomobilin üzərindəki ** DR *** dövlət qeydiyyat nişanını həmin avtomobilin üzərinə taxmışdır. Sonradan Anar həkimdən öyrənmişdir ki, Famil onun 5000 ABŞ dolları pulunu qaytarmayıb. Eləcə də digər həkim Zərərçəkmiş şəxs2 eşitmişdir ki, Təqsirləndirilən şəxs Samir həkimin də avtomobilini baş etibarnamə ilə satıb pulunu verəcəyini vəd etsə də avtomobili satdıqdan sonra Samir həkimə heç bir məbləğdə pul ödəmədən Türkiyəyə qaçıb getmişdir. Daha sonra Anar və Samir həkim Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş 06 oktyabr 20222-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulduğu andan hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AC № 043486 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Audi Q7 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AD № 920361 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Şahid1 adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Asan-Sumqayıt tərəfindən təsdiq edilən etibarnamənin surətindən görünür ki, sonuncu xx.xx.2021-ci il tarixdə adına olan Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2022 tarixədək olan müddətə etibarnamə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BDYPİ tərəfindən təqdim edilmiş məktub və aparılan sənədləşmənin surətindən Şahid1 adına olan Mercedes markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə qardaşı Zərərçəkmiş şəxs2 xx.xx.2020xx.xx.2023 tarixədək, Təqsirləndirilən şəxs isə xx.xx.2021-xx.xx.2022 tarixədək olan müddətə etibarnamə vermiş, qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanı xx.xx.2021-ci il tarixdə ** LX ***-ə dəyişdirilərək alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyata salınmışdır. Eyni zamanda DİN BDYPİ tərəfindən təqdim edilmiş məktub və aparılan sənədləşmənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 adına olan Audi Q7 markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Şahid2 xx.xx.2019-xx.xx.2029 tarixədək olan müddətə etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanı ** LY ***-ə dəyişdirilmiş və Zərərçəkmiş şəxs1 tərəfindən sonuncu qeydiyyat nişanına görə Şahid2 xx.xx.2021-xx.xx.2022 tarixədək olan müddətə etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdə Audi Q7 markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsinə əsasən Gediz Metin adına qeydiyyata salınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, səs yazışı köçürülmüş 01 (bir) ədəd CD, “Bakcell”, “Azercell” və "xxxx" MMC operatorlarından mobil məlumatlar köçürülmüş 03 (üç) ədəd CD disk və avtomobillərin satılması, dövlət qeydiyyat nişanının dəyişdirilməsi, etibarnamə verilməsi ilə bağlı ərizə, alqı-satqı müqavilələrinin və etibarnamənin surətləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Ddiskdə 01 ədəd 04.32 dəqiqə müddətində qeydə alınmış səs yazısı olan fayl vardır. Səs yazısında danışan şəxs aşağıdakı formada danışıq aparır: - Salam Anar doktor. Doktor məni bağışlayın, bilirəm səhv elədim. Başıma bir-iki oyunlar gəldi, məcbur olub mən işimi-gücümü atıb oradan çıxdım, yoxam Azərbaycanda. Çox pis vəziyyətdəyəm, sıxıntıdayam. İmkan varsa məni 20-25 gün gözləyin, işlərim var, onları düzəldim sizin pullarınızı göndərim, gətirim. İnanın Allaha mən utandığımdan orada qalmadım, çıxdım. O boyda işim-gücüm, şəraitim, hər şey əlimdən çıxdı. Doktor gözləyə bilirsinizsə məni gözləyin, sizə heç bir söz deməyə haqqım yoxdur, sizə borcum var. Nə istəyirsinizsə eləməyə haqqınız var, tutdura, polisə verməyə haqqınız çatır. Niyyətiniz odursa uçub gələ bilərəm, hansı polisə desəniz, gəlim, təqsirim var. İstədim ki özüm polisə gedim, deyim ki, bir nəfər mənim pulumu fırladıb. Mənim də sizə niyyətim olmayıb ki, gətirim sizin maşınınızı satam, neyləyəm. Alacaq adamlar var idi ki, pulumu onlardan ala bilmədim. Mən də işləri atıb, gəldim buraya. Anar doktor, Vallah sizin xətrinizi çox istəyirəm. İndi utandığımdan zəng edib sizinlə danışa bilmirəm. Mən hər şeyimi itirdim, qardaşım, atamla danışmıram. Hörmətim qalmadı, izzətim qalmadı. Anar doktor, imkan varsa məni gözləyin, Samir həkim də. Utanıram o, da qızıl adamdır, adam onunla danışanda utanır. Bilmirəm ki, bu pulu verəndən sonra sizin üzünüzə necə baxacam. İndi ölümümə razıyam. 2 gündü özümü gəldiyim yerdə öldürmək istəyirəm. insan gərək səhv eləməsin, eləsə hər şeyi itirir. Bununla bağlı tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Azercell Telecom MMc tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülmüş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrinin Zərərçəkmiş şəxs2, ***-***-**-** saylı GSM nömrəsinin Zərərçəkmiş şəxs1 adlarına olması müəyyən edilmişdir. Danışıq bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 adına olan ***-***-**-** saylı GSM nömrəsinin xx.xx.2021 tarixdən xx.xx.2021 tarixinədək 11 dəfə qarşılıqlı danışıq aparması müəyyən edilmişdir (onlardan 5-i 2021-ci ilin aprel ayında olmuşdur). Eyni zamanda baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs2 adına olan ***-***-**-** saylı GSM nömrəsinin xx.xx.2021 tarixdən xx.xx.2021 tarixinədək 21 dəfə qarşılıqlı danışıq aparması, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinin xx.xx.2021 tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs2 adına olan ***-***-**-** saylı GSM nömrəsinə 2 dəfə zəng edərək danışıq aparması müəyyən edilmişdir. İstintaq zamanı Bakcell MMC tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülmüş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı GSM nömrəsinin Təqsirləndirilən şəxs adına olması müəyyən edilmişdir. Danışıq və antena bölməsinə baxış keçirilən zaman müəyyən eilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 adına olan ***-***-**-** saylı GSM nömrəsinin xx.xx.2021 tarixdən xx.xx.2021 tarixinədək 9 dəfə (onlardan 5-i aprel-may ayında olmaqla) qarşılıqlı danışıq aparması, eləcə də həmin ərəfədə zəng zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu H.B.Zərdabi prospektində, habelə Bakı şəhərinin Binəqədi, Nəsimi, Nərimanov və Abşeron rayonları ərazisində olması müəyyən edilmişdir. Eyni zamanda baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs2 adına olan ***-***-**-** saylı GSM nömrəsinin xx.xx.2021 tarixdən xx.xx.2021 tarixinədək 35 dəfə qarşılıqlı danışıq aparması, eləcə də həmin ərəfədə zəng zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu H.B.Zərdabi prospektində, habelə Bakı şəhərinin Nərimanov və Nəsimi rayonları ərazisində olması müəyyən edilmişdir. İstintaq zamanı Azerfon MMC tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülmüş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 70-208-88-00 saylı GSM nömrəsinin Təqsirləndirilən şəxs adına olması müəyyən edilmişdir. Danışıq bölməsinə baxış keçirilən zaman müəyyən eilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2021 tarixdən xx.xx.2021 tarixinədək 4 dəfə qarşılıqlı danışıq aparmışlar. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan məlumatlara və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 06 oktyabr 2022-ci il tarixdən hökmün çıxarıldığı 03 may 2023cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış səs yazışı köçürülmüş 01 (bir) ədəd CD, “Bakcell”, “Azercell” və "xxxx" MMC operatorlarından mobil məlumatlar köçürülmüş 03 (üç) ədəd CD disk və avtomobillərin satılması, dövlət qeydiyyat nişanının dəyişdirilməsi, etibarnamə verilməsi ilə bağlı ərizə, alqı-satqı müqavilələrinin və etibarnamənin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən hökmün çıxarıldığı 03 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 04 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış səs yazışı köçürülmüş 01 (bir) ədəd CD, “Bakcell”, “Azercell” və "xxxx" MMC operatorlarından mobil məlumatlar köçürülmüş 03 (üç) ədəd CD disk və avtomobillərin satılması, dövlət qeydiyyat nişanının dəyişdirilməsi, etibarnamə verilməsi ilə bağlı ərizə, alqı-satqı müqavilələrinin və etibarnamənin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar