Məhkəmə qərarları › İş №1(004)-76/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2019

05.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2019 05.04.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 oktyabr 2018-ci il tarixdə 03:02-dən 03:07-dək olan müddət ərzində vət.Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən «Dəniz türk geyimlər» mağazasının qapısının kilidini üzərində olan dəmir alətlə sındırmaqla saxlanc yeri olan mağazaya qanunsuz daxil olaraq mağazadakı masanın siyirməsindən 730 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayının əvvəllərində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Yasamal rayon ərazisində gündəlik kirayə verilən mənzillərin birinə yerləşmiş və iş axtarmağa başlamışdır. Bir neçə gün maraqlanası da iş tapa bilməmişdir. Həmin müddət ərzində özündə olan pulu da qurtardığından oğurluq etmək qərarına gəlmişdir. 2018-ci ilin oktyabr ayının 10-dan 11-nə keçən gecə saat 03 radələrində Yasamal rayon ərazisində yerləşən «Dəniz Türk geyimləri» adlı dükanın qarşısından keçərkən dükanın qapısını açmağın rahat olduğunu görüb üzərində ggötürdüyü dəmir parçası ilə dükanın qapısının açannı sındırıb içəri daxil olmuş, üzərində kompyuter olan stolun siyirməsini açdıqda orada pul olduğunu görmüş və siyirmədə olan pulu cibinə qoyaraq dükandan çıxmışdır. Həmin dükandan bir qədər uzaqlaşdıqdan sonra pulu saydıqda 730 manat olduğunu müəyyən etmişdir. Yaşadığı Gəncəyə şəhərinə qayıtmaq qərarına gəldiyindən tanımadığı bir taksiyə əyləşmiş və avtovağzala aparmasını xahiş etmişdir. Təxminən saat 05 radələrində avtovağzala çatmış, Gəncəyə gedən avtobuslardan birinə minərək yola düşmüşdür. Gəncədə həmin pulun bir hissəsi ilə özünə paltar almış, bir hissəsini də digər şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra 21.10.2018-ci il tarixdə qohumu ilə aralarında olan mülki mübahisə üzrə Kəpəz RPŞ-si tərəfindən 1 ay müddətində inzibati qaydada həbs olunmuşdur. 22 dekabr 2018-ci il tarixdə Gəncədə evdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Yasamal RPİnə gəlməyini xahiş etmişlər. Həmin vaxt ona aydın olmuşdur ki, Yasamalda etdiyi oğuluğun üstü açılmışdır. Bunun üçün də o, törətdiyi əməli səmimi etiraf etmiş və könüllü olaraq Yasamal RPİ-nin 28-ci PB-nə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçiinin göstərmişdir ki, oğurluq hadisəsini tək etmiş, oğurluq etdikdən sonra avtovağzala gedərkən taksi sürücüsü ilə yolboyu söhbət etsə də sürücünün həmin oğurluq barədə heç bir məlumatı olmamışdır. Əməlindən səmimi peşman olmasını, atasının vəfat etməsini, 1 anası və 1 nənəsindən ibarət ailə tərkibinə yalnız onun baxmasını, ziyanı tmamilə ödəməsini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Dəniz Türk geyimləri» mağazasını 2017-ci ildən icarə əsasında işlədir, həmin mağazada müxtəlif qadın geyimlərinin satışını təkşi edir. Arabir şəxsi işləri ilə əlaqədar Türkiyə Respublikasına getdiyindən mağazanı işlətməyi qohumu Şahid1 Qataran qızına tapşırır. Növbəti dəfə 08.10.2018-ci il tarixdə Türkiyə Respublikasına getdiyi üçün dükanı Şahid1 tapşırmışdır. 11.10.2018-ci il tarixdə Türkiyə Respublikasında olarkən Vəzifə ona zəng edərək dükanda oğurluq hadisəsi olması və 730 manat pulun oğurlanması barədə məlumat vermiş, o da DİN-in 102 xidmətinə məlumat verməyini Şahid1 tapşırmışdır. Həmin gün özü də Türkiyədən Azərbaycana qayıtmış və ona məlum olmuşdur ki, Şahid1 oğurluq hadisəsi ilə əlaqədar həm DİN-in 102 Xidmətinə, həm də 28-ci PB-nə məlumat vermişdir. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, onun həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən «Dəniz türk geyimləri» mağazası qohumu Zərərçəkmiş şəxs məxsusdur, mağazada müxtəlif qadın geyimlərinin satışı həyata keçirilir. Zərərçəkmiş şəxs arabir şəxsi işləri ilə əlaqədar Türkiyəyə getdiyindən mağazanı ona tapşırır. 08 oktyabr 2018-ci il tarixdə də Zərərçəkmiş şəxs Türkiyə Respublikasına getdiyindən mağazanı işlətməyi ona tapşırmışdır. O, 10 oktyabr 2018-ci il tarixdə saat 20 radələrində mağazanın qapısını bağlayıb evə getmişdir. 11 oktyabr 2018-ci il tarixdə saat 10 radələrində mağazanın qarşısına gəldikdə mağazanın qapısının açıq olduğunu görmüşdür. Mağazaya daxil olub baxdıqda masanın siyirməsindən 730 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, həmçinin, ərizə ilə Yasamal RPİ-nin 28-ci PB-nə müraciət etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq hadisəsi nəticəsində ziyan mağazının sahibi Zərərçəkmiş şəxs dəymiş, ərizə və izahatında səhvən oğurlanmış pulun məbləğini 710 manat kimi göstərmiş, faktiki olaraq isə mağazadan 730 manat pul oğurlanmışdır. Şahid1 hadisə zamanı mağazadan başqa heç bir əmlakın oğurlanmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs atası X10 27.08.2006-cı il tarixdə suda boğularaq vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhəri evlər üçlüyü tərəfindən verilmiş 20.02.2019-cu il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Z.Xəlilov küçəsi 13 saylı evdə yaşamış, ailə tərkibi nənəsi X2 (1945 təvəllüd), anası X3r (1972 təvəllüd). İş materiallarında olan Memorial klinik tibb mərkəzinin 07.03.2017-ci il tarixli müayinə sənədinə əsasən Təqsirləndirilən şəxs “Exinokokk kist mayesi” diaqnozu qoyulmuşdur. iş materiallarinda olan X1 02.03.2017-ci il tarixdən 04.03.2017-ci il tarixədək həmin xəstəxanada müalicədə olmuş, 04.03.2017-ci il tarixli Epikrizinə əsasən Təqsirləndirilən şəxs Qaraciyər perkulan drenajı icra edilmiş, xəstə müalicəsini davam etdirmək üün evə yazılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, atasının vəfat etməsini, himayəsində yaşlı nənəsi və anasının olmasını, özünün xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 22.12.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 24.12.2018-ci il tarixli qərarı ilə 22.12.2018-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 14 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 03 ay 14 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 02 gün (bir il beş ay iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar