Məhkəmə qərarları › İş №1(004)-77/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-77/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-77/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, əvvəllər məhkum olunmamış, Qax rayonu, İ.Mustafayev 121A-da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC məxsus ağ rəngli “Chevrolet Cruze” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ilə “Şamaxinka” istiqamətində 25-30 km sürətlə hərəkətdə olarkən "xxxx" ASC-nin qarşısında «X7» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətləri digər iştrakçıları üçün manea yaratmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, qarşıdan əks istiqamətdə avtomobilə doğru düzünə hərəkətdə olan piyada X4 və yolun sağ kanarında dayanmış vəziyyətdə olan “Nissan Qaşqai” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq, nəticədə ehtiyatsızlıqdan piyada Amir Zülfüqarova alının əzilmiş yarası, sol qamış və incik sümüklərinin distal diafizlərinin yerdəyişən qapalı qəlpəli sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın az ağır bədən xəsarətilə nəticələnən yol-nəqliyyat hadisəni törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində gecə növbəsindən çıxmış, çox yorğun olmağına baxmayaraq avtomaşını özü idarə edib evə getmək qərarına gəlmişdir. Etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-AC-*** d.q.n-lı avtomşınla Yasamal rayonu, 2-ci Alatava küçəsi ilə üzü “Şamaxinka” adlanan əraziyə tərəf saata 25-30 km surətlə hərəktdə olan zaman, yolda özü də bilmədən sükan arxasında yuxulamış və yolun sağ kənarı ilə hərəkətdə olan piyadanı və orada dayanmış Nissan Qaşqai markalı avtomaşını vurmuşdur. Hadisə nəticəsində piyada X6 xəsarət almışdır və o, onu dərhal avtomobilə qoyub xəstəxanaya aparmışdır. Xəstəxanada onu həkimlər müayinə etmişlər, o, öz növbəsində onun xəstəxana xərclərini çəkmişdir. Zülfüqarov Amir xəstəxanada təxminən 15 gün yatmış və o, həmin müddət ərzində Amirin bütün xərclərini çəkmişdir. Ümumilikdə Amirin xəstəxana xərclərinə 3000 manat pul xərcləmişdir. Həmçinin ona ayrılmış 1500 manat siğorta pulunun 1200 manatını Amirin özünə vermiş 300 manatın Amirin ehtiyaclarına xərcləmişdir. Daha sonra o, işsiz qaldığı üçün Amirə maddi köməklik göstərə bilməmişdir, bu səbəbdən Amir ondan polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı aralarında barışıq əldə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, 2-ci Alatava küçəsi ilə 20 Yanvar metro satansiyası istiamətində yolun sol kənarı ilə hərəkət edən zaman qarşısında park vəziyyətində dayanmış Nissan Qaşqai markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanından keçən zaman qarşı tərəfdən gələn Chevrolet Cruze markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşın sağ ön qanadı ilə əvvəlcə onu sonra isə Nissan Qaşqai markalı avtomaşını vurmuşdur. Sürücü dərhal avtomobili saxlayaraq ona yardım göstərmiş daha sonra TTY gec gəldiyi üçün onu avtomobilinə əyləşdirərək Tibb universitetinin Tədris Cərrahiyə şöbəsinə apararaq orada müayinəsini təmin etmiş, o, orada rentgen və müayinə olunaraq həmin gün oradan buraxılmışdır. Daha sonra həmin sürücü yəni Təqsirləndirilən şəxs onun Mirqasımov adına xəstəxanada əməliyyat olunmağını təmin etmişdir. Aralarında olan razılaşmaya əsasən Elçin ona dövlət tərəfindən ayrılmış siğortanı alaraq ona verməli və sağalanadək hər ay 400 manat yardım göstərməli idi. Bu səbəbdəndə o, Yasamal rayon polis idarəsinə ərizə ilə müraciət edərək Elçin barəsində heç bir şikayətinin olmadığını və onunla barışdığını bildirmişdir. Elçin aralarında olan razılaşmaya əməl etməyərək dövlət tərəfindən ona ayrılmış 1500 manat sığortadan cəmi 1200 manat pul vermiş, həmçinin vəd etdiyi 400 manatı iki ay olmaqla 800 manat və bir ay olmaqla 200 manat yəni ümumilikdə 1000 manat pul vermişdir. Lakin o üç ay müddətində hadisədən əvvəlki sağlamlığına qayıtmamışdır. Dəfələrlə Elçinə müraciət edərək ona vəd etdiyi köməkliyi göstərməsini xahiş və tələb etsə də Elçin buna məhəl qoymayaraq ona bu günə kimi heç bir köməklik göstərməmişdir. Bu səbəbdən də o özünü aldatılmış hiss edib hüqüq-mühafizə orqanlarına təkrarən şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə zərərçəkmiş şəxs A.N.Zülfüqarov bildirmişdir ki, ona dəymiş zərər tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Nissan Qaşqay markalı **- EJ-*** d.q.n-iı avtomobili Yasamal rayonu, 2-ci Alatava küçəsində park edib işə getmişdir. Saat 14:00 radələrində ona məlumat vermişdirlər ki, **-AC-*** d.n.n-lı Chevrolet Cruze markalı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı bir nəfər piyadanı vurmuş və hadisə zamanı onun avtomobilidə zədələnmişdir. O, dərhal hadisə yerinə gəlmiş, avtomobilinin sağ yan hissəsinin əzildiyini görmüş, orada mühafizəçi Chevrolet markalı avtomobilin sürücüsünün anket məlumatlarını təqdim etdiyini bildirmiş və piyadanı avtomobilinə əyləşdirərək xəstəxanaya apardığını demişdir. O, sürücü ilə əlaqə saxladıqda piyadanı xəstəxanaya apardığını bildirmiş və piyada müayinə olunduqdan sonra qayıdacağını demişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları Chevroletin sürücüsü və sığorta gələrək hadisəni araşdırmağa başlamışdırlar. Cinayət işinin 113-114-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrindəki olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbacan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» X9 Yasamal rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 343 nömrəli rəyində göstərilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – alının əzilmiş yarası, sol qamış və incik sümüklərinin distal diafizlərinin yerdəyişən qapalı qəlpəli sınıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 67-70-ci vərəqələrindəki olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə xx.xx.2023-cü il tarixli 8/2956 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 80-83-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Chevrolet Cruze” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi "xxxx" MMC-də saxlanılması nəzərə alınmış, həmçinin hadisənin video görüntüsü olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs A.N.Zülfüqarovun ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd qovluq var. Həmin video görüntü 22 saniyə ərzində qeydə alınmışdır. Yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində, "xxxx" ASC-nin qarşısında 2-ci Alatava istiqamətində bir nəfər şəxsin piyada hərəkət etdiyini, həmin yoldan əks tərəfə Şamaxinka istiqamətdə ağ rəngli “Chevrolet Cruze” markalı avtomobilin həmin piyadanı avtomobilin sağ hissəsi ilə vurub xəsarət yetirdiyi müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X7» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “Chevrolet Cruze” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi "xxxx" MMC-də saxlanılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “Chevrolet Cruze” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi "xxxx" MMC-də saxlanılması nəzər alısın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar