Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-75/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhərində “Kubinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, həmin gün saat 14:50 radələrində Yasamal rayon polis idarəsinin 27ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,357 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, heç bir yerdə işləmir və əxminən 15 il müddətdir ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhərində “Kubinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroin olan büküm almışdır. Həmin bükümdə olan narkotik vasitə heroindən bir qədər istifadə etdikdən sonra qalanını istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinə gəlmişdir. Aradan bir neçə saat keçdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yaşadığı evin yaxınlığında küçədə olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin polislər ona narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsinə getmişlər. Həmin küçədə yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə Amilə şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin 27-ci PŞ-nə dəvət etmişlər. Amil də heç bir etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. 27-ci polis şöbəsinin inzibati binasında baş təhqiqatçı Nəsimi Seyidzadə və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Amil üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Amildən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində “Kubinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni xarakterli ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə (saat 14:50 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 27). «Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, saat 16:25 dəqiqədən 17:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. (İ/V. 36-38) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs boz rəngli şalvarın sağ yan cibindən könüllü təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş gəhvəyi rəngli, toz şəkilində, spesifik qoxuya malik maddə aşkar edilərək götürülmüşdür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 73-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 75- 76). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-13-46-3/2-6/5011 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 168” möhür əksi, “saxlanılan şəxs....Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi - 0,357 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Metadon – adlı dərman preparatı “Azəraycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına daxildir. Ekspertiza tədqiqinin dəyəri 110 manat təşkil edir (İ/V. 45- 49). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6446 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 99-100). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Manafov X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarına əsasən 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. (İ/V. 82-83). “Sübutların qiymətləndirilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.357 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəni heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut kimi tanınmalı, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0.05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,307 qram təşkil edən həmin narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 102-106). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu (Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 14:50-da tutulmuş xx.xx.2023-cü il saat 18:10-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,307 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (saatlarla hesablama nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,307 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-75/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-75/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver