Məhkəmə qərarları › İş №1(004)-76/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-76/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-76/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, hal-hazırda məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, Məhəmməd ünvan 1 mənzil 27 ünvanında qeydiyyatda olan və Hacıqabul rayonu, Pirsaat qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxxx 2020-ci ildə saat 17:00 radələrində narkotik maddələrin istifadəsi ilə bağlı özünü şübhəli apardığı üçün metronun “20 yanvar” stansiyasında Bakı Metropolitenində Polis X12 Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, orada sonuncuya məxsus qara rəngli çantadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edərək özündə saxladığı və daşıdığı 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,184 qram; 3,827 qram; 3,424 qram; 3,982 qram; 3,628 qram; 2,341 qram ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 21,386 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, marixuana istifadəçisi olduğu üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni üzərində saxladığına görə 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. 2019-cu ilin oktyabr ayında ailə qurmaqla, himayəsində Fatimə adlı bir azyaşlı övladı vardır. 2016-cı ilin oktyabr ayından etibarən narkotik vasitə olan qurudulmuş marixuananı tütün ilə qarışdıraraq çəkmək yolu ilə istifadə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində iş axtarmaq məqsədi ilə yaşadığı Hacıqabul rayonundan çıxıb nömrəsini və markasını xatırlamadığı avtobusla Lökbatan qəsəbəsi dairəsinə gəlmişdir. Orada avtomobildən düşüb Bakı Metropoliteninin “20 Yanvar” stansiyasına getmək üçün avtobus dayanacağına tərəf gedərkən, həmin yerdə zibil qablarının yerləşdiyi yerin yaxınlığında yerdə selofan torba görmüş və maraqlı gəldiyinə görə götürmüşdür. O, kənara çəkilərək həmin selofan torbaya baxarkən orada 06 ədəd kibrit qutusunun içərisində yaşıl rəngdə bitki mənşəli qurudulmuş marixunanın olduğunu görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin narkotik vasitəni tanımış və özünün tədricən gündəlik olaraq istifadə etməsi üçün götürmüş və ona görə də qurudulmuş marixuananın olduğu 06 ədəd kibrit qutusunu çantasında paltarlarının alt hissəsində qoyub və avtobusla metronun “20 yanvar” stansiyasına gəldiyini, təxminən saat 17 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasına giriş qapısından keçib polis nəfərlərinin əl əşyalarını yoxladığı yerə yaxınlaşmışdır. Həmin vaxt çox həyəcanlı olduğundan polis əməkdaşı əl çantasını yoxlamaq istəyərkən bundan imtina etmişdir. Polis əməkdaşının çantada olan qurudulmuş marixuananı aşkar etməməsi üçün çantasına baxmasına qarşı çıxmış, bu zaman onun həyəcanlanması polis əməkdaşlarında şübhə yaratmış, buna görə də polis əməkdaşı onunla Bakı Metropolitenində Polis Şöbəsinə getməyi təklif etmişdir. O, heç bir etiraz etmədən polis əməkdaşının təklifi ilə könüllü olaraq Bakı Metropolitenində Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində inzibati binada xidməti otaqlardan birində hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmiş, nədə şübhəli olduğu ona bildirilmişdir. Daha sonra öz razılığı əsasında video çəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində olan paltarlara və çantasında axtarış aparılmışdır. Axtarış nəticəsində özünə məxsus qara rəngli parça çantanın içərisindən istifadəsi üçün saxladığı, tapmış olduğu həmin 06 ədəd kibrit qutusunda olan yaşıl rəngli ot mənşəli qurudulmuş marixuanalar aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol və zərf iştirakçılar tərəfindən imzalanmış və doğruluğu təsdiq edilmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, heç vaxt narkotik tərkibli vasitələrin satışı ilə məşğul olmamış, tapdığı qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X12 Xidmətinin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında xidmət apararkən bir nəfər qarayanız oğlanın sərnişin qismində qeyd olunan stansiyaya daxil olduğunu görmüşdür. O, həmin şəxsin çantasını hər hansı bir partlayıcı maddənin olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə yoxlamaq istəyərkən o, narazılıq etmiş, bu narazılıq onda və post yoldaşı polis baş serjantı X2 şübhə yaratmışdır. Bu zaman o, post yoldaşı Şahid1 postda qalaraq xidmətə davam etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs onunla birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ona etiraz etmədən onunla birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə getmiş, orada Təqsirləndirilən şəxs raport əsasında növbətçi hissəyə təhvil vermişdir. X13 Qaçayevin əl çantasından 6 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək polis əməkdaşları tərəfindən götürülməsi və sonuncunun barəsində təhqiqat araşdırması başlanması ilə bağlı sonradan bilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X12 Xidmətinin polis nəfəri X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında xidmət apararkən bir nəfər qarayanız oğlan sərnişin qismində qeyd olunan stansiyaya daxil olmuşdur. Post yoldaşı polis serjantı Şahid2 həmin sərnişinin çantasına baxmaq istədikdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxs narazılıq etmiş, buna görə də onlarda şübhə yaranmışdır. Post yoldaşı Şahid2 ondan postda qalaraq xidmət aparmasını xahiş etmiş və Təqsirləndirilən şəxs onunla Polis Şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən polis nəfəri Şahid2lə birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə getmiş, özü isə postda xidmətinə davam etmişdir. X13 Qaçayevin əl çantasından 6 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü və sonuncu barəsində təhqiqat araşdırması başlandığını sonradan bilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X5 baş təhqiqatçısı Samir Axundov tərəfindən tərtib edilmiş, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-in baş serjantı Tural Seyidov, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X10 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus çantanın içərisindən 06 ədəd kibrit quqtusunda olan yaşıl rəngli bitki mənşəli kütlələr zərfə qoyaraq 37 saylı möhürlə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Keçirilən axtarışla bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. Protokol tərtib edilən vaxt ərizə və şikayət daxil olmamışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir (cild 1, i/v 19-20). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 7/696 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi maddə” yazısı olan kağız paketdə 6 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,184 qram; 3,827 qram; 3,424 qram; 3,982 qram; 3,628 qram; 2,341 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-21,386 qramdır, tədqiqatdan sonra qalıq - 21,266 qramdır. Aparılmış tədqiqatın dəyəri 66,46 manat təşkil edir. (cild 1, i/v 33-34). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 3113 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələn narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 114-115). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki paltarlara və ona məxsus çantada axtarış keçirilən zaman videoçəkilişin olduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir (cild 1, i/v 98). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 06 ədəd kibrit qutusunda olan marixunanı tapdığı yeri əyani şəkildə göstərir (cild 1, i/v 117-118). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (cild 1, i/v 90-91). İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 16). İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 64-65). İş materiallarına əlavə olunmuş doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Fatimə Qacayeva adlı uşağı vardır (cild 1, i/v 50). İş materiallarıda olan Hacıqabul rayon İHB-nın Pirsaat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 101 saylı arayışdan görünür ki, Qaçayev X4 rayonunun Pirsaat qəsəbəsində qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Qacayev Elşad oğlu yaşadığı Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 66,46 (altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 21,266 qram marixuana məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat, qırx altı qəpik) miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 21,266 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar